Məhkəmə qərarları › İş №e-2-2(113)-243/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-243/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-243/2024 19.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 yanvar 2023-cü il tarixli, 50/23 saylı təchizat müqaviləsi əsasında yaranmış 94978 (doxsan dörd min doqquz yüz yetmiş səkkiz) manat borc və 405 (örd yüz beş) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə öhdəliklərinin pozulmasından yaranmış 94978 (doxsan dörd min doqquz yüz yetmiş səkkiz) manat əsas borcun ödənilməsi tələbinə dair 27 yanvar 2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında 50/23 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları Cavabdeh, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin 27 yanvar 2023-cü il tarixli 50/23 saylı müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən EBDA seriyalı, 819355 və 262850 nömrəli elektron-qaimələr əsasında malların satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni Cavabdeh elektron-qaimələrə əsasən ƏDV daxil 94978 (doxsan dörd min doqquz yüz yetmiş səkkiz) manat məbləğində malın dəyərini tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Alıcı, yəni Cavabdeh 27 yanvar 2023-cü il tarixli, 50/23 saylı təchizat müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməmək və ondan boyun qaçırmaqla AR Mülki Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Həm mövcud qanunvericiliyin, həm də müqavilənin şərtləri nəzərə alınmaqla elektron-qaimələrə əsasən 94978 (doxsan dörd min doqquz yüz yetmiş səkkiz) manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Qaimələr əsasında hazırlanan xx.xx.2023-cü il tarixli 044/09 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh adlı şəxs bir dəfə 2000 (iki min) manat məbləğində borcu geri qaytarmışdır. Borcun yuxarıda göstərilən məbləğdə hissəsi isə cavabdeh tərəfindən ödənilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 567, 597.1, 598.3, 600-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaya etiraz edir və qəbul etmir. Çünki iddiaçı “Az X1“ MMC-nin tələb etdiyi 94978,93 manat məbləğində olan spirtli içkilər barədə məlumatı yoxdur və qəbul etməmişdir. Heç bir sənədə imza etməmişdir. VÖEN-i olduğu üçün 01 yanvar 2023-cü ildə “Az X1“ MMC ilə təchizat müqaviləsi yazılmışdır. Hər hansı bir malın və ya pulun alınmasında iştirak etməmiş və qəbul etməmişdir.

5. Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, hazırda “Az X1“ MMC-də regional satış direktoru vəzifəsində çalışır. Cavabdeh distribyutor kimi tanımışdır. “Az X1“ MMC distribyutor axtarırdı. Cavabdeh müraciət etdi. Birinci dəfə ona mal verilməsindən imtina olundu. Daha sonra şirkətin direktoru ilə görüşdü və bundan sonra ona mal verildi. Malın verilməsi 2 dəfə olmaqla təxminən 59000 manat və 37000 manat məbləğində mal verilməklə həyata keçirildi. Mallar Gəncə filialından verilmişdi. Bundan sonra Cavabdeh şirkətə gələrək ödəniş edəcəyini bildirmişdi. Bununla bağlı aralarında yazışmalar da olmuşdur. Ona məxsus ********** nömrəsi ilə Elvinə məxsus ********** nömrəsi arasında yazışma olmuşdur. Mal təhvil verildikdən sonra demək olar ki, hər gün Elvinlə əlaqə saxlamışdır. Bir dəfə ödəniş edilmişdir. Həmin ödəniş Elvin tutulduqdan sonra onun qardaşı tərəfindən edilmişdir. Sifarişlər şifahi qaydada da olurdu. Bu zaman tərəflər arasında qaimə tərtib olunur, imzalanır, bir nüsxə alıcıda, bir nüsxə də onlarda qalırdı. Cavabdeh mal verilən zaman da belə qaimə tərtib olunmuşdu. Mal təhvil verildikdən sonra Cavabdeh həmin malları yük maşını ilə gəlib apardı. O, tutulduqdan sonra maşının nömrəsi ilə sürücünü tapmışlar. Sürücü bildirmişdir ki, malları Elvinin göstərişinə əsasən Pirşağı qəsəbəsindəki anbara boşaltmışdır. İstintaq təcridxanasında Elvinlə görüşdüyü zaman ödəniş üçün vaxt verilməsini xahiş etmişdir. Orada Elvinlə görüşəndə ona malların yerini deməyini və şirkət tərəfindən malların geri yığılmasına köməklik göstərməyini təklif etmişdir. Bu zaman Elvin bildirmişdir ki, özü şəxsən orada olmasa, malların geri qaytarılması mümkün olmayacaq.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, alıcı qismində Cavabdeh ilə təchizatçı qismində İddiaçı MMC arasında 27 yanvar 2023-cü il tarixli, 50/23 saylı təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən təchizatçı alıcıya mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əİavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqaviləmin ayrılmaz hissəsi sayılan əlavələrdə əks olunur. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən malların təhvil verilməsi ilə eyni vaxtda satıcı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq malların dövriyyəsinin qanuniliyini təsdiq edən onlarla əlaqəli sənədləri (təsdiq edilmiş surətləri) alıcıya təhvil verməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı realizasiya tarixindən etibarən hər 30 (otuz) təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20 (iyirmi)-sindən gec olmayaraq, satılan/satılmamış malların qalıqları barədə məlumatı təchizatçıya təqdim etməyi öhdəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan malllar olduğu halda belə təchizatçı qarşısında mallar üçün tam ödəniş öhdəliyi yaradır. Bununla belə təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı təchizatçı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 (üç) iş günündən gec olmayaraq ödəniş etməyə borcludur.

9. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 819355 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 59775,60 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur. Qaimədə qaimənin göndərilmə əsası kimi 0000-000841 mal satışı göstərilmişdir.

10. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 262850 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 37203,33 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur. Qaimədə qaimənin göndərilmə əsası kimi malın satışı Elvin Topdan (Gəncə) (Cavabdeh) göstərilmişdir.

11. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1939 nömrəli müştəri sifarişi adlı sənəddən görünür ki, sənəddə qeyd olunan 30 adda spirtli içkilərin ümumilikdə dəyəri 37203,33 manat təşkil etmişdir. Çatdırılma ünvanı kimi “Elvin Topdan (Gəncə) (Cavabdeh) Gəncə, Şahid” qeyd edilmişdir.

12. xx.xx.2023-cü il tarixli, GDĞ/1 seriyalı, 359561 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh tərəfindən 2000 manatın İddiaçı MMC-nin hesabına mədaxil olunduğu qeyd olunur.

13. İddiaçı MMC tərəfindən göndərilmiş e-qaimələr üzrə sistemdən çıxarışdan müəyyən edilmişdir ki, 1) İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə EBCN seriyalı, 819355 nömrəli 59775,60 manat məbləğində e-qaimə göndərilmiş, e-qaimə sistem tərəfindən təsdiq edilmişdir. Sözügedən e-qaimə üzrə satış əsası kimi “0000- 000841 mal satışı” qeyd olunmuşdur. 2) İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə EBCO seriyalı, 144222 nömrəli 59775,60 manat məbləğində e-qaimə göndərilmiş, e-qaimə sistem tərəfindən təsdiq edilməmiş və ləğvə göndərilmişdir. Sözügedən e-qaimə üzrə satış əsası kimi “0000-000841 mal satışı” qeyd olunmuşdur. 3) İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə EBDB seriyalı, 262850 nömrəli 372023,33 manat məbləğində e-qaimə göndərilmiş, e-qaimə sistem tərəfindən təsdiq edilmişdir. Sözügedən e-qaimə üzrə satış əsası kimi “malın satışı Elvin Topdan (Gəncə) (Cavabdeh)” qeyd olunmuşdur.

14. xx.xx.2023-cü il tarixli, 044/09 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh “Elvin Topdan” ticarət obyekti üzrə İddiaçı MMC-yə 94978,93 manat qalıq borcu vardır. Müqavilə üzrə 2000 manat məbləğində pul vəsaitinin ödənildiyi qeyd olunmuşdur.

15. Kapital Bank” ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, BD4 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatının AZ49AİİB400600D**********104 nömrəli hesabına 405 manat məbləğində ödəniş edilmişdir.

16. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

19. İddia tələbi 27 yanvar 2023-cü il tarixli, 50/23 saylı təchizat müqaviləsi əsasında yaranmış 94978 (doxsan dörd min doqquz yüz yetmiş səkkiz) manat borcun cavabdehdən tutulmasından ibarətdir.

20. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə tərəflər arasında bağlanmış müqavilə, sifariş sənədi, elektron qaimələr, ödəniş qəbzi və şahid ifadəsini təqdim etmişdir.

21. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddia qismən, cavabdehdən 37203 (otuz yeddi min iki yüz üç) manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir.

22. Belə ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı tərəfindən həmin müqavilə əsasında cavabdehə iki elektron qaiməxx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 819355 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 262850 nömrəli elektron qaimələr göndərilmiş və həmin elektron qaimələr hazırkı tələbi təsdiq edən sübut qismində məhkəməyə təqdim olunmuşdur.

23. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 819355 nömrəli elektron qaimə üzrə malların dəyərinin ümumi məbləği ƏDV daxil 59775,60 manat təşkil edir. Qaimədə qaimənin göndərilmə əsası kimi 0000-000841 mal satışı qeyd olunur.

24. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 819355 nömrəli elektron qaimə 59775,60 manat məbləğində malın cavabdehə verilməsini təsdiq edən sübut qismində qəbul oluna bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, həmin qaimə xx.xx.2023-cü il tarixdə göndərilmiş, e-qaimə sistem tərəfindən təsdiq edilmişdir. Daha sonra eyni 59775,60 manat məbləğlə bağlı xx.xx.2023-cü il tarixdə EBCO seriyalı, 144222 nömrəli e-qaimə göndərilmiş, e-qaimə sistem tərəfindən təsdiq edilməmiş və ləğvə göndərilmişdir. Hər iki qaimə üzrə qaimənin göndərilmə əsası kimi “0000-000841 mal satışı” qeyd olunmuşdur. Həmin qaimə əsasında dayanan hər hansı sənəd, eləcə də əsas kimi göstərilən 0000-000841 mal satışı ilə bağlı hər hansı digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin qaimə əsasında xx.xx.2023-cü il tarixdə 2000 manat məbləğin iddiaçıya ödənilməsi ilə bağlı kassa mədaxil orderi məhkəməyə təqdim edilmiş və qəbzdə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 2000 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin hesabına mədaxil olunduğu qeyd olunmuşdur. Qəbzdə ödənişin təyinatı kimi xx.xx.2023-cü il tarixli elektron qaimə, ödəniş edən şəxs qismində Cavabdeh qeyd olunsa da, müəyyən olunmuşdur ki, ödəniş həmin şəxs tərəfindən edilə bilməzdi. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, məhkəmə zalında dərhal həbsə alınmış, cəzasının əvvəlinin həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir.

25. Beləliklə, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli kassa mədaxil orderi tərtib olunan zaman cavabdeh həbsdə olmuşdur. İddiaçı tərəf ödənişin cavabdehin qohumları tərəfindən edildiyini bildirmiş, lakin həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə məhkəmə xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 819355 nömrəli elektron qaiməni, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderini, həmin hissədə şahid ifadəsini 59775,60 manat məbləğində malın cavabdehə verilməsini təsdiq edən sübut qismində qəbul etməyərək, belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin olunmamalıdır.

26. Məhkəmənin gəldiyi qənaətə əsasən iddia xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 262850 nömrəli elektron qaimə üzrə 37203,33 manat məbləğində pulun tutulması hissəsində təmin olunmalıdır.

27. Belə ki, həmin qaimədə qaimənin göndərilməsi üçün əsas olaraq malın satışı Elvin Topdan (Gəncə) (Cavabdeh), eyni zamanda xx.xx.2023-cü il sifariş sənədi üzrə göndərildiyi qeyd olunur.

28. xx.xx.2023-cü il tarixli, 1939 nömrəli müştəri sifarişi adlı sənəddən görünür ki, sənəddə qeyd olunan 30 adda spirtli içkilərin ümumilikdə dəyəri 37203,33 manat təşkil etmişdir. Çatdırılma ünvanı kimi “Elvin Topdan (Gəncə) (Cavabdeh) Gəncə, Şahid” qeyd edilmişdir. Sifariş sənədində göstərilən malların miqdarı, çeşidi və dəyəri ilə elektron qaimədə göstərilən malların miqdarı, çeşidi və dəyəri uyğunluq təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində sifariş sənədində qeyd olunan malların cavabdehə təhvil verildiyini bildirmişdir (eyni zamanda iddiaçı tərəfindən şahidin cavabdehlə bəzi whatsapp yazışmaları məhkəməyə təqdim edilmişdir).

29. Qeyd olunanlara əsasən məhkəmə xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 262850 nömrəli elektron qaimə, xx.xx.2023-cü il tarixli, 1939 nömrəli müştəri sifarişi sənədini, həmin hissədə şahid ifadəsini 37203,33 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı tələbi təsdiq edən sübut qismində qəbul edərək, belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin olunmalıdır.

30. Beləliklə, məhkəmə cavabdehin etirazı ilə qismən razılaşaraq, iddianın 59775,60 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilməməsi qənaətinə gəlmiş, qismən də razılaşmayaraq, yuxarıda göstərilənlərə əsasən 37203,33 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində iddianı əsaslı saymışdır. Cavabdeh heç bir sənədə imza etmədiyini bildirsə də, cavabdehin müqavilədəki imzası ilə etiraz ərizəsində çəkdiyi imzaya vizual olaraq baxdıqda da imzaların eynilik təşkil eydiyi müəyyən olunur.

31. İddiaçı həmçinin 405 (dörd yüz beş) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

32. Məhkəmə hesab edir ki, 405 (dörd yüz beş) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 37203 (otuz yeddi min iki yüz üç) manat əsas borc, 405 (dörd yüz beş) manat mediasiya xərci olmaqla, cəmi 37608 (otuz yeddi min altı yüz səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar