Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2416/2024 13.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. X1, lizinq verən "xxxx" MMC və lizinq alan Cavabdeh arasında bağlanılmış İF/06039 nömrəli xx.xx.2022-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, bu müqavilənin şərtlərinə uyğun olaraq satıcı, lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini (buraxılış ili 2012-ci il, ban nömrəsi KMHDH41EBCU568251 olan Hyundai Elantra minik markalı avtomobil) alıcı-lizinq verənə satır. Alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəyir. Lizinq verən lizinq alanın sifariş etdiyi, bu lizinq müqaviləsinin 1.1-ci bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən tərəflər nəqliyyat vasitəsinin qiymətini: 26000 manat məbləğində müəyyən edirlər. 2.2-ci bəndinə əsasən əmlakın təhvil-təslim verilməsi anına qədər onun oğurlanmaısı, itirilməsi, məhv olunması və zədələnməsi riskini satıcı, təhvil verəndən sonra isə lizinq alan məsuliyyət daşıyır. Lizinq verən heç bir halda əmlakın keyfiyyətinə, onda yarana biləcək çatışmamalıq və əmlakla bağlı risklərə məsuliyyət daşımır. 3.2-ci bəndinə əsasən bu müqavilənin 2.2-ci bəndində göstərilmiş qaydada əmlakı Alıcı-Lizinq verənin iştirakı ilə Lizinq alana təhvil vermək satıcının vəzifəsidir. 3.4-cü bəndinə əsasən satıcı bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, alıcı-lizinq verənin birinci tələbi ilə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün alıcı-lizinq verənə əmlakın bu müqavilənin 1.3-cü bəndində göstərilən qiymətin 0,1 faiz həcmində penya ödəməyi öz öhdəsinə götürür. 3.5-ci bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində gösətirlən gecikmə 10 və daha artıq təqvim günü təşkil edərsə, alıcı-lizinq verən bu müqaviləni dərhal bir tərəfli qaydada ləğv edərək bu müqavilənin 3.4-cü bəndinə uyğun hesablanmış penyanm ödənilməsini tələb edə bilər. 4.1-ci bəndinə əsasən alınan əmlakın dəyərini həmin əmlak satıcı tərəfindən Alıcı-lizinq verənin iştirakı ilə lizinq alana təhvil veriləndən sonra 30 iş günü ərzində satıcının təqdim etdiyi bank hesaba ödəmək alıcı-lizinq verənin vəzifələridir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə də təsdiq edilmişdir.
2. Lizinq verən "xxxx" MMC və lizinq alan Cavabdeh arasında İF/06039 nömrəli xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti (buraxılış ili 2012-ci il, ban nömrəsi KMHDH41EBCU568251 olan Hyundai Elantra minik markalı avtomobil) qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə («Lizinq ödənişləri cədvəli») müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən bBu Müqavilə imzalandığı və lizinq obyekti lizinq alana təhvilaktına əsasən təhvil verildiyi gündən qüvvəyə minir. Lizinq obyekti 36 (otuz altı) ay müddətinə lizinqə verilir. 3.2-ci bəndinə əsasən tərəflər öz öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədə olur. 5.1-ci bəndinə əsasən lizinq obyekti Alqı-Satqı Müqaviləsi əsasında Lizinq verən tərəfindən Lizinq alanın müəyyən etdiyi lizinq obyektinin Satıcısından alınır. 5.2. Lizinq obyektinin qiyməti: 26000 manat 5.3. Avans məbləğ :5500 manat 5.4. Lizinq məbləği: 20500 manat 6.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə mükafat məbləği illik 36 (otuz altı) faiz dərəcisi ilə hesablanır. 7.2.4-cü bəndinə əsasən lizinq ödənişlərini vaxtında həyata keçirmək lizinq alanın vəzifəsidir. 7.3.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödəmədikdə lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. 10.2-ci bəndinə əsasən lizinq haqqı vaxtında ödənilməzsə o halda Lizinq alan gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 1 faizi həcmində cərimə (dəbbə) ödəməlidir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə də təsdiq edilmişdir.
3. İF/06039 nömrəli xx.xx.2022-ci il tarixli nömrəli daxili lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh müqavilə bağlandığı vaxtdan 36 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2023-ci ildir) xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2025-ci ilədək (daxil olmaqla) hər ay 938,98 manat olmaqla cəmi 33.803,20 manat (o cümlədən 13.303,20 manat mükafat, 20500 manat əsas) lizinq ödənişlərini "xxxx" MMC-yə ödəməli idi. Ödəniş cədvəli llizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir.
4. 01 dekabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, İF/06039 nömrəli xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsində göstərilən lizinq predmeti olan 1 ədəd buraxılış ili 2012-ci il, ban nömrəsi KMHDH41EBCU568251 olan Hyundai Elantra minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobil lizinq alana təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, lizinq obyektində nasazlıq yoxdur və istismara tam yararlıdır. Akt satıcı, lizinq alan və lizinq alan tərəfindən imzalamaqla lizinq verənin möhürü ilə də təsdiq edilmişdir.
5. xx.xx.2023-cü il tarixli 028/23 nömrəli avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktına əsasən müəyyən edilir ki, qeyd edilən tarixə buraxılış ili 2012-ci il, ban nömrəsi KMHDH41EBCU568251 olan Hyundai Elantra minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 5476 manat, həmin avtomobilin real dəyəri 18000 manat təşkil etmişdir.
6. 02.12.2022-xx.xx.2023-cü il tarixli ödənişlər üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə 730 manat ödəniş etmişdir.
7. 07.03.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, daxili maliyyə lizinq müqaviləsi üzrə Cavabdeh əsas borcu 20500 manat, faiz borcu 787 manat, cərimə borcu 239,76 manat olmaqla, ümumi borcu 21.526,76 manat təşkil edir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
8. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İF/06039 nömrəli xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə 3.526,76 manat borcun ödənilməsi və dövlət rüsumu kimi ödədikləri 55,26 manat məbləğinin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə təşkilatları arasında İF/06039 nömrəli xx.xx.2022-ci il tarixli 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Hyundai Elantra minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Bir ay ödəniş olunduqdan sonra, tərəfindən heç bir ödəniş edilmir. Cavabdeh müqavilə müddəti ərzində 730 manat ödəniş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə olan əsas borcu 20.500 manat, faiz borcu 787 manat cərimə borcu 239,76 manat, cəmi 21.526,76 manat təşkil edir. Lizinq obyekti tərəflərindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən 18000 manat dəyərində qiymətləndirildi. Cavabdehin hal-hazırda təşkilatlarına (21.526,76-18000=) 3.526,76 manat borcu vardır.
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 748-7-ci maddələrinə və Vergi Məcəlləsinin 140.1-ci maddəsinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Ş.Əbilov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilə 2022-ci ilin dekabr ayında bağlanmışdır. Avtomobili 2023-cü ilin fevral ayında təhvil almışlar, amma cavabdehdən deyil, başqa şəxsdən təhvil almışlar. Lakin müqaviləni, ödəniş cədvəlini, təhvil-təslim aktını cavabdeh imzalayıb. İlqar adlı işçiləri var. Avtomildə müəyyən problemlər olduğu üçün ondan sonra başqa şəxslərə lizinqə verməmişlər, hazırda qarajdadır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı vardır. Ödəniş cədvəlindən göründüyü kimi, hər ay 938,90 manat ödəniş edilməli idi. Cəmi 1 dəfə fevral ayının 1-də 730 manat ödəniş edilmişdir. Avtomobili ödəniş edilmədiyi üçün geri götürmüşlər.
13. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, lizinqə avtomobil götürməmişdir. İddiaçı şirkətin İlqar adlı işçisi 1 həftədən sonra adından çıxartmaq şərtilə maşını onun adına rəsmiləşdirmiş, lakin sonradan sözünə əməl etməmişdir. Cavabdeh məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun müqavilə bağlanmasının müqabilində avtomobili götürən şəxs ona 100 manat pul ödəyib. Müqaviləni və digər sənədləri özü imzalamış, amma faktiki olaraq həmin avtomobil ona verilməmişdir, avtomobili heç görməmişdir. Bu təklifi, yəni 100 manat müqabilində lizinq müqaviləsini bağlamaq təklifini ona 4-cü mikrorayonda “Yeganə”nin yaxınlığında yerləşən avtosalonun sahibi etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
17. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
- 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) (X1) arasında İF/06039 nömrəli xx.xx.2022-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən "xxxx" MMC müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan Hyundai Elantra minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobili lizinq alan Cavabdeh təhvil verilsə də lizinq alan İF/06039 nömrəli xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir. xx.xx.2024-cü il tarixdə avtomobil lizinq verənə qaytarılmaqla lizinq münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Hazırda iddiaçı "xxxx" MMC Cavabdeh lizinq müqaviləsi üzrə borcun ödənilməsini tələb edir.
20. Cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin məbləğinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, xx.xx.2024-cü il tarixdə lizinq müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün lizinq ödənişlərinin ödənilməsini tələb etmək hüququna malikdir. Ödəniş qrafikindən görünür ki, xx.xx.2023-cü il tarixədək olan müddət üçün (dekabr-yanvar ayı, fevral ayının yarısı) lizinq alan tərəfindən faiz (mükafat) borcundan 1517 (615+605+297) manat məbləğində ödəniş edilməli idi. Həmin məbləğdən yalnız 730 manat məbləğində ödəniş edilmiş, faiz borcunun 787 manat hissəsi isə ödənilməmiş qalmışdır. Əsas borca gəldikdə isə cavabdeh tərəfindən mübahisəli müqavilə üzrə xx.xx.2023-cü il tarixədək olan müddətdə (dekabryanvar ayı, fevral ayının yarısı) cəmi 829,5 (323,98+333,7+171,85) manat məbləğində əsas borc ödənilməli idi və həmin borcdan heç bir ödəniş edilməmişdir.
21. Bundan əlavə iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin gecikdirilməsinə görə dəbbə pulu da hesablanmışdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, 829,5 əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tutulacaq dəbbə pulu 40 manat məbləğində müəyyən edilməlidir.
22. Bundan əlavə məhkəmə lizinq obyekti lizinq alandan təhvil alınandan sonra qiymətləndirilərək real dəyərinin 18.000 manat məbləğində müəyyən edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı lizinq alanın istifadəsində olduğu müddətdə avtomobilin zədələnməsini və ya avtomobilə hər hansı digər formada ziyan vurulmasını və bunun nəticəsində avtomobilin dəyərinin azalmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Avtomobildən adi istifadə nəticəsində isə onun bazar dəyərinin lizinq alanın istifadəsində olduğu 2 ay ərzində 2500 manat məbləğində aşağı düşməsi isə inandırıcı görünmür.
23. Lizinq müqaviləsini, təhvil-təslim aktlarını imzalasa da, əslində lizinq obyektinin onun deyil, tanışları olan digər şəxsin istifadəsinə verilməsi və lizinq verənin işçilərinin bu barədə məlumatlı olması barədə cavabdehin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
24. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən İF/06039 nömrəli xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə 1656,5 manat məbləğində pul vəsaiti (829,5 manat məbləğində əsas borc, 787 manat faiz borcu və 40 manat dəbbə pulu) tutularaq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 56 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
26. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 55,26 manat təşkil edir.
27. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh lizinq müqaviləsi üzrə 829,5 manat məbləğində əsas borc, 787 manat məbləğində faiz borcu və 40 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1.656,5 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva