Məhkəmə qərarları › İş №e-2-2(113)-2385/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2385/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2385/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Ağa-zadə Ayğun Aydın qızının, Cavabdeh iştirakları ilə, İddiaçı MMM-in Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMM Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.386,53 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 138,56 manat məbləğində dəbbə pulu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ilkin olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə 06.01.2020-ci il tarixdə 001396J20 saylı alqı-satqı müqaviləsi bağlamışlar. Əməkdaşlıq müddətində cavabdeh özünə məxsus Binə qəsəbəsi, Atçılıq massivi küçəsində yerləşən “Real” marketdə ayrı-ayrı tarixlərdə İddiaçı MMM məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı mallara görə 1386.53 manat məbləğində borcunu bu günə kimi ödəməmişdir. Dəfələrlə cavabdehə zəng edib, şirkətə olan borcunu qaytarmasını tələb etsələr də, cavabdeh borcu ödəməkdən yayınır. Qeyd edir ki, cavabdehlə aralarında bağlanan alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, alıcı malı təhvil aldığı tarixdən ən geci 21 gün ərzində ödəniş etməli idi. Buna baxmayaraq, ödəniş müddətlərinin keçməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavabdeh bu günə kimi İddiaçı MMM-ə 1386.53 manat məbləğində borcunu ödəməmiş və aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Həmin müqavilənin 8.1-ci bəndində qeyd olunduğu kimi müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Belə olduğu təqdirdə, alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsaslanaraq, məsələnin məhkəmə tərəfindən həll olunmasını qərara almışlar. Nəzərə çatdırırlar ki, borc məbləği cavabdeh tərəfindən hal-hazıra kimi qaytarılmamışdır. Alqısatqı müqaviləsinin 5.1-ci bəndinə əsaslanaraq, alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin 10%-ni təşkil edən 138,65 manat məbləğində dəbbə pulu borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, bildirdi ki, təqdim edilmiş “Pepsi məhsulları”na görə iddiaçıya 1158 manat məbləğində borcu vardır. Eyni zamanda 1.700 manat məbləğində iddiaçıya qaytarılmalı olan, müddəti keçmiş mallar mövcuddur. Lakin iddiaçı həmin malları geri götürməkdən imtina edir. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMM (satıcı) ilə Cavabdeh (alıcı) arasında 06 yanvar 2020-ci il tarixli 001396 J20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 2 saylı Əlavənin şərtlərinə əsasən satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin: -1.2-ci bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. 1.3-cü bəndinə əsasən müqavilə üzrə satılan malların qiyməti, adları, miqdarı və çeşidi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilir. 2.1-ci bəndinə əsasən mallar alıcının sorğularına əsasən satıcı tərəfindən ayrı-ayrı partiyalarla təchiz edilir. Alıcı malları tələb olunan çeşid və miqdarda ən azı 5 işgünü müddətində qabaqcadan satıcıya yazılı və elektron formada sifariş edir. 2.2-ci bəndinə əsasən hazırkı müqavilə ilə ayrı-ayrı partiyalarla təchiz olunan malların adı, miqdarı, çeşid və dəyəri tərəflərin təsdiq etdiyi qaimə-fakturaya əsasən tənzimlənir. 2.4-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-qəbul aktını və ya təhvilqəbulu təsdiq edən müvafiq qaiməni imzalayırlar. 2.5-ci bəndinə əsasən malın təsadüfən məhv olması və ya zədələnməsi riski malın alıcıya təhvil-təslim aktı ilə verildiyi andan alıcıya keçir. 2.6-cı bəndinə əsasən malların təhvil tarixi alıcının anbarında malların alıcıya təqdim etdiyi gün hesab edilir. 2.7-ci bəndinə əsasən mallar keyfiyyət və kəmiyyətə uyğun olaraq müşayətedici sənədlərlə təhvil verilir. Satıcı qaimə-faktura ilə birlikdə hesab-fakturanı da alıcıya təqdim etməyi öz öhdəsinə götürür. nöqtəsi bağlandıqda və ya istehsal xətası zamanı baş vermiş qüsurlar aşkarlandıqda geri qaytarıla bilər. Digər hallarda isə qaytarmalar, tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. 3.2-ci bəndinə əsasən satıcı və alıcı təhvil verilmiş mallara aid təhvil-qəbul aktı imzalayır. 4.2.6-cı bəndinə əsasən alıcı üzləşmə aktını aldığı tarixdən etibarən 5 iş günü müddətində həmin aktı imzalamadıqda və ya əsaslı rədd cavabı təqdim etmədikdə, o zaman üzləşmə aktı alıcı tərəfindən imzalanmış və aktda göstərilən borc məbləği alıcı tərəfindən qəbul edilmiş sayılır. 5.1-ci bəndinə əsasən alıcı kreditlə aldığı malın dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 2 saylı Əlavədə müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2 % həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir. -23.04.2020-ci il tarixli 781242 saylı malların təhvil-qəbul aktına əsasən İddiaçı MMM-dən Cavabdeh cəmi 205,21 manat məbləğində; 12.03.2020-ci il tarixli 261015 saylı, 261014 saylı, 261016 saylı malların təhvil-qəbul aktlarına əsasən İddiaçı MMM-dən Cavabdeh cəmi 844,66 manat məbləğində; 11.07.2020-ci il tarixli 511802 saylı, 511801 saylı, 511800 saylı malların təhvil-qəbul aktlarına əsasən İddiaçı MMM-dən Cavabdeh cəmi 532,35 manat məbləğində; 19.05.2020-ci il tarixli 295621 saylı, 295620 saylı malların təhvil-qəbul aktlarına əsasən İddiaçı MMM-dən Cavabdeh cəmi 179,92 manat məbləğində; 09.04.2020-ci il tarixli 601311 saylı, 601310 saylı, 601309 saylı malların təhvil-qəbul aktlarına əsasən İddiaçı MMM-dən Cavabdeh cəmi 367,90 manat məbləğində; 09.04.2020-ci il tarixli 601304 saylı, 601303 saylı malların təhvil-qəbul aktlarına əsasən İddiaçı MMM-dən Cavabdeh cəmi 342,23 manat məbləğində; 23.04.2020-ci il tarixli 781458 saylı, 781461 saylı, 781460 saylı, 781459 saylı malların təhvil-qəbul aktlarına əsasən İddiaçı MMM-dən Cavabdeh cəmi 4.488,82 manat məbləğində; 13.02.2020-ci il tarixli 759863 saylı, 759862 saylı malların təhvil-qəbul aktlarına əsasən İddiaçı MMM-dən Cavabdeh cəmi 60,80 manat məbləğində; 12.05.2020ci il tarixli 643831 saylı, 643830 saylı, 643829 saylı malların təhvil-qəbul aktlarına əsasən İddiaçı MMM-dən Cavabdeh cəmi 188,98 manat məbləğində; 09.04.2020-ci il tarixli 601300 saylı, 601299 saylı, 601298 saylı malların təhvil-qəbul aktlarına əsasən İddiaçı MMM-dən Cavabdeh cəmi 875,62 manat məbləğində mallar təhvil verilmişdir. -İddiaçı MMM tərəfindən ƏDV daxil 875,62 manat dəyərində malların təqdim edilməsinə dair 14.04.20120-ci il tarixli, EBAİ seriyalı, ******* saylı; ƏDV daxil 342,23 manat dəyərində malların təqdim edilməsinə dair 14.04.2020-ci il tarixli, EBAİ seriyalı, 784751 saylı; ƏDV daxil 367,91 manat dəyərində malların təqdim edilməsinə dair 14.04.2020-ci il tarixli, EBAİ seriyalı, 784753 saylı; ƏDV daxil 205,21 manat dəyərində malların təqdim edilməsinə dair 27.04.2020-ci il tarixli, EBAJ seriyalı, 204424 saylı; ƏDV daxil 179,92 manat dəyərində malların təqdim edilməsinə dair 26.05.2020-ci il tarixli, EBAK seriyalı, 314216 saylı; ƏDV daxil 532,35 manat dəyərində malların təqdim edilməsinə dair 15.07.2020-ci il tarixli, EBAM seriyalı, 402108 saylı; ƏDV daxil 60,80 manat dəyərində malların təqdim edilməsinə dair 18.02.2020-ci il tarixli, EBAG seriyalı, 505118 saylı; ƏDV daxil 30,40 manat dəyərində malların təqdim edilməsinə dair 23.02.2020-ci il tarixli, EBAG seriyalı, 722781 saylı; ƏDV daxil 844,66 manat dəyərində malların təqdim edilməsinə dair 16.03.2020-ci il tarixli, EBAH seriyalı, 724051 saylı; ƏDV daxil 4.488,82 manat dəyərində malların təqdim edilməsinə dair 27.04.2020-ci il tarixli, EBAJ seriyalı, 204421 saylı; ƏDV daxil 3.800,19 manat dəyərində malların təqdim edilməsinə dair 27.04.2020-ci il tarixli, EBAJ seriyalı, 204418 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. Ödəniş qəbzləri ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı MMM-nin hesabına 01.06.2020-ci il tarixdə 188,98 manat + 34,01 manat ƏDV, 23.06.2020-ci il tarixdə 699,68 manat + 125,94 ƏDV, 11.08.2020-ci il tarixdə 451,16 manat + 81,20 ƏDV pul köçürülmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMM ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə əsasında təqdim edilmiş malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini əsas göstərərək təqdim edilmiş mallara görə yaranmış 1386,53 manat məbləğində borcun və 138,56 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddiaçıya təqdim edilmiş mallara görə cəmi 1158 manat məbləğində pulu ödəmədiyini, lakin həmin borcun iddiaçının geri götürməli olduğu 1.700 manat məbləğində malla əvəzləşdirilməli olduğunu əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh ona iddiaçı tərəfindən təqdim edilmiş mallara görə 1158 manat məbləğində borcun olmasını təsdiq etmişdir. Məhkəmə tərəfindən cavabdehə borcunun məhz iddia etdiyi məbləğdə olmasını sübuta yetirmək üçün ödənişləri təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdeh tərəfindən yalnız ƏDV daxil 1580 manat məbləğində ödənişləri təsdiq edən sənədlər təqdim edilmişdir. Halbuki iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə cəmi 11.195 manat dəyərində malların təqdim edilməsinə dair təhvil-təslim aktları və elektron qaimələr mövcuddur. Göründüyü kimi cavabdeh borcunun məhz 1158 manat məbləğində olmasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən borcun iddiaçının geri götürməli olduğu mallarla əvəzləşdirilməli olması barədə dəlilinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh 2020-ci ildə təhvil aldığı həmin malların hansı əsasla iddiaçıya geri qaytarılmalı olmasını dəqiqləşdirməmiş, eləcə də malları geri qaytarmaq hüququnun yaranması üçün əsas olmuş hər hansı qanunvericilik normasına və ya müqavilə şərtinə istinad etməmişdir. Mübahisəli alqı-satqı müqaviləsinin şərtlərindən isə görünür ki, alıcının malı qaytarmaq hüququ üç halla şərtləndirilmişdir: ticarət nöqtəsinin bağlanması, malın qüsurlarının olması və tərəflərin bu barədə qarşılıqlı razılığa gəlməsi. Hazırkı halda cavabdeh malların geri qaytarılması üçün əsas verən yuxarıda göstərilən hallardan hər hansı birinin mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi yuxarıda göstərilən hallar hazırkı iddianın əsassız hesab edilməsi üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərininin bir hissəsini –1.386,53 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini laızmi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh 1.386,53 manat məbləğində pul tutularaq İddiaçı MMM-ə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 138,56 manat məbləğində dəbbə pulunun Cavabdeh tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin cüzi hissəsi (iddia məbləğinin 5%-i) rədd edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.386,53 manat məbləğində borc, 50 manat məbləğində dəbbə pulu, cəmi 1.436,53 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMM-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar