Məhkəmə qərarları › İş №e-2-2(3-6)-478/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-478/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Françayzinq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-478/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: françayzinq müqaviləsi, isgüzar adətlər, sübutetmə) hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1, cavabdeh cavabdeh1 iştirakları ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*- *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. İddiaçı MMC (sahib) ilə cavabdeh1 (satıcı) arasında ##.##.2021-ci il tarixli Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə müqavilə bağlanmışdır.

2. Müqavilənin 2.1-ci bəndinə əsasən Sahib (iddiaçı) satıcıya mağazanı əmtəə nişanı adı altında işlətməyi, idarə etməyi, mağazada malları müştərilərə satmağı və fəaliyyətindən gəlir əldə etməyə icazə verir və satıcı mağazanı bu müqavilənin şərtlərinə uyğun olaraq işlətməyi, idarə etməyi, malları sahibindən almağı və müştərilərə satmağı və fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür.

3. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər fəaliyyətdən əldə edilən gəliri müqavilənin şərtlərinə uyğun olaraq bölüşdürürlər.

4. Müqavilə və ona 1 və * saylı Əlavə tərəflərin imzası ilə notarial qaydada təsdiq edilmişdir.

5. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “new.e-taxes.gov.az” internet portalından çıxarılmış “Elektron qaimə-fakturalar” bölməsinin çıxarışlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin mart ayından 2022-ci ilin yanvar ayınadək cəmi 465.429,18 manat məbləğində, 2022-ci ildə cəmi 421.092,12 manat mələğində , 2023-cü ildə cəmi 293.212,48 manat məbləğində, 2024-cü ilin yanvar və fevral aylarında cəmi 22.658,83 manat məbləğində elektrom qaimə göndərilmişdir.

6. Iddiaçı ilə cavabdeh cavabdeh1 arasında ##.##.2023-cü il tarixində qarşılıqlı üzləşmə aktı tərtib edilmiş, cavabdeh tərəf İddiaçı MMC-yə 12.533 manat borcunun və ##.##.2023-cü il tarixinə Mağaza anbarında Araz MMC-yə məxsus ƏDV xaric 94.198 AZN mal qalığının olmasını qəbul etmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 Həkim Psixatriya Komissiyasının ##.##.2024-cü il tarixli rəyindən görünür ki, cavabdeh1 üzvi şəxsiyyət pozuntusu, epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar fikirləri ilə F 07.0 diaqnozu qoyulmuşdur.

8. Cavabdeh tərəfindən iddiaçıya malların qaytarılması ilə bağlı ##.##.2024-cü il tarixli MQ2408 ********* saylı ƏDV daxil 96.129,32 manat dəyərində, ##.##.2024-cü il tarixli MQ2408 ******** saylı 15.642,93 manat dəyərində, ##.##.2024-cü il tarixli MQ2408 ******** saylı ƏDV daxil 4.628,18 manat dəyərində, ##.##.2024-cü il tarixli MQ2408 ******** saylı ƏDV daxil 17.310,19 manat dəyərində elektron qaimələr göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələrdəki məbləğlərin cəmi 133.710,62 manat təşkil edir.

9. cavabdeh1 ##.##.2025-ci il tarixdə İddiaçı MMC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək “Araz Gədəbəy (CB07)” mağazası üzrə 43907 manat məbləğində yekun borcu olduğunu bildirmiş və həmin borcun ödənilməsi üçün 4 ay vaxt verilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. Iddiaçı İddiaçı MMC cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 43.907 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 222 manat pulun cavabdeh1 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh cavabdeh1 arasında ##.##.2021-ci il tarixdə “biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” notarial müqavilə bağlanmışdır. Cavabdehin sahibkarlıq etdiyi “Araz Gədəbəy (CB07)” mağazası üzrə 43907 manat məbləğində yekun borcu olmuş və həmin borcun ödənilməsi üçün ##.##.2025-ci il tarixdə şirkət rəhbərliyinə ərizə ilə müraciət edərək 4 ay vaxt verilməsini xahiş etsə də, bu günə qədər həmin məbləğ İddiaçı MMC-yə ödənilməmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və vəkili iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə iclasından iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan və iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş cədvəldən görünür ki, üzləşmə aktı imzalandığı tarixdən sonra 2023-cü ilin dekabr ayında cavabdehə 16.861 manat, 2024-cü ilin yanvar ayında 13.384 manat, 2024-cü ilin fevral ayında isə 8.824 manat yəni cəmi, 39.519 manat dəyərində mal verilmişdir.  Həmçinin də, məhkəmə iclasından iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan və iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş cədvəldən görünür ki, üzləşmə aktı imzalandığı tarixdən sonra cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında 17.269 manat, 2024-cü ilin yanvar ayında 13.459 manat, 2024-cü ilin fevral ayında 3.903 manat, 2024-cü ilin mart ayında 3.512 manat məbləğində yəni cəmi, 38.143 manat məbləğində ödəniş olunmuşdur.  Məhkəmə mübahisənin həlli ilə bağlı qeyd edir ki, üzləşmə aktında göstərilmiş borc və mal qalıq məbləği ilə sonrakı tarixlərdə verilmiş 39.519 manat məbləğ toplanmalı və üzləşmə aktından sonra edilmiş ödənişlər və geri qaytarılan malların dəyəri çıxılmalıdır.  Göründüyü kimi, üzləşmə aktında borc (12.533) və mal qalığının (ƏDV xaric 94.198+ƏDV 16.955.64) cəmi 123.686,64 manat təşkil edir.  Ödənilmiş (38.143) və qaytarılan malların dəyərinin (133.710,62 manat ) cəmi isə 171.853,62 manat təşkil edir.  Göründüyü kimi, iddiaçı tərəf tələb etdiyi borcun nədən yaranması, hansı tarixdə verilmiş malların ödənilmədiyini sübuta yetirə bilməmişdir.  Nəzərə alınmalıdır ki, malların hansı tarixdə verilməsinin bildirilməsi hazırkı mübahisələrə baxılması zamanı mütləqdir. Belə ki, bu kimi qeyri-müəyyən iddialar, qarşı tərəfin də, hüquqlarının pozulması və iddia müddətinin keçməsi kimi hüquqlarından istifadəsinin məhdudlaşdırılması ilə nəticələnə bilər.  Bundan başqa iş materiallarına əlavə edilmiş cavabdehin ##.##.2025-ci il tarixli ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Respublika Psixiatriya Xəstəxanası X3 ##.##.2024-cü il tarixli X6 tarixli rəyinə əsasən cavabdeh1 üzvi şəxsiyyət pozuntusu, epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar fikirləri ilə F 07.0 diaqnozu qoyulduğundan həmin ərizə mötəbər sübut kimi qəbul edilə bilməz.  Ən əsası da, Məhkəmə qeyd edir ki, iddiaçı tərəf hansı tarixlərdə cavabdehə hansı malların verildiyini, tələb edilən borcun hansı tarixlərdə verilmiş mallar üzrə qalıq borcun olmasını əsaslandıra və sübuta yetirə bilməmişdir.  Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 390.1, 390.4, 442, 567, 600.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il ## #### tarixli Qərarına istinad etmişdir.

17. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və şikayətində qeyd etmişdir ki, iş materiallarında mövcud olan ##.##.2025-ci il tarixli ərizə cavabdeh tərəfindən öz əli ilə yazılmış və imzalanmışdır. Həmin ərizədə cavabdeh 43.907 manat borcu olduğunu birmənalı şəkildə etiraf etmiş və ödəniş üçün 4 ay möhlət istəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, bir şəxsin fəaliyyət qabiliyyəti yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla və ya şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Iş materiallarında cavabdeh1 fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qanuni qüvvəyə minmiş hər hansı məhkəmə qərarı mövcud deyil. Əgər cavabdeh öz ərizəsi ilə öhdəlik götürə bilməyəcək qədər "qeyri-adekvat" idisə, o halda onun vəkilə verdiyi etibarnamə və bağladığı hüquqi yardım müqaviləsi də şübhə altına alınmalı idi. Eyni zamanda cavabdeh mhkəmə iclasında iştirak edib izahat verib. Cavabdehin fəaliyyət göstərdiyi 3 il ərzində bir dəfə də olsun geri qaytarma sənədi vurmaması sübut edir ki, avqust ayındakı 133.711 manatlıq əməliyyat faktiki mal hərəkəti deyil, illər ərzində yığılmış məhv olmuş və istifadə müddəti ötmüş malların sistem üzərindən silinməsidir. Qaytarılma ilə bağlı təhvil-təslim aktını və ya daşıma sənədlərini cavabdehdən tələb etməmişdir. Ilk hazırlıq iclasında cavabdehin nümayəndəsi 25.000 manat məbləğində borcun mövcudluğunu şifahi şəkildə etiraf etmişdir. Hesablama: 171.192 (başlanğıc) + 39.520 (sonradan verilən) - 38.143 (ödəniş) = 172.569 manat. Bu məbləğdən 133.711 manatlıq (gecikmiş) qaytarma çıxıldıqdan sonra hələ də 38.558 manat (və digər xərclərlə birlikdə iddia məbləği) borc qalır.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

19. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

20. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

22. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

23. Maddə 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

30. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Maddə 723. Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər.

32. Maddə 731.3. Əgər françayzinq müqaviləsinin iştirakçıları başqa öhdəliklər (o cümlədən alğı-satqı, əmlak kirayəsi, podrat və xidmətlər göstərilməsi) götürürlərsə, iştirakçıların hüquq münasibətlərinə bu Məcəllənin həmin müqavilə növləri haqqında müddəaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

43. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

44. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinin mahiyyətini düzgün müəyyən etməmiş və mübahisəyə yalnız klassik alqısatqı münasibətləri prizmasından yanaşmaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

46. Belə ki, iş materiallarında olan ## ###### 2021-ci il tarixli “Biznes sisteminin istifadəyə verilməsi və gəlirlərin bölüşdürülməsi barədə müqavilə”nin məzmunundan görünür ki, tərəflər arasında münasibətlər yalnız malların təqdim edilməsindən ibarət olmamış, həmçinin iddiaçıya məxsus əmtəə nişanından, biznes sistemindən, proqram təminatından və fəaliyyət modelindən istifadəni, habelə gəlirlərin bölüşdürülməsini nəzərdə tutmuşdur.

47. Müqavilənin şərtləri ilə mağazanın iddiaçının əmtəə nişanı altında fəaliyyət göstərməsi, malların realizasiya məqsədilə təqdim edilməsi, fəaliyyətin müəyyən edilmiş biznes standartları əsasında həyata keçirilməsi və ümumi gəlirin bölüşdürülməsi müəyyən edilmişdir.

48. Bu baxımdan Kollegiya hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər hüquqi təbiətinə görə françayzinq, realizasiya və təchizat elementlərini özündə birləşdirən qarışıq müqavilədən irəli gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətlərinə yalnız alqı-satqı münasibətlərini tənzimləyən normaları tətbiq etməsi işin faktiki hallarına və tərəflərin həqiqi iradəsinə uyğun olmamışdır.

49. Kollegiya hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərə qiymət verilərkən yalnız müqavilədə formal olaraq nəzərdə tutulmuş sənədləşdirmə üsulu deyil, həmçinin tərəflər arasında uzun müddət ərzində formalaşmış faktiki icra praktikası, işgüzar adətlər və qarşılıqlı davranışlar da nəzərə alınmalıdır. Iş materiallarından görünür ki, tərəflər malların təqdim edilməsi, qaytarılması və hesablaşmaların aparılması zamanı əsasən elektron qaimə-fakturalar əsasında fəaliyyət göstərmiş, həmin sənədlər üzrə qarşılıqlı ödənişlər və əməliyyatlar həyata keçirilmişdir.

50. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “new.e-taxes.gov.az” internet portalından çıxarılmış “Elektron qaiməfakturalar” bölməsinin çıxarışlarından görünür ki, 2021-ci ilin mart ayından 2024-cü ilin mart ayınadək cəmi 1.202.392,61 manat məbləğində elektron qaimə göndərilmişdir.

51. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində malların təhvil-təsliminin müvafiq aktlarla rəsmiləşdirilməsi nəzərdə tutulsa da, iddiaçı müxtəlif tarixlərdə elektron qaimələri verdikdən sonra cavabdeh tərəfindən həmin qaimələr üzrə böyük məbləğlərdə ödənişlər olunmuşdur.

52. Bu hal isə tərəflər arasında yaranmış işgüzar adətin və praktikanın bu cür formalaşdığını, yəni müqavilə üzrə malların həcminin, dəyərinin və təhvil verilməsinin elektron qaimələr əsasında tənzimləndiyini təsdiq edir.

53. Qeyd olunmalıdır ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar). Göründüyü kimi, tərəflərin münasibətlərinə qiymət verərkən, o cümlədən malların verilməsi məsələsini araşdırarkən məhkəmələr, müqavilənin şərtinə və işgüzar adətlərə ayrıayrılıqda

54. deyil, birgə qiymət verməlidirlər.

55. Həmçinin nəzərə alınmalıdır ki, mallar təhvil verilmədiyi halda, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh malların təhvil verilməsini, elektron qaimələrin təsdiq olunmasını ümumiyyətlə mübahisələndirməmiş, qeyd edilənlərə öz etirazını bildirməmişdir.

56. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli qaimələrə əsasən cəmi 133.710,62 manat dəyərində mal cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır.

57. Kollegiya qeyd edir ki, malların qaytarılması barəfə elektron qaimələr əvvəlki dövrlərdə mərhələli şəkildə həyata keçirilmiş qaytarmaların sonradan sistem üzrə ümumiləşdirilərək rəsmiləşdirilməsi xarakteri daşıyır.

58. Belə ki, ##.##.2023-cü il tarixli üzləşmə aktına əsasən cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil olmaqla ümumilikdə 111.153,64 manat (94.198 manat mal qalığı və 16.955,64 manat ƏDV) məbləğində mal qalığının mövcudluğu qəbul edilmişdir. Həmin tarixdən sonra cavabdehə əlavə olaraq 39.519 manat məbləğində mallar təqdim edilmiş, cavabdeh tərəfindən isə ümumilikdə 38.143 manat ödəniş edilmişdir.

59. Beləliklə, sadə riyazi hesablamaya əsasən cavabdehin sərəncamında olmuş malların və hesablaşmaların ümumi qalığı maksimum 112.529,64 manat təşkil edə bilərdi (111.153,64 + 39.519 − 38.143 = 112.529,64).

60. Halbuki iş materiallarında olan ##.##.2024-cü il tarixli elektron qaytarma qaimələrində ümumilikdə 133.710,62 manat məbləğində malların qaytarılması rəsmiləşdirilmişdir ki, bu da mövcud mal qalığını 21.180,98 manat üstələyir. Göstərilən hal həmin malların məhz ##.##.2024-cü il tarixində birdəfəlik faktiki qaytarılması barədə nəticəyə gəlməyə imkan vermir.

61. Eyn zamanda “xxxx” MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 1.029.823 manat ödəniş edilmişdir.

62. Belə olan halda cavabdehin 38.857,99 manat (1.202.392,61-133.710,62- 1.029.823=38.857,99) borcu qalmışdır. Belə ki, cavabdeh tərəfindən bundan artıq məbləğdə ödənişlərin həyata keçirilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

63. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarı)

64. Kollegiya cavabdehin ##.##.2025-ci il tarixli ərizəsində 43.907 manat məbləğində borcun mövcudluğunu etiraf etməsinin mötəbər sübut hesab edilə bilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

65. Belə ki, iş materiallarına əlavə edilmiş psixiatrik rəy cavabdehin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktını təsdiq etmir (§ 22, 23, 35). Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında mümkündür. Iş materiallarında cavabdeh cavabdeh1 fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hər hansı məhkəmə qərarı mövcud deyildir.

66. Eyni zamanda iş materiallarında olan psixiatrik rəy 2024-cü ilin yanvar ayına aid olduğu halda, cavabdehin borcu etiraf etdiyi ərizə ##.##.2025-ci il tarixində tərtib edilmişdir. Həmin rəy ilə cavabdehin ərizəni tərtib etdiyi tarixdə öz hərəkətlərinin mahiyyətini dərk etməməsi və ya iradəsini sərbəst ifadə edə bilməməsi arasında birbaşa səbəbli əlaqə müəyyən olunmur.

67. Bundan əlavə, cavabdeh həmin dövrdə sahibkarlıq fəaliyyətini davam etdirmiş, nümayəndəyə etibarnamə vermiş, məhkəmə iclaslarında iştirak etmiş və iş üzrə izahatlar təqdim etmişdir ki, bu hallar da onun hüquqi əhəmiyyətli hərəkətlərin mahiyyətini dərk etmək imkanının mövcud olduğunu göstərir.

68. Eyni zamanda işin yuxarıda qeyd edilmiş halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1.202.392,61 manat məbləğində mallar təqdim edilmiş, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 1.029.823 manat ödəniş edilmiş, 133.710,62 manat məbləğində malların qaytarılması isə elektron qaimələr üzrə rəsmiləşdirilmişdir. Kollegiya tərəfindən müəyyən edilmiş hesablamalara əsasən cavabdehin iddiaçı qarşısında 38.857,99 manat məbləğində öhdəliyi qalmışdır.

69. Beləliklə, şərh olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir.

70. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, iddianın təmin olunan hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 196,5 qəpik, habelə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 98.2 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. cavabdeh1 38.857,99 (otuz səkkiz min səkkiz yüz əlli yeddi manat doxsan doqquz qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 196,5 (bir yüz doxsan altı manat əlli qəpik) manat tutuaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 98.2 (doxsan səkkiz manat iyirmi qəpik) manat cavabdeh1 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. cavabdeh1 qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar