Məhkəmə qərarları › İş №e-2-2(113)-2439/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2439/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2439/2023 20.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli üçtərəfli saziş üzrə 1619,82 manat gecikdirilmiş əsas borcun və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd “XD 65.4 Katman” markalı traktorun cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 166 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd XD “65.4 Katman” markalı traktor cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. İddiaçı ilə "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Masallı 029 nömrəli üçtərəfli kənd təsərrüfati texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçıya ötürülmüşdür. 2.2. Cavabdeh müqavilə və sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə iddiaçı qarşısında xx.xx.2023-cü il tarixinə 1619,82 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, 003 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Bundan başqa, mediasiya sessiyasında da Cavabdeh iştirak etməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 748-1.12.4, 748-2.3-cü və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə kənd təsərrüfatı texnikasının lizinqinə görə 60 ay müddətində aylıq 225,53 manat olmaqla ümumilikdə 13532 manat məbləğində pulun ödənilməsi şərtləndirilmişdir. Bundan başqa, lizinq obyektinin qiyməti 25500 manat olsa da, texnikanın gömrük bəyannaməsi üzrə dəyərinin 40 faizi həcmində dövlət subsidiyası verilmişdir.

5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, hüquq və öhdəliklərin ötürülməsi barədə sazişin 1.1-ci bəndində yeni ödəniş qrafikinin tərtib olunması razılaşdırılsa da, yeni qrafik tərtib olunmamış, köhnə qrafik qüvvədə olmuşdur. Həmçinin xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi ödənişlərin xx.xx.2019-cu il tarixdən aparılması nəzərdə tutulmuş, xx.xx.2020-ci il tarixli üçtərəfli saziş üzrə isə ödənişlərin 2020-ci ilin iyul ayından etibarən iddiaçıya ödənilməsi şərtləndirilmişdir. Lakin iddiaçıya həmin tarixdən xx.xx.2023-cü ilədək ümumilikdə 5823 manat ödəniş olmuşdur.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh qeyd etdi ki, iki ilə yaxındır ki, lizinq predmeti olan “Katman” markalı traktor sıradan çıxıb. Traktor işləkliyini itirəndə zəmanət talonu üzrə verilən 1 illik qarantiya müddəti başa çatmışdı. Ehtiyat hissələrin cavabdehin hesabına təmin edilməsi üçün lizinq verənə müraciət edilsə də, həmin hissələr tapıla bilməmişdir. Belə olan halda ödənişlər də həyata keçirilməmişdir.

7. Məhkəmənin növbəti iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə olunmuş kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 166 nömrəli müqaviləyə əsasən lizinq verən ("xxxx" MMC) ümumi məbləği 18632 manat olan “Katman XD 65.4” adlı kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın 18632 manat dəyərindən 5100 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan 13532 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.

12. Adıçəkilən müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, lizinq müqaviləsi üzrə 13532 manat məbləğində lizinq ödənişlərinin 60 ay müddətinə aylıq 225,53 manat ödənilməsi razılaşdırılmışdır.

13. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli texnikanın təhvil verilməsinə dair aktdan görünür ki, “Catman XD 65.4” markalı frontal yükləyçiynən adlı texnika xx.xx.2019-cu il tarixli, 166 nömrəli müqaviləyə uyğun olaraq cavabdehə saz və işlək vəziyyətdə təhvil verilmişdir.

14. Məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli saziş və həmin sazişə dəyişiklik edilməsinə dair xx.xx.2020-ci il tarixli 2 nömrəli əlavədən görünür ki, hüquq ötürən şəxs ("xxxx" MMC) xx.xx.2019-cu il tarixli, 166 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini qəbul edən şəxsə (İddiaçı ASC-yə) ötürür, həmçinin hüquq ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər lizinq alanın bütün lizinq ödənişlərini qəbul edərək hüquq qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Eyni zamanda qəbul edən şəxs bununla razılaşaraq lizinq alanların xx.xx.2020-ci il tarixindən etibarən hüquq ötürən şəxsə ödəməli olduğu məbləği lizinq alanlardan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Lizinq alan şəxs isə bu müqavilə üzrə xx.xx.2020-ci ci il tarixinə qədər mövcud olan borcunu tam şəkildə hüquq ötürən şəxsə ödəməyi, xx.xx.2020-ci il tarixindən etibarən yeni ödəniş qrafiki əsasında aylıq ödənişləri qəbul edən şəxsə köçürməyi öz öhdəsinə götürür.

15. İş materiallarına əlavə edilmiş cavabdehə məxsus xx.xx.2019 – xx.xx.2023-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, ilk ödəniş xx.xx.2020-ci il tarixdə 320 manat, son ödəniş xx.xx.2022-ci il 995 manat olmaqla, qeyd edilən lizinq müqaviləsi üzrə qrafik əsasında ümumilikdə 5823 manat ödəniş edilmişdir.

16. İddia ərizəsinə əlavə edilmiş 03 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, sözügedən tarixə cavabdehin iddiaçıya 1619,82 manat ödənilməmiş əsas borcu vardır.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, cavabdeh ilə "xxxx" MMC arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, sonuncu razılaşdırılmış texnikanının dəyərini təşkil edən 18632 manat tam ödənildikdən və sənədləşmə işləri başa çatdıqdan sonra cavabdehin mülkiyətinə vermək şərti ilə lizinqə verməyi, cavabdeh isə texnikanı qəbul edərək, 5100 manat ilkin ödənişi əvvəlcədən ödəməyi, qalan 13532 manat məbləği isə xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra lizinq verən adıçəkilən lizinq müqaviləsi üzrə hüquq və öhdəliklərini xx.xx.2020-ci il tarixdən sonrakı dövr üçün lizinq ödənişlərinin hüquq qəbul edən şəxsə ödənilməsi şərti ilə iddiaçıya ötürmüş, cavabdeh qeyd olunan tarixdən sonrakı dövr üçün qrafik üzrə ödənişləri qismən icra edilərək 5823 manat lizinq ödənişi etmişdir.

18. İddiaçı hüquq və öhdəliklərin ötürülməsi barədə sazişdə nəzərdə tutulan yeni ödəniş qrafikinin qəbul edilmədiyini qeyd edərək əvvəlcə razılaşdırılmış qrafikə əsasən xx.xx.2023-cü il tarixə ödənilməmiş 1619,82 manat əsas borcu tələb edir.

19. Cavabdeh lizinq predmetinin işlək vəziyyətdə olmadığına istinad edərək lizinq ödənişlərini ödəməyi dayandırdığını (imtina etdiyini) qeyd edir.

20. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və lizinq müqaviləsi üzrə pulun tutulması, lizinq obyektinin geri qaytarılması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.

21. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. Həmin Məcəllənin 748.1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

23. Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 166 nömrəli müqavilənin 5-ci bəndinə əsasən, lizinq alan tərəfindən aşağıdakı hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin kobud pozuntusu halları hesab edilir: texnikadan istifadə üçün bu müqaviləyə əlavə №1-də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə (5.1.6). Göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni bir tərəfli surətdə ləğv etmək, texnikanı saz vəziyyətdə geri götürmək və ya texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir (5.2).

24. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

26. Məhkəməyə təqdim edilən 06 mart 2023-cü il tarixli MŞB\9\2023-00420 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixli, 166 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli, Masallı 029 nömrəli üçtərəfli sazişin ləğv edilməsi və lizinq obyektinin iddiaçıya qaytarılmasına dair mediasiya tətbiqi barədə təklifi xx.xx.2022-ci il tarixdə göndərmiş, qeyd olunan tələblərin əks olunduğu iddia ərizəsi AVİS-də yaradılmış elektron kabinetinə yerləşdirilməklə xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır.

27. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mediasiyanın mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan proses olduğunu, iddiaçının yekun iradə ifadəsini əks etdirmədiyini və müqavilənin ləğvi, lizinq obyektinin və pulun tələb olunması ilə bağlı iddiaçının iddia ərizəsində əks olunan yekun iradə ifadəsinin xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırıldığını nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan iradə ifadəsi müqavilənin ləğvinə yönəlmişdir, belə olan halda xx.xx.2019-cu il tarixli, 166 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Masallı 029 nömrəli üçtərəfli saziş iddiaçı tərəfindən birtərəfli qaydada xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir.

28. Məhkəmə lizinq ödənişlərin tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçının lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.

29. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

30. Məhkəmə qeyd olunan normanın tələbini və tərəflər arasında bağlanılmış müqavilə şərtlərini nəzərə alaraq qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçının əsas borcu tələb etmək hüququ yaranmışdır.

31. Belə ki, ödəniş qrafiki üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilməli lizinq ödənişlərinin ümumi məbləği 7675,52 manat (34 ay x 225,53 manat=7668,02 manat; 225,53 manat:30 gün =7,5 manat (1 günün ödənişi); 7668,02 manat+7,5 manat) olsa da, 33 ay ərzində 5823 manat ödəniş edilmiş, qalıq məbləği isə 1852,52 manat təşkil edir. İddiaçı 1619,82 manat pulun tutulmasını tələb edir.

32. Məhkəmə cavabdehin lizinq obyektinin işlək olmaması ilə bağlı arqumentləri ilə bağlı isə aşağıdakıları qeyd edir.

33. Mülki Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır.

34. Həmin maddənin tələbinə görə, lizinq verən lizinq obyekti olan əmlakın əsaslı təmirini o zaman həyata keçirir ki, lizinq müqaviləsində bununla bağlı ayrı qayda nəzərdə tutulmasın.

35. Hazırkı halda isə tərəflər arasında bağlanmış müqavilənin 3.8-ci bəndində lizinq alan texnikanın texniki qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirməyi öhdəsinə götürmüşdür.

36. Eyni zamanda həmin müqavilənin 3.2-ci bəndinin də məzmunundan aydın olur ki, lizinq alan texnikanı müvafiq qaydada təhvil aldıqdan sonra texnikanın zərərin bütün növlərindən qorunması, o cümlədən korlanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıyır və bu, müqavilə üzrə öhdəliklərdən azad etmir.

37. Göründüyü kimi, hazırkı halda tərəflər lizinq müqaviləsində fərqli tənzimləmə həyata keçirmiş, cavabdeh lizinq müqaviləsini bağlayarkən texnika üzrə yarana biləcək bütün mümkün təmir xərclərini bilavasitə öz öhdəsinə götürmüşdür.

38. Bundan başqa, cavabdeh lizinq obyektinin təmir edilməli olması, təmirin cari və ya orta təmir olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmin sübutlar təqdim edilmiş olsa idi belə, lizinq obyekti təmirdə olduğu müddətdə lizinq alanın lizinq ödənişlərinin həyata keçirilməsini dayandırmaq hüququna malik olduğu nə Mülki Məcəllə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur.

39. Belə olan halda cavabdehin etirazı əsaslı sayıla bilməz. Odur ki məhkəmə cavabdehin bu arqumentlərini əsassız hesab edir.

40. Məhkəmə hazırkı iş üzrə lizinq verənin tələbi müəyyənləşdirilərkən cavabdeh tərəfindən əvvəlcədən ödənilmiş 5100 manat məbləğlə bağlı qeyd edir ki, xx.xx.2019-cu il tarixli, 166 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin 1.2ci bəndinə əsasən, əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmçinin adıçəkilən müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli, Masallı 029 nömrəli üçtərəfli sazişdə də fərqli hesablaşma qaydası nəzərdə tutulmamışdır.

41. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyun 2018-ci il tarixli qərar).

42. Məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli, 166 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə ilə əvvəlcədən ödənilmiş 5100 manatın mübahisə halında qarşılıqlı hesablaşması ilə bağlı tərəflər arasında razılaşma olduğundan və məhkəmənin yaranmış mübahisəni müqavilə şərtləri çərçivəsində həll etməli olması nəzərə alındığında müqavilə ləğv olunduqda həmin məbləğin qaytarılması və ya əvəzləşdirilməsi mümkün deyildir.

43. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

44. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

45. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

46. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

47. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu cavabdehə ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, lizinq müqaviləsi üzrə 1619,82 manat əsas borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Lizinq obyektinin iddiaçıya qaytarılması tələbi ilə bağlı

48. İddiaçı lizinq obyektlərinin qaytarılması tələbini də irəli sürmüşdür.

49. Məhkəmə qeyd edir ki, lizinq obyektlərinin iddiaçıya qaytarılması tələbinin hüquqi əsasını Mülki Məcəllənin 748-1.8 və 748-1.12.4-cü maddələri təşkil edir.

50. Həmin Məcəllənin 748.1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

51. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

52. Məhkəmə qeyd edir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən və xx.xx.2019-cu il tarixli, 166 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Masallı 029 nömrəli üçtərəfli saziş iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyindən iddia tələbi bu hissədə əsaslıdır.

53. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, “Katman XD 65.4” frontal yükləçiynən markalı ******* şassi nömrəsinə malik 1 (bir) ədəd traktor Cavabdeh alınaraq saz və işlək vəziyyətdə İddiaçı ASC-yə verilməlidir. c) Məhkəmə xərcinin tutulması ilə bağlı

54. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

55. İddia ərizəsinə əlavə edilmiş 06 mart 2023-cü il tarixli MŞB\9\2023-00420 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.

56. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

58. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

59. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

60. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan mediasiya xərcinin əvəzi olaraq 60 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1619 (bir min altı yüz on doqquz) manat 82 (səksən iki) qəpik məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. “Katman XD 65.4” frontal yükləçiynən markalı ******* şassi nömrəsinə malik 1 (bir) ədəd traktor Cavabdeh alınaraq saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar