Məhkəmə qərarları › İş №e-2-2(113)-2439/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2439/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2439/2021 23.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 qarşı müqavilənin ləğvi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanılmış, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, Don döngəsi, 4 ünvanında yerləşən, sahəsi 255,5 kv.m olan qeyri-yaşayış sahəsi və 474.8 kv.m torpaq sahəsinin alqı-satqısına dair 12.07.2017-cı il tarixli, 3496 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış və torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 231 855 (iki yüz otuz bir min səkkiz yüz əlli beş) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26.05.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, Don döngəsi, 4 ünvanında yerləşən, sahəsi 255,5 kv. m olan qeyri-yaşayış sahəsi və 474,8 kv.m torpaq sahəsi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh2 arasında bağlanılmış 12.07.2017-ci il tarixli, 3496 nömrəli alqı-satqı müqaviləsinə əsasən 312.000 (üç yüz on iki min) manata Cavabdeh2 satılmışdır. Cavabdeh2 ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 231.855 (iki yüz otuz bir min səkkiz yüz əlli beş) manat ödəmiş, digər hissənin, yəni 80.145 (səksən min yüz qırx beş) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini, yəni 312 000 (üç yüz on iki min) manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin normalarını pozmuşdur.Eyni zamanda alqı-satqı müqaviləsinin 2.1.1-ci bəndinə əsasən əmlakın dəyəri tam ödənildikdən sonra satıcı müqavilənin bir nüsxəsini əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi idarəsinə göndərir. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir.Cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 231.855 (iki yüz otuz bir min səkkiz yüz əlli beş) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan iddiaçı ilə cavabdeh aralarında bağlanmış müəssisənin (obyektin) alqı-satqısına dair 3496 nömrəli, 12.07.2017-ci il tarixli müqaviləyə əsasən müqavilənin predmetini “alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Hərracların Təşkili üzrə Auksion Mərkəzi” tərəfindən 11.07.2017-ci il tarixdə keçirilən hərracda 24/04 №-li protokola əsasən satın aldığı 255,5 kv.m qeyriyaşayış binası və 474,8 kv.m torpaq sahəsi təşkil edir. “Satıcı" satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə Bakı səhəri, Nəsimi ravonu. Bülbül prospekti. Don döngəsi, 4 ünvanında yerləşən 255,5 kv.m qeyri- yaşayış binası və 474,8 kv.m torpaq sahəsini hərracdan satış qiyməti ilə 312000.00 – üç yüz on iki min manata satın alır. Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, alınmış müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də nəzərə alınmaqla 312.000-üç yüz on iki min manatını müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud 21.08.2017-ci il tarixədək “satıcı”nın (VÖEN: **********) Mərkəzi Bankdakı (kod: 501004, m/h: AZ74NABZ********************, VÖEN: **********, S.W.İ.F.T. bik: NABZAZ2C) AZ53NABZ ******************** №-li tranzit manat hesabına köçürməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən əgər “alıcı” satın aldığı müəssisənin (obyektin) dəyərini müqavilə imzalandığı andan 30 (otuz) bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır. İş materiallarında olan 21.06.2021-ci il tarixli özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqindən məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, Don döngəsi, 4 ünvanında yerləşən, 255,5 kv.m qeyri-yaşayış binası və 478,8 kv.m torpaq sahəsi 3496 nömrəli 12.07.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satış qiyməti 312.000 manat olmaqla satılmış, 237.245 (iki yüz otuz yeddi min iki yüz qırx beş manat) manat ödənilmiş 74.755 (yetmiş dörd min yeddi yüz əlli beş manat) manat isə borc olaraq qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh tərəfindən ödənişlər hissə-hissə icra olunmuş, ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərində ilkin beh daha sonra müqavilə bağlandıqdan 30 bank günü ərzində alıcı tərəfindən alınmış müəssisənin dəyərinin ödənilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən ödənişlər hissə-hissə həyata keçirilmiş və iddiaçı tərəfindən bu mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar