Məhkəmə qərarları › İş №e-2-2(113)-238/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-238/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-238/2024 26.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 04 avqust 2021-ci il tarixli MAS-4264 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 may 2023-cü il tarixə 216.80 manat gecikdirilmiş əsas, 107.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 310.41 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2137.14 manat, ümumilikdə 2772.09 manat borc və ödənilmiş 70 manat məbləğində mediasiya rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 04 avqust 2021-ci il tarixli MAS-4264 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 may 2023-cü il tarixə 216.80 manat gecikdirilmiş əsas, 107.74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 310.41 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2137.14 manat, ümumilikdə 2772.09 manat borc və ödənilmiş 70 manat məbləğində mediasiya rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X4 arasında bağlanmış 04 avqust 2021-ci il tarixli MAS-4264 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 14950 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X9”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. 24 dekabr 2021-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-4264 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 04 avqust 2021-ci il tarixli MAS-4264saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X4 öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, 77- PC-428 dövlət qeydiyyat nişanlı avtomobil 09 may 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2137.14 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 04 avqust 2021-ci il tarixli MAS-4264 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 may 2023-cü il tarixə ümumilikdə 697.95 manat məbləğində gecikmə borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

9. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə X4 arasında bağlanmış 04 avqust 2021-ci il tarixli MAS-4264 saylı X9 bağlanmış və müqaviləyə əsasən iddiaçı, X1 etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil) muzdlu lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, X4 isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. X4, cavabdeh və iddiaçı arasında 24 dekabr 2021-ci il tarixli MAS-4264 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 04 avqust 2021-ci il tarixli MAS-4264 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri cavabdeh öz üzərinə götürmüşdür.

12. Müqavilələr iddiaçı tərəfin imzası və möhürü, cavabdehin imzaları ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdeh X8 lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan daxili maliyyə lizinqi müqaviləsinə istinad edir.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış lizinq və “Öhdəliklərin ötürürülməsi” müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş lizinq müqaviləsinin, “Öhdəliklərin ötürürülməsi” müqaviləsinin, maliyyə arayışının, ödəniş qrafikinin müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında lizinq və “Öhdəliklərin ötürürülməsi” müqavilələri imzalanmış, iddiaçı tərəfindən lizinq obyekti cavabdehə təhvil verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

16. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və mükafat borclarınn tutulması hissəsində əsaslıdır və həmin borclar cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

18. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir.

19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

20. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 10 manat məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır.

21. Məhkəmə iddia tələbinin dəymiş zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, 04 avqust 2021-ci il tarixli MAS-4264 saylı X5 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir.

22. Göründüyü kimi cavabdeh X7 əsasən lizinq obyektini saz vəziyyətdə saxlamağı və lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməyi öhdəliyinə götürmüşdür. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən lizinq obyekti saz vəziyyətdə saxlanılmamış və nəticədə mülkiyyətçiyə ziyan dəymişdir ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı avtomobilə dəymiş ziyanı tələb etməkdə haqlıdır.

23. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həll edilməsi üçün avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9620 saylı rəyi ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2021-ci il buraxılışlı, “Khazar” markalı, “LX” model, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1940,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 1090,00 manat, təmir-bərpa işlərinin qiyməti - 850,00 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1855,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti – 1005,00 manat, təmir- bərpa işlərinin qiyməti – 850 manat müəyyən edilmişdir.

24. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır.

25. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.

26. Məhkəmə hesab edir ki, avtomobilin buraxılış ilinin 2021-ci il olmasını nəzərə aldıqda, dəyişilməli hissələrin qiyməti aşınma tətbiq edilməklə nəzərə alınmalıdır. Odur ki, dəymiş zərərə görə 2035,9 manat (1005 + 180,9 ƏDV + 850) manat) iddiaçının xeyrinə tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

29. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 85,51 faizini təşkil etdiyini nəzərə aldıqda, iddiaçı tərəfindən ödənilmiş 70 manat mediasiya xərcindən dövlət rüsumunun iddiaçıya aid edilməli 6,91 manat məbləğ çıxılmaqla, qalan 63,09 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 04 avqust 2021-ci il tarixli MAS- 4264 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 may 2023-cü il tarixə 216.80 manat gecikdirilmiş əsas, 107.74 manat gecikdirilmiş mükafat, 10 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 2035,9 manat, ümumilikdə 2370,44 manat borc və mediasiya xərcinə görə 63,09 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

31. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 42,76 manat məbləği cavabdehdən, qalan 7,24 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 04 avqust 2021-ci il tarixli MAS-4264 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 may 2023-cü il tarixə 216.80 manat gecikdirilmiş əsas, 107.74 manat gecikdirilmiş mükafat, 10 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 2035,9 manat, ümumilikdə 2370,44 manat borc və mediasiya xərcinə görə 63,09 manat tutularaq İddiaçınə ödənilsin İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 42,76 manat məbləği Cavabdeh, qalan 7,24 manat məbləği İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar