Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2391/2021 05.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6580 (altı min beş yüz səksən) manat məbləğində əsas borcun, 17399 (on yeddi min üç yüz doxsan doqquz) manat məbləğində cərimə-dəbbə pulunun, 2000 (iki min) manat əldən çıxmış fayda haqqının, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 238 (üç yüz iki) manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 07.02.2017-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 32/17 №li Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 6580 (altı min beş yüz səksən) manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında müvafiq aktlarla və İnternet Vergi İdarəsindən çıxarılmış elektron qaimələrlə də təsdiq edilir. Əlavə olaraq bildirirəm ki, müqavilənin 7.2-ci bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 1 (bir) % əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 16559 (on altı min beş yüzəlli doqquz) manat cərimə hesablanmışdır. Lakin bundan sonra dəfələrlə cavabdehdən borc məbləğini tələb etməyimizə baxmayaraq bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Həmçinin, bugünədək cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək şirkətimizə məxsus 6580 (altı min beş yüz səksən) manat məbləğində pulu özündə saxlamış və ondan faydalanmışdır. Təbii ki, qeyd edilən vəsait şirkətimizdə qalsa biz bu vəsaitdən xeyli miqdarda gəlir əldə edə bilərdik. Cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində şirkətimiz 2 (iki min) manat məbləğində gəlirindən məhrum olmuşdur. Hesab edirik ki, qeyd edilən məbləğ də cavabdehdən əldən çıxmış fayda haqqı kimi tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasənborclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iclasında iştirak İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında 07.02.2017-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 32/17 №li müqavilədən görünür ki, İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.03.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 011491 saylı aktdan görünür ki, icraçı tərəfindən 940 manatlıq xidmətlər göstərilmiş və Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq olunaraq qəbul edilmiş və bu barədə Cavabdeh MMC-nə 05.03.2020-ci il tarixdə elektron qaimə göndərilmişdir. İş materiallarında olan 03.06.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 013481 saylı aktdan görünür ki, icraçı tərəfindən 950 manatlıq xidmətlər göstərilmiş və Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq olunaraq qəbul edilmiş və bu barədə Cavabdeh MMC-nə 03.06.2020-ci il tarixdə elektron qaimə göndərilmişdir. İş materiallarında olan 06.08.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 015296 saylı aktdan görünür ki, icraçı tərəfindən 430 manatlıq xidmətlər göstərilmiş və Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq olunaraq qəbul edilmiş və bu barədə Cavabdeh MMC-nə 06.08.2020-ci il tarixdə elektron qaimə göndərilmişdir. İş materiallarında olan 07.09.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 016166 saylı aktdan görünür ki, icraçı tərəfindən 900 manatlıq xidmətlər göstərilmiş və Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq olunaraq qəbul edilmiş və bu barədə Cavabdeh MMC-nə 08.09.2020-ci il tarixdə elektron qaimə göndərilmişdir. İş materiallarında olan 03.10.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 016946 saylı aktdan görünür ki, icraçı tərəfindən 2070 manatlıq xidmətlər göstərilmiş və Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq olunaraq qəbul edilmiş və bu barədə Cavabdeh MMC-nə 07.10.2020-ci il tarixdə elektron qaimə göndərilmişdir. İş materiallarında olan 27.10.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 017312 saylı aktdan görünür ki, icraçı tərəfindən 200 manatlıq xidmətlər göstərilmiş və Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq olunaraq qəbul edilmiş və bu barədə Cavabdeh MMC-nə 27.10.2020-ci il tarixdə elektron qaimə göndərilmişdir. İş materiallarında olan 02.11.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 017426 saylı aktdan görünür ki, icraçı tərəfindən 950 manatlıq xidmətlər göstərilmiş və Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq olunaraq qəbul edilmiş və bu barədə Cavabdeh MMC-nə 03.11.2020-ci il tarixdə elektron qaimə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 850-ci maddəsinə müvafiq olaraq yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 851-ci maddəsinə görə, yük göndərən daşımanın təşəbbüsçüsü olan və daşıyıcı ilə müqavilə bağlayan şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. Məhkəmə qeyd edir ki, iş materiallarında əlavə edilmiş yuxarıda qeyd edilmiş xidmətlərin təhvil verilməsi barədə aktlardanda göründüyü kimi, icraçı tərəfindən xidmətlər göstərilmiş, sifarişçi tərəfindən də qəbul edilmişdir. Qeyd olunan təhvil alınmış xidmətlərin ümumi dəyəri 6440 manat təşkil edir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş 014211 saylı aktı məhkəmə mötəbər sübut kimi qəbul etmir. Belə ki, göstərilən aktda xidmətin təhvil alınmasına dair imza mövcud deyil və digər aktlarda olan möhürdən fərlənən “Cavabdeh Sera Sistemləri Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı” qeyd edilən möhürlə möhürlənmişdir. Belə olan halda göstərilmiş xidmətlərin əvəzi olaraq 6440 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın 17399 (on yeddi min üç yüz doxsan doqquz) manat məbləğində cərimə-dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 6440 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 17399 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 500 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə qeyd edir ki, iddianın 2000 (iki min) manat əldən çıxmış fayda haqqının tələb edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki halda isə iddiaçı onun hüququnun pozulmasaydı əldə edəcəyi gəlirin məhz nədən ibarət olmasını subuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 238 (üç yüz iki) manat pul tələb edilməsi də əsassızdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki iş materiallarından isə borclunun pul məbləğinin ödənilməsini gecikdirməsini müəyyən etmək mümkün deyildir. Belə ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktları imzalanaraq, elektron qaimə göndərilsə də, qeyd olunan xidmətlərin göstərilməsinə görə pul məbləğinin ödənilməli olduğu tarix göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6440 manat məbləğində göstərilmiş xidmətlərə görə əsas borc, 500 manat məbləğində cərimə, cəmi 6940 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Cavabdeh MMC -dən tutularaq İddiaçı MMC -yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2391/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2391/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver