Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-680/2025 21.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 105859 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 396 manat, cəmi 106255 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə“biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” notarial müqavilə bağlanmışdır. Cavabdehlə İddiaçı MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən, ümumilikdə 105122 manat məbləğində borc və 57741 manat məbləğində mal qalığı müəyyən edilmişdir. Beləliklə, ümumi öhdəlik 162863 manat təşkil etmişdir. Bu məbləğdən ödəniş edilərək 105859 manat məbləğində ödənilməmiş borc qalmışdır. Həmin tarixdən bu günə qədər Cavabdeh yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən İddiaçı MMC-yə olan 105859 manat məbləğində borc ödənilməmişdir.
3. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ödənilməmiş 105122 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 395 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, 105122 manat məbləğində borcun və 395 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş 3M-793 reyestr nömrəli “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdeh müxtəlif ceşiddə və növdə malları təqdim etməyi, cavabdeh isə öz növbəsində həmin malları qəbul edib iddiaçıya məxsus mağazada satmağı, həmin mağazanı idarə etməyi, gəlir götürməyi və həmin gəlirdən müəyyən məbləğdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflərin imza və möhürləri ilə və Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
8. İş materiallarında olan 421401 nömrəli xx.xx.2022-ci il tarixli, 384845 nömrəli xx.xx.2023-cü il tarixli, 547437 nömrəli xx.xx.2022-ci il tarixli, 355470 nömrəli xx.xx.2022-ci il tarixli, 701613 nömrəli xx.xx.2022-ci il tarixli, 734696 nömrəli xx.xx.2022-ci il tarixli, 925709 nömrəli xx.xx.2022-ci il tarixli, 926304 nömrəli xx.xx.2022-ci il tarixli, 157687 nömrəli xx.xx.2022-ci il tarixli, 170770 nömrəli xx.xx.2022-ci il tarixli, 546483 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələrdə iddiaçının cavabdehə müqavilə üzrə verdiyi malların adları, miqdarı və yekun qiymətləri öz əksini tapmışdır.
9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli 3M-793 nömrəli müqavilə üzrə 105886 manat ödənilməmiş borcu vardır.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli A-029 nömrəli üzləşmə aktında Cavabdeh İddiaçınə 105122 manat məbləğində borcunun olaması öz əksini tapmışdır. Həmin akt iddiaçının nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmışdır.
V. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
723. Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər.
727. Françayzinq müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin mətnində tərəflər ikitərəfli öhdəlikləri, müqavilənin müddətini, ləğv edilməsi və ya müddətinin uzadılması şərtlərini və müqavilənin digər mühüm elementlərini dəqiq göstərməkdən əlavə, françayzinq sistemini tam təsvir etməlidirlər.
730. Françayz verən françayzinq sistemi ilə nəzərdə tutulan hüquqlar və informasiya üçün məsuliyyət daşıyır. Əgər françayz verən müqavilə öhdəliklərini təqsirli surətdə pozarsa, françayz alan əvəz ödənilməsini azalda bilər. Azaltmanın miqdarı müstəqil ekspertin rəyi əsasında qəti surətdə müəyyənləşdirilməlidir. Bununla bağlı xərclər tərəflərin öhdəsinə qoyulur.
VI. Məhkəmənin mövqeyi:
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
13. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” müqaviləsindən irəli gəlir. Qeyd olunan müqavilənin əlamətlərindən görünür ki, həmin müqavilə mülki qanunvericiliklə tənzimlənən alqı-satqı françayzinq müqaviləsinin əlamətləri ilə oxşarlıq təşkil edir.
14. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 105122 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
15. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və xx.xx.2021-ci il tarixli, 3M-793 reyestr nömrəli “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” barədə müqavilə üzrə 105122 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 396 manat dövlət rüsumunun 395,12 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun iddia həcminin azaldılan hissəsinə münasibətdə qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
17. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməldir.
Vİl. Nəticə:
18. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 105122 manat əsas borc və 395,12 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova