Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2419/2021 05.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı cavabdehdən avans kimi ödənilmiş 37.150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı cavabdehdən 78146,94 manat məbləğində dəymiş ziyanın, 26.743.80 manat məbləğində cərimə-dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı cavabdehdən avans kimi ödənilmiş 37.150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra Cavabdeh İddiaçınə qarşı iddiaçı ilə cavabdeh arasında 18 dekabr 2019-cu il tarixdə “malların, iş və xidmətlərin alğı-satqısı haqqında” SA 010 saylı müqavilənin ləğvi və cavabdehdən 16.603.31 manat məbləğində dəymiş ziyanın, 26.743.80 manat məbləğində cərimə-dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı iddianın dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 78146,94 manat məbləğində dəymiş ziyanın, 26.743.80 manat məbləğində cərimə-dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Star MMC ilə Cavabdeh MMC arasında 18 dekabr 2019-cu il tarixində malların və xidmətlərin alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən satıcı Cavabdeh MMC alıcı İddiaçı MMCnin sifarişlərinə uyğun olaraq malları razılaşdırılmış şərtlərlə alıcıya verməyi, alıcı İddiaçı MMC isə öz növbəsində malları təhvil almaqla müqavilə ilə müəyyən edilmiş məbləği satıcıya verməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 4.3-cü bəndinə əsasən alıcı İddiaçı MMC müqavilə ilə müəyyən edilmiş 20% avans məbləğinin bir hissəsini - 37.150 manat məbləğində vəsaiti Cavabdeh MMC-nin hesabına köçürmüşdür. Lakin Cavabdeh MMC müqavilə öhdəliklərini yerinə yetirməmiş, alıcıya müqavilə və onun əlavəsinə uyğun çeşiddə və sayda mal təqdim etməmişdir. Buna görə də "Cavabdeh” MMC müqavilənin 4-cü bəndinə əsasən müqaviləni xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv etmişdir. Qanunun müvafiq normasının tələbinə əsasən Cavabdeh MMC ilə məhkəməyə qədər həll qaydasına riayət edilmiş və ona rəsmi pretenziya məktubu ilə müraciət edilmişdir. Cavabdeh MMC-dən ödənilmiş avans məbləğinin İddiaçı MMC-nin bank hesabına qaytarılması xahiş edilmişdir. Lakin rəsmi xəbərdarlıq məktubunun təqdim edilməsindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh MMC ödənilmiş 37.150 manat məbləğini İddiaçı MMC-nin hesabına geri ödəməmişdir. Cavabdeh MMC öhdəliyini lazımi qaydada icra etmədiyindən ödənilmiş avans məbləğinin geri qaytarılması zərurəti yaranmışdır. Cavabdeh MMC ilə mübahisənin məhkəmədən kənar həllinə cəhd edilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Buna görə də mübahisənin məhkəmə qaydasında həllinə zərurət yaranmışdır. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi Vəkil1 Şəmsəddin oğlu məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “xxxx” MMC arasında 18 dekabr 2019-cu il tarixdə “malların, iş və xidmətlərin alğı-satqısı haqqında” SA 010 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilənin predmetinə əsasən Satıcı Alıcının sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma müddəti və digər parametrləri ayrı-ayrı sifariş(lər) formasında tərtib olunaraq Tərəflər arasında rəsmiləşdirilən əlavələrdə göstərilən malları razılaşdırılmış şərtlərlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. Sözügedən Müqavilənin 18 dekabr 2019-cu il tarixli, 01 saylı Əlavəsinə əsasən cavabdeh ümumi dəyəri 267.438 manat təşkil edən 1 dəst 72.94 ha badam bağı üçün damlama suvarma sistemini (nasoslar, fıltrasiya sistemi, tənzimləyici klapanlar, filterlər, ana və paylayıcı pvc borular, damlama boruları və kranlar) sifariş vermişdir. Tərəflər arası bağlanılmış Müqavilənin tələblərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən sifariş edilmiş 72.94 ha badam bağı üçün damlama suvarma sistemi ölkəyə idxal edilmiş və cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən bugünədək sözügedən avadanlığın dəyəri ödənilməmiş, eləcə də əsassız şəkildə malı qəbul etməkdən imtina etmişdir. Hətta bunun əksi olaraq cavabdeh “xxxx” MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC tərəfindən sifarişdə qeyd edilən malların Əlavədə qeyd edilən çeşiddə və sayda təqdim edilmədiyini bildirərək Cavabdeh MMC-yə ödədiyi 37.150 manat məbləğində pulu geri tələb etmişdir. Halbuki bununla bağlı Cavabdeh MMC-nə bugünədək Mülki Məcəllənin 595-ci maddəsinin və Müqavilənin 3-cü bəndinin tələblərinə uyğun olaraq hər hansı bir məlumat verilməmişdir. Belə ki, cavabdeh “İddiaçı" MMC-nin ilkin iddia tələbində qeyd etdiyi hallar ümumiyyətlə həqiqətə uyğun deyil. Cavabdeh MMC tərəfindən müqavilə üzrə sifariş verilmiş mallar razılaşdırılmış çeşiddə ölkəyə idxal edilmiş, bununla bağlı cavabdehə məlumat verilmiş, hətta suvarma avadanlıqlarının quraşdırılması məqsədilə dəfələrlə tərəflərin nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmiş, müqavilə üzrə ödənişlər həyata keçirildikdən sonra malların təqdim edilməsi müzakirə edilmiş, lakin cavabdeh malların dəyərini ödəməmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyindən Cavabdeh MMC tərəfindən cavabdehin sifarişi əsasında ölkəyə idxal edilmiş mallar saxlanc anbarına verilmişdir. Malların bugünədək həmin anbarda saxlanılması ilə bağlı xərclər cavabdehin Cavabdeh MMC-yə birbaşa vurduğu ziyandır ki, son 1 il ərzində bununla bağlı Cavabdeh MMC-yə 16.603.31 manat məbləğində zərər vurulmuşdur. Qeyd edilən zərər məbləği gündən günə artmaqdadır. Həmçinin, cavabdeh “xxxx” MMC üzərinə götürdüyü öhdəliklərini icra etmədiyindən müqavilənin 10-cu bəndi ilə müəyyən edilmiş maksimal 10% olmaqla, ümumilikdə 26.743.80 manat məbləğində cərimə sanksiyasını ödəməlidir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən dəfələrlə cavabdeh ilə danışıqlar aparılmış, məhkəmənin barışıq sazişi ilə yekunlaşması və alğı-satqmın yekunlaşdırılaraq avadanlığın dəyərinin ödənilərək quraşdırılması təklif edilmişdir. Lakin İddiaçı MMC danışıqlar zamanı malları almaq niyyətində olmadığını açıq şəkildə bildirmişdir. Bu səbəbdən Cavabdeh MMC tərəfindən 18 dekabr 2019-cu il tarixli, SA010 saylı “malların, iş və xidmətlərin alğı-satqısı haqqında” müqavilənin predmeti olan malların satılması qərara alınmışdır. Beləliklə, Cavabdeh MMC ilə “xxxx” MMC arasında bağlanılmış 29 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən müəyyən nasoslar və borular xaric 18 dekabr 2019-cu il tarixli, SA010 saylı müqavilənin predmetini təşkil edən mallar Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə 70.163 ABŞ dollarına satılmışdır. Qeyd edilən məbləğ manat ekvivalenti ilə hazırda 119.277,1 manat təşkil edir. Malların 1 il ərzində İddiaçı MMC tərəfindən alınmaması və hazırda onların likvidliyini itirdiyindən bazar qiymətlərin kəskin azalması, həmçinin suvarma dəstinin ümumiyyətlə fərdi sifariş əsasında hazırlandığından onun təkrar satışı zamanı dəyərinin azalmasının qaçılmaz olması, nəticədə Cəmiyyətə İddiaçı MMC tərəfindən əlavə maddi ziyan vurulmasına səbəb olmuşdur. Hesab edir ki, qeyd edilən məbləğ də cavabdehdən tutulmalıdır. İddia tələbinə əlavə etdiyi sənədlərdən görünür ki, 18 dekabr 2019-cu il tarixli, SA010 saylı “malların, ış və xidmətlərin alğı-satqısı haqqında” müqaviləsinin tələblərinə əsasən hazırkı məlikəmə mübahisəsinin predmeti olan suvarma dəstinin İddiaçı MMC-yə 268.412 manata satılması nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən malların dəyəri olaraq bu günədək Cəmiyyətə 37.150 manat məbləğində ödəniş edilmişdir. Lakin, Cavabdeh MMC tərəfindən “xxxx" MMC-yə təqdim edilən suvarma dəsti bəzi komponentlər xaric satılmışdır. Sözügedən komponentlər yerli istehsaldır və cavabdeh ilə aralarında bağlanılan müqavilə üzrə onların məhz Respublika ərazisində alınması nəzərdə tutulurdu. Qeyd edilən malların Cavabdeh MMC tərəfindən alınması Cəmiyyət ilə “xxxx” MMC arasında bağlanılmış 072 saylı, 05 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsi və onun 19.12.2019-cu il tarixli əlavəsi, həmçinin Cəmiyyət ilə “xxxx” MMC arasında bağlanılmış 14 yanvar 2020-ci ıl tarixli alğı-satqı müqaviləsi və onun eyni tarixli 1 saylı Əlavəsi təsdiqlənir. Sözügedən əqdlərin məzmunundan göründüyü kimi hazırkı komponentlərin ümumi dəyəri 20679.85 (borular)+30761.42 (nasoslar)=51.441,27 manat təşkil edir. Göründüyü kimi, cavabdeh İddiaçı MMC-nin tərəflər arası bağlanılmış müqavilə tələblərini icra etməməsi nəticəsində hazırda suvarma dəsti satılarkən şirkətə ciddi maddi ziyan dəyməsinin səbəbi olmuşdur. Sözügedən ziyan məbləği 60.543,63 manat təşkil edir. İlkin iddia tələbinin məbləği 17.603.31 (anbar və ekspertiza xərcləri) təşkil edirdi, yekun riyazi hesablamalara əsasən hazırda dəymiş ziyan məbləği 78.146,94 manat təşkil edir. Sonda nümayəndə və vəkil ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 18 dekabr 2019-cu il tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilədən görünür ki, Cavabdeh MMC “İddiaçı" MMC-nin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma müddəti və digər parametrləri ayrı-ayrı sifariş(lər) formasında tərtib olunaraq Tərəflər arasında rəsmiləşdirilən əlavələrdə göstərilən malları razılaşdırılmış şərtlərlə istifadə məqsədləri üçün yararlı halda “İddiaçı" MMC-yə satmağı, “İddiaçı" MMC isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 28 fevral 2020-ci il tarixli 78/020 saylı İcarə müqaviləsindən görünür ki, “X4” MMC Bakı şəhəri, Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən anbar təyinatlı qeyri-yaşayış binasını Cavabdeh MMC-yə icarəyə vermişdir. 12 ədəd elektron qaimədən görünür ki, Cavabdeh MMC tərəfindən “X4” MMC-yə ümumilikdə 16603,31 manat məbləğində icarə haqqı ödənilmişdir. 25 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC 18 dekabr 2019cu il tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli və qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 18 dekabr 2019cu il tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC “İddiaçı" MMC-nin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma müddəti və digər parametrləri ayrı-ayrı sifariş(lər) formasında tərtib olunaraq Tərəflər arasında rəsmiləşdirilən əlavələrdə göstərilən malları razılaşdırılmış şərtlərlə istifadə məqsədləri üçün yararlı halda “İddiaçı" MMC-yə satmağı, “İddiaçı" MMC isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. “İddiaçı" MMC tərəfindən 37.150 manat məbləğində pul vəsaiti avans olaraq Cavabdeh MMC-nin hesabına ödənilmişdir. Cavabdeh MMC tərəfindən 18 dekabr 2019-cu il tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilə birtərəfli qaydada ləğv edilmiş, tərəflər arasında alqı-satqı baş tutmamışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi konsensual, ikitərəfli və əvəzli müqavilədir. Alqı-satqı müqaviləsi konsensual müqavilədir, ona görə ki, bu müqavilə üzrə tərəflərin hüquq və vəzifələri onların müqavilədən irəli gələn hüquq və vəzifələr barədə razılaşmaları anından əmələ gəlir. Müqavilədə nəzərdə tutulmuş əşyanın verilməsi isə satıcının artıq mövcud müqavilə üzrə öz borcunu icra etməsidir. Alqı-satqı müqaviləsi ikitərəfli müqavilədir. Belə müqavilə iki tərəfin alıcının və satıcının bir-birilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə varadır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilə Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edildiyindən “İddiaçı" MMC tərəfindən ödənilmiş 37.150 manat avans ödənişi Cavabdeh MMC-dən alınmaqla ilkin iddia təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Tərəflər arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilənin 4.3, 4.4 və 4.5-ci bəndlərinə əsasən alıcı bu Müqavilə üzrə Materialların dəyərinin 20% (iyirmi faizi) məbləğini avans olaraq təqdim edilmiş hesab fakturaya əsasən Satıcıya ödəyəcək. Tərəflərin qarşılıqlı razılığına əsasən avans ödənişindən sonra Materialların dəyərinin 40%-i (qırx faizi) malların yükləmə sənədləri Alıcıya təqdim olunduqdan sonra 5 (beş) iş günü ərzində hesab fakturaya əsasən ödəniləcəkdir. Materialların dəyərinin 40%-i (qırx faizi) X5 tərəfindən təhvil alındıqdan sonra 5 (beş) iş günü ərzində hesab fakturaya əsasən ödəniləcəkdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi “İddiaçı" MMC tərəfindən müqavilə şərtlərinə əsasən avans ödənilmişdir. Qalan məbləğin ödənilməsi isə Cavabdeh MMC tərəfindən malların yükləmə sənədlərinin, onun əsasında hesab fakturanın, eyni zamanda malın təhvil verilməklə hesab fakturanın verilməsi əsasında həyata keçirilməli idi. Lakin iş materialları ilə Cavabdeh MMC tərəfindən göstərilən sənədlərin, habelə malın “İddiaçı" MMC-yə təhvil verilməsi müəyyən olunmur. Hətta Cavabdeh MMC tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qarşılıqlı iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin həmin hissəsi yuxarıda göstərilənlərə əsasən əsassız hesab olunduğundan iddianın dəbbə pulu hissəsi də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməli və qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehndən avans kimi ödənilmiş 37.150 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2419/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2419/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver