Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2413/2024 31.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 440 nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli, EBBO121238 və EBBO122602 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar üzrə yaranmış cəmi 47.790.38 manat borc məbləği və ödənilmiş 465 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 manat xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 440 nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərindən məlum olur ki, satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Sözügedən müqavilənin 5.4-cü maddəsinə əsasən alıcı müqavilənin qiymətini satıcının malı və ya malları alıcının ünvanına çatdırmasından, boşaltmasından və malın təhviltəslimindən sonra 30 təqvim gününə qədər satıcının hesabına tam həcmdə ödəmək öhdəliyi götürür. xx.xx.2021-ci il tarixli, EBBO121238 və EBBO122602 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan məlum olur ki, "xxxx" MMC-nin ilkin qaimə-faktura üzrə 37 828.44 manat, digər qaimə-faktura üzrə 9 961.94 manat olmaqla, cəmi 47 790.38 manat vəsaiti ödəmək öhdəliyi mövcuddur. Bundan əlavə, qeyd edilən borc məbləği tərəflər arasında imzalanmış üzləşmə aktı ilə də öz təsdiqini tapmışdır. Sözügedən öhdəliklər hazırkı tarixədək icra edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 440 nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən mal bu müqavilə üzrə satıcı tərəfindən alıcının mülkiyyətinə verilən və adı, çeşidi, qiyməti bu müqaviləyə ediləcək əlavələrdə göstərilən əşyalardır.
11. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın təhvil verilməsi malın satıcı tərəfindən alıcının ünvanında tərəflərin imzaları və möhürü ilə təsdiq olunmuş sənədlər (qaimə, vergi hesab-fakturası və s.) əsasında alıcıya təhvil verilməsidir.
12. Müqavilə tərəflərin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBO 122602 saylı xx.xx.2021-ci il tarixli, dəyəri 9.961,94 manat olan və EBBO 121238 saylı, xx.xx.2021-ci il tarixli, dəyəri 37.828,44 manat olan elektron qaimələr göndərilmişdir.
16. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdəki məbləğlərin cəmi 47.790,38 manat təşkil edir.
17. Hazırda iddiaçı da, 440 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə 47.790,38 manat məbləğində pulun ödənilməsini xahiş edir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
19. Məhkəmə qeyd edir ki, tərəflər xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1.2-ci bəndində malların verilməsi ilə bağlı rəsmiləşdirmənin məhz elektron qaimələr üzərindən həyata keçirilməsi ilə bağlı razılığa gəlmişlər.
20. Ona görə də, Məhkəmə hesab edir ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi olan 47.790,38 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə verilmiş və sonuncunun da , verilmiş olan malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
21. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
22. Ona görə də, məhkəmə hesab edir ki, iddia 47.790,38 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır.
23. Bundan başqa, məhkəmə 465 manat dövlət rüsumunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********57 nömrəli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 235 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
25. Məhkəmə qeyd edir ki, 47.790,38 manat məbləğində iddia tələbi üzrə ödənilməli olan rüsum məbləği 233,37 manat təşkil etdiyindən dövlət rüsumunun əvəzi olaraq da 233,37 məbləğində pul cavabdehdə iddiaçının xeyrinə tutulmalıdır.
26. Bundan başqa, məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 47.790 (qırx yeddi min yeddi yüz doxsan) manat, 38 (otuz səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 233 (iki yüz otuz üç) manat, 37 (otuz yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov