Məhkəmə qərarları › İş №e-2-2(113)-2395/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2395/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2395/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Qasımov Fərid Fərzalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3993,48 manat məbləğində borc və iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı MMc-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, PMZ230117-073 nömrəli malların və xidmətlərin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 3384,30 manat malın dəyəri və 609,17 manat əlavə dəyər vergisi olmaqla, ümumi dəyəri ƏDV daxil 3993,48 manat məbləğində boru məhsulu cavabdehə satılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasında məhsulların ödənişini həyata keçirəcəyi barədə zəmanət məktubu təqdim etməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirməmişdir. Cavabdeh tərəfindən bugünə ƏDV daxil 3993,48 manat borc ödənilməmiş olaraq qalmaqdadır. Cavabdeh həmin müqavilədən irəli gələn öhdəliklərini pozmuş, borcun ödənilməsinə dair öhdəliklərini bu günə qədər icra etməmişdir. Müqavilənin razılaşma protokoluna əsasən sifarişçi məhsul təhvil verildikdən sonra 30 gün ərzində ödənişi həyata keçirməlidir. Müqavilənin 4.1.1-ci maddəsinə əsasən satıcının malların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödənilməsini sifarişçidən tələb etmək hüququ vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Həmçinin borcun qaytarılması məqsədi ilə yazılmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu əvvəlcə kağız daşıyıcıda, daha sonra isə isə elektron məhkəmə informasiya sistemi və Dövlət Vergi Xidmətinin Onlayn Kargüzarlıq elektron sistemi vasitəsilə cavabdehə göndərilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 443.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, PMZ230117-073 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə satıcı tam təfsilatı, ölçü vahidi, həcmi, qiyməti, təhvil verimə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan qoşmalar ilə müəyyən olunan mallar və/və ya xidmətlər ilə sifarişçini təchiz etməyi, sifarişçi isə malları və xidmətləri qəbul edib onların müvafiq qoşma ilə razılaşdınlmış dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı malları və xidmətləri qoşmada razılaşdırılmış müddətdə sifarişçiyə təhvil verməlidir. Xammalın gecikməsi və ya sifarişçinin ödəmə ilə əlaqədar öhdəliklərini icra etməməsi nəticəsində qoşmada razılaşdırılan təhvil müddəti müvafiq olaraq uzadıla bilər. Belə hallar və səbəbləri barədə satıcı sifarişçiyə məlumat verməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malların və xidmətlərin təhvil verilməsi qaydası və yeri qoşmada təsbit edilir. Qoşmada razılaşdırıldığı halda satıcı malları və xidmətləri partiyalarla (hissə-hissə) da sifarişçiyə verə bilər. Mallar və xidmətlərin hər hansı hissəsi təhvil verilməsi üçün hazır olduqda, satıcı malların və xidmətlərin təhvil verilməsi üçün hazır olduqları tarixdən (Təhvil tarixi) 1 (bir) iş günü qabaqcadan telefon, elektron poçt və ya digər rabitə vasitələri ilə sifarişçini xəbərdar etməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mallar və xidmətlərin qiymətləri müvafiq qoşmalarda təsbit edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən qoşmada başqa qayda nəzərdə tutulmayıbsa, sifarişçi mallar və xidmətlərin dəyərini tam olaraq qabaqcadan ödəməlidir.

8. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından (satış fakturası) görünür ki, aktda göstərilən 1 adda malın dəyəri 3993,47 manat (ƏDV daxil) məbləğində olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 359031 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3993,48 manat (ƏDV daxil) təşkil edir.

10. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, EM-STD-LH-01 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı MMC-dən alınan məhsulların ödənişi xx.xx.2023-xx.xx.2023 tarixləri arasında ediləcəyinə zəmanət verilmişdir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 024 nömrəli pretenziya məktubundan görünür ki, borcun 10 (on) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və halhazırda iddiaçıya borcu yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən əşyanı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir.

15. İddia tələbini cavabdehdən Cavabdeh MMC-dən 3993,48 manat məbləğində borcun tutulması təşkil edir.

16. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 3993,48 manat (üç min doqquz yüz doxsan üç manat qırx səkkiz qəpik) məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunan sübutlarla (müqavilə, təhvil-təslim aktı, elektron qaimə və s.) öz təsdiqini tapır.

17. Eləcə də, iddiaçı 60 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

18. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 3993,48 manat (üç min doqquz yüz doxsan üç manat qırx səkkiz qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat olmaqla, cəmi 4053,48 manat (dörd min əlli üç üç manat qırx səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar