Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2431/2024 29.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.295 manat borc məbləği və dövlət rusumu 137 manat cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə 71 saylı “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Bağlanmış xx.xx.2021-ci il tarixli 71 saylı “alqı-satqı” müqaviləsinin şərtlərinə uyğun olaraq malların alqı-satqısı həyata keçirilmişdir. Sifarişçi Cavabdeh MMC müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən 04 oktyabr 2023-ci il tarixdə tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 71 saylı müqavilə üzrə alınan məhsulun dəyəri ilə əlaqədar “üzləşmə aktı” rəsmiləşdirilmişdir. Üzləşmə aktında faktları etiraf etməklə, tərəflər öz aralarında aşağıdakıları rəsmiləşdiriblər: Biz, İddiaçı MMC-nın (VÖEN **********) İcraçı X1 və "xxxx" MMC-nın (VÖEN **********) direktoru X3 qarşılıqlı yoxlamaya əsasən aşağıda qeyd olunmuş borc göstəricilərini 04 oktyabr 2023 ci il üçün öz imzalarımızla təsdiq edirik. Beləliklə "xxxx" MMC-nın (VÖEN **********) borcu xx.xx.2023 tarixinə İddiaçı MMC-ə (VÖEN **********) 15780.99 manat təşkil edir. Üzləşmə aktı ilə cavabdehin borclu olduğu öz təsdiqini tapır. Qeyd olunan üzləşmə aktından da göründüyü kimi, Cavabdeh MMC-nın İddiaçı MMC-ə 15780.99 manat borcu vardır. Qeyd olunan vəsaitdən 05 mart 2024 ildə 485.50 azn odənish olub . Hal hazırda qalığ borc 15.295 manat məbləğ təşkil edir və qalıq borcu ödəməktən imtina edirlər. Bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşıb. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, İddiaçı MMC xx.xx.2024-cü il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə “Pretenziya məktubu” ilə müraciət etmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğin ödənilməsi xahiş olunmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək bildirdi ki, iddia tələbini qəbul edirlər. Sadəcə bütün borc məbləğini birdəfəlik ödəyə bilmirlər. Cavabdeh şirkət restoran fəaliyyəti ilə məşğuldur, restoranın satışları ilə bağlı 2023-cü ildə restoran bağlanmalı oldu, daha sonra 3-4 ay sonra yeni ünvanda restoranın fəaliyyətinin bərpası ilə bağlı vaxt lazım olduğundan, müqavilə üzrə ödəməli olduqları məbləği icra edə bilmədilər.
5. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslasında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 00071 saylı alqı-satqı müqaviləsinə əsasən:
10. 1.1. Satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları alıcıya satır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir.
11. 2.1. Malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətin razılaçma prtokoluna (Əlavə 1) uyğun müəyyənləşdirilir.
12. 2.2. Malların həcmindən asılı olaraq Bakı şəhərində alıcının ünvanına çatdırılması üzrə xərclər, vergilər və digər məcburi ödənişlər malların qiymətinə daxildir.
13. 2.4. Malların alıcının qəbul məntəqəsinə fiziki olaraq çatdırılması və aidiyyatı şəxs tərəfindən malların qəbulu sənədinin imzalanması malların təhvil verilməsi hesab edilir.
14. 3.1.1. Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək və 3.1.3. alıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, müqavilənin icrasından birtərəfli imtina etmək və alıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək satıcının hüquqlarıdı.
15. 3.2.1. Malları bu müqavilə və müvafiq şifarişlə müəyyən edilmiş midarda, müddətdə və qaydada alıcının mülkiyyətinə vermək satıcının vəzifəsidir.
16. 3.3.1. Satıcıdan malları bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ona təhvil verilməsini tələb etmək alıcının hüquqlarıdır.
17. 3.4.3. Malların dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifələridir.
18. 4.2. Bu müqavilə üzrə təqdim edilən malların dəyəri e-qaimənin təqdim edildiyi tarixdən 30 gün müddətində nağdsız qaydada həyata keçirilir.
19. 07.12.2021-ci il tarixli, EBBN674689 saylı qaiməyə əsasən Cavabdeh MMC-yə 28437,62 manat dəyərində müxtəlif adda mallar təhvil verilmişdir.
20. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli Üzləşmə Aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixinədək 15780,99 manat borcun olmasını təsdiq etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
21. İddiaçı MMC-yə məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli EBDO540901 saylı, xx.xx.2023-cü il tarixli EBDP508643 saylı, EBDP508645 saylı, xx.xx.2023-cü il tarixli EBDP586992 saylı və xx.xx.2023-cü il tarixli EBDQ104970 saylı qaimələr üzrə 411,44 manat ödəniş edilmişdir.
22. ƏDV sub-uçot hesabından xx.xx.2024-cü il tarixli çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli EBDO540901 saylı, xx.xx.2023-cü il tarixli EBDP508643 saylı, EBDP508645 saylı, xx.xx.2023-cü il tarixli EBDP586992 saylı və xx.xx.2023-cü il tarixli EBDQ104970 saylı qaimələr üzrə 74,06 manat ƏDV ödənişi edilmişdir.
23. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
25. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı müxtəlif vaxtlarda müqavilə üzrə malları tədarük etmiş, cavabdeh isə həmin malların ödənişini həyata keçirməmişdir.
26. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
27. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
29. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
30. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
31. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. İşdən göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin yaranmış borc məbləği müqavilənin 1.1-ci və 4.3-cü bəndləri pozularaq cavabdeh tərəfindən tam olaraq iddiaçıya ödənilməmişdir.
34. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, qismən ödənişlər, üzləşmə aktı ilə təsdiqini tapdığı üçün iddia tələbinin 15295 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış 00071 saylı alqı-satqı müqaviləsi üzrə əsas borc tələbi üzrə iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir.
36. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 132 manat dövlət rüsumu ödənişi edilmişdir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 137 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 15295 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 137 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova