Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2375/2021 07.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyun 2015-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15-AİS-051 saylı müqavilə üzrə yaranmış olan 3818 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 01 iyun 2015-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında 15-AİS-051 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcının sifarişi ilə bu müqaviləyə hazırlanacaq qiymətlərin razılaşdırılması protokolunda göstəriləcək malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib, dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci maddəsinə əsasən bu müqavilə üzrə alınacaq dəyəri qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən olunur. Müqavilənin 2.2-ci maddəsinə əsasən bu müqavilə üzrə alınacaq mallar sifariş verildikdən sonra 2 gün ərzində Cavabdeh MMC-nin anbarına təhvil veriləcəkdir. Müqavilənin 2.3-cü maddəsinə əsasən isə bu müqavilə üzrə alınacaq malların dəyəri mallar təhvil verildikdən sonra 30 gün ərzində ödəniləcəkdir. Lakin müqavilənin şərtlərinə Cavabdeh MMC tərəfindən əməl edilməmişdir. Cavabdeh MMC-yə bununla bağlı pretenziya məktubu ünvanlamışlar. Lakin bu günə qədər cavabdeh tərəfindən müraciətlərinə cavab verilməmişdir. Məcbur olub məhkəməyə müraciət ediblər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi, vəkili Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbini qəbul etmədiyini bildirərək, İddiaçı MMC-nin iddiası üzrə iddia müddəti tətbiq edilməklə (ərizə iş materiallarına əlavə edilmişdir) iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də İddiaçı MMC-nin nümayındəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi mahiyyəti üzrə baxılmasını tələb etdiyindən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 iyun 2015-ci il tarixli, 15-AİS-051 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı - İddiaçı MMC alıcı – Cavabdeh MMC-nin sifarişi ilə bu müqaviləyə hazırlanacaq qiymətlərin razılaşdırılması protokolunda göstəriləcək malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib, dəyərini müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə alınacaq malların dəyəri mallar təhvil verildikdən sonra 30 gün ərzində ödəniləcəkdir. 30.06.2015-30.09.2015-ci illəri əhatə edən hesab fakturalardan və qaiməfakturalardan görünür ki, “Katran" MMC ümumi dəyəri 3445 manat məbləğində olan malları (0,5 və 19 lt-lik su) alıcı "xxxx" MMC-yə satmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 567, 598.1-598.2ci maddələri). Göründüyü kimi iddiaçı “Katran" MMC və cavabdeh "xxxx" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, satıcı - “Katran" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı - "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, satıcıya 3445 manat məbləğində borcunu ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 3818 manat məbləğində borcun ödənilməsini tələb etsə də, cavabdehə 3445 manat məbləğində malın (0,5 və 19 litrlik su) satıldığını təsdiq edən sübutlar (hesab-faktura və qaimə-fakturalar) təqdim etmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olsa da (3445 manat pul hissəsində), iddia müddəti tətbiq edilməklə tələb rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə sonuncu dəfə mallar 30.09.2015-ci il tarixində təhvil verilmiş (satılmış), ümumilikdə dəyəri 3445 manat olan mallara görə ödəniş (müqavilənin 2.3-cü bəndinə əsasən son ödəniş günü 30.10.2015-ci il olduğu halda) edilməmiş və iddiaçı öz hüququnun 30.10.2015-ci il tarixdə pozulduğunu bildiyi və ya bilməli olduğu halda bununla bağlı məhkəməyə 03.05.2021-ci il tarixdə müraciət etmiş və 3 (üç) illik iddia müddətini ötürmüşdür. Cavabdeh MMC-nin nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki tələblə bağlı iddia müddətinin tətbiq edilməsini və tələbin rədd olunmasını xahiş etmişdir. Bunula yanaşı məhkəmə qeyd edir ki, hətta iddiaçı iddia müddətini ötürməmiş olsaydı belə beş ildən artıq müddət keçdiyinə görə öhdəliklə bağlı tələb qüvvəsini itirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2-ci maddəsinə əsasən ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı tələblə bağlı 3 (üç) illik iddia müddəti keçdiyindən İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsinə dair tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 01 iyun 2015-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15-AİS-051 saylı müqavilə üzrə yaranmış olan 3818 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2375/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2375/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver