Məhkəmə qərarları › İş №e-2-2(113)-2425/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2425/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2425/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı cavabdehdən 7089 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün hesablanan 3190.05 manat dəbbə pulu olmaqla, ümumilikdə 10279.05 manat məbləğində borc məbləğinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 7089 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün hesablanan 3190.05 manat dəbbə pulu olmaqla, ümumilikdə 10279.05 manat məbləğində borc məbləğinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən “Vesta Horeka” məhdud məsuliyyətli cəmiyyəti ilə cavabdeh arasında 23.01.2018-ci il tarixdə 43736 və 441 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, “Vesta Horeka” məhdud məsuliyyətli cəmiyyəti cavabdehi əvvəlcədən razılaşdırılmış sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, cavabdeh isə malı qəbul edib, malın dəyərini ödəməyi, əks halda həm hesablanmış borcu, həm də hər gecikdirilən gün üçün müqavilə üzrə razılaşdırılmış penya məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 18.12.2019-cu il tarixli maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya 7089 manat məbləğində əsas borc, eyni zamanda gecikdirilmiş vaxt üçün hesablanan 3190.05 manat dəbbə pulu olmaqla, ümumilikdə 10279.05 manat məbləğində borcu qalmaqdadır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 24.12.2019-cu il tarixli çıxarışı ilə İddiaçı “Vesta Horeka” məhdud məsuliyyətli cəmiyyətinin hüquqi varisi olduğu öz əksini tapmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər olmuş, borc məbləği iddia ərizəsində göstərilən məbləğdə deyildir. Cavabdehin borcu işdə olan qaimələr üzrə olan borcdur ki, həmin məbləğ də tələb olunan məbləğdən azdır. Həmçinin, iddianın dəbbə pulu hissəsinə etiraz edir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddiaçı tərəfindən təqdim olunmuş qaimələr əsasında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 22 may 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 13.02.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 23.01.2018-ci il tarixli 43736 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. 23.01.2018-ci il tarixli 441 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı “Vesta- Horeka” məhdud məsuliyyətli cəmiyyəti ilə alıcı Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. 6 ədəd Qaimə-Fakturanın surətlərindən görünür ki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif çeşiddə, ümumilikdə 4856,01 manat dəyərində malları alıcıya satmışdır. Maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında 7089 manat əsas borc, gecikdirilmiş vaxt üçün hesablanan 3190,05 manat dəbbə pulu olmaqla, ümumilikdə 10279,05 manat məbləğində borc yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 23.01.2018-ci il tarixdə 43736 saylı və 441 saylı alqı-satqı müqavilələri bağlanmış və müqavilələrə əsasən iddiaçı özünə məxsus olan malları cavabdehə verməyi, cavabdeh isə həmin malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı tərəfindən 7089 manat məbləğində əsas borcun ödənilməsi tələb edilsə də, iş materiallarına əlavə olunmuş qaimə-fakturalardan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 4856,01 manat dəyərində mal satılmışdır. İddiaçı qalan 2232,99 manat dəyərində malın cavabdehə satılması barədə mötəbər sənəd məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışında göstərilən məbləğlərin isə haradan götürülməsi müəyyən deyildir. Buna görə də məhkəmə həmin maliyyə arayışını mötəbər sübut kimi qəbul etmir. Cavabdehin nümayəndəsi və vəkili cavabdeh tərəfindən alınan mallarla bağlı müxtəlif vaxtlarda ödənişlər olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 6 ədəd qaimə-faktura üzrə 4856,01 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilənin 4.5-ci bəndlərinə əsasən, cavabdeh malın dəyərini ödəməsini gecikdirdiyi təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 3190.05 manat dəbbə pulu məbləği yaranmış 4856,01 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 250 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4856,01 manat məbləğində əsas borc və 250 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 49,67 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 14,90 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 15,10 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4856,01 manat məbləğində əsas borc və 250 manat dəbbə pulu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 14,90 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 15,10 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar