Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2403/2023 28.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, təhvil-təslim aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, YD-01/2022 №-li xidməti müqavilə əsasında xidmət üzrə görülmüş işlər üçün hesablanan 94.000 manat məbləğində pulun, habelə mediatora ödədiyi 400 manat məbləğində pulun cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi ilə əlaqədar onunla cavabdehin direktoru Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, YD-01/2022 №-li xidməti müqavilə bağlanmışdır. Cavabdehlə razılaşmaya görə onun tərəfindən cavabdehə yükdaşıma xidməti göstərilməli və cavabdeh hər ay görüləcək işlərin dəyərini ona ödəməli idi. Xidmət müqaviləsinə əsasən 2022-ci ilin aprel, may, iyun, iyul ayları üzrə qiymətlərin razılaşma protokolları imzalanmışdır. 2022-ci ilin aprel ayı üzrə xx.xx.2022-ci il tarixli təhvil təslim aktına əsaən gündüz növbəsi üzrə cəmi 15.335,71 manat, gecə növbəsi üzrə 482.14 manat, 2022-ci ilin may ayı üzrə xx.xx.2022-ci il tarixli təhvil təslim aktına əsaən gündüz növbəsi üzrə cəmi 33.703.57 manat, 2022-ci ilin iyun ayı üzrə xx.xx.2022-ci il tarixli təhvil təslim aktına əsaən gündüz növbəsi üzrə cəmi 39.791,07 manat, 2022-ci ilin iyul ayı üzrə xx.xx.2022-ci il tarixli təhvil təslim aktına əsaən gündüz növbəsi üzrə cəmi 24.378,57 manat dəyərində cavabdehə yükdaşıma xidməti göstərilmişdir. Cavabdeh həmin məbləğin bir hissəcini ödəsə də, bu günə qədər cavabdehin ona 94.000 manat məbləğində ödənilməyən borcu qalmışdır. Dəfələrlə cavabdehdən həmin məbləğin ona ödənilməsini tələb etsə də, bunun heç bir xeyri olmamış, cavabdeh həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə o, aidiyyatı orqanlara şikayət etmişdir. Lakin bunun heç bir xeyri olmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, görülmüş işlərin dəyərinin bir qismi nağd qaydada ödənilmiş, qalan 94000 manat məbləğində borc ödənilməmiş qalmışdır.
4. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-13-44-5/2-K9262 nömrəli sorğuya cavabdan görünür ki, cavabdehin direktoru Qanuni nümayəndə tərəfindən müqavilə əsasında icarəyə götürülmüş yük maşınlarının pulunu ödəməməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış kollektiv müraciətə İctimai Təhlükəsizlik İdarəsində baxılmış, aparılmış araşdırma ilə müraciətdə göstərilən xüsusatların mülki xarakterli olması müəyyən olunmuşdur.
8. Cavabdehin qanuni təmsilçisi Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı izahatında göstərmişdir ki, “... aprelin birindən iyun ayının 30-dək avtomobillərin icarəsi ümumilikdə 113000 manat etsə də, 15000 manatı Nizaminin özünə vermişəm. Qalıq 98000 manatı maddi vəziyyətimlə əlaqədar olaraq ödəyə bilməmişəm. Həmin pulu 2-3 aya ödəyəcəyimə söz verirəm”.
9. İddiaçı (təhvil verən) ilə cavabdeh (təhvil alan) arasında tərtib olunmuş 01 iyun 2022-ci il tarixli 2022-ci ilin may ayı üzrə təhvil-təslim aktına əsasən təhvil verən 33703,57 manat məbləğində yük daşıma xidmətini cavabdehə təhvil vermişdir.
10. İddiaçı (təhvil verən) ilə cavabdeh (təhvil alan) arasında tərtib olunmuş 01 avqust 2022-ci il tarixli 2022-ci ilin iyul ayı üzrə təhvil-təslim aktına əsasən təhvil verən 24378,57 manat məbləğində yük daşıma xidmətini cavabdehə təhvil vermişdir.
11. İddiaçı (təhvil verən) ilə cavabdeh (təhvil alan) arasında tərtib olunmuş 01 iyul 2022-ci il tarixli 2022-ci ilin iyun ayı üzrə təhvil-təslim aktına əsasən təhvil verən 39791,07 manat məbləğində yük daşıma xidmətini cavabdehə təhvil vermişdir.
12. İddiaçı (təhvil verən) ilə cavabdeh (təhvil alan) arasında tərtib olunmuş 01 may 2022-ci il tarixli 2022-ci ilin aprel ayı üzrə təhvil-təslim aktına əsasən təhvil verən gündüz növbəsi üzrə 15335,71 manat, gecə növbəsi üzrə isə 482,14 manat məbləğində yük daşıma xidmətini cavabdehə təhvil vermişdir.
13. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli YD-01/2022 saylı xidmət müqaviləsinə əsasən icraçı sifarişçiyə daşıma üzrə xidmətlər göstərir, sifarişçi isə öz növbəsində görülən işlərin dəyərini icraçıya ödəyir.
14. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə icraçı ilə sifarişçi arasında xidmət üzrə görüləcək bütün işlər üçün əsas sayılır və gələcəkdə bu sahə üzrə görüləcək konkret işlərin xüsusiyətləri hər ay müqavilənin ayrılmaz hissəsini təşkil edəcək ayrı-ayrı müvafiq “Qiymət razılaşdırma protokolu”nda öz əksini tapacaqdır.
15. Müqavilənin 2.4-cü bəndinə əsasən xidmət haqqının ödənilməsi xidmətlərin başa çatdırılmasını təsdiq edən sənədləri sifarişçiyə təqdim etdikdən sonra 15 gün ərzində bank köçürmə yolu ilə yerinə yetiriləcəkdir.
16. 2022-ci ilin aprel, may, iyun, iyul ayları üzrə X1 iddiaçı tərəfindən göstəriləcək xidmətlərin qiymətləri cavabdehlə razılaşdırılmışdır.
17. İddiaçı tərəfindən cavabdehə EBCD 597994 nömrəli xx.xx.2022-ci il tarixli, EBCD 598144 nömrəli xx.xx.2022-ci il tarixli, EBCD 598229 nömrəli xx.xx.2022-ci il tarixli, EBCD 597732 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.
18. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixli YD-01/2022 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Xidmət müqaviləsinə əsasən cəmi 113689 manat məbləğində cavabdehə yükdaşıma xidməti göstərilmişdir. Cavabdeh həmin məbləğin bir hissəsini, yəni 19689 manat məbləğində pulu ona nağd şəkildə ödəmiş, lakin bu günə qədər cavabdehin ona 94000 manat məbləğində ödənilməyən borcu qalmışdır.
19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli YD-01/2022 saylı xidmət müqaviləsi imzalanmış, iddiaçı öz öhdəliklərini lazımınca yerinə yetirsə də, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya 24 yanvar 2018-ci il tarixli 272 nömrəli müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
23. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2022-ci il tarixli YD-01/2022 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 94000 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 94000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
28. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/16-00653 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.
29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 94000 (doxsan dörd min) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova