Məhkəmə qərarları › İş №e-2-2(113)-2377/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2377/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2377/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Kərəm oğlundan 9073 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik (2 il 1 ay) 5% hesablanmaqla 944 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, göstərilmiş hüquqi xidmətə görə 1200 manatın, cəmi 11247 manatın tutularaq "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Kərəm oğlu ilə aralarında 01 mart 2018-ci il tarixində 211.01110 nömrəli satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 22 fevral 2019-cu il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh Kərəm oğlunun müqavilə üzrə İddiaçı MMC-yə 9073 manat məbləğində borcun olduğu müəyyən olunmuşdur. Həmçinin həmin borcun olması Bakı şəhər Prokurorluğuna verilmiş izahatda cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Əlavə olaraq tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı-satqı münasibətləri müntəzəm şəkildə davam etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Lakin Cavabdeh Kərəm oğlu əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddianın əsas borc məbləği barədə hissəsini qəbul etdiyini,digər hissə də isə iddianı qəbul etmədiyini bildirmişdir. Mülki iş materiallarında olan: - 01.03.2018-ci il tarixli. 211.01110 saylı alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC istehsal və topdan satş olunan malları Cavabdeh satmağı və alıcı kimi sonuncuda müqavilədən qeyd olunan malın satış qiymətini müəyən edilən məbləğdə və şərtdə ödəməyi öhdəsinə götürmüşdür. - 21.02.2019-cu il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 9073 manat borcunun olduğunu etiraf etmişdir. - 23.04.2021-ci il tarixli 00İPX12111317CE saylı ödəniş qəbzinə əsasən “xxxx” MMC tərəfindən “Kəngərli və Partnyorları” vəkil bürosunun hesabına 1200 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşdə olan müqavilənin 2.1-ci bəndinə əsasən satıcı kimi malları satmağı və alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilnin 6.2-ci bəndinə əsasən alıcı qamiəfaktura üzrə qəbul etdiyi malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada fakturada malın-təslim anında və ya nisyə aldıqda isə tərəflərin razılaşdırıldığı, fakturada göstərilən tarixdə satıcıya ödənilməsini təmin etməlidir. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilsə də, sonuncu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsi gecikdirildiyinə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Məhkəmə hüquqi yardım üçün ödənilmiş xidmət haqqının əvəzi qismində 1200 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı qeyd edir ki, qeyd olunan məbləğ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 115.0.6-cı maddələrinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması üçün məsrəflərə, yəni, məhkəmə xərclərinə aiddir və iddia tələbinə daxil deyildir. Belə ki, işin araşdırılan hallarından və məhkəmə prosesi zamanı iddiaçı tərəfindən 1200 manat xidmət haqqı ilə bağlı ödəniş tapşırığını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, 9073 manat əsas borca görə 1200 manat hüquqi yardım xərci çəkilməsi ağlabatan məbləğ hesab olunmadığına görə, həmin məbləğ 300 manat həddində müəyyən edilməlidir. İddianın tam təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının əvəzi qismində 300 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. 9073 manat məbləğində əsas borc və əsas borca münasibətdə illik 5% hesablanmaqla 944 manat olmaqla ümumilikdə 10017 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının əvəzi qismində 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar