Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2438/2023 05.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 262 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 11.244,22 manat əsas borc, 200 manat məcburi ilkin mediasiya xərci və 125 manat dövlət rüsumu kimi ödənilmiş məbləğin, ümumilikdə - 11.569,22 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ("xxxx" MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur) ilə Cavabdeh MMC (Alıcı) arasında xx.xx.2022-ci il tarixli 262 nömrəli alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə görə satıcı alıcını müvafiq olaraq mallar ilə təmin etməyi, Alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 17.287 manat dəyərində mal verilmişdir. Lakin müqavilənin göstərilən şərtlərinə zidd olaraq, Alıcı ona verilmiş malların dəyərini tam ödəməmiş və hal-hazırda, yəni xx.xx.2023-cü il tarixədək 11.244,22 manat əsas borcu yaranmışdır. Göründüyü kimi bir ildən artıq müddət keçdiyinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsindən imtina edilir. Halbuki, müqavilənin 5.2-ci bəndinə görə satıcı malları alıcıya təhvil verdikdən sonra, alıcı malların dəyərini 30 (otuz) gün ərzində ödəməyi öhdəsinə götürür. Cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında borcun ödənilməsi barədə bildiriş göndəriləsə də, həmçinin qanunvericiliyə uyğun olaraq məcburi mediasiya prosesinə çağırılsa da, öhdəlik uzun müddətdir ki, icra olunmur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdilər və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında malalrın təqdim edilməsini faktını təsdiq etsə də, malları başqa qiymətlərlə aldığını və əlavə sübutların təqdim edilməsi üçün məhkəmədən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında 30 mart 2022-ci il tarixli 262 nömrəli malların və/və ya xidmətlərin alışı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən satıcı satır, alıcı isə müqaviləyə əsasən tərəflər arasında razılaşdırılacaq qoşmalarda göstəriləcək çap, tipoqrafiya, promo, reklam, möhür-ştamplar, dəftərxana və təsərrüfat mallarım və/və ya xidmətlərini alır. Mövcud müqavilə Azərbaycan Respublikası qanunları ilə tənzimlənir. Müqavilə alıcı və satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqları və yazışmaları əvəz edir. Mövcud müqavilə alıcı və satıcı tərəfindən imzalanana qədər alıcı satıcı qarşısında heç bir öhdəlik daşımır. 5.1-ci bəndinə əsasən mallar üzrə qiymət və müvafiq ödəniş şərtləri, bu müqavilənin qoşmalarında müəyyən edilib. 5.2-ci bəndinə əsasən bu müqavilənin qoşmalarında başqa hal müəyyən edilməyibsə, malların ödənişi satıcının hesab faktura təqdim etdiyi gündən 30 (otuz) təqvim günü ərzində ödənilməlidir. Ödənişlər bu müqavilədə müəyyən edilən satıcının bank hesablarına edilməlidir 25-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. Müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra o, eyni şərtlərlə daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Ancaq, tərəflər yazılı şəkildə qarşılıqlı razılığa gələrək müqavilənin müddətini artıra bilərlər, bundan başqa, tərəflərdən hər biri məhsul/xidmətin təmin edilməsindən əvvəl müqaviləyə xitam vermək hüququna malikdir və bu zaman müqaviləyə xitam verən tərəf digər tərəfə 30 (otuz) gün əvvəlcədən yazılı bildiriş təqdim edəcək. Alıcı müqaviləyə xitam verilməsi haqqında bildiriş verilən tarixdən əvvəl icra olunmuş məhsul/xidmətin dəyərini satıcıya ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan 30 mart 2022-ci il tarixli 262 nömrəli müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər xx.xx.2022-ci il tarixli satınalma müqaviləsi üzrə satın alınan təsərrüfat malların miqdarı və qiymətinin (Salfet (Z qatlama) 1 ədədi 1,30 manat olmaqla - 10500 ədəd (cəmi 13.650 manat), Tualet kağızı (3 qat) rulon 1 ədədi 0,2 manat olmaqla - 5000 ədəd (cəmi 1.000 manat) ümumilikdə (2.637 manat ƏDV daxil) 17.287 manat olaraq razılaşdırılmışdır. Əlavə 1 satıcının imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə (1.715,22 manat ƏDV daxil) 11.244,22 manat dəyərində göndərilmiş mallara görə, EBBV seriyalı, 272263 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli 004223 nömrəli, xx.xx.2022-ci il tarixli 004985 nömrəli, xx.xx.2022-ci il tarixli 004984 nömrəli, xx.xx.2022-ci il tarixli 005017 nömrəli, xx.xx.2022-ci il tarixli 004983 nömrəli, xx.xx.2022-ci il tarixli 005143 nömrəli, xx.xx.2022-ci il tarixli 005372 nömrəli, xx.xx.2022-ci il tarixli 005428 nömrəli, xx.xx.2022-ci il tarixli 005429 nömrəli yol vərəqələrinə əsasən müəyyən olunur ki, mal təchiz edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müştəri Cavabdeh MMC-yə ümumilikdə ƏDV xaric ümumilikdə ƏDV xaric 16.190 manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 272263 saylı elektron qaimə ilə təsdiq edilir ki, A4 Ofis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 11.244,22 manat dəyərində malların təqdim edilməsinə görə elektron qaimə göndərilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu ƏDV daxil 11.244,22 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, malların təqdim edilməsi faktını cavabdehin qanuni təmsilçisi məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. MPM-in: 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Cavabdehin iddia ərizəsinə etirazına əsas kimi istinad etdiyi təqdim edilmiş malları daha aşağı qiymətə alması barədə dəlillərinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, cavabdehə alqı-satqının predmeti olan malların razılaşdırılmış qiymətini təsdiq edən əlavə sübutların təqdim edilməsi üçün vaxt verilsə də, cavabdehin nümayəndəsi nə təyin edilmiş növbəti məhkəmə iclaslarında iştirak etmiş, nə də ki, əlavə sübutları məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdehə mübahisəli malların iddia ərizəsində göstərilən qiymətə - ƏDV daxil 11.244,22 manata satılmasına dair elektron qaimə göndərilsə də, cavabdeh həmin elektro qaiməni qanunvericilikdə nəzərdə tutulmuş 5 gün müddət ərzində düzəliş üçün qaytarmamış, eləcə də cavabdeh üçün vergi öhdəliyi yaradan elektron qaimə ilə bağlı iddiaçıya və ya vergi orqanına hər hansı bir formada etiraz ünvanlamamışdır. Məhkəmə hesab edir ki, göstərilən hal da tərəflərin mübahisəli malların məhz iddiaçının iddia etdiyi qiymətə qalqı-satqısına dair razılığa gəlməsinə dəlalət edir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 11.244,22 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 11.244,22 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 125 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 123,73 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 125 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 11.244,22 manat məbləğində əsas borc, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 125 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2438/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2438/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver