Məhkəmə qərarları › İş №e-2-2(113)-2416/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2416/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2416/2025 23.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.749.117 AZN məbləğində borcun, 1664.56 AZN məbləğində dövlət rüsumununun tutularaq, cəmi 1.750.781,56 AZN məbləğində pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 08 oktyabr 2018-ci il tarixdə dərman (qeyri-dərman) vasitələrinin təchiz edilməsi ilə əlaqədar alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanılmışdır. (alqı-satqı müqaviləsi qoşma ilə əlavə olunur). Müqavilənin 1.1-ci maddəsinə əsasən, Təchizatçı dərman (qeyri-dərman) vasitələri ilə Alıcını təchiz etməyə, Alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur. Həmçinin, Müqavilənin 4.1-ci maddəsinə əsasən Alıcı tərəfindən ödəmə Təchizatçının hesabına pul vəsaitlərinin bank vasitəsilə köçürülməsi və ya Təchizatçının kassasına nağd formada ödənilməsi yolu ilə həyata keçirilir. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilsə də, cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə 1.000.000 (bir milyon) AZN və xx.xx.2024-cü il tarixdə 1.000.000 (bir milyon) AZN, cəmi 2.000.000 (iki milyon) AZN və 360.000 (üç yüz altmış min) AZN ƏDV məbləği olmaqla, yekun 2.360.000 (iki milyon üç yüz altmış min) AZN məbləğində pul vəsaiti avans qaydada Alıcı tərəfindən Təchizatçının bank hesabına ödənilmişdir. (Bank ödəniş sənədləri və ƏDV-nin ödənilməsini təsdiq edən sənədlər qoşma ilə əlavə olunur). İddiaçı QSC bir tərəfdən və digər tərəfdən Cavabdeh MMC arasında cavabdehin1.998.429,68 AZN (bir milyon doqquz yüz doxsan səkkiz min dörd yüz iyirmi doqquz manat, altmış səkkiz qəpik) məbləğində borcunun mövcud olmasını təsdiq edən xx.xx.2024-cü il tarixli Yoxlama (Üzləşmə) aktı imzalanmışdır. Bundan sonra üxmumilikdə cavabdeh tərəfindən cəmiƏDV daxil 610.883 (altı yüz on min səkkiz yüz səksən üç) AZN məbləğində mallar təhvil verilmiş və daha sonra qalıq borc məbləğinə uyğun malların verilməsindən imtina edilmişdir. Hal-hazırda cavabdehin İddiaçı QSC-yəƏDV daxil olmaqla 1.749.117AZN (bir milyon yeddi yüz qırx doqquz min yüz on yeddi manat) dəyərində qaytarılmamış borcu mövcuddur. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqaviləyə əsasən yaranmış borc məbləği üzrə ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 30 (otuz) gün müddətində 1.749.117 AZN (bir milyon yeddi yüz qırx doqquz min yüz on yeddi manat) məbləğində olan borcun ödənilməsini xahiş etmişik və xx.xx.2024-cü il tarixdə pretenziya məktubu cavabdehin nümayəndəsi tərəfindən qəbul edilmiş və imzalanmışdır. Lakin həmin pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilsə də, heç bir məbləğ ödənilməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə AR İN yanında DVX onlayn kargüzarlıq vasitəsi ilə pretenziya məktubu cavabdehə göndərilmişdir (poçt qəbzi, pretenziya məktubunun surəti və onlayn kargüzarlıqdan çıxarış qoşma ilə əlavə olunur). Bundan əlavə xx.xx.2024-cü il tarixdə e-məhkəmə sistemi vasitəsilə cavabdehə pretenziya məktubu da göndərilmiş, məktuba cavabdeh tərəfindən e-məhkəmə sistemi vasitəsilə baxılmış, lakin hazırki tarixədək cavabdehdən heç bir rəsmi cavab alınmamışdır (e-məhkəmə sistemi üzərindən göndərilmiş pretenziya və e-məhkəmə sistemindən çıxarış qoşma ilə əlavə olunur). Müqavilənin 6.2-ci maddəsinə əsasən, borcla bağlı şikayəti almış tərəf ona məlum olduğu gündən 10 təqvim günü müddətinə qarşı tərəfə yazılı surətdə cavab verməlidir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilənin mübahisələrin həlli üzrə müəyyən edilmiş maddələrinin tələbləri pozulmuş və nəzərdə tutulan müddətdə iddiaçıya heç bir yazılı surətdə rəsmi cavab verilməmişdir. Qeyd olunmuş 1.749.117 AZN (bir milyon yeddi yüz qırx doqquz min yüz on yeddi manat) borc İddiaçı QSC-nin Mühasibatlıq şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında da öz əksini tapmışdır (Maliyyə arayışı qoşma ilə əlavə olunur). İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 1664.56 AZN (bir min altı yüz altmış dörd manat, əlli altı qəpik) məbləğində dövlət rüsumu iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmişdir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə dair yazılı etiraz ərizəsi təqdim etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı QSC Cavabdeh MMC-yə qarşı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında müqavilə imzalanmışdır. Lakin müqaviləyə diqqət yetirilsə görünər ki, müqavilə direktor deyil Əkbərov Zaur tərəfindən imzalanmışdır. Bunu da ona Qanuni nümayəndə tərəfindən etibarnamə verilməsi ilə etmişdir. Lakin etibarnamənin özü belə mübahislidir ki, ordakı imza Qanuni nümayəndə imzasına oxşamır. Hazırda Qanuni nümayəndəla əlaqə yarada bilmədiyimdən bu müqavilə ilə bağlı yekun fikri bildirə bilmirəm. Bundan əvvəl isə Qanuni nümayəndə belə müqavilənin mövcudluğundan xəbərdar olmadığını və belə bir etibarnamənin verilməməsini bildirmişdir. Lakin etibarnamədəki imzanın ona məxsus olub olmamasını aydınlaşdıra bilməmişəm. Lakin hazırda elektron vergi sistemindən mənə verilən sənədlərdən görünür ki, iddiaçı tərəfindən tələb oluna məbləğ kəskin şişirdilmişdir. İddiaçı özü bildirir ki, vəlioğlu 2018 MMC-yə 2018-ci ildən cari vaxtadək 15.521.561,20 (on beş milyon beş yüz iyirmi bir min beş yüz altmış bir manat 20 qəpik) manat ödəniş etmişdir. "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" QSC-yə ümumilikdə 14.828.642 (on dörd milyon səkkiz yüz iyirmi səkkiz min altı yüz qırx idi) manat məbləğində mal satılmaqla elektron qaimə göndərilmişdir. İddiaçının da xx.xx.2025-ci il tarixli iclasda qeyd etmişdir ki, 732.915,24 (yeddi yüz otuz iki min doqquz yüz on beş manat 24 qəpik) manat məbləğində geri qaytarma olmuşdur ki, bu da bizim göndərmiş olduğumuz malların dəyərindən çıxılmalıdır. Lakin bu rəqəmlə bağlı hazırda tərəfimdən müəssisəyə soruğu verildiyindən bu geri qaytarma rəqəminin doğru olub olmamasını deyə bilmirəm. Hər bir halda iddiaçının təqdim etdiyi və məhkəmə iclasında bildirdiyi rəqəmlərə istinad etsək yenə də iddiaçının tələb etdiyi məbləğlə uyğunsuzluq yaranır. Belə ki, iddiaçı həmçinin özü xx.xx.2025-ci il tarixdə iclasda bildirmişdir ki, tərəfimizdən 250.000 (iki yüz əlli min) manat məbləğində Vəlioğlu 2018 MMC tərəfindən bu son bir il dövrdə ödəniş olmuşdur. İndi isə rəqəmlərə diqqət yetirsən iddiaçının iddiasından tam fərqli rəqəmlər alındığını görmüş olarıq. Belə ki: İddiaçının Vəlioğlu 2018 MMC-yə ümumi ödənişi 15.521.561,20 (on beş milyon beş yüz iyirmi bir min beş yüz altmış bir manat 20 qəpik) manat Avromed QSC-yə ümumilikdə Vəlioğlu 2018 MMC tərəfindən vurulan elektron qaimələrin məbləği 14.828.642 (on dörd milyon səkkiz yüz iyirmi səkkiz min altı yüz qırx idi) manat Vəlioğlu 2018 MMC tərəfindən "xxxx" MMC-yə son 1 ildə ödənilən və iddiaçının iddia etdiyi borcdan silinən məbləğ 250.000 (iki yüz əlli min) manat Geri qaytarılan malların dəyəri (iadələr) 732.915,24 (yeddi yüz otuz iki min doqquz yüz on beş manat 24 qəpik) manat Riyazi hesablamalarla desək: 14.828.642-732.915,24=14.095.726,76 manat dəyərində "xxxx" QSC-yə mal satılmışdır. 15.521.561,20-14.095.726,76=1.425.843,44 manat borc qalmış olur. Bununda 250.000 manatı ödənildiyindən hazırda borcun 1.175.834,44 (bir milyon yüz yetmiş beş min səkkiz yüz qırx üç manat 44 qəpik) borcun olduğu müəyyən olunur. Odur ki, məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almağınızı xahiş edir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə yazılı izahat ünvanlayaraq, məhkəməyə təqdim etdiyi yazılı izahata uyğun olaraq iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yazılı izahatında göstərilmişdir ki, Sözügedən işlə əlaqədar xx.xx.2025-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi təqdim olunmuş və iş üzrə icraat təzələnmişdir. Lakin ekspertiza rəyində göstərilmiş məbləğlər düzgün hesablanmamış və natamamlıqlar mövcuddur. Belə ki, həmin rəydə mal alışı ilə bağlı göstərilən məbləğin hesablanması zamanı mühüm hallar tam və düzgün nəzərə alınmamışdır. 1-4 cü suallara verilən cavabda hesablama düzgün aparılmamışdır: 885 819.20 AZN (daxil olan qaimələr) - 759 779.37 AZN (iadə edilmiş qaimələr) + 70 000 AZN (nəğd şəkildə geri qaytarılmış vəsait)= 14 196 039.83 AZN( cəmi təqdim edilmiş eqaimələr) 521 561.18 AZN (ödənilmiş vəsait) - 14 196 039.83 AZN( cəmi təqdim edilmiş eqaimələr) = 1 325 521.35 ( Ödənilmiş avans məbləğ) Belə ki, 70 min azn nəğd şəkildə Vəlioğlu-2018 MMC tərəfindən geri qaytarılan vəsait Avromed Company MMC-nin ümumi ödədiyi məbləği azaltdığı üçün açıqda qalan iddia edilən avans məbləğini azaltmalıdır. Lakin ekspertiza rəyinə əsasən bu məbləğ iddiaçının tələb etdiyi açıq avans məbləğini artırmışdır. Həmçinin hesablamalarda 2 məqam nəzərə alınmadığı üçün ödənilmiş avans məbləği düzgün göstərilməmişdir: 503 811.56 AZN (real olmayan, yəni təhvil verilməyən mallar üzrə e- qaimələr), 80211.79 (Global Selfcar MMCe ilə əvəzləşdirilmiş vəsait). Nəticə olaraq hesablama belə olmalı idi: 1 325 521.35 (Ödənilmiş avans məbləğ) + 503 811.56 AZN (real olmayan e- qaimələr) - 80211.79 AZN (Global Selfcare ilə əvəzləşdirilmiş vəsait)= 1 749 121.12 AZN (iddia məbləği). Ekspertiza rəyində mal alışı üzrə qeyd edilmiş məbləğə daxil olan 8 (səkkiz) ədəd qaimə üzrə ümumilikdə 503 811.56 AZN məbləğində real alış əməliyyatı aparılmadan təqdim edilmiş elektron qaimələr nəzərə alınmamışdır. Qeyd olunan qaimələr vergi sisteminin mövcud qaydalarına əsasən, təqdim edildikdən sonra 5 (beş) gün müddətində tərəfimizdən geri qaytarılmadığı üçün sistem tərəfindən avtomatik olaraq təsdiq edilmişdir. Lakin bu hal faktiki mal alışının baş verdiyini təsdiq etmir və real maliyyə əməliyyatı kimi qiymətləndirilə bilməz. Həmçinin, bu məbləğlə bağlı cavabdeh tərəfindən malların iddiaçıya təhvil verilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilə bilməmişdir. Yuxarıda qeyd edilən bütün maliyyə əməliyyatları nəzərə alınmaqla yekun hesablamanın aşağıdakı kimi aparılması zəruridir: 14 885 819.20 AZN - cəmi daxil olmuş qaimələr, 15 771 561.18 AZN - cəmi edilmiş ödənişlər, 759 779.37 AZN - cəmi edilmiş iadələr, 503 811.56 AZN - real mal verilmədən təqdim edilmiş elektron qaimələr, 250 000 AZN - nağdsız qaydada geri qaytarılmış vəsait, 70 000 AZN - nəğd şəkildə kassaya geri qaytarılmış vəsait, 80 211.79 AZN - əvəzləşdirilmiş borc məbləği, 14 885 819.20 AZN (daxil olan qaimələr) - 15 771 561.18 AZN (ödənilmiş vəsait) - 759 779.37 AZN (iadə edilmiş məhsullar) - 503 811.56 AZN (real olmayan e- qaimələr) + 250 000 (nağdsız qaytarılmış vəsait) AZN + 70 000 AZN (nəğd şəkildə geri qaytarilan vəsait) + 80 211.79 AZN (əvəzləşdirilmiş vəsait) = 1 749 121.12 AZN (iddia məbləği). Yuxarıda qeyd olunanların nəzərə alınmasını və iddianın tam olaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, təqdim etmiş olduğu yazılı izahatına uyğun olaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi yazılı izahatında göstərilmişdir ki, İddiaçı QSC Cavabdeh MMC-yə qarşı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmirəm. Belə ki, Nəsimi rayon Məhkəməsində başqa məhkəmə prosesim olduğundan üzrlü səbəbdən iştirak edə bilmirəm. Ekspert rəyi ilə qismən razıyıq. Belə ki, ekspert rəyi ilə iddiaçının etirafı arasında fərqi (250.000 MANAT ödənişi iddiaçı qəbul edir) nəzərə alsaq 1.465.521,35 manatdan 250.000 manat və 80211,79 manat çıxıldıqdan sonra qalan vəsait borcumuz edir. Bu da qeyd etdiyimiz kimi 1135309,56 manat edir. Yəni hazırda "xxxx" MMC-nin borcu 1135309,56 (bir milyon yüz otuz beş min üç yüz doqquz manat 56 qəpik) edir. İddiaçı son izahatında bu rəqəmləri etiraf etmiş və artıq hesablamaya belə ehtiyac yoxdur. Hazırda izahatında qeyd edilən mübahisəli məsələ 503.811,56 (beş yüz üç min səkkiz yüz on bir manat 56 qəpik) manatdır ki, bu hissəni də qəbul etmirik və ümumiyyətlə heç bir əsaslı sübut və ya sənədlə təsdiq olunmur. Təqdim edilən son izahatdakı 503.811,56 (beş yüz üç min səkkiz yüz on bir manat 56 qəpik) məbləği ümumiyyətlə qəbul etmirik və iddiaçının bununla bağlı təqdim etdiyi bu rəqəm və iddiasının əsaslanması absurddur, heç bir sənədə və sübuta əsaslanmadığından bu rəqəmi qəbul etmirik. Bununla bağlı son məhkəmə iclasında məhkəmə tərəfindən mühasibi sual verilərkən də dürüst və dolğun cavab verilə bilinmədi və yaddan çıxaraq belə olduğu qeyd edilmişdir. Halbuki, faktiki olaraq elektron qaimələr vurulmaqla iddiaçıya mallar verilmişdir. Ekspert suallara əsasən rəy verdiyindən cavabdeh tərəfindən ödənilən 250.000 manat və 80211,79 manat nəzərə alınmamışdır. İddiaçı özü bu qədər vəsaitin ödənilməsini etiraf etdiyindən ekspert rəyi üzrə təsdiqlənmiş borcdan bu məbləğlər çıxılmalıdır. Ekspert rəyini nəzərə alaraq: eksert rəyi: 1.465.521,35 manat. İddiaçının etiraf etdiyi lakin hesablarda görünməyən və əldən ödənilən və başqa hesabdan borcun silinməsi üçün ödənilən məbləğlər: 250.000 manat və 80211,79 manat. Yekun olaraq borc ekspert rəyindən 1.465.521,35 manat-250.000 manat- 80211,79 manat = 1135309,56 (bir milyon yüz otuz beş min üç yüz doqquz manat 56 qəpik) manat təşkil edir. Nəzərə alınmasını xahiş edir.

7. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (təchizatçı) və cavabdeh (alıcı) arasında imzalanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən təchizatçı dərman (qeyri-dərman) vasitələri ilə alıcını təchiz etməyə, alıcı isə müqavilədə bəyan edilmiş qaydada mah qəbul etməyə və dəyərini ödəməyə borcludur.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı tərəfindən ödəmə təchizatçının hesabına pul vəsaitlərinin bank vasitəsilə köçürülməsi və ya təchizatçının kassasına nağd formada ödənilməsi yolu ilə həyata keçirilir. Tərəflərin qarşılıqlı razılığı ilə digər ödəmə üsulu da müəyyən edilə bilər.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən alıcı malları satışa qəbul etdikdən sonra, malların dəyərinin ödənişi satıcıya tam olaraq və ya qismən realizasiya üsulu ilə həyata keçiriləcəkdir. Alıcı tərəfindən satış üçün qəbul edilmiş malların dəyərinin Satıcıya ödənilinəsi qaydaları və forması tərəflərin razılığı ilə həyata keçirilir. Yeni malların ödənişi 60 gün müddətində həyata keçirilməlidir. Sonradan isə ödəniş 30 gün müddətində müəyyən edilir.

12. İddiaçı (birinci şirkət) ilə cavabdeh (ikinci şirkət) arasında imzalanmış xx.xx.2024cü il tarixli öhdəlik müqaviləsinə əsasən ikinci şirkət xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə dair "xxxx" QSC və Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən yaranmış 1,998,429.68 manat öhdəlik borcunu hər ayın 25-i ümumilikdə 13 ay ərzində birinci şirkətə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

13. İddiaçı (tələb sahibi) cavabdeh (borclu) və "xxxx" MMC (üçüncü şəxs) arasında imzalanmış 15 oktyabr 2024-cü il tarixli öhdəliyin güzəştinə dair müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə Tələb sahibi ilə Borclu arasında bağlanılmış xx.xx.2024-cü il tarixli Öhdəlik müqaviləsinin 1.1-ci maddəsində qeyd olunmuş öhdəliyin (məbləğin) ödənilməsinin yerinə həmin məbləğdə müxtəlif partiyalarla malların verilməsi məqsədilə bağlanmışdır və xx.xx.2024-cü il tarixli öhdəlik müqaviləsinin ayrılmaz tərkib hissəsini təşkil edir.

14. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən tələb sahibi borclu Cavabdeh öhdəliyinin qismən icrasını üçüncü şəxsə güzəşt edir.

15. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixli Öhdəlik Müqaviləsinə əsasən Tələb sahibi bu müqavilənin 1.1-ci maddəsində qeyd olunmuş məbləğdə öhdəliyin qismən icrasını Üçüncü şəxsə güzəşt edir.

16. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən tələb sahibi üçüncü şəxsdən aldığı malların dəyərinin 50%-ni mallar satıldıqdan sonra üçüncü şəxsə ödəyir, qalan hissəsini isə borclunun öhdəliyindən silir. Üçüncü şəxs gələcəkdə bu müqavilə üzrə borclunun öhdəliyindən silinmiş məbləği tələb sahibindən almağı iddia edə bilməz.

17. İddiaçı (alıcı) ilə "xxxx" MMC (təchizatçı) arasında imzalanmış, möhürlə təsdiq edilmiş 15 oktyabr 2024-cü il tarixli üzləşmə aktında qeyd edilmişdir ki: biz bu aktı tərtib edirik ondan ötəri ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və xx.xx.2024-cü il tarixli öhdəliyin güzəştinə dair müqaviləyə əsasən bir tərəfdən "xxxx" MMC (VÖEN: **********) təmsil edən etibarnamə üzrə nümayəndə X4, bundan sonra “Təchizatçı” adlandırılan və İddiaçı QSC (VÖEN: **********) təmsil edən X2, bundan sonra "Alıcı” digər tərəfdən, xx.xx.2024-cü il tarixinə olan borc məlumatları aşağıdakı imzalarımızla təsdiqləyirik: Təçhizatçı “alıcıya xx.xx.2024-cü il tarixinə 160 423.28 (bir yüz altmış min dörd yüz üç manat 28 qəpik) AZN mal təhvil vermişdir. Bu məbləğdən 80 211.79 (səksən min iki yüz on bir manat 79 qəpik) AZN məbləğ xx.xx.2024 tarixli öhdəliyin güzəştinə dair müqaviləyə əsasən Cavabdeh MMC-nin “Alıcı” qarşısında olan borcundan silinmişdir. Təchizatçı alıcıya xx.xx.2024-cü il tarixinə 160423,28 AZN mal təhvil verilmişdir. Bu məbləğdən 80211,79 AZN məbləğ xx.xx.2024 tarixli öhdəliyin güzəştinə dair müqaviləyə əsasən Cavabdeh MMC-nin alıcı qarşısında olan borcundan silinmişdir. xx.xx.2024-cü il tarixində alıcı təchizatçıya borcu 80211,79 AZN təşkil edir. Bu borc alıcı tərəfindən malların tam satışından sonra təchizatçıya ödəniləcək.

18. İddiaçı (alıcı) ilə cavabdeh (təchizatçı) arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən təchizatçının alıcıya xx.xx.2024-cü il tarixinə 1998429,68 AZN borcu qalmışdır.

19. İddiaçı (alıcı) ilə "xxxx" MMC (satıcı) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, AVR-GSC/24200904 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı hazırki müqaviləyə uyğun olaraq alıcı tərəfindən sifariş edilən məhsulları alıcıya təqdim etməyi və məhsulların realizasiya dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

20. İddiaçı (alıcı) ilə cavabdeh (təchizatçı) arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən təchizatçı alıcıya xx.xx.2024-cü il tarixinə 160423,28 AZN mal təhvil vemişdir. Bu məbləğdən 80211,79 AZN məbləğ xx.xx.2024 tarixli öhdəliyin güzəştinə dair müqaviləyə əsasən Cavabdeh MMC-nin alıcı qarşısında olan borcundan silinmişdir. xx.xx.2024-cü il tarixində alıcı təchizatçıya borcu 80211,79 AZN təşkil edir. Bu borc alıcı tərəfindən malların tam satışından sonra təchizatçıya ödəniləcək.

21. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən xx.xx.2018 tarixindən xx.xx.2024 -cü il tarixinədək cəmi 14 413 294.73 AZN məbləğində E-Qaimə göndərilmişdir. Bu E- Qaimələrin 10 465 612.23 AZN məbləği malların təhvil alınıb-alınmamasından asılı olmayaraq vergi sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. İddiaçı QSC-də ödənişlərin icrası “Paşa Bank”ın avtomatlaşdırılmış sistemi vasitəsilə icra edildiyindən təhvil alınmamış-yəni sistem tərəfindən təsdiqlənmiş E-qaimələr ödənişlərin təyinatında əks etdirilmişdir. Əlavə olaraq xx.xx.2018 - xx.xx.2024 tarixləri aralığında 14 341 561.18 AZN məbləğində vəsait İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. Həmçinin xx.xx.2018 - xx.xx.2024 tarixləri ərzində faktiki iadə edilmiş mallar üzrə 732 915.24 AZN məbləğində rəsmi iadə qaimələri yazılmış və mallar təchizatçıya iadə edilmişdir.

22. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC (VÖEN:**********) tərəfindən xx.xx.2018 tarixindən xx.xx.2024cü il tarixinədək 14 413 294.73 AZN, xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinədək isə 472 525.18 AZN olmaqla cəmi 14 885 819.91 AZN E-Qaimə göndərilmişdir. Bu E-Qaimələrin xx.xx.2024-cü il tarixinədək olan hissəsindən 10 465 612.23 AZN məbləğ malların təhvil alınıb-alınmamasından asılı olmayaraq vergi sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. Bu səbəbdən edilmiş ödənişin ödəniş tapşırığında qeyd edilmiş qaimələrdən, yəni sistem tərəfindən avtomatik təsdiqlənmiş qaimələrdən, 503 811.56 AZN (ƏDV daxil) hissəsinə həmin tarixə kimi və ondan sonra da mal alışı edilməmişdir. İddiaçı QSC-də ödənişlərin icrası “Paşa Bank”ın avtomatlaşdırılmış sistemi vasitəsilə icra edildiyindən təhvil alınmamış-yəni sistem tərəfindən təsdiqlənmiş E-qaimələr ödənişlərin təyinatında əks etdirilmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, xx.xx.2018 - xx.xx.2024 tarixləri aralığında 14 341 561.18 AZN (ƏDV daxil), xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinədək isə 1 180 000 AZN (ƏDV daxil) olmaqla cəmi 15 521 561.18 AZN (ƏDV daxil) məbləğində vəsait “Avromed Company QSC” tərəfindən “Vəlioğlu-2018 MMC”-yə ödənilmişdir. Həmçinin xx.xx.2018 - xx.xx.2024 tarixləri ərzində faktiki iadə edilmiş mallar üzrə 732 915.24 AZN (ƏDV daxil), xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinədək isə 26 864.13 AZN (ƏDV daxil) olmaqla cəmi 759 779.37.10 AZN (ƏDV daxil) məbləğində rəsmi iadə qaimələri yazılmış və mallar təchizatçıya iadə edilmişdir. Bundan başqa Avromed Company QSC (VÖEN - **********) - Global Selfcare MMC (VÖEN - **********) - Vəlioğlu- 2018 MMC (VÖEN - **********) arasında olan xx.xx.2024 tarixli üçtərəfli razılaşmaya əsasən 80 211.79 AZN (ƏDV daxil) mallar “Vəlioğlu-2018 MMC”-nin hesabına Avromedin anbarına verilmişdir. Həmçinin xx.xx.2024-də 20 000 AZN, xx.xx.2024-də 9000 AZN, xx.xx.2024-də 11 000 AZN, xx.xx.2024-də 30 000 AZN vəsait “Vəlioğlu-2018 MMC” tərəfindən'“Avromed Company QSC”-nin kassasına nəğd şəkildə geri qaytarılmışdır.

23. İş materiallarında olan iddiaçıya məxsus hesabdan çıxarış məlumatlarına (cild 1, vərəq 8-12 və cild 1 vərəq 110-130) və ƏDV sub-uçot hesabından köçürmələrə dair cədvəl məlumatlarına (cild 1, vərəq 131-134) əsasən xx.xx.2018-xx.xx.2024-cü il tarixləri aralığında 08 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ümumilikdə 15.521.561,18 manat (ƏDV daxil) məbləğində pul vəsaiti ödənilmişdir.

24. İş materiallarında olan İddiaçı QSC-yə daxil olan qaimələrə dair cədvəl məlumatlarından (cild 1, vərəq 148-176, 193) göründüyü kimi, 08 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən “Avromed Company" Qapalı Səhmdar Cəmiyyətinə 14.885.819,20 manat (ƏDV daxil) məbləğində mallar təqdim edilmişdir.

25. İş materiallarında öz əksini tapmış göndərilən qaimələrə dair cədvəl məlumatları (malların qaytarılması barədə elektron qaimə-fakturalara dair (cild 1, vərəq 194-209)) və malların qaytarılması barədə elektron qaimə-fakturalara əsasən, 08 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 759.779,37 manat (ƏDV daxil) məbləğində mallar geri qaytarılmışdır.

26. İş materiallarında olan kassa mədaxil orderlərindən (cild 1, vərəq 229-230) görünür ki, xx.xx.2024-cü ildə 20000 manat, xx.xx.2024-cü il tarixdə 9000 manat, xx.xx.2024-cü il tarixdə 11000 manat və xx.xx.2024-cü il tarixdə 30000 manat olmaqla, ümumilikdə 70000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən "xxxx" QSCyə nağd şəkildə geri qaytarılmışdır.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3191 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən: 1-4-cü suallar üzrə: iş materiallarında öz əksini tapmış sənədlərdən (hesabdan çıxarış məlumatları, daxil olan qaimələrə dair cədvəl məlumatları, göndərilən qaimələrə dair cədvəl məlumatları, malların qaytarılması barədə elektron qaimə-fakturalara, kassa mədaxil orderləri) göründüyü kimi, təchizatçı Cavabdeh ilə alıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 08 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 1.465.521,35 manat (ƏDV daxil) məbləğində borcu qalmışdır. 14.885.819,20 daxil olan qaimələr - 759.779,37 göndərilən qaimələr - 70000 nəğd şəkildə geri qaytarılan pul vəsaiti = 14.056.039,83 manat, 15.521.561,18 - 14.056.039,83 = 1.465.521,35 manat. 5-ci sual üzrə: Təqdim edilmiş iş materiallarından göründüyü kimi, borclu Cavabdeh, tələb sahibi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və üçüncü şəxs adlandırılacaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15 oktyabr 2024-cü il tarixdə öhdəliyin güzəştinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2 bəndinə əsasən tələb sahibi üçüncü şəxsdən aldığı malların dəyərinin 50%-ni mallar satıldıqdan sonra üçüncü şəxsə ödəyir, qalan hissəsini isə borclunun öhdəliyindən silir. Üçüncü şəxs gələcəkdə bu müqavilə üzrə borclunun öhdəliyindən silinmiş məbləği tələb sahibindən almağı iddia edə bilməz. Qeyd edilir ki, iş materiallarında 15 oktyabr 2024-cü il tarixli Üzləşmə Aktı (cild 1, vərəq 57) öz əksini tapmışdır. Həmin Üzləşmə “Akt’da aşağıdakılar qeyd edilmişdir: “Biz bu aktı tərtib edirik ondan ötəri ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və xx.xx.2024-cü il tarixli öhdəliyin güzəştinə dair müqaviləyə əsasən bir tərəfdən "xxxx" MMC (VÖEN: **********) təmsil edən etibarnamə üzrə nümayəndə X4, bundan sonra "Təçhizatçı" adlandırılan və İddiaçı QSC (VÖEN: **********) təmsil edən X2, bundan sonra "Alıcı” digər tərəfdən, xx.xx.2024-cü il tarixinə olan borc məlumatları aşağıdakı imzalarımızla təsdiqləyirik: "Təçhizatçı" “Alıcf”-ya xx.xx.2024-cü il tarixinə 160 423.28 (bir yüz altmış min dörd yüz üç manat 28 qəpik) AZN mal təhvil vermişdir. Bu məbləğdən 80 211.79 (səksən min iki yüz on bir manat 79 qəpik) AZN məbləğ xx.xx.2024 tarixli öhdəliyin güzəştinə dair müqaviləyə əsasən Cavabdeh MMC-nin “Alıcı” qarşısında olan borcundan silinmişdir. xx.xx.2024-cü il tarixində “Alıcı” “Təchizatçı”-ya borcu 80 211.79 (səksən min iki yüz on bir manat 79 qəpik) AZN təşkil edir. Bu borc “Alıcı” tərəfindən malların tam satışından sonra Təchizatçı”ya ödəniləcək.” Lakin bildirilir ki, 80 211.79 manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə ödəniş sənədləri iş materiallarında öz əksini tapmamışdır.

28. Məhkəmə materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

32. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

33. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

35. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

36. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

37. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 15.521.561,18 manat vəsait ödənilmişdir. Həmin ödənilmiş vəsaitlərin müqabilində cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 14.885.819,20 manat dəyərində mal təhvil verilmiş, təhvil verilmiş malların bir qismi, yəni 759.779,37 manat hissəsi iddiaçı tərəfindən cavabdehə geri qaytarılmışdır. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş avansın bir qismi, yəni 250000 manat hissəsi nağdsız, 70000 manat hissəsi isə nağd qaydada geri qaytarılmışdır. Habelə, materiallardan görünür ki, iddiaçı (alıcı) və "xxxx" MMC (təchizatçı) arasında əldə edilmiş razılığa əsasən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və xx.xx.2024-cü il tarixli öhdəliyin güzəştinə dair müqaviləyə əsasən təçhizatçı tərəfindən alıcıya 160423.28 manat dəyərində mal təhvil verilmiş, həmin məbləğdən 80211,79 manat hissəsi xx.xx.2024-cü il tarixli öhdəliyin güzəştinə dair müqaviləyə əsasən hazırkı iş üzrə cavabdehin iddiaçı qarşısında olan borcundan silinmişdir.

39. Beləliklə, iddiaçı hazırda cavabdehə alqı-satqı müqaviləsi üzrə ödədiyi 1.135.309,56 manat (14.885.819,20 manat təhvil verilən mal - 759.779,37 manat iadə edilən mal – 70000 manat nağd geri qaytarma = 14.056.039,83 manat; 15.521.561,18 manat avans - 14.056.039,83 manat – 250000 manat nağdsız geri qaytarma – 80211,79 manat tələbin güzəşti nəticəsində hazırkı borcdan silinən vəsait) avansın geri qaytarılmasını tələb etməklə haqlıdır.

40. Belə ki, cavabdeh hazırda geri tələb edilən vəsaitlərin ödənilməsindən keçən uzun müddət ərzində müqavilə tələblərini pozmuş, iddiaçıya alqı-satqı müqaviləsi üzrə həmin vəsaitin müqabilində hər hansı mal təhvil verməmişdir.

41. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

42. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə qabaqcadan ödənilmiş olan 1.135.309,56 manat vəsaiti geri qaytarmaqla haqlıdır.

43. Məhkəmə iddiaçının elektron qaimələrin bir qismində qeyd edilməsinə baxmayaraq ümumilikdə 503811,56 manat dəyərində malların ona cavabdeh tərəfindən naturada təhvil verilməmiş olması barədə dəlilini əsassız hesab edir.

44. Belə ki, həmin qaimələrə dair iddiaçı tərəfindən cavabdehə hazırkı günə qədər etiraz edilməmiş, qaimələrin düzəlişə göndərilməsi, habelə ləğvi tələb edilməmişdir.

45. Halbuki, tərəflər arasında xx.xx.2018-ci il tarixli müqavilə üzrə formalaşmış işgüzar adətlərə əsasən mallar məhz elektron qaimələr əsasında təhvil verilmişdir.

46. Bundan əlavə, materiallardan görünür ki, həmin mübahisəli qaimələr üzrə iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ödənişlər də edilmişdir.

47. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1.135.309,56 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1357,66 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 306,90 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

50. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

51. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 200 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1.135.309,56 manat məbləğində pul, 1357,66 manat dövlət rüsumu, ümumilikdə 1.136.667,22 (bir milyon bir yüz otuz altı min altı yüz altmış yeddi manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 306,90 (üç yüz altı manat doxsan qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Cavabdeh MMC-dən 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar