Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2419/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 09 yanvar 2024-cü il tarixli X1 aktında qeyd olunan 49058,52 manat məbləğdə borcun, hüquqi yardım üçün ödənilmiş 1500 manatın və dövlət rüsumu olaraq ödənilmiş 242,50 manatın Cavabdeh MC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Qara metal qırıntısının alqı-satqısı haqqında” 13 sentyabr 2022-ci il tarixli, ST 12/2022 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC Cavabdeh MMC-yə ƏDV xaric 2022-ci ilin oktyabr ayı üzrə 18252,47 manat, noyabr ayı üzrə 12 465,67 manat, dekabr ayı üzrə 3470,34 manat, 2023-cü ilin yanvar ayı üzrə 13816,53 manat olmaqla, cəmi 48005,01 manat dəyərində metal qırıntısı satmışdır.Tərəflər arasında bağlanılmış müqavilənin 4.3-cü bəndinə əsasən “Alıcı” elektron qaimə fakturaları aldığı tarixdən orada göstərilən məbləği 30 gün müddətində “Satıcının” bank hesabına köçürməlidir. İddiaçı təhvil verdiyi metal qırıntılarının dəyərinin ödənilməsi ilə bağlı cavabdehə elektron qaimə fakturalar göndərmiş, lakin cavabdeh aldığı metal qırıntılarının dəyərinin yalnız 6430 manatını ödəmiş, qalan 41575,01 manatını isə ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə 24 oktyabr 2023-cü il tarixli 119/2023 saylı pretenziya məktubu göndərilərək, ƏDV də daxil olmaqla, 20 oktyabr 2023- cü il tarixə olan 49 058,51 manat məbləğdə borcun 31 oktyabr 2023-cü ilədək ödənilməsi tələb edilmiş, əks halda qanunvericiliklə və müqavilə ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edilərək, müvafiq hüquqiaddımlar atılacağı bildirilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən borc üzrə heç bir ödəniş edilməmişdir. Həmin borc məbləğinə dair tərəflər arasında 09 yanvar 2024-cü il tarixli X1 Aktı tərtib olunmuş və həmin Aktda cavabdehin iddiaçıya ƏDV daxil olmaqla 49 058,52 manat məbləğdə borcu olduğu təsdiq edilmişdir. Lakin, cavabdeh təşkilat X1 Aktı ilə təsdiq olunan həmin borc məbləğini, müxtəlif bəhanələr gətirərək, ödəməkdən yayınır. İddiaçı MMC 02 mart 2024-cü il tarixdə Elektron Məhkəmə Sistemi və Dövlət Vergi Xidməti vasitəsi ilə, elektron qaydada Cavabdeh MMC-yə yenidən pretenziya göndərərək hesablanmış həmin borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat həmin pretenziyaya cavab verməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 442, 443.1, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin qəsdən işi uzatdığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 13 sentyabr 2022-ci il tarixli ST 12/2022 nömrəli qara metal qırıntısının alqı-satqısı müqaviləsindən görünür ki, “Satıcı” istifadəyə yararsız qara metal qırıntılarından, metal boru hissələrindən və müxtəlif avadanlıqlardan ibarət olan əmlakını və əmlakı “Alıcı”ya verməyi, “Alıcı” isə Malı qəbul edib əvəzində onun hazırki müqavilənin 4.1-ci ilə müəyyən olunmuş qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırki müqavilə ilə müəyyən olunmuş mal “Satıcı”nın ərizəsində “Alıcı”nın qüvvə və vəsaiti hesabına yığılır, doğranır, yüklənir, “Alıcı”ya məxsus avtonəqliyyat vasitəsilə ilə və onun hesabına daşınır və hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin (müvəkkil edilmiş şəxslərin) iştirakı ilə, tərəzidə çəkilməklə, “Alıcı”nın işçi qüvvəsi hesabına boşaldılır, tərəzi göstəricisinin və “Satıcı” tərəfindən tərtib, təsdiq və təqdim olunmuş qaimə-faktura əsasında “Alıcı”ya təhvil verilir. Müqavilənin 4.1-ci bəndinə əsasən malın 1 tonun qiyməti ƏDV də daxil olmaqla, 217.40 manat təşkil edir. Müqaviləin 4.3-cü bəndinə əsasən “Alıcı” elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 gün müddətində “Satıcı”nın bank hesabına köçürür. Müqavilənin 6.2-ci bəndinə görə “Alıcı” hazırki müqavilədə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə “Satıcı”ya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0.05 % həcminə dəbbə pulu ödəməli olduğu şərtləşdirilmişdir. xx.xx.2024-ci il tarixli qarşılıqlı borcların üzləşdirmə aktına əsasən Cavabdeh MMCnin xx.xx.2024-ci il tarixə İddiaçı MMC-yə qalıq borcu 49058,52 manat həddində müəyyən edilmiş və hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir. EBDİ seriyalı, 202452 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 21537,92 manat, EBDK seriyalı, 194566 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 14709,50 manat, EBCM seriyalı, 308042 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4095,01 manat, EBCN seriyalı, 969219 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 16303,50 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il 503829/00325 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 1500 manat məbləğində ödəniş olunmuşdur. 01 fevral 2024-cü il tarixli Hüquq xidmətlərinin göstərilməsi haqqında Müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə müqavilə üzrə göstərilən xidmətlərin dəyəri 1500 manat olaraq müəyyən olunmuşdur xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 240 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli 28220 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 2,5 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, qarşılıqlı borcların üzləşdirmə aktı və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 49058,52 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 49058,52 manat borc, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1500 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 800 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 242,5 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 13 sentyabr 2022-ci il tarixli ST 12/2022 saylı müqaviləyə əsasən 49058 (qırx doqquz min əlli səkkiz) manat 52 (əlli iki) qəpik, hüquq xidmətinə görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 (iki yüz qırx) manat 50 (əlli) qəpik İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2419/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2419/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver