Məhkəmə qərarları › İş №e-2-2(113)-2414/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2414/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Françayzinq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2414/2024 24.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: françayzinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Səmilxan oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2022-ci il tarixdə bağlanmış françayzinq müqaviləsinin ləğv edilməsi, 60.000 manat məbləğində birdəfəlik haqqın və 270 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 mart 2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə birdəfəlik 60.000 manat məbləğində ödəniş olunmuşdur. Həmin ödəniş iddiaçı tərəfindən cavabdehin brendi ilə fəaliyyət göstərəcək restoranın uğurlu və gəlirli fəaliyyət göstərilməsi ümidi və bu şərtlə edilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq Xırdalan şəhəri, Qalibiyyə küçəsi, 27-ci məhəllə, 1-ci mərtəbədə yerləşən restoranın “ÖZSÜT” brendi ilə fəaliyyət göstərməyi istiqamətində İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində heç bir fəaliyyət göstərmədiyindən, brendin istifadəsi ilə bağlı İddiaçı MMC gözlədiklərini əldə edə bilməmişdir. Müqavilənin 2.1.3- cü bəndinə görə, Françayz verən Françayz alanın marketinqini və reklamını həyata keçirir, Françayz alana sosial şəbəkələrdə reklam dəstəyi (sosial mediada, digital mediada, reklam vasitələri ilə və s.) göstərir. Müqavilənin 2.1.5-ci bəndinə görə, Françayz verən Françayz alana məxsus restoranda satış təminat proqramının (ERP) qurulması və ona dövrü nəzarəti təmin edir. Müqavilənin 2.1.7-ci bəndinə görə, Françayz verən onun tərəfindən müəyyən edilmiş ünvanda müqavilənin bağlandığı andan başlayaraq bir il ərzində rübdə bir dəfə olmaqla Françayz alanın işçiləri üçün təlimlər keçirir. Müqavilənin 2.1.8-ci bəndinə görə, Françayz verən Françayz alana məxsus restorana menecer dəstəyi göstərərək şöbənin açıldığı andan bir ay ərzində həmin restoranın menecerinə iş prosesi ilə bağlı məlumatları və qaydaları izah edir. Müqavilənin 2.1.10-cu bəndinə görə, Françayz alana məxsus restoran və onun barəsində məlumatlar (əlaqə məlumatlar, ünvan və s.) Françayz verənin sosial şəbəkə hesablarında Françayz verənin Xırdalan şəhəri, Qalibiyyə küçəsi, 27-ci məhəllə, 1-ci mərtəbə ünvanındakı filialı adı ilə ictimaiyyətə təqdim edilərək yerləşdiriləcək. Restoranın üğurlu fəaliyyəti üçün zəruri olan və müqavilə ilə üzərinə götürdüyü yeni açılmış restoranın menecer dəstəyi, restoranın marketinqi və reklamını sosial şəbəkələrdə reklam dəstəyi, Cavabdeh MMC-nə məxsus rəqəmsal platformada “ÖZSÜT” brendi ilə fəaliyyət göstərən Xırdalanda yerləşən restoran barədə məlumatın yerləşdirilməsi, satış təminat proqramının (ERP) qurulması və dövrü nəzarətinin təmini, ümumiyyətlə restoranın ictimaiyyətə təqdim edilməsi kimi öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsinə baxmayaraq, müqavilənin 2.2.2-ci və digər bəndlərinin tələbləri iddiaçı tərəfindən yerinə yetirilmiş, Françayz alan müqavilə ilə müəyyən edilmiş françayz muzdunu vaxtında və tam həcmdə Françayz verənə ödəmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən yuxarıda qeyd edilən xüsusən restoranın marketinqi və reklamı, bundan əlavə işçilərin işə götürülməsi prosessinə nəzarət edilməsi, işçilər üçün vaxtaşırı təlimlərin keçirilməsi, menecer dəstəyi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi restoranın üğursuz fəaliyyətinə həlledici təsir göstərdiyindən müqavilə bağlanarkən ümid etdiyi gəlir və qazancdan məhrum edilmiş, bu səbəbdən 01 mart 2022-ci il tarixli müqavilənin ləğv olunması üçün əsaslar yaranmışdır. Cavabdeh MMC -nə aid rəqəmsal platformadan əldə edilmiş məlumatdan da göründüyü kimi, “ÖZSÜT” brendi ilə fəaliyyət göstərən Xırdalanda yerləşən restoran barədə reklam və təqdimedici xarakterli məlumat yerləşdirilməmişdir.

3. Daha sonra Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, 01 mart 2022-ci il tarixli françayzinq müqaviləsinin ləğv edilməsi, “Özsüt” əmtəə nişanından istifadənin dyandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən əmtəə nişanından istifadə hüququ ilə bağlı ödənilən 85.000 pulun məbləğinin, əldən çıxmış fayda üzrə 40.000 manat pulun, 2023-cü ilin oktyabr, noyabr, dekabr ayları üzrə françayz muzdu ilə bağlı ödənilməmiş pul məbləğinin, hüquqi yardımın gösərilməsi ilə bağlı ödənilmiş 3.600 pulun, gecikdirilmiş hər günə görə 5 faiz məbləğində dəbbə pulunun,dövlət rüsumuna görə ödənilmiş 420 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, müqavilədə qeyd olunan bütün öhdəliklər tərəflərindən tam yerinə yetirilmişdir. Belə ki, filialın açılışı və sonrasında əməliyyatda iştirak edən İnsan Resursları, Bar Dəzgah, Mətbəx, Marketinq, Anbar uçotu, Keyfiyyətə nəzarət şöbələri həm Xırdalan filialının açılış mərhələsində, həm də açılışdan sonrakı mərhələlərdə müqavilə tələblərinə uyğun olaraq yerinə yetirilmişdir. Buna baxmayaraq, Xırdalan filialının fəaliyyəti nəticəsində Özsiit müştərilərinin şikayətləri artmışdır. Bunun nəticəsi olaraq isə “ÖZSÜT” əmtəə nişanının 9 illik istifadəsi nəticəsində formalaşan imicinə ciddi xələl gətirmişdir. Qeyd edək ki Xırdalan filialının "ÖZSÜT” əmtəə nişanından istifadə hüquqlarının verilməsi üçün Cavabdeh MMC Özsüt əmtəə nişanının sahibi Türkiyə şirkəti STP Gıda San. Tic. Şti.-ə 50.000 USD (85000 AZN) məbləğində birdəfəlik ödəniş etmişdir. Bundan başqa əmtəə nişanının Azərbaycanda istifadəsi üçün 6 ədəd filialın “ÖZSÜT” əmtəə nişanı üçün reklam və imic formalaşdırma xərci 9 illik müddətdə əmtəə nişanı istifadə hüququ üzrə 6*50.000 USD olmaqla cəmi 300.000 USD (Bugünün məzənnəsinə əsasən 510000 AZN), reklam xərci isə təxminən 350000 manatdan çox olmuşdur. Xırdalan filialının tamamilə Özsüt standartından kənar, uyğun olmayan fəaliyyəti nəticəsində yaranmış müştəri narazılığı və neqatif rəylərin əmtəə nişanı imicinə vurmuş olduğu zərərin həcmi ilkin olaraq əmtəə nişanından istifadə hüququ üzrə ödənilmiş 85.000 manat, əldən çıxmış fayda üzrə isə 40.000 manat təşkil edir. Bundan başqa müqavilənin 3.2ci bəndinin tələblərinə əsasən aylıq 7% françayz muzdu ödənişlərini hər növbəti ayın 10-a kimi ödənilməsi nəzərdə tutulsa da heç bir ayda ödənişlər vaxtında həyata keçirilməmiş və 2023-cü ilin Oktyabr, Noyabr, Dekabr aylarının ödənişləri ümumiyyətlə ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Səmilxan oğlu qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 723-cü maddəsinə əsasən Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. 724.1-ci maddəsinə əsasən Françayz verən françayz alana standart formalı qeyrimaddi əmlak hüquqlarını, əmtəə (ticarət) nişanlarını, mal nümunələrini, qablarını, məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını, habelə satışa kömək üçün zəruri olan başqa informasiyanı özünün tətbiq etdiyi şəkildə verməyə borcludur. 724.2-ci maddəsinə əsasən Françayz verən birgə fəaliyyət sistemini üçüncü şəxslərin müdaxiləsindən qorumağa, onu aramsız təkmilləşdirməyə və françayz alanı işgüzar vərdişlərlə tanış etmək, informasiya vermək və ixtisasını artırmaq yolu ilə dəstəkləməyə borcludur. 725.1-ci maddəsinə əsasən Françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir. 725.2-ci maddəsinə əsasən əgər müqavilə bağlanarkən françayz alan daxilolma haqqı vermişdirsə və bu haqq françayz muzdunun hesabına daxil edilməmişdirsə, onda françayz verən müqavilənin qüvvəsinə xitam verilərkən bu haqqı ona qaytarmağa borcludur. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-2414/2024 saylı qərardadı ilə, qarşılıqlı iddia 2023-cü ilin oktyabr, noyabr, dekabr ayları üzrə françayz muzdu ilə bağlı ödənilməmiş pul məbləğinin tələb edilməsi hissəsində baxılmamış saxlanılmışdır.

10. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı MMC (françayz alan) ilə Cavabdeh MMC (françayz verən) arasında 01 mart 2022-ci il tarixli françayzinq müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən françayz verən ona məxsus “Özsüt” brendini müqavilə ilə müəyyən olunmuş müddətdə və şərtlərlə françayz alanın istifadəsinə verməyi və müqavilənin 2.1-ci bəndində göstərilən spesifik xidmətlərin göstərilməsində françayz alana köməklik göstərməyi öhdəsinə götürmüşdür.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən françayz alan “Özsüt” brendindən istifadə etməsi və müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliklərin icrası müqabilində müqavilə ilə müəyyən olunmuş françayz muzdunu vaxtında və tam həcmdə françayz verənə ödəməyi öhdəsinə götürmüşdür.

13. İşin digər mübahisələndirilməyən digər halları ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 60.000 manat məbləğində pul ödənilmişdir və “Özsüt” brendi altında İddiaçı MMC tərəfindən Xırdalan şəhərində yerləşən restoran 2023-cü ilin dekabr ayının sonunadək fəaliyyət göstərmişdir, hazırda fəaliyyət göstərmir.

14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilkin və qarşılıqlı iddia ərizələri paralel araşdırılmalıdır. Belə ki, hər iki tərəf, bağlanmış françayzinq müqaviləsinin ləğv edilməsi və digər tələbləri irəli sürməklə, müqavilə üzrə öhdəliyin qarşı tərəfin pozduğunu iddia edir.

15. Ona görə də, Məhkəmə qeyd edir ki, ilk öncə françayzinq müqaviləsi üzrə hansı tərəfinin öhdəliyi icra etməməsi halı müəyyən edilməlidir.

16. İlkin İddiaçı MMC müqavilə üzrə öhdəliyin Cavabdeh MMC tərəfindən icra edilməməsini qeyd edərək, cavabdehin lazimi reklam işləri aparmadığını, “Özsüt” Azərbaycana aid olan özsüt.az saytında ümumiyyətlə Xırdalan filialının adının qeyd edilmədiyini, ona görə də, restoranın lazimi qaydada tanınmadığını bildirir.

17. Qarşılıqlı iddiaçı Cavabdeh MMC isə, müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etdiyini, işçilərə təlim keçdiklərini, “Özsüt” Xırdalan filialının açılması üçün Türkiyədə yerləşən “Özsüt” şirkətinə 50.000 ABŞ dolları köçürdüklərini, müqavilə üzrə öhdəliyin İddiaçı MMC tərəfindən pozulduğunu, restoran üçün yeyinti-məhsullarının françayz verən tərəfindən göstərilən şəxslərdən alınmadığını, menyuda göstərilən yeməklərdən bir neçəsinin olmadığının müştərilərə bildirildiyini, Xırdalan filialından müştərilərin şikayətlərin olduğunu bildirir.

18. İlkin İddiaçı MMC “flashcard” daşıyıcı təqdim edərək, Cavabdeh MMC-yə aid özsüt.az saytında ümumiyyətlə Xırdalan filialının adının qeyd edilmədiyini bildirir.

19. Məhkəmə iclasında qeyd edilmiş “flashcard” daşıyıcıda olan məlumatlara baxış keçirilmiş və görünür ki, həqiqətən də, Cavabdeh MMC-yə aid özsüt.az saytında ümumiyyətlə Xırdalan filialının adı qeyd edilməmişdir.

20. İş materiallarına əlavə edilmiş instagram səhifəsindən çıxarışlardan görünür ki, Cavabdeh MMC ancaq instagram səhifəsində cəmi xx.xx.2023 və xx.xx.2023-cü il tarixində “xırdalan tezliklə xidmətinizdədir”, “Xırdalan şöbəmiz artıq xidmətinizdədir” kimi başlıqlı paylaşımlarla kifayətlənilmişdir. Qeyd edilən halı isə françayz verənin françayz alanın marketinqini və reklamını həyata keçirməsi öhdəliyinin tam icrası kimi qiymətləndirilməsi dorğu deyil. Belə ki, marketinq və reklam mütəmadi xarakter daşımalı olduğu halda, indiki halda ancaq açılış elanı ilə məhdudlaşmışdır.

21. Bundan başqa qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.5ci bəndinin məzmunundan görünür ki, françayz alanın hər hansı bir sosial şəbəkə hesabı yaratması və istifadə edilməsi qadağan edilmiş, reklam və marketinqin ancaq françayz verənin sosial şəbəkə hesablarında həyata keçirilməsi nəzərdə tutulmuşdur.

22. Qeyd olunan hal isə, Məhkəməyə o nəticəyə gəlmək üçün əsas verir ki, françayz verən Cavabdeh MMC müqavilənin 2.1.3-cü madəsində nəzərdə tutulmuş (françayz verən françayz alanın marketinqini və reklamını həyata keçirir) öhdəliyini icra etməmişdir.

23. Qarşılıqlı iddiaçı Cavabdeh MMC isə whatsapp üzərindən aparılan yazışmaları, müştərilən sosial media hesablarına etdikləri şikayətlərdən çıxarışları, gündəlik görülən uyğunsuzluqlar və hazırlanmış yeməklərin “Özsüt” standartlarına uyğun olmama barədə hesabat və fotoşəkillər təqdim edərək, müqavilə üzrə öhdəliyin İddiaçı MMC tərəfindən pozulduğunu qeyd edir.

24. Qeyd edilmiş, whatsapp üzərindən aparılan yazışmalar, müştərilən sosial media hesablarına etdikləri şikayətlərdən çıxarışlar, gündəlik görülən uyğunsuzluqlar və hazırlanmış yeməklərin “Özsüt” standartlarına uyğun olmama barədə hesabat və fotoşəkilləri tədqiq edərək Məhkəmə o nəticəyə gəlir ki, həqiqətən də, müştərilən Özsüt Xırdalanla bağlı şikayətləri olmuş və “Özsüt” standartlarına uyğun olmama halı baş vermişdir.

25. Bu xüsusda da, Məhkəmə hesab edir ki, françayz alan İddiaçı MMC də, müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazimi qaydada icra etməmiş və müqavilənin 2.2.7-ci (françayz alan restoranda qida, məhsul və bu kimi digər bütün avadanlıqların yalnız françayz verən tərəfindən ona təqdim edilən tədarükçü şəxslər vasitəsi ilə təmin edir) və 2.2.3-cü bəndlərinin tələblərini pozmuşdur.

26. Qeyd olunanları ümumiləşdirərək, Məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəliklər hər iki tərəfdən pozulmuşdur.

27. Qeyd edilmiş halı və “Özsüt” brendi altında İddiaçı MMC tərəfindən Xırdalan şəhərində yerləşən restoranın 2023-cü ilin dekabr ayından sonra fəaliyyət göstərilmədiyini nəzərə alaraq Məhkəmə hesab edir ki, hər iki iddia müqavilənin ləğv edilməsi tələbi hissəsində əsaslıdır.

28. Məhkəmə ilkin İddiaçı MMC-nin 60.000 manat pulun tələb edilməsi ilə bağlı qeyd edir ki, qeyd edilən hissədə iddia təmin edilə bilməz.

29. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin tələblərindən görünür ki, qeyd edilən 60.000 manat məbləğində pul birdəfəlik françayz muzdu kimi ödənilmişdir. Mülki Məcəllənin 725.2-ci maddəsinin tələbindən də, göründüyü kimi, haqq françayz muzdunun hesabına daxil edildiyindən françayz verən müqavilənin qüvvəsinə xitam verilərkən bu haqqı qaytarmalı deyildir.

30. Məhkəmə qarşılıqlı iddianın “Özsüt” əmtəə nişanından istifadənin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edir ki, artıq 2023-cü ilin dekabr ayından sonra İddiaçı MMC tərəfindən “Özsüt” əmtəə nişanından istifadə edilmədiyindən qeyd edilən hissədə qarşılıqlı iddia təmin edilə bilməz.

31. Bundan başqa məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hallardan da, göründüyü kimi, müqavilə üzrə öhdəliklər həmçinin də, Cavabdeh MMC tərəfindən də, pozulmuşdur. Ona görə də, qarşılıqlı iddia həm də, əmtəə nişanından istifadə hüququ ilə bağlı ödənilən 85.000 pulun məbləğinin, əldən çıxmış fayda üzrə 40.000 manat pulun, gecikdirilmiş hər günə görə 5 faiz məbləğində dəbbə pulunun tələb edilməsi hissəsində də, təmin edilə bilməz.

32. İlkin və qarşılıqlı iddia ancaq müqavilənin ləğv edilməsi hissəsində əsaslı olduğundan, Məhkəmə hesab edir ki, məhkəmə xərcləri də, tərəflərin özlərinə aid edilməlidir.

33. Beləliklə, ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia və qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli françayzinq müqaviləsi ləğv edilsin. İlkin və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar