Məhkəmə qərarları › İş №e-2-2(113)-2436/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2436/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2436/2021 28.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 33257 manat məbləğində əsas borcun, 5986,26 manat məbləğində ƏDV borcun və və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 08/02/2019/2 nömrəli, 08 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” (yəni iddiaçı) müqavilənin predmeti sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtgü yağları, akkumulyatorları (bundan sonra “mallar” adlandırılacaq) “Alıcı”ya (yəni cavabdehə) satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində isə sifariş ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Həmin müqavilə əsasında cavabdehin sifarişlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə bir sıra mallar təqdim edilmişdir. Beləliklə tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün cavabdehin iddiaçı qarşısında yerinə yetirilməyən 33257 manat məbləğində əsas, 5986,26 manat məbləğində isə ƏDV borc öhdəliyi yaranmışdır. Tərəflər arasında yaranmış borca dair iddia tələbinin dəlillərini iddiaçı tərəfindən cavabdehin elektron vergi idarəsində olan elektron qutusuna göndərilən elektron qaimə-fakturalar, elektron poçt yazışmaları, pretenziya məktubları və sairə sübutlar təşkil edir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmış və bu günədək borcunu ödəməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi N.Alxazov iddia tələbini qəbul etdiyini, həqiqətən də iddiaçıya 33257 manat məbləğində əsas borcun, 5986,26 manat məbləğində ƏDV borcun ödənilməli olduğunu bildirdi, yazılı ərizə ilə Məhkəməyə müraciət edərək ödəmələrin həyata keçirilməsi üçün ona vaxt verilməsini xahiş etdi, məhkəmə iclası cavabdehin vəsatəti əsasında təxirə salınmış, cavabdehin nümayəndəsinə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 08 fevral 2019-cu il tarixli 08/02/2019/2 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağlar və akkumulyatorları alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya sifariş ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 30 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nəğd qaydada satıcıya ödənilir. 5.2-ci bəndinə əsasən mallar təhvil verilərkən tərəflər təhvil-təslim aktı imzalayır və ya təhvil təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubuna əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehdən 33257 manat əsas borc, 5986,26 manat məbləğində isə ƏDV borcunun 2 iş günü müddətində qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 08 fevral 2019cu il tarixli 08/02/2019/2 saylı alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya əsas borc üzrə 33257 manat, ƏDV borcu üzrə 5986,26 manat borcunun yarandığını, həmin borcun cavabdeh tərəfindən etiraf edildiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ümumilikdə 39243,26 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 33.257 (otuz üç min iki yüz əlli yeddi) manat məbləğində əsas borc, 5986,26 manat (beş min doqquz yüz səksən altı manat iyirmi altı qəpik) ƏDV borcu, ümumilikdə 39243,26 manat (otuz doqquz min iki yüz qırx üç manat iyirmi altı qəpik) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar