Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2443/2024 27.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022 tarixli № 22/38 və xx.xx.2023 tarixli No 23/17 Alğı-satqı müqavilələrinin 3.2-ci bəndinə əsasən yaranmış borcun tam məbləğdə mallar təhvil verildikdən sonra ən geci 2 ay ərzində bank ödənişi yolu ilə ödənilməli olduğu halda, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş 27890 manat ƏDV-siz, 3101.70 manat ƏDV məbləğləri olmaqla ümumilikdə 30991.70 manat borc məbləğinin ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022 tarixli № 22/38 və xx.xx.2023 tarixli No 23/17 alğı-satqı müqavilələrinə əsasən Cavabdeh MMC-yə mallar təqdim edilmişdir. Təqdim edilmiş malların satışı mühasibat uçotu, vergi qanunvericiliyi, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın tələbləri əsasında “Malların təhvil-təslim aktı” sənədi ilə rəsmiləşdirilmiş və bunun əsasında xx.xx.2023-cü il tarixli EBCL 262591 nömrəli və xx.xx.2023 tarixli EBDG 716092 nömrəli Elektron Qaimələr təqdim olunmuşdur. EBCL 262591 nömrəli e-qaimə üzrə 47600 ƏDV-siz, 8568 manat ƏDV məbləği olmaqla ümumilikdə 56168 manat, EBDG 716092 nömrəli E-qaimə üzrə 6300 ƏDV-siz, 1134 manat ƏDV məbləği olmaqla ümumilikdə 7434 manat olmaqla hər iki e-qaimə üzrə cəmi 53900 ƏDV-siz 9702 manat ƏDV olmaqla ümumilikdə 63602 manat borc məbləği yaranmışdır. Həmin borc məbləğindən 26010 manat ƏDV-siz, 6600.30 manat ƏDV borcu məbləğləri ödənilsə də, 27890.00 manat ƏDV-siz, 3101.70 manat ƏDV məbləğləri olmaqla ümumilikdə 30991.70 manat borc məbləği ödənilməmiş qalmışdır. xx.xx.2022 tarixli № 22/38 və xx.xx.2023 tarixli No 23/17 alğı-satqı müqavilələrinin hər ikisinin 3.2-ci bəndinə əsasən yaranmış borc tam məbləğdə Mallar təhvil verildikdən sonra ən geci 2 ay ərzində ərzində bank ödənişi yolu ilə həyata keçirilməlidir.Lakin Cavabdeh müqavilə tarixindən 10 ay müddət keçməsinə baxmayaraq borc məbləğini bugünədək ödəməmişdir. Həmin müqavilələrin 4.2.3-cü bəndinə əsasən “Alıcı” malların dəyərinin bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır. Bundan əlavə təhvil verilmiş malların çeşidi, miqdarı, keyfiyyəti barədə cavabdehin hər hansı etirazı olmamışdır. Borc məbləğlərinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən həmin məktuba cavab verilməmişdir. cavabdehin belə hərəkəti (hərəkətsizliyi) və müqavilə öhdəliklərinin icrasının vaxtının ləngidilməsi iddiaçının maddi-iqtisadi fəaliyyətinə zərər vurmaqdadır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.2, 427.1, 442, 600-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (Satıcı) və Cavabdeh MMC arasında imzalanmış 13 dekabr 2022-ci il tarixli 22/38 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X4 və ya Elektron qaimə-fakturada göstərilən mal-materialları “Alıcı”-ya satmağı, “Alıcı” isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqavilənin predmeti olan malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanan müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 və ya elektron qaimə-fakturaya uyğun olaraq müəyyən edilməsi şərtləşdirilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiymətləri hər çatdırma partiyasına uyğun tərtib olunmuş “X5”na və ya elektron qaimə-fakturaya uyğun olaraq müəyyən edilir, elektron qaimə fakturanın, alıcı tərəfindən imzalandığı (təsdiq edildiyi) tarix malların təhvil verildiyi tarix hesab edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” və “Satıcı” arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”nda göstərilən qaydada və formada Mallar təhvil verildikdən sonra ən geci 2 ay ərzində ərzində bank ödənişi yolu ilə həyata keçirilməlidir. İddiaçı MMC (Satıcı) və Cavabdeh MMC arasında imzalanmış 30 may 2023-cü il tarixli 23/17 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X5”nda və ya Elektron qaimə-fakturada göstərilən mal-materialları (bundan sonra müqavilədə “Mallar" kimi qeyd ediləcəkdir) «Alıcı»-ya satmağı, «Alıcı» isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqavilənin predmeti olan malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanacaq müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 və ya elektron qaimə fakturaya uyğun olaraq müəyyən ediləcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiymətləri hər çatdırma partiyasına uyğun tərtib olunmuş “X5”na və ya elektron qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. Elektron qaimə fakturanın, Alıcı tərəfindən imzalandığı tarix malların təhvil verildiyi tarix hesab edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” və “Satıcı” arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”nda göstərilən qaydada və formada Mallar təhvil verildikdən sonra ən geci 2 ay ərzində ərzində bank ödənişi yolu ilə həyata keçirilməlidir. xx.xx.2024-cü il tarixli borcların qarşılıqlı üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə qalıq borcu 30991,70 manat həddində müəyyən edilmiş və hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktı və 22/38 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən tərtib olunmuş X3 görünür ki, 56168 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktı və 23/17 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən tərtib olunmuş X3 görünür ki, 7434 manat dəyərində müxtəlif adda mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. EBCL seriyalı, 262591 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 56168 manat, EBDG seriyalı, 716092 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 7434 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC-nə məxsus "xxxx" ASC-də olan hesabdan çıxarışdan məlumatlarından görünür ki, Cavabdeh MMC tərəfindən müxtəlif tarixlərdə 5191,48 manat və 17826,34 manat məbləğində ödənişlər edilmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh MMC-yə satış və öhdəliklərin hərəkəti cədvəlinə əsasən xx.xx.2024-cü il tarixinə ödənilməli borc 30991,70 manat (ƏDV daxil) həddində müəyyən edilmiş və hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 183 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, borcların qarşılıqlı üzləşdirilmə aktı və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 27890 manat və 3101.70 manat ƏDV məbləği olmaqla, ümumilikdə 30991,70 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 30991,70 manat borc, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 183 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 13 dekabr 2022-ci il tarixli 22/38 nömrəli alqı-satqı müqaviləsi və 30 may 2023-cü il tarixli 23/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən 27890 manat məbləğ və 3101.70 manat ƏDV məbləğ olmaqla, ümumilikdə 30991 (otuz min doqquz yüz doxsan bir) manat 70 (yetmiş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 183 (yüz səksən üç) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2443/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2443/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver