Məhkəmə qərarları › İş №e-2-2(113)-242/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-242/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-242/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdеh X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı cavabdehdən 372777.60 (üç yüz yetmiş iki min yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğində pulun, ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdеhə qarşı cavabdehdən 372777.60 (üç yüz yetmiş iki min yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğində pulun, ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında 18/09/DH saylı alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə “Satıcı” malları “Alıcı”ya satmağı, “Alıcı” isə malların dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdən iddiaçı cavabdehə ümumilikdə 509182,60 manat dəyərində un satmış, ondan 136435,00 manat ödəniş etmiş, iddiaçıya 372777.60 manat borcu qalmışdır. Bu borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdеh X4 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, o vaxt işləyirdi, ona VÖEN və asan imza açdırmağının zəruri olduğunu dedilər, bu barədə məlumatı olmadığından VÖEN, asan imza açdırıb onlara vermişdir, həmçinin ona etibarnamə verməsini bildirmişdilər deyə onlara etibarnamə vermişdir, bütün əməliyyatları onun adından iddiaçı edib, onun heç bir borcu yoxdur. Malları iddiaçıdan götürmüş və dəyərini ödəmişdir, borcu yoxdur, əlavə olaraq 2 avtomobili var idi, borc əvəzi avtomobillərini də əlindən almışlar, indidə yenidən adına qaimə vurublar ki, guya borc var. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 18/09/DH saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə müqaviləyə əlavədə göstərilən mal-material dəyərlilərini satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və razılaşdırılmış müddətlərdə malın haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 509182,60 manat dəyərində un cavabdehə satılmış, cavabdeh həmin malların dəyərindən 136435,00 manat ödəmiş, 372777.60 manat ödənilməmiş borc qalmışdır.

10. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, elektron qaimələrin müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Belə ki, hazırki işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında alqısatqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 509182,60 manat dəyərində mal cavabdehə verilmiş, cavabdeh həmin malların dəyərindən 136435,00 manat ödəmiş, 372777.60 manat ödənilməmiş borc qalmışdır. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.

13. Məhkəmə iclasında cavabdeh malların dəyərini iddiaçıya ödədiyini və borcu qalmadığını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci Bakı 13 saylı Mediasiya təşkilatına ödənilmişdir.

15. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 263 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 263 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh X1 372777.60 (üç yüz yetmiş iki min yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğində pul, ödənilmiş 263 manat dövlət rüsumu və 400 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar