Məhkəmə qərarları › İş №e-2-2(113)-2421/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2421/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2421/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Fərzalı oglunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4 oglunun, Cavabdehn nümayəndələri X5 oglunun və X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 30 Sentyabr 2019-cu il tarixli, 103-1/19/SA nömrəli Xidmətlər Müqaviləsi üzrə 37625 manat məbləğində əsas borcun, 30 Sentyabr 2019-cu il tarixli, 103-1/19/SA nömrəli Xidmətlər Müqaviləsi üzrə gecikdirilmiş əsas ödəniş məbləğinə hesablanmış 1888 manat faiz məbləğinin, 1350 manat hüquqi xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 30 Sentyabr 2019-cu il tarixli, 103-1/19/SA nömrəli Xidmətlər Müqaviləsi üzrə 37625 manat məbləğində əsas borcun, 30 Sentyabr 2019-cu il tarixli, 103-1/19/SA nömrəli Xidmətlər Müqaviləsi üzrə gecikdirilmiş əsas ödəniş məbləğinə hesablanmış 1888 manat faiz məbləğinin, 1350 manat hüquqi xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında 30 Sentyabr 2019-cu il tarixli, 103-1/19/SA nömrəli Xidmətlər Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, İddiaçı 30 sentyabr 2020-ci il tarixə qədər Cavabdehə layihələr üzrə məsləhət xidmətləri göstərməli, Cavabdeh isə öz növbəsində bu xidmətlərin dəyərini ödəməli idi. Müqaviləyə əsasən, Cavabdeh İddiaçıya aylıq xidmət haqqı olaraq vergilər, bank komissiyası və sosial ödənişlər daxil olmaqla 5375 manat ödəməli idi. Cavabdeh Müqavilə imzalandığı tarixdən etibarən aşağıdakı layihələr üzrə məsləhət xidmətləri göstərməyə başlamışdır: 1. Cavabdeh müəssisənin İşçi Portretinin yaradılması; 2. Liderlik bacarıqlarının inkişaf etdirilməsi; 3. Psixoloji səriştəlik kapsullarının yaradılması; 4. Qiymətləndirmə Mərkəzinin yaradılması. Bu layihələr üzrə məsləhət xidmətləri bir-biri ilə bağlı və uzunmüddətlidir. Əlavə olaraq da, hər bir layihə üzrə xidmətlər özlüyündə daha kiçik layihələrə bölünür və silsilə seminarlar, tədbirlər, treninqlər əsasında həyata keçirilir. Müqavilənin ilk 5 ayında, yəni 2019-cu ilin Oktyabr, Noyabr, Dekabr və 2020-ci ilin Yanvar və Fevral aylarında tərəflər arasında ödənişlə bağlı heç bir anlaşılmazlıq baş verməmiş və İddiaçı tərəfindən göndərilmiş elektron qaimələrə uyğun olaraq müvafiq ödənişlər Cavabdeh tərəfindən edilmişdir. 2020-ci ilin Mart ayından etibarən, Covid-19 pandemiyasını da nəzərə alaraq göstərilən xidmətlərin əsas hissəsinin onlayn (elektron) qaydada keçirilməsi razılaşdırılmış və xidmətlərin göstərilməsi İddiaçı tərəfindən davam etdirilmişdir. Müqavilə dövründə, ödənişlər əsasən 2 aylıq dövrlər üçün köçürülmüşdür. Belə ki, İddiaçı 2 aylıq dövr üçün elektron qaimə göndərmiş və Cavabdeh müvafiq elektron qaimələri təsdiqlədikdən sonra ödənişləri köçürmüşdür. 2020-ci ilin May ayından etibarən, İddiaçı müvafiq ilin Mart və Aprel ayı üçün ödənilməli olan ödənişlərdə gecikmə yarandığını görmüş və Cavabdehdən ödənişlərin həyata keçirilməsini tələb etmişdir. Cavabdeh əvvəlcə Mart-Aprel, daha sonra isə May-İyun ayı üçün göndərilmiş qaimələri təsdiqləmiş və maliyyə sıxıntısı olduğunu bildirərək ödənişləri daha sonra köçürəcəyini qeyd etmişdir. Bu dövr ərzində, İddiaçı müvafiq xidmətləri plana və Covid-19 pandemiyasına uyğun olaraq davam etmişdir. İddiaçının İyul, Avqust və Sentyabr ayı üçün göndərdiyi elektron qaimələrə Cavabdeh tərəfindən təsdiq verilməmiş və müvafiq sənədlərin olmaması əsas gətirələrək düzəlişə göndərilmişdir. Halbuki, tərəflər arasında olan münasibətləri və müvafiq təhvil-təslim aktlarını həmişə elektron qaimələr tənzimləmiş və ödənişlər həmin elektron qaimələr əsasında ödənilmişdir. Nəticə olaraq, İddiaçıya 7 ay üçün ödənilməli olan 37 625 manat məbləğ ödənilməmişdir. Bu məbləğin 4 ay üçün xidmət haqqı olan 21 500 manatla bağlı göndərilmiş elektron qaimələr Cavabdeh tərəfindən təsdiqlənmiş, geri qalan 3 ay üçün xidmət haqqı olan 16 125 manatla əlaqədar göndərilmiş elektron qaimələr isə əsassız olaraq təsdiqlənməyərək düzəlişə göndərilmişdir. İddiaçı ödənilməmiş son 7 aylıq dövr üçün özü tərəfindən ödənilməli olan bütün vergiləri dövlət büdcəsinə ödəmişdir. İddiaçı məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarı olmuş və ödənişlərin edilməsini dəfələrlə Cavabdehdən tələb etmişdir. Cavabdeh 12 Noyabr 2020-ci il tarixli, 04-366 nömrəli məktubla 3 gün ərzində Müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmişdir. Lakin, bundan sonra da İddiaçıya heç bir ödəniş köçürülməmişdir. İddiaçı 16 Fevral 2021-ci il tarixində pretenziya məktubu göndərmiş və 24 Fevral 2021-ci il tarixində tərəflər arasında görüş keçirilmişdir. Həmin görüşdə, Cavabdeh məsələnin araşdırılıb həll ediləcəyini bildirsə də uzun müddət İddiaçıya hərhansı bir cavab göndərməmişdir. Buna görə də, 10 Mart 2021-ci il tarixdə, İddiaçı cavabdehə xəbardarlıq göndərmiş və ödənişin köçürülməsini tələb etmişdir. Cavabdeh 31 Mart 2021-ci il tarixli, 13-0355 nömrəli məktubla Müqavilə üzrə öhdəliyi olan ödənişlərin İddiaçının hesabına köçürülməsindən imtina etmişdir. Məsələnin danışıqlar yolu ilə həllinin mümkün olmadığını görən İddiaçı, məsələnin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı xidmət göstərdiyi dövrdə Cavabdeh 2000-dən artıq əməkdaşı mövcud olmuşdur. Xidmət göstərdiyi dövrdə, İddiaçının göstərdiyi xidmətlərin əksəriyyəti 2000-dən artıq sayda əməkdaşın təkmilləşdirilməsi ilə bağlı olmuş, İddiaçı minlərlə səhifəlik sənədləri hazırlamış və ya onlara rəy bildirmiş, silsilə seminarlar və treninqlər həyata keçirmişdir. Müqavilə dövrü ərzində Cavabdeh tərəfindən İddiaçının göstərdiyi xidmətlərlə bağlı heç bir irad narazılıq bildirilməmişdir. Cavabdeh, 18 May 2020-ci il tarixində öz “YouTube” platformasına yüklədiyi kadrlarda da, İddiaçının göstərdiyi xidmətləri qeyd etmişdir. Ümumilikdə iddiaçının göstərdiyi xidmətləri sübut edən sənədlər təxmini olaraq bir illik dövrü əhatə elədiyi və həddindən artıq çox olduğu üçün onlardan sadəcə bəziləri iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı, İddiaçı psixiatr-həkim kimi psixi sağlamlıq və psixoloji problemlər üzrə 20 illik təcrübəyə malikdir, Azərbaycanın bir neçə aparıcı klinikasının həkim-məsləhətçisidir. 4 il Azərbaycan Sərbəst Güləş Federasiyasında idman psixoloqu kimi fəaliyyət göstərmişdir. Azərbaycanda «Stressin idarə edilməsi» sahəsində aparıcı mütəxəssisdir. Bu sahədə bir çox nəşr və məqalələrin müəllifidir. Müxtəlif şirkətlərdə təlimlərin keçirilməsində 13 ildən artıq təcrübəsi mövcuddur. 5 ildən artıq kadr hazırlığı və inkişafı üzrə menecer kimi fəaliyyət göstərmişdir. Cavabdehin İddiaçı ilə aralarında olan məsələyə hüquq pozuntuları ilə və qanuna zidd şəkildə yanaşması, onun işgüzar nüfuzuna zərər vurması və 7 aylıq xidmət haqqı məbləğinin ödənişinin 1 ilə yaxın müddətdə müxtəlif bəhanələrlə gecikdirməsi və sonda bu məbləğin ödənişindən rəsmi surətdə imtina etməsi nəticəsində İddiaçını ciddi maddi və mənəvi zərərə uğratmışdır. Sənədlərdən də göründüyü kimi, hal-hazırki tarixə Cavabdeh tərəfindən İddiaçıya 37 625 manat əsas məbləğ ödənilməmiş olaraq qalmaqdadır. Müqavilənin ilk 5 ayı üçün olunmuş ödənişlər zamanı elektron qaimələr təhvil-təslim aktlarını tənzimləmişdir. Növbəti 4 ay üçün olan elektron qaimələr də Cavabdeh tərəfindən təsdiqlənmişdir. Lakin, son 3 ay üçün göndərilmiş elektron qaimələrlə bağlı Cavabdeh əsassız olaraq təhvil-təslim aktlarını tələb etmiş və elektron qaimələri təsdiqləmədən düzəlişə göndərmişdir. Cavabdeh 12 Noyabr 2020-ci il tarixli məktubla Müqaviləyə 4.2-ci maddə ilə yəni, xidmətləri yerinə yetirmədiyinə görə xitam vermişdir. Cavabdeh göndərdiyi 31 Mart 2021-ci il tarixli, 13-0355 nömrəli məktubda isə, İddiaçının xidmətləri əvvəlcədən göstərmədiyini iddia etmişdir. Cavabdehin məktubları və hərəkətləri arasında ciddi ziddiyyətlər vardır. İddiaçının 2020-ci ilin May və İyun ayında treninqlər və təbdirlər keçirməsi sənədlərlə, elektron qaimələrin Cavabdeh tərəfindən təsdiqlənməsi ilə, hətta Cavabdehin özünün Youtube platformasına yerləşdirdiyi kadrlarla təsdiq olunmasına baxmayaq, Cavabdeh 31 Mart 2021-ci il tarixli, 13-0355 nömrəli məktubda İddiaçının Mart ayından etibarən xidmət göstərmədiyini iddia etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X5 oglu məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında Podrat müqaviləsi baglanmışdır və müqaviləyə əsasən iddiaçı nəticələri onlara təhvil verməli idi. Bir il ərzində heç bir nəticə onlara təhvil verilməmişdir.İş materiallarında iddiaçının hər hansı işi cavabdehə təhvil verməsi ilə baglı heç bir sübut yoxdur. Cavabdehin nümayəndəsi olaraq iddiaçını bir dəfə də olsun təlim keçdiyini görməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin “Youtube” kanalında iddiaçının təlim keçməsi ilə baglı göstərdiyi xüsusatlarla baglı bildirir ki, həmin təlimlə baglı beş ay ərzində ödəniş etmişlər. Qalan onlayn rejimdə keçirilən təlimlər nə keyfiyyətlə, nə çalışqanlıqla nə də ki, peşəkarlıqla keçirilməmişdir. Müqavilədə açıq aşkar ödənişin akt əsasında aparılması qeyd edilmişdir, lakin təhvil təslim aktı olmadıgı üçün cavabdehin iddiaçı qarşısında heçbir öhdəliyi yaranmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında baglanmış 30 sentyabr 2019-cu il tarixli Xidmətlər müqaviləsinin surətindən görünür ki, icraçı sifarişçi üçün Cavabdeh müəssisənin İşçi Portretinin yaradılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi, psixoloji səriştəlik kapsullarının yaradılması, qiymətləndirmə mərkəzinin yaradılması üzrə məsləhət xidmətləri göstərir, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərini müqavilənin şərtlərinə uygun olaraq ödəyir. 14 may 2020-ci il tarixli Elektron Qaimədən görünür ki, iddiaçı tərəfindən mart və aprel ayları üzrə cavabdehə ümumi məbləgi 10750 manat məbləgdə elektron qaimə təqdim edilmiş, cavabdeh tərəfindən həmin qaimə təsdiq edilmişdir. 13 iyul 2020-ci il tarixli Elektron Qaimədən görünür ki, iddiaçı tərəfindən may və iyun ayları üzrə cavabdehə ümumi məbləgi 10750 manat məbləgdə elektron qaimə təqdim edilmiş, cavabdeh tərəfindən həmin qaimə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 15 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən borcun ödənilməsini tələb etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 30 sentyabr 2019-cu il tarixli Xidmətlər müqaviləsi (Podrat müqaviləsi) bağlanmış və müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçi üçün Cavabdeh müəssisənin İşçi Portretinin yaradılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi, psixoloji səriştəlik kapsullarının yaradılması, qiymətləndirmə mərkəzinin yaradılması üzrə məsləhət xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərini müqavilənin şərtlərinə uygun olaraq ödəməyi öhdələrinə götürmüşlər. Aylıq xidmət haqqı 5375 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən tələb olunan 2020-ci ilin 7 ayı üzrə görülməli işlərdən 4 ay üzrə mart, aprel, may və iyun ayları üzrə görülmüş işlərlə baglı cavabdehə göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq olunmuş, iyul, avqust və sentyabr ayları üzrə elektron qaimələr cavabdeh tərəfindən geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, Podrat müqaviləsi iki tərəfin Podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış Podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən tələb olunan 7 ay üzrə görülməli işlərdən 4 ay mart, aprel, may və iyun ayları üzrə görülmüş işlərlə baglı cavabdehə göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq olunmuş bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrin cavabdeh tərəfindən təsdiq olunması qeyd olunan aylar üzrə iddiaçı tərəfindən işlərin icra edilməsi kimi qiymətləndirilməlidir. Buna görə də, Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin 4 ay üzrə iddiaçıya ödəməli olduğu 21500 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 2020-ci ilin iyul, avqust və sentyabr ayları üzrə pul tələbi hissəsinə münasibətdə qeyd edir ki, həmin aylar üzrə işlərin icra edilməsi və cavabdehə təhvil verilməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin gecikdirilmiş əsas məbləğə hesablanmış faizə münasibətdə hesab edir ki, 30 sentyabr 2019-cu il tarixli Xidmətlər müqaviləsinin (Podrat müqaviləsi) cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçı tərəfindən tələb olunan 7 ay üzrə görülməli işlərdən 4 ay, mart, aprel, may və iyun ayları üzrə görülmüş işlərlə baglı cavabdehə göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq olunmuşdur ki, həmin qaimələr üzrə cavabdehin iddiaçıya olmuş 21500 manat borcun 10750 manat məbləği 14.05.2020-ci il tarixə, qalan 10750 manat məbləği isə 13.07.2020-ci il tarixə aid olduğundan ödənilməli olan pul məbləğinin gecikdirilməsinə görə faizlər göstərilən tarixlərdən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlər, hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 6.25 faiz təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixlərdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 1288,52 manat məbləğində pul vəsaiti (736,30 (10750 (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 6.25 % (hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı günə Mərkəzi Bankın uçot dərəcəsi) / 365 gün (maliyyə ili əsasında günlük faiz) x 400 gün = 736,30 manat) + 552,22 (10750 (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 6.25 % (hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı günə Mərkəzi Bankın uçot dərəcəsi) / 365 gün (maliyyə ili əsasında günlük faiz) x 300 gün = 552,22 manat) alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı iddia ərizəsində 1350 manat hüquqi xidmətlərə görə xərci tələb etsədə bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 30 Sentyabr 2019-cu il tarixli, 103-1/19/SA nömrəli Xidmətlər Müqaviləsi üzrə 21500 manat məbləğində əsas borc və 1288,52 manat faiz məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 55,76 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 16,72 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 13,28 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 Sentyabr 2019-cu il tarixli, 103-1/19/SA nömrəli Xidmətlər Müqaviləsi üzrə 21500 manat məbləğində əsas borc və 1288,52 manat faiz məbləği Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 16,72 manat məbləği Cavabdehndən tutularaq İddiaçı ödənilsin, qalan 13,28 manat məbləği İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar