Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2417/2021 22.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, «İddiaçı «MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı »İddiaçı «MMC Cavabdeh MMC -yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 300,990.94 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra-Cavabdeh) arasında 09.01.2018-ci il tarixli, 20180109/ATL/SD/009 nömrəli alqı-satqı müqaviləsi ( bundan sonra – Müqavilə”) bağlanmış və malların alğı-satqısı həyata keçirilmişdir. Bundan sonra müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən cavabdehin sifarişlərinə uyğun mallar satış məqsədi ilə cavabdehə elektron vergi hesab-faktura əsasında təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01.06.2020 – 31.12.2020-ci il tarixləri aralıqlarında İddiaçı MMC vəCavabdehMMC arasında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktına əsasən, cavabdehin iddiaçıya 300,990.94 AZN AZN (üç yüzmin doqquz yüz doxsan manat 94 qəpik) borcu yaranmışdır. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, “Alıcı” Malın Əlavə ilə müəyyən olunan toplam dəyərinin 70%-ni Əlavə müvafiq imza və möhürlə təsdiqləndiyi andan 3 gün ərzində, yerdə qalan hissəni (30%) isə, Mal Alıcıya təhvil verilməsi üçün hazır olduğu andan 3 gün ərzində Satıcıya ödəyir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. İddiaçının 14 aprel 2021-ci il tarixli 080/21 nömrəli pretenziya məktubuna cavabdeh tərəfindən 20 aprel 2021-ci il tarixində 12 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, pandemiya ilə əlaqədar iş həcminin olmamasına görə müəssisənin maliyyə imkanları kritik vəziyyətə düşmüş və 300,990.94 AZN AZN (üç yüzmin doqquz yüz doxsan manat 94 qəpik) borcun ödəməsinə imkan olmamışdır. Yaxın vaxtlarda yeni müqavilələrin bağlanılması gözlənilir. Müəssisəyə ilk vəsait daxil olan kimi borcun ödənilməsinə zəmanət veririk və həmişəki kimi sizinlə əməkdaşlığımızı davam etdirəcəyik. Qeyd olunan məktubdanda göründüyü kimi, cavabdeh tərəfindən iddidaçıya olan borcu qəbul edilərək etiraf edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfə borclarının olduğunu, lakin pandemiya ilə əlaqədar yaranmış maliyyə çətinliyinə görə ödəmə qabiliyyətlərinin hal-hazırda olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan “satıcı” olan «İddiaçı «MMC ilə “alıcı” olan Cavabdeh MMC arasında 09.01.2018-ci il tarixdə bağlanmış 20180109 ATL/009 nömrəli alqı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya müqaviləyə əlavədə göstərilən əşyaları satmağı, “alıcı” isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “satıcı” İddiaçı MMC ilə “alıcı” olan Cavabdeh MMC arasında 01.07.2019-cu il tarixdə bağlanmış 060/19-RS nömrəli alqı-satqı müqaviləsinə 01 saylı əlavədən görünür ki, tərəflər satılan məhsulun adı, istehsalçısı və modeli qeyd edilməklə ƏDV daxil olmaqla yekun məbləğin 708000 EURO olmasını təsdiqlənmişdir. İş materiallarında olan üzləşmə aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında 01.06.2020-31.12.2020 tarixləri aralıqlarında qarşılıqlı hesablaşmalar üzrə Cavabdeh MMC-nin məlumatına əsasən kredit 300990.94 manat təşkil edir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubda 300990.94 manat borcun ödənilməsinə pandemiya ilə əlaqədar imkan olmadığı,müəssisəyə ilk vəsait daxil olan kimi borcun ödəniləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC–dən 300,990.94 (üç yüz min doqquz yüz doxsan manat doxsan dörd qəpik) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC–nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC–dən 300.990,94 (üç yüzmin doqquz yüz doxsan manat doxsan dörd qəpik) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC–nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2417/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2417/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver