Məhkəmə qərarları › İş №e-2-2(113)-244/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-244/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-244/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə Üçüncü şəxs X1 iştirakı olmadan İddiaçı X5 Cavabdeh İB-yə qarşı (üçüncü şəxs: X4) borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X11 Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 nömrəli binanın qarşı hissəsində yerləşən Çörək sexində (abonent kodu 040602) təbii qaz istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2016-cı il tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə əsasən fərdi sahibkar kimi fəaliyyət göstərir. Mülkiyyətində olan Bakı ş., Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 nömrəli binanın qarşı hissəsində yerləşən sahədə çörək istehsalı və digər unlu məmulatların istehsalı ilə məşğul olur. Həmin ünvanda yerləşən çörək sexi “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX2/3247 nömrəli, xx xxxxxx 2019-cu il tarixli, müqaviləyə əsasən 040602 abonent kodu ilə Cavabdeh İB tərəfindən qazla təmin olunmaqdadır. Müqavilə hal-hazırda qüvvədədir. Müqavilənin ləğvi, qaz təchizatının dayandırılması barədə heç bir müraciət etməmişdir. Qaz təchizatından istifadə ilə bağlı ödənişlər tərəfindən vaxtında və rəsmi qaydada həyata keçirilməsinə baxmayaraq, cavadeh tərəfindən təqdim edilən son hesab fakturalarda böyük məbləğdə 26,855 manat borc göstərilmişdir. Halbuki, əlavə olunan ödəniş sənədlərindən aşkar şəkildə görünür ki, qazdan istifadəyə görə bütün məbləğlər vaxtından əvvəl: xx xxxxxx 2020-ci ildə 13,398 manat, xx xxxxxx 2020-ci ildə 12,785.80 manat, xx xxxx 2020-ci ildə 13628 manat, xx xxxxx 2020-ci ildə 12508 manat, xx xxxx 2020-ci ildə 11805 manat, xx xxxx 2020-ci ildə 14245 manat. xx xxxxxx 2020-ci ildə 11761.40 manat, xx xxxxxxxx 2020-ci ildə 3202.80 manat, xx xxxxxxxx 2020-ci ildə 13172 manat olmaqla ödənilmişdir. Cavabdehi təmsil edən şəxslər heç bir hüquqi və faktiki əsas olmadan qaz təchizatının dayandırılacağı ilə hədə qorxu gəlir, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edir və əngəllər yaradırlar. Çörək sexində qaz təchizatının dayandırılması əhəmiyyətli itkilərə və maddi ziyana səbəb ola bilər. Çoxsaylı işçilərin (hal-hazırda 179 nəfərin) işsiz, satış şəbəkəsinin təchizatsız, istehlakçıların isə keyfiyyətli çörək məhsulundan məhrum olması kimi neqativ şərait yaranması real ola bilər. Belə vəziyyətdən hazırki iqtisadi və sosial vəziyyətdə ciddi zərərli nəticələr törənər. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdehin iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin və maneələrinin, xx xxxxxxxx 2020-ci il saat 10 radələrində cavabdeh tərəfindən Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 №-li binanın qarşı hissəsində yerləşən çörək sexinin qaz təchizatının kəsilməsinin və xx xxxxxxxx 2020-ci il saat 18-40-dək qaz təchizatının dayandırmasının qanunsuz hesab edilməsi, Bakı ş., Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 №-li binanın qarşı hissəsində yerləşən Çörək sexində (abonent kodu 040602) təbii qaz istehlakına görə cavabdehə borcunun olmaması faktının müəyyən edilməsi, 040602 saylı abonent kodunun iddiaçının adına bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” AMX-2812/20 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olduğundan bağlandığı andan etibarsız hesab edilməsi və cavabdehdən iddiaçının xeyrinə 47,523 manat məbləğində ziyan, ödənilmiş 30 manat dövlət rüsumunun, nümayəndə - vəkilə çəkilən 510 manatın xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli dərhal icra edilməli olan qərardadı ilə Bakı ş., Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 №-li binanın qarşı hissəsində yerləşən Çörək sexinə qaz hasilatının verilməsinin dayandırılması Cavabdeh İB qadağan olunmuşdur. Həmin gün icra vərəqi tərtib olunaraq qərardad icraya yönəldilmişdir. Buna baxmayaraq, xx xxxxxxxx 2020-ci il saat 10 radələrində cavabdeh tərəfindən Çörək sexinin qaz təchizatı kəsilmiş və yalnız xx xxxxxxxx 2020-ci il saat 18-40 radələrində Çörək sexinin qaz təchizatı bərpa olunmuşdur. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iddianı təmin etmə tədbiri tətbiqi haqqında qərardadından Cavabdehin şikayəti məhkəmə tərəfindən təmin olunmamış və şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılaraq xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə qüvvəsində saxlanılmışdır. Cavabdehi təmsil edən şəxslərin heç bir hüquqi və faktiki əsas olmadan qaz təchizatının dayandırılacağı ilə hədə-qorxu gəlməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələlər və əngəllər yaratması ciddi narahatlıq doğurur və azad və müdafiə olunan sahibkarlıq fəaliyyətinə xələl gətirir. Çörək sexində qaz təchizatının dayandırılması əhəmiyyətli itkilərə və maddi ziyana səbəb olmuşdur. Çoxsaylı işçilərin (hal-hazırda 179 nəfərin) işsiz, satış şəbəkəsinin təchizatsız, istehlakçıların isə keyfiyyətli çörək məhsulundan məhrum olması kimi neqativ şərait yaranması real ola bilər. Belə vəziyyətdən hazırki iqtisadi və sosial vəziyyətdə ciddi zərərli nəticələr törənər. Cavabdehin qanunsuz hərəkətləri ilə qaz təchizatının heç bir əsas olmadan kəsilməsi nəticəsində 47,523 manat ziyana məruz qalmışdır. Ziyan aşağıdakılardan ibarətdir: 1) 900 kq xəmir kütləsinin yararsız hala düşməsinə görə – 423 manat; 2) Yararsız xəmir qalıqlarının təmizlənməsinə görə – 100 manat; 3) İşçilərin məcburi boşdayanmasına görə – 10,000.0 manat; 4) Əldən çıxmış fayda – 37,000.0 manat. Həmin ünvanda yerləşən çörək sexi “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX2/3247 nömrəli, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, 040602 abonent kodu ilə Cavabdeh İB tərəfindən qazla təmin olunmalı idi. Müqavilə hal-hazırda qüvvədədir. Müqavilənin ləğvi, qaz təchizatının dayandırılması barədə heç bir müraciət etməmişdir. Qaz təchizatından istifadə ilə bağlı ödənişlər tərəfindən vaxtında və lazımi qaydada həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim edilən son hesab fakturalarda böyük məbləğdə - 26.855 manat borc göstərilmişdir. Halbuki, əlavə olunan ödəniş sənədlərindən aşkar şəkildə görünür ki, qazdan istifadəyə görə bütün məbləğlər vaxtından əvvəl: xx xxxxxx 2020-ci ildə 13.398 manat, xx xxxxxx 2020-ci ildə 12.785,80 manat, xx xxxx 2020-ci ildə 13628 manat, xx xxxxx 2020-ci ildə 12508 manat, xx xxxx 2020-ci ildə 11805 manat, xx xxxx 2020-ci ildə 14245 manat, xx xxxxxx 2020-ci ildə 11761,40 manat, xx xxxxxxxx 2020-ci ildə 13202,80 manat, xx xxxxxxxx 2020-ci ildə 480 manat, xx xxxxxxxx 2020-ci ildə 13172 manat olmaqla ödənilmişdir, yəni cavabdehə heç bir borc qalmamışdır. Əlavə olaraq, xx xxxxxxxx 2020-ci ildə 3000 manat, xx xxxxxxx 2020-ci ildə 2167 manat, yəni 5167,8 manat artıq ödəniş aparılmışdır (hesablaşma cədvəli iş materiallarında vardır). Buna baxmayaraq, Cavabdeh həm də onun adına olan abonent kodunu ləğv etmiş və qaz təchizatının dayandırılmasını aradan qaldırdıqdan sonra belə kodu bərpa etməmişdir. xx xxxxxxxx 2020-ci ildə əvvəlki müqavilə qüvvədə olduğu halda, qeyriqanuni olaraq özünün inhisar mövqeyindən sui-istifadə etməklə ikinci bir müqavilə (AMX- 2812/20 nömrəli) bağlamış və müqavilə imzalandıqdan sonra əllə oraya müddət kimi “45 gün” yazmış və bir neçə gündən sonra iddiaçıya vermişdir. Bu günədək iddiaçının adına abonent kodu açılmamışdır, halbuki adı çəkilən müqavilənin üzərində əllə “kp 040602” yazılmışdır. Bununla, ödəmələrin həyata keçirilməsi qaydalarını da Cavabdeh pozmuşdur. Cavabdeh onun yazılı müraciətinə adına abonent kodunun olmadığını əsas gətirərək qarşılıqlı hesablaşma verməkdən imtina etmişdir. Yəni adı çəkilən müqavilə hüquqi nəticələr yaratmaq yox, Cavabdehin öz hərəkətlərini pərdələmək, görünüş üçün uydurma bir əqddir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Adı çəkilən müqavilənin heç bir tələbi tərəfindən pozulmamışdır və qaz təchizatının dayandırılmasına və kəsilməsinə əsas verən heç bir hal mövcud deyil və mənə hər hansı yazılı və aydın bir xəbərdarlıq verilməmişdir. Bununla Cavabdeh həm də öhdəliklərini pozmuşdur. Məhkəmənin xx xxxx 2021-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxs X4 tərəfindən xx xxxx 2021-ci il tarixdə Məhkəməyə ünvanlanmış ərizə ilə bildirilmişdir ki, Bakı ş., Zabrat qəsəbəsi, İstixana Kombinatı, 6 nömrəli binanın qarşısında yerləşən onun adına olan torpaq sahəsinə (torpaq sahəsinin bir hissəsi onun adına olsa da, onun faktiki və real sahibləri Əlizadə Mahir və onun qardaşları olmuşlar) və qismən həmin sahədə yerləşən çörək sexinə olan bacısının əri Əlizadə Mahirə məxsus payla bağlı bütün hüquqlardan xx xxxxxx 2015-ci il tarixdə imtina etmişdir. Çox uzun müddətdir ki, həmin obyektlə bağlı hər şey, o cümlədən qaz təsərrüfatı bacısının həyat yoldaşının qardaşı X2 adında, sonradan X5 adında olmuşdur. X6 və qardaşı X12 arasında mübahisə baş verərkən Əlizadə Mahir onun adından Cavabdeh İB-yə müraciət edərək, obyektin qaz təchizatının onun adına keçirilməsini xahiş etmişdir. Bunun nə dərəcədə qanuni olub-olmadığını bilmirəm. Amma faktiki olaraq qaz təsərrüfatı onun adına keçməyib, qazdan istifadə etməmişdir və belə niyyəti və sahibliyinə qazdan istifadə edə biləcəyi obyekt-çörək sexi də olmamışdır. Qardaşlar arasında yaranmış mübahisə öz həllini tapmış və həmin mübahisədə hüquqən o da iştirak edərək “Çörək sexi” adlanan obyektə və onun qismən yerləşdiyi torpaq sahəsinə dair hər hansı tələbi olmadığını təkrarən təsdiq edərək adından Cavabdeh İB-yə verilmiş ərizədən yazılı surətdə imtina etmişdir. Aralarında balanmış barışıq sazişi Sabunçu rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmuşdur. Hüquqi və faktiki olaraq artıq onun adı Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 nömrəli binanın qarşısındakı çörək sexi yerləşən torpaq sahəsinə, çörək sexinə və onun təsərrüfatına, qaz təchizatına heç bir aidiyyatı və hüququ yoxdur, heç bir vəzifə daşımır. Ona görə ədə Cavabdeh İB ilə Nadirov Mehman arasında olan mübahisənin Nadirov Mehmanın xeyrinə həll olunması onun hüquqlarına və vəzifələrinə toxunmur. Məhkəmə prosesində iştirak etməyinə əsas və lüzum görmür. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 3-cü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə məhkəmə bildirişi göndərilmiş, lakin 3-cü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X14 iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 tərəflər arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli, AMX-2812/20 nömrəli qazın alqı-satqısı barədə müqavilənin mövcud olmadığını, cavabdehdən tərəfindən iddiaçı X8 məxsus Bakı ş., Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 nömrəli binanın qarşı hissəsində yerləşən çörək sexində 28 sentyabr-xx xxxxxxxx 2020-ci il tarixlərdə qazın dayandırılmadığını bildirərək, iddiaçının tələbinin əsassız olduğunu iddia etmiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində fiziki şəxs X11 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AMX-2/3247 nömrəli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığına əsasən X11 tərəfindən Cavabdeh İB-nin “xxxx” ASC-nin Sabunçu Filialındakı hesabına 13,398 manat məbləğində ödəniş edilmişdir. - xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığına əsasən X11 tərəfindən Cavabdeh İB-nin “xxxx” ASC-nin Sabunçu Filialındakı hesabına 12.785.80 manat məbləğində ödəniş edilmişdir. - xx xxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığına əsasən X11 tərəfindən Cavabdeh İB-nin “xxxx” ASC-nin Sabunçu Filialındakı hesabına 13,628 manat məbləğində ödəniş edilmişdir. -xx xxxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığına əsasən X11 tərəfindən Cavabdeh İB-nin “xxxx” ASC-nin Sabunçu Filialındakı hesabına 12,508 manat məbləğində ödəniş edilmişdir. -xx xxxx 2020-ci il tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən X11 tərəfindən Cavabdeh İB-nin “xxxx” ASC-nin Sabunçu Filialındakı hesabına 11,805 manat məbləğində ödəniş edilmişdir. - xx xxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığına əsasən X11 tərəfindən Cavabdeh İB-nin “xxxx” ASC-nin Sabunçu Filialındakı hesabına 14,245 manat məbləğində ödəniş edilmişdir. - xx xxxxxx 2020-ci il tarixli 5554 nömrəli ödəniş tapşırığına əsasən X11 tərəfindən Cavabdeh İB-nin “xxxx” ASC-nin Sabunçu Filialındakı hesabına 11,761.40 manat məbləğində ödəniş edilmişdir. - xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığına əsasən X11 tərəfindən Cavabdeh İB-nin “xxxx” ASC-nin Sabunçu Filialındakı hesabına 13,202.80 manat məbləğində ödəniş edilmişdir. - xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığına əsasən X11 tərəfindən Cavabdeh İB-nin “xxxx” ASC-nin Sabunçu Filialındakı hesabına 3900 manat məbləğində ödəniş edilmişdir. - xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığına əsasən X11 tərəfindən Cavabdeh İB-nin “xxxx” ASC-nin Sabunçu Filialındakı hesabına 9272.20 manat məbləğində ödəniş edilmişdir. - paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində fiziki şəxs X11 arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AMX-2812/20 nömrəli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti Sabunçu XS tərəfindən X8 təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 133 nömrəli hesab fakturadan görünür ki, fiziki şəxsin xx.xx.2020-ci il tarixə olan borc məbləği 26,855 manat təşkil edir. - Cavabdeh İB tərəfindən X8 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı Regional Qazın Satışı Departamentinin abonent bazasında X5 adına abonent kodu olmadığı üçün hesab fakturaların təqdim edilməsi mümkün deyil. - Çörək sexinin istehsalat rəisi Behbud Heydərov, təsərrüfat rəisi Yunis Hüseynov, texnoloqu Nəzakət Dadaşova tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş ziyan aktından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı ş.,Zabrat qəsəbəsi, İstixana Kombinatı, 6 saylı Binanın qarşısı (indiki Ruslan Göyüşov küçəsi) ünvanında yerləşən fərdi sahibkar X5 lavaş (çörək) sexinə verilən qaz təchizatının Cavabdeh İB tərəfindən kəsilməsi nəticəsində 900 kq xəmirin yararsız hala düşməsinə görə 423 manat, xəmir qablarının təmizlənməsinə görə 100 manat, işçilərin məcburi boşdayanması nəticəsində 10000 manat dəymiş ziyan və 37000 manat əldən çıxmış fayda olmaqla cəmi 47523 manat məbləğində ziyan dəymişdir. - xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə X8 məxsus çörək (lavaş) sexinə verilən qaz təchizatı Cavabdeh İB tərəfindən kəsilmişdir. Bununla bağlı fərdi sahibkara və sexə əvvəlcədən heç bir nə şifahi, nə də yazılı məlumat və xəbərdarlıq verilməmişdir. İstifadə olunan qaza görə fərdi sahibkarın heç bir ödənilməmiş borcu olmamışdır və yoxdur. Fərdi sahibkar qazdan xx xxxxxx 2019cu il tarixli N-AKX2/3247 saylı müqavilə əsasında istifadə edir. - xx xxxxxxxx 2020-ci il tarixdə çörək (lavaş) sexinin işçiləri tərəfindən tərtib edilmiş aktla təsdiq edilmişdir ki, Cavabdeh İB tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə kəsilmiş qaz təchizatı xx xxxxxxxx 2020-ci il tarixdə axşam saat 18:40-da bərpa edilmişdir. - paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində fiziki şəxs X4 arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AMX-4183/20 nömrəli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - X4 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Cavabdeh İB-yə ərizə ünvanlanaraq bildirilmiş ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 nömrəli binanın qarşısında yerləşən, sahəsi 600 kv.m olan torpaq sahəsinə və həmin ünvanda yerləşən “Çörək sexi” adlanan obyektə dair bütün hüquqlarından imtina etdiyinin nəzərə alınmasını və obyektin qaz təchizatı üçün texniki sənədlərin, o cümlədən Texniki Şərt və Layihə sənədlərinin yenidən X2 adına bərpa olunmasını xahiş etmişdir. - Məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, fərdi sahibkar X8 məxsus Bakı ş.,Zabrat qəsəbəsi, İstixana kombinatın, 6 nömrəli binanın qarşısında yerləşən çörək sexinin 2020-ci il üçün qaz xərcləri 129,145.000 manat təşkil etmişdir. Göründüyü kimi, hazırkı mübahisə X5 istifadəsində olan qeyri-yaşayış obyektinin qaz təchizatının Cavabdeh İB tərəfindən müvəqqəti olaraq dayandırılması və onun nəticələri, eyni zamanda xx xxxxxxxx 2020-ci il tarixli, AMX-2812/20 nömrəli müqavilə ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14.2.1 ("Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır".) və 386.1-ci ("Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.") maddələri müqaviləni öhdəliyin yaranma əsası kimi müəyənləşdirir. Məhkəmə iddia tələbini "xx xxxxxxxx 2020-ci il saat 10 radələrində cavabdeh tərəfindən Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 №-li binanın qarşı hissəsində yerləşən çörək sexinin qaz təchizatının kəsilməsinin və xx xxxxxxxx 2020-ci il saat 18-40-dək qaz təchizatının dayandırmasının qanunsuz hesab edilməsi və Bakı ş., Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 №-li binanın qarşı hissəsində yerləşən Çörək sexində (abonent kodu 040602) təbii qaz istehlakına görə cavabdehə borcunun olmamasının müəyyən edilməsi, 040602 saylı abonent kodunun iddiaçının adına bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX-2812/20 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olduğundan bağlandığı andan etibarsız hesab edilməsi” hissələrində əsaslı hesab edir. Məhkəmə iddiaçının iddia ərizəsində sadaladığı tələblərinin hər birinə ayrıayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab edir. İlkin olaraq xx xxxxxxxx 2020-ci il saat 10 radələrində cavabdeh tərəfindən Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 №-li binanın qarşı hissəsində yerləşən çörək sexinin qaz təchizatının kəsilməsinin və xx xxxxxxxx 2020-ci il saat 18-40-dək qaz təchizatının dayandırmasının qanunsuz hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı yalnız qanunla müəyyən olunan hallar olduqda qazın verilməsini dayandıra bilər. Həmin maddənin 7-ci bəndinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 62-ci bəndinə əsasən, qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi islehlakçıya təqdim olunmalıdır. Hazırki işin hallarından məlum olur ki, cavabdeh tərəfindən yuxarıda sadalanan qanunvericilik normaları pozulmaqla, iddiaçıya heç bir məlumat verilmədən və heç bir yazılı bildiriş göndərilmədən xx xxxxxxxx 2020-ci il tarixdə ona məxsus Bakı ş.,Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 nömrəli binanın qarşı hissəsində yerləşən çörək sexinin təbii qaz təchizatı dayandırılmışdır və qazın verilməsinin dayandırılması ilə bağlı hər hansı bir akt tərtib edilməmişdir. Belə ki, iddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsi ilə yanaşı iddianı təmin etmə tədbiri barədə məhkəməyə ərizə təqdim etmiş və qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərardadla onun ərizəsi təmin edilərək qaz hasilatının verilməsinin dayandırılması Cavabdeh İB-yə qadağan edilmişdir və həmin tarixdə qərardad icra olunması üçün elektron məhkəmə informasiya sistemi vasitəsilə Bakı ş.,Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Buna baxmayaraq Cavabdeh İB tərəfindən çörək sexinin qaz təchizatı xx xxxxxxxx 2020-ci il dayandırılmış və 30 sentyabrda yenidən bərpa edilmişdir. Cavabdeh qazın verilməsinin bərpa edilməsi ilə bağlı da hər hansı bir akt tərtib etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin Çörək sexində təbii qaz istehlakına görə iddiaçının Cavabdeh İB-yə borcunun olmamasının müəyyən edilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti Sabunçu XS tərəfindən X8 təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 133 nömrəli hesab fakturadan məlum olur ki, iddiaçının xx.xx.2020-ci il tarixə olan borc məbləği 26,855 manat təşkil etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, X11 xx xxxxxx 2020-ci tarixdə 13,398 manat, xx xxxxxx 2020-ci il tarixdə 12.785.80 manat, xx xxxx 2020-ci il tarixdə 13,628 manat, xx xxxxx 2020-ci il tarixdə 12,508 manat, xx xxxx 2020-ci il tarixdə 11,805 manat, xx xxxx 2020-ci il tarixdə 14,245 manat, xx xxxxxx 2020-ci il tarixdə 11,761.40 manat, xx xxxxxxxx 2020-ci il tarixdə 13,202.80 manat, xx xxxxxxxx 2020-ci il tarixdə 3900 manat və xx xxxxxxxx 2020-ci il tarixdə 9272.20 manat məbləğində ödəniş həyata keçirilmişdir. Eyni zamanda abonentin saldosundan məlum olur ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatında yerləşən qeyri-yaşayış obyektinin qazdan istifadə edilməsinə görə 2020-ci ilin avqust ayına 26.855 manat borcu olmuşdur və həmin ay abonent tərəfindən ümumilikdə 29,855 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qaz sərfiyyatına görə hesablanmış məbləğ iddiaçı tərəfindən tam olaraq ödənilmişdir və ödənilməmiş borc məbləği qalmamışdır. Odur ki, məhkəmə bu hissədə də iddianı əsaslı hesab edir. İddia tələbinin 040602 saylı abonent kodunun iddiaçının adına bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, X11 ilə Cavabdeh İB arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli AKX2/3247 nömrəli qazın alqı-satqısı barədə müqavilə qüvvədə olmasına baxmayaraq Bakı ş., Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 nömrəli obyekti qaz təchizatı ilə bağlı ikinci bir müqavilə, hazırki iş üzrə üçüncü şəxs X4 ilə də müqavilə bağlanmışdır və iddiaçının adına olan abonent kodu onun adına keçirilərək iddiaçının adından çıxarılmışdır. İddiaçının adına olan abonent kodunun ləğv edilməsi faktını Cavabdeh İB tərəfindən X8 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda da açıq-aydın görmək mümkündür. Belə ki, iddiaçı hesab-fakturaların təqdim edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu abonent bazasında X5 adına abonent kodu olmadığını əsas göstərməklə hesab fakturaların təqdim edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin abonent kodunun ləğv edilməsi ilə bağlı hərəkətini qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı ilə bağlanmış müqavilə qüvvədə olmasına baxmayaraq əsassız olaraq abonent kodunun ləğv edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.Hansı ki, qeyri-yaşayış obyektinin qaz sərfiyyatına görə hesablanmış borc məbləğləri də iddiaçı tərəfindən tam olaraq ödənilmişdir və iddiaçının xx.xx.2019-cu il tarixli qazın alqı-satqısı barədə müqavilənin ləğvi ilə bağlı müraciəti olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bu hissədə də iddia əsaslı olduğundan təmin edilməli və 040602 nömrəli abonent kodu iddiaçının adına təkrarən bərpa edilməlidir. Məhkəmə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” AMX-2812/20 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi tələbi barədə Məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-cı maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə bu hissədə də, iddia tələbini əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında qazın alqı-satqısı barədə münasibətlər xx xxxxxx 2019-cu il tarixli, AKX2/3247 nömrəli müqavilə əsasında yaranmış və həmin müqavilə üzrə cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış obyektini qazla təchiz etmişdir. Həmin müqavilə qüvvədə olmasına baxmayaraq, tərəflər arasında xx xxxxxxxx 2020-ci il tarixdə qazın alqı-satqısı barədə yenidən müqavilə bağlanmışdır. Halbu ki, tərəflər arasında bağlanmış ilkin müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin 1 il müddətinə bağlanılması qeyd olunmuş, 7.3-cü bəndində isə istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən paylayıcı tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, müqavilənin müddətinin hər növbəti il üçün uzadılmış hesab olunması və bu halda yeni müqavilənin bağlanmasının tələb olunmaması göstərilmişdir. İşin hallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixli müqavilənin ləğv edilməsi üçün heç bir əsas mövcud olmadığından müqavilə ləğv edilməmişdir və odur ki, növbəti il müqavilənin müddəti avtomatik olaraq uzadılmışdır. Buna baxmayaraq tərəflər arasında xx xxxxxxxx 2020-ci ildə təkrar müqavilə bağlanmışdır. Cavabdehin nümayəndəsi belə bir müqavilənin mövcud olmadığını iddia etsə də, iddiaçı həmin müqavilənin bir surətini məhkəməyə təqdim etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin müqavilə üzrə tərəflər heç bir öhdəlik icra etməmiş, iddiaçı tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmiş, tərəflər arasında qazın alqı-satqısı ilə bağlı davam edən münasibətlər xx xxxxxx 2019-cu il tarixli müqaviləyə söykənmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə bağlanmış AMX-2812/20 nömrəli müqavilə müqavilənin Mülki Məcəllənin 337,340-cı maddələrində əqdin etibarsız sayılması üçün müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını sübut edə bilmişdir, həmin müqavilə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqddir. Məhkəmə iddia tələbini Cavabdehdən iddiaçının xeyrinə 47,523 manat məbləğində ziyanın ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçı iddia edir ki, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək olan müddətdə Cavabdeh İB tərəfindən çörək sexinin qaz təchizatının dayandırılması nəticəsində 900 kq xəmirin yararsız hala düşməsinə görə 423 manat, xəmir qablarının təmizlənməsinə görə 100 manat, işçilərin məcburi boşdayanması nəticəsində 10000 manat dəymiş ziyan və 37000 manat əldən çıxmış fayda olmaqla iddiaçıya cəmi 47523 manat məbləğində ziyan dəymişdir. Bununla bağlı iddiaçı tərəf yalnız sexin əməkdaşları tərəfindən imzalanmaqla tərtib edilmiş edilmiş xx xxxxxxx 2020ci il tarixli aktı təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılması olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələcə biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərəri) ifadə edir. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır. Buna görə də MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra - MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Göründüyü kimi, İddiaçı zərərə məruz qalmış şəxs kimi əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqlə bağlı və əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443-cü maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borclu idi. Lakin məhkəmə araşdırması zamanı İddiaçı real zərəri və əldən çıxmış faydanı müəyyənləşdirilərkən onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməyibsə, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı 510 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etsə də, hüquqi yardımın göstərilməsi ilə bağlı müvafiq ödəniş aparılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxxxxxx 2020-ci il saat 10 radələrində Cavabdeh İB tərəfindən Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 №-li binanın qarşı hissəsində yerləşən çörək sexinin qaz təchizatının kəsilməsi və xx xxxxxxxx 2020-ci il saat 18-40-dək qaz təchizatının dayandırması qanunsuz hesab edilsin. Bakı şəhəri, Zabrat qəsəbəsi, İstixana kombinatı, 6 №-li binanın qarşı hissəsində yerləşən Çörək sexində (abonent kodu 040602) təbii qaz istehlakına görə iddiaçı X5 Cavabdeh İB-yə borcunun olmaması müəyyən edilsin. 040602 saylı abonent kodunun iddiaçı X5 adına bərpa olunması vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulsun. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX-2812/20 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli müqavilə bağlandığı andan etibarsız hesab edilsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X8 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar