Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7565/2025 13.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 43.907 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 222 manat pulun Cavabdeh2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə “biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” notarial müqavilə bağlanmışdır. Cavabdehin sahibkarlıq etdiyi “Araz Gədəbəy (CB07)” mağazası üzrə 43907 manat məbləğində yekun borcu olmuş və həmin borcun ödənilməsi üçün xx.xx.2025-ci il tarixdə şirkət rəhbərliyinə ərizə ilə müraciət edərək 4 ay vaxt verilməsini xahiş etsə də, bu günə qədər həmin məbləğ "xxxx" MMC-yə ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və vəkili iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
8. İş materiallarından görünür ki, İddiaçı MMC (sahib) ilə Cavabdeh2 (satıcı) arasında xx.xx.2021-ci il tarixli Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə müqavilə bağlanmışdır.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən Sahib (iddiaçı) satıcıya mağazanı əmtəə nişanı adı altında işlətməyi, idarə etməyi, mağazada malları müştərilərə satmağı və fəaliyyətindən gəlir əldə etməyə icazə verir və satıcı mağazanı bu müqavilənin şərtlərinə uyğun olaraq işlətməyi, idarə etməyi, malları sahibindən almağı və müştərilərə satmağı və fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər fəaliyyətdən əldə edilən gəliri müqavilənin şərtlərinə uyğun olaraq bölüşdürürlər.
11. Müqavilə və ona 1 və 2 saylı Əlavə tərəflərin imzası ilə notarial qaydada təsdiq edilmişdir.
12. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa nəzər yetirildikdə aydın olur ki, bağlanmış olan müqavilə alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirməklə Mülki Məcəllədə birbaşa nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilə kateqoriyasına aiddir.
13. Belə ki, iddiaçı tərəf müəyyən malları cavabdehə təqdim etməyi öhdəsinə götürmüş, cavabdeh tərəf isə həmin malların satışını təşkil etməklə, həm malların dəyərini, həm də malların satışının həyata keçirilməsi ilə bağlı gəlirin bölüşdürülməsi öhdəliyini öz üzərinə götürmüşdür.
14. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimləyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
15. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
16. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
17. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
18. Qeyd edilən xüsusatlara əsasən Məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli baxımından alqı-satı müqaviləsinə aid normalar nəzərdən keçirilməlidir.
19. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixində qarşılıqlı üzləşmə aktı tərtib edilmiş, cavabdeh tərəf "xxxx" MMCyə 12.533 manat borcunun və xx.xx.2023-cü il tarixinə Mağaza anbarında Araz MMC-yə məxsus ƏDV xaric 94.198 AZN mal qalığının olmasını qəbul etmişdir.
20. İddiaçı tərəf hazırda, yuxarıda qeyd edilmiş 12.533 manat borcun ödənildiyini, hazırda tələb edilən 43.907 manat borcun mal qalığı və sonrakı tarixlərdə verilmiş mallara görə yarandığını, borcun ödənilməsi üçün cavabdehin xx.xx.2025-ci il tarixli ərizə ilə 2025ci ilin avqust ayınadək ödənişlə bağlı vaxt verilməsini xahiş etdiyini, lakin verilən vaxt ərzində borcu ödəmədiyini bildirərək, cavabdehdən tutulmasını xahiş edir.
21. Məhkəmənin iclaslarında iştirak edən Cavabdeh2 İddiaçı MMC ilə müqavilə bağladığını, 2021-ci ildən 2024-cü ilin mart ayına kimi əməkdaşlıq etdiyini, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 133.711 dəyərində malın həm sənədlə həm də, faktiki olaraq iddiaçının əməkdaşları tərəfindən aparıldığını, xx.xx.2025-ci il tarixli ərizəni imzalayarkən xəstəliyi səbəbindən özündə olmadığını və xatırlamadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.
22. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X2 Həkim Psixatriya Komissiyasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 üzvi şəxsiyyət pozuntusu, epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar fikirləri ilə F 07.0 diaqnozu qoyulmuşdur.
23. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən qaytarılan malın "xxxx" MMC tərəfindən qəbul edildiyini bildirmiş, sonrakı iclasda isə malın faktiki olaraq qaytarılmadığını bildirmişdir.
24. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya malların qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixli MQ2408 ********* saylı ƏDV daxil 96.129,32 manat dəyərində, xx.xx.2024-cü il tarixli MQ2408 10272239 saylı 15.642,93 manat dəyərində, xx.xx.2024-cü il tarixli MQ2408 10272408 saylı ƏDV daxil 4.628,18 manat dəyərində, xx.xx.2024-cü il tarixli MQ2408 10272872 saylı ƏDV daxil 17.310,19 manat dəyərində elektron qaimələr göndərilmişdir.
25. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələrdəki məbləğlərin cəmi 133.710,62 manat təşkil edir.
26. Həmçinin də, Məhkəmə qeyd edir ki, qeyd edilmiş 4 ədəd elektron qaimələrin hər biri iddiaçı tərəfindən təsdiq edilmişdir.
27. Bu hal isə, yəni "xxxx" MMC-nin kommersiya hüquq münasibətlərinin peşəkar subyekti olması, kifayət qədər mağazalara sahib olması, müvafiq kadr və mühasibatlıq sahəsində mütəxəssislərin olması o nəticəyə gəlmək üçün əsas verir ki, həqiqətən də, cavabdeh tərəfindən dəyəri 133.710,62 manat mallar iddiaçıya geri qaytarılmışdır.
28. Bundan başqa məhkəmə iclasından iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan və iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş cədvəldən görünür ki, üzləşmə aktı imzalandığı tarixdən sonra 2023-cü ilin dekabr ayında cavabdehə 16.861 manat, 2024-cü ilin yanvar ayında 13.384 manat, 2024-cü ilin fevral ayında isə 8.824 manat yəni cəmi, 39.519 manat dəyərində mal verilmişdir.
29. Həmçinin də, məhkəmə iclasından iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan və iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş cədvəldən görünür ki, üzləşmə aktı imzalandığı tarixdən sonra cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında 17.269 manat, 2024-cü ilin yanvar ayında 13.459 manat, 2024-cü ilin fevral ayında 3.903 manat, 2024-cü ilin mart ayında 3.512 manat məbləğində yəni cəmi, 38.143 manat məbləğində ödəniş olunmuşdur.
30. Məhkəmə mübahisənin həlli ilə bağlı qeyd edir ki, üzləşmə aktında göstərilmiş borc və mal qalıq məbləği ilə sonrakı tarixlərdə verilmiş 39.519 manat məbləğ toplanmalı və üzləşmə aktından sonra edilmiş ödənişlər və geri qaytarılan malların dəyəri çıxılmalıdır.
31. Göründüyü kimi, üzləşmə aktında borc (12.533) və mal qalığının (ƏDV xaric 94.198+ƏDV 16.955.64) cəmi 123.686,64 manat təşkil edir.
32. Ödənilmiş (38.143) və qaytarılan malların dəyərinin (133.710,62 manat ) cəmi isə 171.853,62 manat təşkil edir.
33. Göründüyü kimi, iddiaçı tərəf tələb etdiyi borcun nədən yaranması, hansı tarixdə verilmiş malların ödənilmədiyini sübuta yetirə bilməmişdir.
34. Nəzərə alınmalıdır ki, malların hansı tarixdə verilməsinin bildirilməsi hazırkı mübahisələrə baxılması zamanı mütləqdir. Belə ki, bu kimi qeyri-müəyyən iddialar, qarşı tərəfin də, hüquqlarının pozulması və iddia müddətinin keçməsi kimi hüquqlarından istifadəsinin məhdudlaşdırılması ilə nəticələnə bilər.
35. Bundan başqa iş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Respublika Psixiatriya Xəstəxanası X2 xx.xx.2024-cü il tarixli X1 tarixli rəyinə əsasən Cavabdeh2 üzvi şəxsiyyət pozuntusu, epileptiform tutmalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar fikirləri ilə F 07.0 diaqnozu qoyulduğundan həmin ərizə mötəbər sübut kimi qəbul edilə bilməz.
36. Ən əsası da, Məhkəmə qeyd edir ki, iddiaçı tərəf hansı tarixlərdə cavabdehə hansı malların verildiyini, tələb edilən borcun hansı tarixlərdə verilmiş mallar üzrə qalıq borcun olmasını əsaslandıra və sübuta yetirə bilməmişdir.
37. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov