Məhkəmə qərarları › İş №e-2-2(113)-2441/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2441/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2441/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, təhvil-təslim aktı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 16272 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132,82 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, Cavabdeh MMC 23 dekabr 2023-cü il tarixli müqavilə əsasında həmin tarixdə iddiaçıdan təhvil aldığı malların müqabilində yaranmış borcunu ödəmədiyindən tərəflər arasında kommersiya mübahisəsi yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixində tərtib edilmiş təhvil-təslim aktlarından da görünür ki, cavabdeh ümumi dəyəri 16272 manat olan məhsulu təhvil almışdır. Lakin bu günədək müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək əldə etdiyi məhsulların dəyərini ödəməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli B-716 saylı bildiriş göndərilmişdir. Cavabdeh hüquqi şəxsin direktoru Qanuni nümayəndələ dəfələrlə telefon əlaqəsi saxlanılsa da, hər dəfə borcun ödənişini qısa müddət ərzində həyata keçirəcəyini bildirmiş, lakin bu günədək hər hansı ödəniş olmamışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, iddia ərizəsində malların təhvil-təslim tarixi olaraq xx.xx.2023-cü il göstərilsə də, tələb olunan borc məbləği cavabdehə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə təhvil verilmiş mallara görə yaranmışdır. Həmin tarixlərdə mallar təhvil verilmiş, lakin dəyəri ödənilməmişdir. Malların dəyərini təşkil edən 16272 manat pulun tutulması xahiş edilir.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına çatdırılmaqla, X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC (Satıcı qismində) ilə Cavabdeh MMC (Alıcı qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrindəki malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Malların növü, çeşidi, miqdarı, qiyməti və s. məlumatlar tərəflər arasında imzalanmış və bu müqavilənin ayrılmaz tərkib hissələri sayılan əlavələrlə (qiymət razılaşma protokolları və s.) müəyyən olunur (1-ci bənd). Ödəniş mallar çatdırılmazdan əvvəl müvafiq ödəniş sənədi əsasında həmin ödəniş sənədinin təqdim olunduğu andan 5 iş günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir (2.2). Malların təhvil verilməsi hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaları və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir (3.2).

11. Məhkəməyə təqdim edilən malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2023-cü il tarixdə ƏDV daxil 11742 manat, xx.xx.2024-cü il tarixdə ƏDV daxil 4529,98 manat dəyərində mallar cavabdehə təhvil verilmiş, aktlar hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.

12. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2023-ci il tarixli EBDV 951478 seriya və nömrəli elektron qaimə 11741,99 manat, xx.xx.2024-ci il tarixli MT2401 00047842 seriya və nömrəli elektron qaimə 4529,98 manat dəyərində malların verilməsinin rəsmiləşdirilməsi üçün iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-ci il tarixli EBDV 951478 seriya və nömrəli və xx.xx.2024-ci il tarixli MT2401 00047842 seriya və nömrəli elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdəki malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüş, tərəflər malların təhvil-təslimini təhvil-təslim aktı əsasında həyata keçirməyi razılaşdırmışlar. xx.xx.2023-cü il tarixdə ƏDV daxil 11742 manat, xx.xx.2024-cü il tarixdə ƏDV daxil 4529,98 manat dəyərində mallar cavabdehə təhvil verilmiş, malların təqdim edilməsinin rəsmiləşdirilməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-ci il tarixdə 11741,99 manat dəyərində EBDV 951478 seriya və nömrəli, xx.xx.2024-ci il tarixdə 4529,98 manat dəyərində MT2401 00047842 seriya və nömrəli elektron qaimələr təqdim edilmişdir

15. İddiaçı tərəf bildirir ki, alqı-satqı müqaviləsinə əsasən verilmiş malların dəyəri ödənilməmişdir və malların dəyəri olan 16272 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

16. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

17. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

19. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

20. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

21. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 2.2-ci bəndi ilə ödənişin ödəniş sənədinin təqdim olunduğu andan 5 iş günü ərzində ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

27. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 16271,97 manat (elektron qaimələrlə ödənilməsi tələb olunan 11741,99+4529,98) məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

35. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132,82 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

36. Elektron iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 132,82 manat dövlət rüsumu ödəmişdir.

37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

40. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132,82 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsi üzrə 16271 (on altı min iki yüz yetmiş bir) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (bir yüz otuz iki) manat 82 (səksən iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar