Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2440/2024 15.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2021-ci il tarixdə 030/21 saylı müqavilə bağlanmışdır.
1. Müqavilənin predmeti
1.1. Bu müqavilənin predmeti satıcının alıcını müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (əlavədə) göstərilən mallarla/avadanlıqlarla təmin etməkdən ibarətdir. Satıcı alıcının fəaliyyətim aşağıdakı meyarlar üzrə dəyərləndirir a) Ödəniş şərtlərinə riayət b) Sifarişlərin vaxtında verilməsi c) Malın vaxtında boşaldılması və s.
2. Tərəflərin hüquq və vəzifələri
2.1. Satıcı: 2.1.1. Malları və ya avadanlıqları razılaşdırılmış müddət ərzində Alıcının ünvanına çatdırmalı; 2.1.2. Malları və ya avadanlıqları tam və saz, yəni yararlı halda çatdırmalı. 2.2. Alıcı: 2.2.1. Mallar və ya avadanlıqlar təyinat məntəqəsinə çatdırıldıqda malların tamlığını yoxlamalı; 2.2.2. Müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (əlavədə) göstərilən malları qəbul etməli və müəyyən olunan müddətdə dəyərini ödəməli.
4. Müqavilənin məbləği və ödəniş şərtləri
4.1. Bu müqaviləyə əsasən malların dəyəri müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna (1 saylı Əlavə) müvafiq surətdə müəyyən olunur. 4.2. Ödəniş vasitəsi manatdır. ödəniş köçürmə yolu ilə təhvil-təslim edildikdən sonra hesab-faktura əsasinda satıcının hesabına köçürülür. 4.3. Hər iki tərəf müqaviləni imzaladıqdan sonra, satıcının hesabına qiymətlərin razılaşdırılması protokolunda göstərilən məbləğ 30 gün ərzində köçürməlidir.
9. Digər şərtlər
9.2. Müqavilə xx.xx.2022-ci ilə qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 6.926,01 manat məbləğində malların göndərilməsinə dair, o cümlədən ƏDV daxil 469,99 manat dəyərində xx.xx.2021-cü il tarixli EBBG seriyalı 328949 nömrəli, ƏDV daxil 141,60 manat dəyərində xx.xx.2021-cü il tarixli EBBO seriyalı 769832 nömrəli, ƏDV daxil 1.291,51 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBH seriyalı 072844 nömrəli, ƏDV daxil 236 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBO seriyalı 531177 nömrəli, ƏDV daxil 378,78 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBP seriyalı 771632 nömrəli, ƏDV daxil 73,16 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 216125 nömrəli, ƏDV daxil 108,56 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 952887 nömrəli, ƏDV daxil 1.193,81 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBR seriyalı 762687 nömrəli, ƏDV daxil 261,96 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBT seriyalı 458874 nömrəli, ƏDV daxil 61,36 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBU seriyalı 214104 nömrəli, ƏDV daxil 188,80 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBU seriyalı 949625 nömrəli və ƏDV daxil 2.520,48 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBV seriyalı 842438 nömrəli elektron qaimə-fakturalar tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
3. Satış fakturalarından görünür ki, 2022-ci ilin mart-may ayları ərzində İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV xaric 2.937 manat dəyərində mallar Cavabdeh MMC-yə təqdim edilmişdir.
4. İddiaçı MMC məhkəməyə siyahı təqdim edərək, Cavabdeh MMC-yə göndərilmiş ümumilikdə ƏDV daxil 3.273,32 manat məbləğində malların göndərilməsinə dair, o cümlədən ƏDV daxil 261,96 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBT seriyalı 458874 nömrəli, ƏDV daxil 61,36 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBU seriyalı 214104 nömrəli, ƏDV daxil 188,80 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBU seriyalı 949625 nömrəli, ƏDV daxil 2.520,48 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBV seriyalı 842438 nömrəli və ƏDV daxil 240,72 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBR seriyalı 762687 nömrəli elektron qaimə-fakturalar üzrə ödənişlər edilmədiyini qeyd etmişdir.
5. "xxxx" ASC-nin ödəniş tapşırıqları ilə təsdiq edilir ki, yuxarıda göstərilən elektron qaimələr üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə 222 manat; xx.xx.2023-cü il tarixdə 271,19 manat;xx.xx.2022-ci il tarixdə 1.094,5 manat; xx.xx.2022-ci il tarixdə 795 manat; xx.xx.2022-ci il tarixdə 400 manat;xx.xx.2022-ci il tarixdə 398,3 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 5 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 aprel 2021-ci il tarixli, 030/21 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar əsas borc üzrə 2.774 manat, ƏDV üzrə 499,32 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,74 manat olmaqla, cəmi 3.326,06 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 2021-ci ilin 09 aprel tarixində 030/21 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən satıcı, yəni İddiaçı MMC müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (Əlavədə) göstərilən malları və ya avadanlıqları razılaşdırılmış müddət ərzində alıcının, yəni Cavabdeh MMC-nin ünvanına tam və saz, yəni yararlı halda çatdırmağı, alıcı isə mallar və avadanlıqlar təyinat məntəqəsinə çatdıqda malların tamlığını yoxlamağı, müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (Əlavədə) göstərilmiş malları qəbul etməyi və müəyyən olunan müddətdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Nəzərə çatdırırlar ki, İddiaçı MMC ƏDV də daxil olmaqla, EBBR seriyalı, 762687 nömrəli 23 fevral 2022-ci il tarixli elektron qaimə-fakturaya, EBBT seriyalı, 458874 nömrəli 29 mart 2022-ci il tarixli elektron qaimə-fakturaya, EBBU seriyalı, 214104 nömrəli 09 aprel 2022-ci il tarixli elektron qaimə-fakturaya, EBBU seriyalı, 949625 nömrəli 22 aprel 2022-ci il tarixli elektron qaiməfakturaya və EBBV seriyalı, 843438 nömrəli 06 may 2022-ci il tarixli elektron qaiməfakturaya əsasən 3.273,32 manat məbləğində malı alıcıya, yəni Cavabdeh MMC-yə təslim etmişdir. İddiaçı MMC satıcı kimi müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icraetsə də, alıcı Cavabdeh MMC öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və ödəməli olduğu məbləği tam şəkildə bugünə qədər ödəməmişdir. Hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə müqavilə öhdəlikləri üzrə 2.774 manat, ƏDV üzrə isə 499,32 manat olmaqla, cəmi 3.273,32 manat məbləğində borcu qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, 030/22 nömrəli alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (Əlavədə) göstərilən malları qəbul etməli və müəyyən olunan müddətdə dəyərini ödəməlidir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 385.1, 386.1, 389.1, 399.4, 425, 442, 443, 445 və 598-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 030/21 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etsə də, cavabdeh həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə iddiaçıya ƏDV daxil 3.273,32 manat məbləğində borcu yaranmışdır.
20. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 3.273,32 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
21. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 52,74 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
22. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 52,74 manat təşkil edir.
23. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,74 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixdə 030/21 saylı müqavilə üzrə ƏDV daxil 3.273,32 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,74 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva