Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2381/2021 18.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkil Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul öhdəliyin icrası” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul öhdəliyin icrası”tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9323 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla (2il) 932.30 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 10285.30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 04 mart 2019-cu il tarixində 64 saylı satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almış və qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. 09 aprel 2019-cu il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh MMC-nin müqavilə üzrə İddiaçı MMC-yə 9323 manat məbləğində borcunun olduğu müəyyən olunmuşdur. Həmçinin həmin borcun olması Bakı şəhər Prokurorluğuna verilmiş izahatlarda cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Əlavə olaraq bildirir ki, tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqı-satqı münasibətləri müntəzəm şəkildə davam etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 9323 manat borc məbləği, borcun geikdirilməsinə görə 300 manat, 30 manat dövlət rüsumu və 200 manat hüquqi xidmətə görə ödənişin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim edilmiş iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bir tərəfdən satıcı adlandırılacaq İddiaçı MMC, digər tərəfdən alıcı adlandırılacaq Cavabdeh MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, 64 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öz öhdəsinə götürür. 2.2. Bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir.2.3.Satıcı malın verildiyi məqamda alıcının ona məlum olmuş tələbatını nəzərə almaqla alıcıya malı müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər. Malın keyfiyyəti qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun olmalıdır. 5.1. Müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə-faktura əsasında Alıcıya təhvil verir. -İddiaçı MMC-nin satış təmsilçisi və audit nümayəndəsi, “xxxx” MMC-nin direktorunun köməkçisi tərəfindən imzalanmaqla və hüquqi şəxslərin möhürü vurulmaqla tərtib edilmiş 09.04.2019-cu il tarixli üzləşmə aktından görünür ki, hər iki tərəfin nümayəndələri həmin tarixə “xxxx” MMC-nin İddiaçı MMC-yə 9323 manat məbləğində borcu olması faktını təsdiqləmişlər. - Cavabdeh MMC-nin təsisçisi və direktoru X2 və direktor köməkçisi vəzifəsində işləyən X3 tərəfindən Bakı şəhər Prokurorluğuna verilmiş izahatların məzmunundan məlum olur ki, sözügedən şəxslər Cavabdeh MMC-nin İddiaçı MMC-yə borclu olması faktını təsdiqləmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 04 mart 2019-cu il tarixli, 64 saylı alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-nin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından məlum olur ki,tərəflər arasında bağlanmış 04 mart 2019-cu il tarixli, 64 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyini lazımı qaydada icra edərək müqavilənin predmetini təşkil edən malları cavabdehə təhvil verməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmiş və iddiaçıya ödənilməmiş 9323 manat məbləğində borcu qalmışdır. Belə ki, qeyd edilən faktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmaqla və hüquqi şəxsin möhürü vurulmaqla tərtib edilmiş 09.04.2019-cu il tarixli üzləşmə aktı, eyni zamanda cavabadeh Cavabdeh MMC-nin rəhbəri tərəfindən Bakı şəhər Prokurorluğuna verilmiş izahat bir daha təsdiq edir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borc hissəsində iddia təmin edilməli, cavabdehdən əsas borca görə 9323 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddia tələbindən görünür ki, iddiaçı AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5% faiz məbləği qismində 300 manat məbləğində borcun ödənilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən məhkəmə hesab edir ki, 300 manat məbləğində faiz borcunun ödənilməsi hissəsində də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə iddiaçı göstərilmiş hüquqi xidmətin müqabilində cavabdehdən 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb edir. Belə ki, 23.04.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən “Kəngərli və Partnyorları” vəkil bürosunun hesabına 1200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Odur ki, məhkəmə iddianı bu hissədə də əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9323 manat əsas borc, borcun gecikdirilməsinə görə 300 manat faiz borcu, hüquqi xidmətə görə ödənilmiş 200 manat və 30 manat dövlət rüsumu, cəmi 9853 (doqquz min səkkiz yüz əlli üç) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2381/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2381/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver