Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2413/2022 05.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddiası üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3.260.393 ABŞ dolları məbləğində pulun və pulun ödənilməsini gecikdirilməsinə görə illik 5 faiz məbləğində faiz məbləğinin tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı” şirkəti ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə cavabdeh iddiaçıdan 3.260.393 (üç milyon iki yüz altmış min üç yüz doxsan üç) ABŞ dolları məbləğində mal almışdır. Lakin, cavabdeh aldığı “malın dəyəri kimi 3.260.393 ABŞ dolları məbləğində vəsaiti iddiaçıya ödəməmişdir. Mübahisənin danışıqlar yolu ilə həlli heç bir nəticə verməmişdir. Cavabdeh 08 aprel 2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdehə iddiaçının ona göndərdiyi pretenziya məktubuna cavab verməmiş və pretenziya məktubunda göstərilən məbləği ödəməmişdir. Bu səbəbdən iddiaçı borcun və faizlərin cavabdehdən tutulması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı “İddiaçı” şirkəti ilə (satıcı qismində) cavabdeh "xxxx" MMC (alıcı qismində) arasında 101/19/SA nömrəli 25 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi (bundan sonra “Alqı-Satqı Müqaviləsi”) imzalanmışdır. Alqı-Satqı Müqaviləsinin 1.1-ci maddəsinə görə “satıcı malları (bundan sonra “mallar” adlanacaq) təchiz edir, alıcı isə həmin malları alır. Təchiz ediləcək malların miqdarı, təchiz edilməsi müddəti və şərtləri, qiyməti və ödəniş şərtləri Satınalma Sifarişində göstəriləcəkdir (bundan sonra “SS” adlanacaq) və SS vahid nömrəyə malik olmaqla bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. “Alqı-Satqı müqaviləsinin 2.1-ci maddəsinə görə “Müqavilənin ümumi qiyməti SS-də müəyyən olunur və ona uyğun olaraq ödənilir. Ödəniş ABŞ dolları ilə həyata keçiriləcəkdir”. Alqı-satqı müqaviləsinin 2.3-cü maddəsinə görə “Başqa qayda Tərəflərlə SS-də razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 60 (altmış) gün ərzində satıcının bank hesabına ödənilir.” Alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıya üç ədəd satınalma sifarişi təqdim etmişdir. Belə ki, ********** nömrəli xx.xx.2019-cu il tarixli satınalma sifarişinə əsasən cavabdeh 1.559.250 ABŞ dolları, ********** nömrəli xx.xx.2020-ci il tarixli satınalma sifarişinə əsasən cavabdeh 72.800 ABŞ Dolları və ********** nömrəli xx.xx.2020-ci il tarixli satınalma sifarişinə əsasən cavabdeh 1.653.750 ABŞ dolları məbləğində malı iddiaçıdan sifariş etmişdir. İddiaçı cavabdehin sifarişi əsasında ona faktiki olaraq 3.260.393 ABŞ dolları məbləğində mal təqdim etmişdir və cavabdeh həmin malları faktiki olaraq qəbul etmişdir. 3.260.393 ABŞ dolları məbləğində malın cavabdeh tərəfindən iddiaçıdan qəbul etməsi faktı 133 sayda gömrük bəyannamələri ilə sübut edilir. Belə ki, iddia ərizəsinə əlavə edilən gömrük bəyannamələrindən görünür ki, bəyannamələrdə “mal qəbul edən/idxalatçı” kimi göstərilmiş Cavabdeh MMC həmin bəyannamələrdə “göndərən/ixracatçı” kimi göstərilmiş “İddiaçı” şirkətindən (bax: bəyannamənin 2-ci qrafasına) mal qəbul etmişdir. Bəyannamələrin “valyuta və malların ümumi invoys dəyəri” adlanan 22-ci qrafasında cavabdehin iddiaçıdan qəbul etdiyi malların ABŞ dollarında invoys dəyəri göstərilmişdir. 133 sayda gömrük bəyannamələrində göstərilən bu məbləğləri topladıqda cəmi 3.260.393 ABŞ dollar məbləği alınır. Bəyannamələrin “təqdim olunmuş sənədlər” başlıqlı 44-ci qrafasında malların gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim etdiyi sənədlərin siyahısı göstərilmişdir. Həmin bölmədə görünür ki, mallar “101/19/SA saylı xx.xx.2019-ci il tarixli” müqaviləyə əsasən göndərilmişdir. Həmçinin, 44-cü qrafasında 3001 kodu altında cavabdehin satınalma sifarişinin nömrəsi və tarixi, həmçinin 8001-ci kodu altında isə iddiaçının cavabdehə təqdim etmiş olduğu hesab-fakturanın (invoysun) nömrəsi və tarixi göstərilir. Beləliklə, gömrük bəyannamələri ilə sübut olunur ki, cavabdeh 101/19/SA saylı xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıdan invoys dəyəri toplam 3.260.393 ABŞ dollar olan mal qəbul etmişdir. Bundan əlavə, bəyannamələr ilə sübut olunur ki, iddiaçı cavabdehə mallara dair bütün tələb edilən sənədləri, o cümlədən mallar üzrə hesab-faktura (invoys) təqdim etmişdir, çünki bəyannamələrdə həmin hesab-fakturaya (invoys) istinad edilir və iddiaçı tərəfindən hər hansı bir sənəd təqdim edilməmiş olsaydı malların gömrük rəsmiləşdirilməsi baş tutmuş olmazdı. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh MMC-dən 3.260.393 ABŞ dolları məbləğində pulun, həmin pulun ödənilməsinin 27 iyul 2022-ci il tarixinə qədər olan müddətə gecikdirilməsinə görə 275.570,20 ABŞ dolları məbləğində faizin və 27 iyul 2022-ci il tarixdən hesablanmaqla 3.260.393 ABŞ dolları məbləğinin tam şəkildə ödənilməsi tarixinədək olan hər təqvim günü üçün 446,63 ABŞ dolları məbləğində faizin tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq məhkəməyə izahatında qeyd etmişdir ki, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi qeyd etmişdir ki, iddiaçının nümayəndəsinə verilmiş etibarnamədə olan möhür tərəflər arasında imzalanmış müqavilədə olan möhürdən fərqlidir. Cavabdeh bu hala istinad edərək məhkəməyə bildirmişdir ki, hazırkı işdə iddiaçı olan “İddiaçı” şirkəti cavabdehin müqavilə bağladığı “İddiaçı” şirkəti deyildir. İddiaçının iki möhürü vardır. İddiaçı birinci möhürdən (üzərində çin dilində yazı olan qırmızı möhür) Çin Xalq Respublikasında dövlət orqanları tərəfindən təsdiq edilməli olan və ya Çindən olan tərəfdaşlarla imzalanmalı olan sənədlərin təsdiq edilməsi üçün istifadə edir. İddiaçı ikinci möhürdən (üzərində ingilis dilində yazı olan göy rəngli möhür) Çindən olmayan tərəfdaşlarla imzalanan sənədlərin təsdiq edilməsi üçün istifadə edir. X3 Respublikasında təsdiq edilməli olan sənəd olduğundan iddiaçı qırmızı möhürdən istifadə etmişdir. Müqavilə isə Çindən olmayan müqavilə tərəfdaşı (SOCAR-AQŞ MMC) ilə bağlandığından iddiaçı göy rəngli möhürdən istifadə etmişdir. Cavabdehin nümayəndəsi və vəkili bu izahata cavab olaraq bildirmişdir ki, iddiaçının həqiqətən də iki möhürə sahib olması hansı sübut ilə təsdiq edilir. Bu halı təsdiq etmək üçün məhkəməyə iddiaçı “İddiaçı” şirkətinin direktoru tərəfindən imzalanmış məktubu təqdim edilmişdir. Məktubda iddiaçı “İddiaçı” şirkətinin direktoru təsdiq edir ki, həqiqətən də şirkətin iki möhürü vardır. Həmin məktuba şirkətin hər iki möhürü qoyulmuşdur. Məktuba hər iki möhürün qoyulması sübut edir ki, iddiaçı “İddiaçı” şirkətinin istifadəsində həqiqətən də iki möhür vardır. Bu iki möhürdən hansı hallarda istifadə edilməsi də məktubda öz əksini tapır. İddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, qeyd etmişdir ki,“İddiaçı” Şirkəti adında daha əvvəl Cavabdeh MMC-yə qarşı eyni müqavilə üzrə eyni iddia tələbi ilə məhkəməyə müraciət olunmuş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2601/2021 saylı qətnaməsi ilə iddiaçının subyektiv hüququ olmadığı üçün iddia tələbi rədd edilmiş və məhkəmənin qərarı ilə razılaşaraq apellyasiya şikayəti verilmədiyi üçün qətnamə qanuni qüvvəsini almışdır. Subyektiv hüququ olmayan e-2-2(113)-2601/2021 saylı iş üzrə iddiaçı “İddiaçı” Şirkəti ilə hal-hazırda iddia qaldıran “İddiaçı” Şirkətinin möhürləri eynidir. Bu hal isə həmin Şirkət olmasını təsdiq edir. Həmçinin, hazırkı iş üzrə iddiaçı “İddiaçı” Şirkəti hal-hazıradək məhkəməyə təqdim etdiyi sənədlərdə başqa möhürlə təmsil olunurdu. Lakin, sonuncu məlikəmə iclasından sonra, hazırkı iddiaçı “X1 Co., Limited” Şirkəti tərəfindən məhkəməyə müraciət olunaraq əvvəlki iddiaçı - yəni, e-2-2(113)-2601/2021 saylı kommersiya işi üzrə subyektiv hüququ olmadığı üçün iddiası rədd edilmiş “İddiaçı” Şirkəti ilə eyni möhürə malik olduğunu və möhür nümunəsini məhkəməyə təqdim etmişdir. e-2-2(l 13)-2601/2021 saylı iş üzrə iddiaçı olmuş “İddiaçı” Şirkəti ilə hazırkı iddiaçı - “İddiaçı” Şirkətinin eyni Şirkət olmasını təsdiq edən digər hallar da mövcuddur. Hər iki iş üzrə məhkəmədə təmsil olunmaq üçün verilmiş etibarnamə eyni şəxslərin adlarına verilib və hər iki iş üzrə eyni şəxs tərəfindən məhkəmədə təmsil olunub. e-2-2(113)-2601/2021 saylı kommersiya işi üzrə məhkəmədə təmsil olunmaq üçün etibarnamə verən və “X1 Co., Limited” Şirkətinin direktoru Lİ JiQAi hal-hazırda iddiaçı kimi iştrak edən “İddiaçı” Şirkətinin təsisçilərindən biridir. Onun təsisçi olması məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Odur ki, yuxarıda qeyd edilənləri və iddiaçının subyektiv hüququnun olub- olmamasının müəyyən edilməsi məqsədilə - hazırkı iş üzrə 29 avqust 2022-ci il tarixli ərizəyə əlavə edilmiş “İddiaçı” Şirkətinin adından Bakı Kommersiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli möhür əksi olan sənəddəki dairəvi və içində ingilis dili hərifləri ilə “İddiaçı” yazılan möhür ilə e-2-2(113)-2601/2021 saylı kommersiya işinə əlavə edilmiş, - iddiaçı “İddiaçı” Şirkətinin direktoru tərəfindən Nümayəndə1 və digərlərinə verilən etibarnamədəki eyni şəkildə dairəvi olan və içində ingilis dili hərifləri ilə “İddiaçı” yazılan möhürlə eyni möhür olub-olmaması barədə rəy verilməsi üçün “sənədlərin texniki” ekspertizası keçirilməlidir. Cavabdehin nümayəndəsi iddianın iddiaçının iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “alıcı” Cavabdeh MMC “satıcı” “İddiaçı” Şirkəti olmaqla imzalanmış 101/19/SA nömrəli 25 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən “satıcı malları (bundan sonra “mallar” adlanacaq) təchiz edir, alıcı isə həmin malları alır. Təchiz ediləcək malların miqdarı, təchiz edilməsi müddəti və şərtləri, qiyməti və ödəniş şərtləri Satınalma Sifarişində göstəriləcəkdir (bundan sonra “SS” adlanacaq) və SS vahid nömrəyə malik olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. Həmin müqavilənin 2.1-ci maddəsinə görə müqavilənin ümumi qiyməti SS-də müəyyən olunur və ona uyğun olaraq ödənilir. Ödəniş ABŞ dolları ilə həyata keçiriləcəkdir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən başqa qayda tərəflərlə SS-də razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 60 (altmış) gün ərzində satıcının bank hesabına ödənilir. xx.xx.2019-cu il tarixli ********** nömrəli satınalma sifarişinə əsasən 1.559.250 ABŞ dolları, xx.xx.2020-ci il tarixli ********** nömrəli satınalma sifarişinə əsasən 1.653.750 ABŞ dolları, xx.xx.2020-ci il tarixli ********** nömrəli satınalma sifarişinə əsasən 72.800 ABŞ dolları məbləğində sifariş Cavabdeh MMC tərəfindən “İddiaçı” Şirkətinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.1-ci maddəsin əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Məhkəmə qeyd edir ki, müqavilədə nəzərdə tutulmuş malların təhvil verilməsi işin mübahisəsiz halıdır. Belə ki, müxtəlif tarixlərdə tərtib edilmiş gömrük bəyannamələrinə əsasən “İddiaçı” Şirkəti tərəfindən Cavabdeh MMC-yə məhsullar göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək, müqavilədə nəzərdə tutulmuş malları cavabdehə təhvil vermiş, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq təhvil verilmiş mallar üzrə borcunu ödəməmişdir. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilmiş pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazını iddiaçının iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Məhkəmə eitraza münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmamasını məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş iddia ərizəsi və tərəflər arasında imzalanmış müqavilə eyni müəssisə tərəfindən imzalanmış və möhürlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Bununla bağlı olaraq iddia tələbinin əsas borc hissəsində əsaslı olması iş materialları ilə təsdiqini tapdığından təmin edilməlidir. Eyni zamanda iddiaçı 275.570,20 ABŞ dolları məbləğində faizin ödənilməsini də tələb etmişdir. AR Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə cavabdehin müqavilə üzrə öhdəliyini icra etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də təmin edilməli və cavabdehdən 275.570,20 ABŞ dolları məbləğində faiz iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının 27 iyul 2022-ci il tarixdən hesablanmaqla 3.260.393 ABŞ dolları məbləğinin tam şəkildə ödənilməsi tarixinədək olan hər təqvim günü üçün 446,63 ABŞ dolları məbləğində ödənişi tələb etməsinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı iddia tələbini qeyd olunan hissədə 27 iyul 2022-ci il tarixindən sonrakı dövr üçün cavabdeh tərəfindən hər gecikdirilmiş gün üzrə ödənilməli olan faiz məbləği ilə əsaslandırmışdır. İddiaçı tərəfindən borcun hansı tarixə olması qeyri dəqiq olduğu üçün məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-dən 3.260.393 (üç milyon iki yüz altmış min üç yüz doxsan üç) ABŞ dolları əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 275.570,20 (iki yüz yetmiş beş min beş yüz yetmiş dollar, iyirmi sent) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsinə uyğun olaraq) "İddiaçı"in xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2413/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2413/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver