Məhkəmə qərarları › İş №e-2-2(113)-2439/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2439/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2439/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının və cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10964,99 manat (ƏDV daxil) qalıq borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 548,24 manat faizin, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 600 manat xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 124,54 manat dövlət rüsumunun əvəzinin,cəmi 12237,77 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC(bundan sonra “İddiaçı”) ilə Cavabdeh MMC(bundan sonra “Cavabdeh”) arasında AB/B-22/0923 saylı, 22 sentyabr 2023-cü il tarixli beton alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müxtəlif növdə beton məhsullarını Cavabdehə təhvil vermişdir. Lakin Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, Cavabdeh İddiaçıdan aldığı malın dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, onun İddiaçıya 10964,99 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı Cavabdehə pretenziya göndərərək, verilmiş mala görə qalıq borcun ödənilməsini xahiş etsə də, Cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış AB/B- 22/0923 saylı, 22 sentyabr 2023-cü il tarixli beton alqı-satqısı müqaviləsinə edilmiş 2 saylı Əlavənin 1-ci bəndindən görünür ki, satıcı ilə alıcımüvafiq markalı beton məhsullarının alıcıya verilməsinə dair razılığa gəlmişlər. Həmin Əlavənin 2.2-ci bəndinə görə, müqavilə üzrə ödənişlər satıcı və alıcı tərəfindən razılaşdırılmış şəkildə avans (100%) olaraq hər bir partiya sifariş üzrə satıcıya bank köçürmə yolu ilə ödənilir. Mal sonradan ödəmə şərtilə alıcıya satılarsa, satıcı tərəfindən mala dair müvafiq elektron qaimənin alıcıya təqdim olunmasından sonra 15 gün ərzində verilən malın dəyəri tam şəkildə satıcıya ödənilməlidir. Eyni Əlavənin 3-ci bəndindən görünür ki, bu Əlavə imzalandığı və möhürləndiyi gündən qüvvəyə minir və tərəflər arasında bağlanmış AB/B 22/0923 saylı, xx.xx.2023-cü il tarixlimüqavilənin ayrılmaztərkib hissəsidir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 10965,74 manat (ƏDV daxil) qalıq borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 548,24 manat faizin, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 600 manat xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 124,54 manat dövlət rüsumunun əvəzinin, cəmi 12238,56 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2439/2025 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh MMC-dən ƏDV daxil 10.965,74 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 548,28 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 600 manat və dövlət rüsumunun əvəzi olaraq 124,54 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qərara alınmışdır.

5. 12.05.2025-ci il tarixində cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2439/2025 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2439/2025 saylı qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 2439/2025 saylı qiyabi qətnaməsi ləğv edilməsi və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

7. İddiaçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı ilə cavabdeh arasında imzalanmış AB/B 22/0923 saylı xx.xx.2023-cü il tarixli beton alqı-satqısı müqaviləsinə 22 sentyabr 2023-cü il tarixli 1 saylı əlavəyə əsasən 1 m3 betonun qiyməti 93 manat həddində müəyyənləşdirilmişdir.

12. Əlavənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər satıcı və alıcı tərəfindən razılaşdırılmış şəkildə avans (100%) olaraq hər bir partiya sifariş üzrə satıcıya bank köçürmə yolu ilə ödənilir. Mal sonradan ödəmə şərtilə alıcıya satılarsa, satıcı tərəfindən mala dair müvafiq elektron qaimənin alıcıya təqdim olunmasından sonra 15 gün ərzində verilən malın dəyri tam şəkildə satıcıya ödənilməlidir.

13. AB/B 22/0923 saylı xx.xx.2023-cü il tarixli beton alqı-satqısı müqaviləsinə 22 sentyabr 2023-cü il tarixli 2 saylı əlavəyə əsasən satıcı alıcıya 7 fərqli çeşiddə malın satılması və hər birinin giymətləri barədə razılığıa gəlinmişdir.

14. Əlavənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər satıcı və alıcı tərəfindən razılaşdırılmış şəkildə avans (100%) olaraq hər bir partiya sifariş üzrə satıcıya bank köçürmə yolu ilə ödənilir. Mal sonradan ödəmə şərtilə alıcıya satılarsa, satıcı tərəfindən mala dair müvafiq elektron qaimənin alıcıya təqdim olunmasından sonra 15 gün ərzində verilən malın dəyri tam şəkildə satıcıya ödənilməlidir.

15. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri əhatə edən cəmi 96.299,74 manat dəyərində e-qaimələr göndərilmişdir.

16. 30.01.2025-ci il tarixli hesabdan çıxarışa əsasən cavabdeh MMC tərəfindən iddiaçıya təyinatı bilavasitə müvafiq e-qaimlərə göstərilməklə xx.xx.2023-cü il tarixdə 27559 manat, 6702 manat və 27939,50 manat məbləğlərində, xx.xx.2024-cü il tarixində 10.117,50 manat məbləğində ödənişlər edilmişdir.

17. 30.01.2025-ci il tarixli ƏDV Sub-uçot hesabından köçürmələrin siyahısına əsasən xx.xx.2023-cü il tarixlərdə 1206,36 manat, 5029,11 manat, 4960,62 manat məbləğlərində və xx.xx.2024-cü il tarixində 1821,15 manat məbləğində ƏDV ödənişləri edilmişdir.

18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

24. 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

25. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

26. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

29. İşdən göründüyü kimi tərəflər arasında beton alqı-satqısına dair münasibətlər yaranmışdır. İddiaçı tərəfindən mallar cavabdehə təhvil verilmiş və buna dair cavabdehə eqaimələr göndərilmişdir. Həmin e-qaimələr cavabdeh tərəfindən ləğv edilməmiş, düzəliş üçün iddiaçıya qaytarılmamışdır, əksinə cavabdehə malların satışına dair göndərilən cəmi 96.299,74 manat dəyərində e-qaimələr üzrə təyinatı məhz e-qaimələr göstərilməklə 85.334 manat ödənişlər edilmişdir. Yerdə qalan 10965,74 manat borc məbləği ödənilməmiş qalmışdır.

30. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi öncə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə ilə təmin edilmişdir, sonradan cavabdehin ərizəsinə əsasən qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmişdir (cavabdehin EMİS-də e-kabineti mövcüddr, ərizə məhkəməyə həmin kabinet vasitəsi ilə göndərilmişdir). Lakin, cavabdeh qiyabi qətnamənin ləğv edilməsini xahiş etsə də, icraat təzələndikdən sonra da iddia tələbinə dair hər-hansı etirazını və etirazın əsaslarını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir.

31. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirərək malları cavabdehə təhvil versə də, cavabdehin ödənilməmiş borcu qalmışdır.

32. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, qismi ödənişlər ilə təsdiq olunduğu üçün 10965,74 manat borc məbləğinə dair hissədə iddia tələbi təmin edilməlidir.

33. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 548,28 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.

34. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

35. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə satılmış məhsullara görə göndərilmiş e-qaimələr üzrə borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 548,28 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 548,28 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 124,54 manat dövlət rüsumu və vəkil xərci olaraq 600 manat ödənilmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

40. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 124,54 manat və vəkil xərcinin əvəzi olaraq 600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 10.965,74 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 548,28 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 600 manat və dövlət rüsumunun əvəzi olaraq 124,54 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar