Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2371/2023 11.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21186.44 manat məbləğində pulun, həmin pul vəsaitinin gecikdirilmiş vaxt üçün (icra edilən günədək hesablanmaqla) illik 5%-nin və 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2021-ci il tarixində iddiaçı və cavabdeh arasında “qida və qeyri-qida mallarının təchizatına dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh təchizatçı qismində sifariş verilmiş malları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı da alıcı qismində bu malları qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsində götürmüşdür. İddiaçı tərəfindən həmin Müqaviləyə uyğun olaraq, xx.xx.2022-ci il tarixində cavabdehin hesabına 21186.44 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Daha sonra eyni tarixdə (xx.xx.2022-ci il) texniki səhv nəticəsində eyni məbləğdə pul vəsaiti (21186.44 manat) təkrarən təchizatçının hesabına köçürülmüşdür. Beləliklə, cavabdehə ümumi dəyəri 21186.44 manat olan eyni alqı-satqı əməliyyatı üzrə cəmi 42372.88 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, qeyd edildiyi kimi, bu məbləğin 21186.44 manatı səhvən artıq ödənilmişdir. Bununla da, həmin tarixə cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti 21186.44 manat təşkil etmişdir. Göstərilənlərlə əlaqədar dəfələrlə yazılı (xx.xx.2022-ci il tarixli məktub) və şifahi şəkildə müraciət edilməsinə, müvafiq pretenziya göndərilməsinə baxmayaraq, həmin pul vəsaiti hələ də qanunsuz şəkildə cavabdehdə saxlanılır və bu vəsait əsassız olaraq iddiaçıya qaytarılmır. Bundan sonra qanunvericiliyə uyğun olaraq tərəflərindən müvafiq mediasiya təşkilatına müraciət edilmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə iddiaçıya buna dair müvafiq arayış verilmişdir. Belə olan halda hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz olmaqla məsuliyyət yaradır. Belə ki, onlar tərəfdən həmin 21186.44 manat pul vəsaitinin geri qaytarılması barədə cavabdehə yönəlmiş çoxsaylı tələbləri qarşılıqsız və cavabsız qalmışdır. Göründüyü kimi, nəticədə iddiaçıya 21186.44 manat məbləğində zərər dəymiş və bu zərər də məhz cavabdeh tərəfindən ödənilməlidir. xx.xx.2022-ci il tarixdən etibarən cavabdehdə saxlanılan və hələ də geri qaytarılmayan 21186.44 manat məbləğində pul və həmin pul vəsaitinin gecikdirilmiş vaxt üçün (icra edilən günədək hesablanmaqla) illik 5%-nin iddiaçıya ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir.
3. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasının əsası kimi yalnız ödəniş tapşırığı təqdim etməklə guya cavabdehə artıq pul vurduğunu iddia edir. Həmin sənədə də diqqət yetirildiyində görünür ki, sənəd elektron sənəddir və onu adi komyuterdə də düzəltmək mümkündür. İddianı qəbul etmirlər, xahiş edirlər ki, iddia tələbini sübut edən mötəbər sübutlar təqdim edilsin. Hazırkı qeyd edilən adi sənədlə eyni formada olan eyni məzmunda olan sənədlə iddiaçı əsassız olaraq cavabdehdən pul tələb edir. İddianın rədd edilməsini xahiş edir. II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı cavabdeh tərəfindən ona təhvil verilmiş sonuncu partiya malın dəyərini ödəyərkən ödənişi həyata keçirdikdən (ƏDV daxil olmaqla) sonra kompüter sistemi donduğu üçün təkrar əsas vəsait ödənilmiş, daha sonra iddiaçıya məlum olmuşdur ki, əsas vəsait cavabdehə iki dəfə ödənilmişdir. İkinci dəfə ödəniş edilərkən həmin məbləğin ƏDV hissəsi ödənilməmişdir ki, bu da həmin ödənişin texniki xəta nəticəsində edildiyini bir daha təsdiq edir. Cavabdeh həmin məbləği geri qaytarmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (alıcı) və cavabdeh (təchizatçı) arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli qida və ya qeyri-qida mallarının təchizatına dair müqavilədən görünür ki, hazırkı müqaviləyə əsasən təchizatçı hazırkı müqavilə əsasında sifariş verilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş köçürmə yolu ilə Azərbaycan manatı ilə icra edilir.
11. xx.xx.2022-ci il tarixli **********84 nömrəli ödəmə qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 21186,44 manat məbləğində pul köçürülmüşdür.
12. “X2 Azərbaycan” QSC tərəfindən iddiaçıya verilmiş 12 iyun 2023-cü il tarixli 0886 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən İnternet Bankçılıq üzərindən cavabdehin hesabına 21186,44 manat və 21186,44 manat olmaqla köçürmələr icra olunmuşdur.
13. “X2 Azərbaycan” QSC tərəfindən iddiaçıya verilmiş hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 21186,44 manat və 21186,44 manat olmaqla köçürmələr icra olunmuşdur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 9/5865 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş tapşırığı və bank tərəfindən tərtib olunmuş cədvəl məlumatlarına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə ümumilikdə 42372,88 (21186,44+21186,44) manat məbləğində pul vəsaiti köçürülmüşdür.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
17. Normadan açıq-aşkar göründüyü kimi əsassız varlanmanın baş verməsi üçün əsassız varlanan şəxs məhz məhrum olanın hesabına əmlak, əmlak hüquqları və ya qanunla qorunan hər cür maddi fayda əldə etməli və ya məhrum olan şəxs məhz əsassız varlanan şəxsin xeyrinə hansısa əmlakından, əmlak hüquqlarından və ya faydasından (gəlirindən) məhrum olmalıdır.
18. Bundan başqa, normanın dispozitiv şərtlərindən də göründüyü kimi əsassız varlanmanı sübut etmə yükü iddiaçının üzərinə düşür və iddiaçı bu zaman aşağıdakı 3 (üç) halı sübut etməlidir.
19. 1) əmlakından və ya əmlak hüququndan məhrum olmuşdur.
20. 2) əldə edən məhz onun hesabına, məhz ona məxsus olan əmlak və ya əmlak hüququnu əldə etmişdir;
21. 3) əldə etmək üçün hər hansı hüquqi əsas olmamışdır və ya həmin hüquqi əsas aradan qalxmışdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
23. Həmin Məcəllənin 439.4-cü öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
24. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 21186.44 manat məbləğində pul vəsaitindən məhrum olmuş, həmin vəsait cavabdeh tərəfindən əldə edilmiş, həmin pul vəsaitinin əldə edilməsi üçün isə hər hansı hüquqi əsas olmamışdır. Hazırda iddiaçı həmin pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır.
25. Bununla yanaşı, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün (icra edilən günədək hesablanmaqla) illik 5%-nin məbləğində pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
26. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olmaqla yanaşı iddiaçı məhkəməyə tələb etdiyi borc məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən illik beş faiz borcunun tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin olunmamalıdır.
27. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 21186.44 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 21186.44 manat məbləğində pul və 200 manat dövlət rüsumu, ümumilikdə 21386,44 (iyirmi bir min üç yüz səksən altı manat qırx dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova