Məhkəmə qərarları › İş №e-2-2(113)-2420/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2420/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2420/2024 31.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 52134,60 manat məbləğində əsas borc və 246,40 dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 iyun 2023-cü il tarixində "xxxx" MMC ilə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə görə iddiaçı satıcı, cavabdeh "xxxx" MMC isə alıcı qismində çıxış edir. Aralarında bağlanmış müqaviləyə əsasən razılaşdırılmış qiymət əsasında satıcı olaraq iddiaçı tərəfindən "xxxx" MMC-yə 18619,5 kq miqdarında diri toyuq satılmışdır. Mal "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. İddiaçı tərəfindən cavabdehə elektron qaimə-faktura təqdim edilmiş, həmin elektron qaimə-faktura alıcı olan cavabdeh tərəfindən təsdiq edilmişdir. Beləliklə, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin satıcının hüquq və vəzifələrini özündə ehtiva edən tələbləri yerinə yetirilmiş, müqavilə ilə razılaşdırılmış mal tam şəkildə alıcıya təhvil verilmişdir. Alıcı aldığı malın dəyərinin bir hissəsini ödəsə də, 52134,60 (əlli iki min yüz otuz dörd manat altmış qəpik) manat məbləğində pulu ödəməmişdir. Alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi ilə bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmişdir. Alıcı tərəfindən öhdəlik icra edilməmişdir. Müqavilə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyini nəzərdə tutur. Lakin indiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyini icra etməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445, 448, 567, 600.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ilə alıcı qismində "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 0106/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən alıcının sifarişinə əsasən satıcı alıcıya diri toyuq satacaq. Alıcı isə öz növbəsində bu müqavilənin müvafiq maddələrinin müddəlarına əsasən satıcıya malların (məhsulların) dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən satıcı sifariş sənədini alıcıdan əldə etdikdən sonra satdığı məhsulları 3 (üç) iş günü ərzində və ya öz təşəbbüsü ilə gün ərzində qaimə əsasında alıcıya öz anbarından təhvil verir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən məhsulların siyahısı, çeşidi, adı və onların qiymətləri satıcı tərəfindən alıcıya təqdim edilən elektron qaimədə öz əksini tapır. Qiymətlər cədvəlində, o cümlədən məhsulların qiymətlərində dəyişiklik olduqda, satıcı tərəfindən alıcıya yenilənmiş qiymətlər cədvəli təqdim edilir. Satıcı tərəfindən mallar (məhsullar) sifariş sənədi və gündəlik qaimə əsasında təchiz olunacaq. Sifariş elektron və digər vasitələrlə göndərilə bilər. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən alıcı qaiməfaktura üzrə qəbul etdiyi məhsulun dəyərini qabaqcadan satıcı tərəfindən təqdim olunmuş hesab fakturaya uyğun olaraq satıcıya ödəməlidir.

8. xx.xx.2023-cü il tarixli, 01 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 0106/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 52134,60 manat mal(lar) (aktda qeyd olunmuş) İddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 003554 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 52134,60 manat təşkil edir.

10. İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

13. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

14. İddia tələbinin bir hissəsini cavabdeh "xxxx" MMC-dən 52134,60 manat məbləğində əsas borcun tutulması təşkil edir.

15. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh "xxxx" MMC-dən 52134,60 manat (əlli iki min yüz otuz dörd manat altmış qəpik) məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə təsdiq olunur.

16. Eləcə də, iddiaçı ödənilmiş 246,40 dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

17. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 246,40 manat (iki yüz qırx altı manat qırx qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 52134,60 manat (əlli iki min yüz otuz dörd manat altmış qəpik) borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 246,40 manat (iki yüz qırx altı manat qırx qəpik) olmaqla, cəmi 52381 (əlli iki min üç yüz səksən bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar