Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-240/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X3 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc üzrə 140338,14 manat, ƏDV üzrə 26376,82 manat, gecikdirilmiş borc faizi üzrə 8335,70 manat, ümumilikdə 175050,66 manatın, dövlət rüsumu olaraq 466.05 manat, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardım üçün ödənilmiş 210 manat, cəmi 176126 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış müqaviləyə, tərəfindən satılmış mallara dair elektron qaimələrə əsasən, xx.xx.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından xx.xx.2021-ci il tarixinə cəmi ödənilməli debitor borcu - baza üzrə 140.338.14 manat, ƏDV üzrə 26.376.82 manat, CƏMİ 166.714,96 manat təşkil etmişdir. Qeyd edir ki, tərəfindən cavabdehə satılmış malların dəyəri, ümumilikdə 286.194,96 manat təşkil etmişdir (ƏDV daxil). Borcun xeyli hissəsi cavabdeh tərəfindən bank hesabına ödənilmişdir. Dəfələrlə müraciət etməyinə, rəsmi pretenziya verməyinə baxmayaraq, ondan alınmış malların dəyəri olaraq nəzərdə tutulmuş ödəniş tam icra olunmamış, bununla da aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtləri pozulmuşdur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini Məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr malların təhvil verildiyini təsdiq etmir, belə ki, həmin qaimələrdə imza mövcud deyildir. Belə ki, mallar təhvil verilərkən tərəflər arasında təhvil-təslim aktları tərtib edilməli idi. Bundan əlavə, iddiaçı özü birtərəfli qaydada malların qiymətlərini müəyyən etməklə onları elektron qaimədə göstərir və cavabdehə təqdim edir. Göstərilənlərə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış hazırkı müqavilə üzrə əvvəlki ödənişlər məhz elektron qaimələr əsasında həyata keçirilmiş, artıq dəyəri ödənilmiş malların qiyməti həmin qaimələr əsasında müəyyən edilmiş, tərəflər arasında hər hansı təhvil aktları, qiymət razılaşma protokolu və sairə tərtib edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 07 may 2018-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilə alıcı ilə satıcı arasında alqı-satqı üzrə tərəflərin məsuliyyətini müəyyən edir. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı təsərrüfat mallarını qiymətlərin göstərilən qiymətlərlə satmağı, alıcı isə alınmış mal və materialların dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin ümumi məbləği qiymətlərin razılaşdırma protokolunda göstərilən qiymətlərə uyğun müəyyən ediləcək. İddiaçı tərəfindən cavabdehə EBAH 274509 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 274528 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 274548 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 274556 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 274762 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 274791 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 642546 nömrəli 03.06.220-ci il tarixli, EBAK 642937 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 327852 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 651638 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 087668 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 646711 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 301190 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 259427 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 259429 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 845147 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 841226 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 642826 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 642865 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 729839 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 729825 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 730002 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 896354 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 322379 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ ******* nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 372153 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 322211 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 322144 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 364309 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 364288 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 364265 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 364250 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 363886 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 363647 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 363768 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 363575 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 363550 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 363549 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 274851 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 274818 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 666175 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 693714 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 202601 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 485536 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr təqdim edilmişdir. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu ildə 35000 manat, xx.xx.2019-cu il tarixdə 3837.51 manat, xx.xx.2019-cu il tarixdə 6200 manat, xx.xx.2019-cu il tarixdə 10000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2020-ci il tarixdə 18000 manat, xx.xx.2020-ci il tarixdə 13000 manat, xx.xx.2020-ci il tarixdə 14000 manat, xx.xx.2020-ci il tarixdə 6000 manat, xx.xx.2020-ci il tarixdə 15000 manat məbləğində vəsait ödənilmişdir. İddiaçıya məxsus sub-uçot hesabına dair çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2019-cu ildə 1800 manat, xx.xx.2020-ci ildə 1800 manat, xx.xx.2020-ci ildə 1800 manat, xx.xx.2020-ci ildə 3240 manat, xx.xx.2020-ci ildə 2340 manat, xx.xx.2020-ci ildə 2520 manat, xx.xx.2020-ci ildə 1080 manat, xx.xx.2020-ci ildə 2700 manat ƏDV ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 07 may 2018-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Cavabdeh iddiaya etiraz edərək iddia ərizəsində dəyəri tələb edilən malların ona təhvil verilmədiyini, elektron qaimələrin malların cavabdehə təhvil verildiyini təsdiq etmədiyini, bundan əlavə tərəflər arasında satılacaq malların qiymətlərinin razılaşdırılmadığını, bununla bağlı tərəflər arasında hər hansı razılığının olmadığını bildirir. Belə ki, cavabdeh iddiaya qarşı etirazında elektron qaimələrin malların cavabdehə təhvil verildiyini təsdiq edən sübut kimi nəzərə alınmalı olmadığını, bundan əlavə satılmış malların dəyərinin razılaşdırılmadığını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 07 may 2018-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 141037,51 manat məbləğində əsas borc, 17280 manat ƏDV ödənilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin ödənişlərin elektron qaimələr əsasında ödənildiyini, tərəflər arasında hər hansı təhvil aktlarının olmadığını bildirmiş, cavabdeh də etiraza əvvəlki ödənişlərə dair hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş hər hansı təhvil aktı, habelə tərəflər arasında əvvəlki ödənişlərə dair qiymətlərin razılaşdırma protokol(lar)ını təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə əsas borc üzrə 140338,14 manat, ƏDV üzrə 26376,82 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən əsas borc üzrə 140338,14 manat, ƏDV üzrə 26376,82 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən gecikdirilmiş müddət üçün Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 8335,70 manat məbləğində faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 8335,70 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 8335,70 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Bundan əlavə, iddia ərizəsində həmçinin tərəflər arasında yaranmış hazırkı mübahisənin hüquqi həlli istiqamətində iddiaçı tərəfindən çəkilmiş 210 manat hüquqi yardım xərcinin ödənilməsi tələbi də göstərilmişdir. Lakin iddiaçı qeyd olunan məbləğin ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, Məhkəməyə də sonradan təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu səbəbdən məhkəmə iddia ərizəsini “210 manat hüquqi yardım xərcinin ödənilməsi” hissəsində də əsassız hesab edir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 140338,14 manat əsas borc, 26376,82 manat ƏDV, ümumilikdə 166714,96 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞH/5-02852 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 466,05 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Bununla yanaşı materiallardan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində dövlət rüsumu artıq ödənilmişdir. Məhkəmə hesab edir ki, artıq ödənilmiş 400 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 140338,14 (bir yüz qırx min üç yüz otuz səkkiz manat on dörd qəpik) manat əsas borc, 26376,82 (iyirmi altı min üç yüz yetmiş altı manat səksən iki qəpik) manat ƏDV, ümumilikdə 166714,96 (bir yüz altmış altı min yeddi yüz on dörd manat doxsan altı qəpik) manat məbləğində pul və ödənilmiş 466,05 (dörd yüz altmış altı manat beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Artıq ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu iddiaçı X2 qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-240/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-240/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver