Məhkəmə qərarları › İş №e-2-2(113)-2412/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2412/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2412/2022 13.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 29061,20 manat borcun **********00096 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində yerləşən **********00096 saylı abonent kodu olan qeyri-yaşayış sahəsi (otel) fəaliyyət göstərir. Həmin otel Cavabdeh tərəfindən qazın alqı-satqı müqaviləsi əsasında təbii qazla təmin edilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə qazın alqı-satqı müqaviləsi yenilənərək, AMX-5753/19 saylı müqavilə bağlanmışdır. Oteldə istifadə edilən təbii qazın dəyəri tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Ayrı-ayrı tarixlərdə cavabdeh təşkilat ona əsassız borclar hesablamışdır. Belə ki, guya qaz sayğacına müdaxilə edildiyinə görə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 3148 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 18252 manat borc hesablanmışdır. Bundan başqa, 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək oteldə qaz sayğacı olmamış və istifadə edilən qazın dəyəri cavabdeh təşkilat tərəfindən müəyyən edilmişdir. Hesab edir ki, qaz sayğacının olmadığı müddət ərzində qazın dəyəri real sərfiyyatdan artıq hesablanmışdır. Ötən ilin müvafiq dövrü ərzində, yəni 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayınadək 30644,80 manat məbləğində təbii qazdan istifadə edilmişdir. Növbəti il isə mübahisələndirilən dövr ərzində qaz sayğacının olmadığı müddət qaz işlədicilərində heç bir dəyişiklik olmadığı halda cavabdeh tərəfindən 38306 manat məbləğində borc hesablanmışdır. 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində sərf edilən qazın dəyəri 7661,20 manat məbləğində artıq hesablanmışdır. Beləliklə, qeyd etmək istəyir ki, cavabdeh təşkilat tərəfindən ona ümumilikdə 29061,20 manat məbləğində əsassız və artıq borc hesablanmışdır. Tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlardan görünür ki, qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Göründüyü kimi, cavabdeh təşkilat heç bir hüquqi əsası olmadan sayğac göstəricisindən əlavə borc hesablamışdır. Cavabdeh İB qaz təchizatı xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə almalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, ilk növbədə Cavabdeh İB-nin əməkdaşları sahibkarlıq subyektində yoxlama aparılması (qaz sayğacına baxış keçirilməsi) ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd təqdim etməli və sonra yoxlama aparmalı idilər. Cavabdeh İB-də belə bir sənəd mövcud deyildir və onlar qanunvericiliyin tələblərini pozaraq bu cür yoxlamalar aparırlar. Yoxlamanın keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd olmadığı üçün keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X3 məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya aid qaz xəttinin üzərində qaz sayğacının olmadığı müddət ərzində təbii qazın dəyəri artıq hesablanmış və bu səbəbdən 29061,20 manat artıq hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək təbii qazdan qaz sayğacı olmadan istifadə etmişdir. Belə olan halda qaz sayğacı olmadığı müddət ərzində qazın dəyəri iddiaçının istifadəsində olan qaz işlədicilərinin cəminin saatlıq qaz sərfinə uyğun hesablanmış, bu barədə akt tərtib edilmiş və hər bir akt istehlakçının nümayəndəsi tərəfindən razılaşaraq imzalanmışdır. Göründüyü kimi, 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək (daxil) hesablanmış 39703,75 manat borc məbləği istifadə edilmiş təbii qazın dəyərini təşkil edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2020-2021-ci illərin müvafiq dövrü ilə müqayisədə 7661,20 manat artıq borc hesablanmışdır. Abonent saldosuna baxdıqda isə aydın görmək olur ki, iddiaçının müqayisə etdiyi dövrlər arasında cəmi 568,55 manat fərq vardır. Belə ki, 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayınadək 38873,80 manat, 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək isə 38306 manat dəyərində təbii qazdan istifadə edilmişdir. Göründüyü kimi, 2020-2021-ci illərin müvafiq dövrü ərzində təbii qazdan daha artıq istifadə edilib, nəinki sayğacsız dövrdə. İddia tələbinin digər hissəsi ilə bağlı bildirmək istəyir ki, 2021-ci ilin iyul-avqust aylarında iddiaçının istifadəsində olan G-65 tipli qaz sayğacına müdaxilə edildiyi üçün (müayinə aktları əlavə olunur) xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 3148 manat və xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 18252 manat itirilmiş qazın dəyəri müəyyən edilmişdir. Qaz sayğaclarının müayinə aktlarından da göründüyü kimi, istehlakçı tərəfindən sayğacın hesablama mexanizmi sıradan çıxarılmış və təbii qazdan dəyəri ödənilmədən istifadə edilmişdir. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "Azəriqaz" İB ilə istehlakçı X3 arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, AMX- 5753/19 nömrrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, “Azərqaz” İBnin **********48 saylı aktına əsasən dəymiş ziyan hesablanmışdır. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, “Azərqaz” İBnin 29/1640-01849-4 saylı rəyinə əsasən 75019255 saylı sayğacın dişli çarxının dişlərinin kənar təsir nəticəsində kəsildiyi müəyyən edildi. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, SS 29/1640-00448 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, "Azəriqaz" İB-nin xx.xx.2021-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Binəqədi rayonu xidmət sahəsinin E.Cəfərova məxsus otelin qaz xətti üzərində quraşdırılmış G65 markalı 75158545 nömrəli rotor tipli "Elster" qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 № 9022972), xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir: 1) İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. 2) Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 3) Ehtiyat batareya quraşdırıldı, korrektor xx.xx.2020-ci il tarixində sönüb. Batareya yoxlandı, gərginlikdən korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 103374 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı.Təzyiq göstərici yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, SS 29/1640-01849-4 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, "Azəriqaz" İB-nin xx.xx.2021-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Binəqədi rayonu xidmət sahəsinin E.Cəfərova məxsus otelin qaz xətti üzərində quraşdırılmış G65 markalı 75019255 nömrəli rotor tipli "Elster" qaz sayğacı xx.xx.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 № 9025432), xx.xx.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir: 1) İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsünün qulaqcığı qırıqdır. Göstəricilər arasında fərq var. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. AESMPDK-nın qurğuşun plombun ili oxunmur. 2) Sayğac söküldü. Baxış zamanı məlum oldu ki, AESMPDK-nın qurğuşun plomblarının üzərində standartın ili qeyd olunmayıb və hesablayıcı mexanizmi hərəkətə gətirən maqnit ötürücünün üzərində olan dişli çarxın dişləri kənar təsir nəticəsində kəsilib. 3) Batareyanın istehsal tarixi 2017-ci ildir. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 270 m3 çoxdur. -Cavabdeh uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair xx.xx.2021ci il tarixli tələbnamədən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 12592 m3 müəyyən edilmişdir. -Cavabdeh uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair xx.xx.2021ci il tarixli tələbnamədən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 91260 m3 müəyyən edilmişdir. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktından görünür ki, C-65 ********* nömrəli sayğac çıxarılmış, əvəzinə müvəqqəti C-65 75019255 nömrəli sayğac quraşdırılmışdır. - Cavabdeh qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktından görünür ki, xx.xx.2021-xx.xx.2021ci il tarixlər arasında (1 ay) X2 11042 m3 miqdarında qaz sərfiyyatı hesablanmışdır. - Cavabdeh qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktından görünür ki, xx.xx.2021-xx.xx.2021ci il tarixlər arasında (1 ay) X2 9626,50 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. - Cavabdeh qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktından görünür ki, xx.xx.2021-xx.xx.2021ci il tarixlər arasında (1 ay) X2 9295,25 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. - Cavabdeh qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, xx.xx.2022-xx.xx.2022ci il tarixlər arasında (1 ay) X2 9989,50 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. - Cavabdeh qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, xx.xx.2022-xx.xx.2022ci il tarixlər arasında (1 ay) X2 9394,75 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. - Cavabdeh qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, xx.xx.2022-xx.xx.2022ci il tarixlər arasında (5 gün) X2 1397,75 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. - xx.xx.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, X1 qeyd edilən tarixə ümumilikdə borcu 30806 manat (sayğac oxunması: 257083,85 manat + aktlar: 72305,25 manat – ödəmələr: 298583,10 manat = son borc: 30806 manat) V Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və tərəflər həmin müqavilə öz üzərlərinə öhdəliklər götürmüşlər. İddiaçıya məxsus Binəqədi rayonu, Binəqədi şossesində yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən iddiaçının adına **********00096 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, iyul ayında qaz sayğacı çıxarılaraq yerinə müvəqqəti qaz sayğacı quraşdırılmış, daha sonra həmin ilin avqust ayında da həmin sayğac çıxarılmış və iddiaçı müəyyən müddət ərzində təbii qazdan sayğacsız istifadə etmişdir. Bununla bağlı müvafiq aktlar tərtib olunmuş və aktlarda sayğacın dişli çarxının dişlərinin kənar təsir nəticəsində kəsildiyinin aşkar olunduğu qeyd olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə müvafiq olaraq 3148 manat və 18252 manat olmaqla, cəmi 21400 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, aktlar üzrə hesablanmış borc məbləğindən ödənişlər edilmiş, 2021-ci ilin sentyabr ayına akt üzrə hesablanmış və ödənilməmiş qalıq borc məbləği 18408,25 manat təşkil etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyeklərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir; 3.5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Beləliklə, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, müvafiq dövr üzrə aktlar əsasında hesablanmış və ödənilməmiş 18408,15 manat məbləğində borc X1 abonent hesabından silinməlidir. Eyni zamanda iddiaçı qaz sayğacının olmadığı 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində real sərfiyyatdan artıq hesablanmış 38306 manat borcdan 7661,20 manatın silinməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə də iddia qismən təmin olunmalıdır. Belə ki, müəyyən olunur ki, əvvəlki müvafiq dövrlə müqayisədə mübahisələndirilən, sayğac olmadığı dövr ərzində istifadə edilən təbii qaza görə həqiqətən artıq sərfiyyat hesablanıb. Lakin mümkün fərqlərin ola biləcəyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, həmin hissədə də iddia qismən təmin olunmalı, hesablanmış 38306 manat borcdan 3820 manat məbləğində pul X1 **********00096 saylı abonent hesabından silinməli, qalan hissədə təmin olunmamalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, borcun silinməsinə dair iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 22228,15 manat (iyirmi iki min iki yüz iyirmi səkkiz manat on beş qəpik) məbləğində (18408,15+3820) borc X1 **********00096 saylı abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 22228,15 manat (iyirmi iki min iki yüz iyirmi səkkiz manat on beş qəpik) məbləğində borc X1 **********00096 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar