Məhkəmə qərarları › İş №e-2-2(113)-2399/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2399/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2399/2022 17.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış 26 105,85 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 1.015,13 AZN pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə (bundan sonra alıcı) İddiaçı (əvvəlki adı “X4” MMC) (bundan sonra satıcı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 323 saylı alqı-satqı müqaviləsinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (SpesiLikasiya aktı) adları göstərilən malları “satıcı” satmağı, “alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Cavabdeh MMC üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC İddiaçı MMC-dən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 26.105,85 (iyirmi altı min yüz beş manat, səksən beş qəpik) AZN məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra “alıcı” tərəfindən sifariş verilən mallar tam və vaxtında ona təhvil verilmişdir. Alqısatqı mübadiləsi başa çatdıqdan sonra tərəflər müqaviləyə uyğun olaraq malların təhvil verilməsi və ümumi qalıq borcun dəqiqləşdirilməsi məqsədilə yekun “üzləşdirmə akt”ı imzalamışlar. xx.xx.2020-ci il tarixində son dövr üzrə imzalanmış əmridşəlzü“ akt”ına əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas məbləğdən 22 123,60 AZN, ƏDV məbləğindən isə 3.982,25 AZN olmaqla, ümumilikdə 26.105,85 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixində Cavabdeh MMC-nin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 15 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin münasibatlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC “alıcı”, Cavabdeh MMC “satıcı” olmaqla imzalanmış xx.xx.2018-ci il tarixli, 323 saylı alqı-satqı müqaviləsinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları “satıcı” satmağı, “alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında inşaat materiallarının alqısatqısı həyata keçirilmiş və cavabdehin müəssisəyə hal-hazırda 26.105,85 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Təqdim edilmiş üzləşdirmə aktının xx.xx.2020-ci il tarixində tərtib edildiyini və qalıq borcun 26 105,85 AZN təşkil etdiyini nəzərə alaraq, əldən çıxmış faydaya görə borc məbləğinin miqdarı 1 il üçün 5%-i -1 305,29 manat, 1 ay üçün 5%-i - 108,77 manat, 1 gün üçün 5%-i -3,62 AZN təşkil edir. Qeyd olunanlara əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əldən çıxmış faydaya görə borc məbləğinin ümumi miqdarı 1.015,13 (bir min on beş manat on üç qəpik) manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, X1 Company” MMC-nin "xxxx" MMC-yə əsas məbləğdən 22 123,60 manat, ƏDV məbləğindən isə 3 982,25 manat məbləğində borcu mövcuddur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsi imzalanmış, Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmiş, müqavilədə nəzərdə tutulmuş məhsulların dəyərini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iş materialları ilə iddiaçının cavabdehə olan borcunun təsdiq olunduğunu əsas götürərək hesab edir ki, 26.105,85 manat məbləğində əsas borc Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı iddia ərizəsində həmçinin illik 5% olmaqla 1.015,13 manat ödəniş də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddia qeyd olunan hissədə əsaslı olduğundan təmin olunmalı, 1.015,13 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli, 323 saylı alqı-satqı müqaviləsi üzrə 26.105,85 (iyirmi altı min yüz beş manat, səksən beş qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.015,13 (bir min on beş manat, on üç qəpik) manat, 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar