Məhkəmə qərarları › İş №e-2-2(113)-2445/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2445/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2445/2020 01.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil oglunun, Cavabdehin nümayəndəsi X2 oglunun iştirakı ilə İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdeh “X1 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətinə qarşı cavabdehdən 5245.63 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 5245.63 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2445/2020 saylı qərardadına əsasən ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış və cavabdehə bildiriş göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən kiçik iddiaya dair kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə “X1 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyəti arasında AA 03/0119 saylı, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Alıcı tərəflər arasında razılaşdırılmış Əlavələrdə göstərilmiş malları alaraq müvafiq ödənişləri yerinə yetirməlidir. İddiaçı tərəfindən müvafiq mal və məhsullar Cavabdehə təqdim olunsa belə, cavabdeh tərəfindən ödəniş tam həmcdə yerinə yetirilməmiş və bunun nəticəsində 5245.63 AZN borc məbləği bu günə qədər ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə “X1 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyəti arasında AA 03/0119 saylı, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi baglanmış lakin müqavilə cavabdehdə qalmış iddiaçıya imzalanmış nüsxəsi qaytarılmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərlə tərəflər arasında alqı-satqının olması və cavabdehin borcu təsdiq olunur. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər olmuş hazırda cavabdehin iddiaçıya olan borcu 5245.63 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 oglu məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddia ərizəsi təmamilə əsassızdır, iddia ərizəsində göstərilən rəqəmlər kifayət qədər mübahisəlidir, tələb olunan məbləgin haradan yaranması əsaslandırılmamışdır. İddia ərizəsində borcun yranmasına əsas kimi göstərilmiş xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi barədə onda məlumat yoxdur, iddiaçı da həmin müqaviləni məhkəməyə təqdim etməmişdir. Elektron qaimələr isə sübut kimi qəbul oluna bilməz. Həmin qaimələr cavabdeh tərəfindən səhvən də təsdiq oluna bilər. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti xx.xx.2004-cü il tarixdə Dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli Elektron qaimədən görünür ki, iddiaçı cavabdehə 7967.71 manat dəyərində müxtəlif çeşiddə mallar satmışdır. xx.xx.2019-cu il tarixli Elektron vergi hesab-fakturasından müəyyən olunur ki, iddiaçı cavabdehə 7967.71 manat dəyərində müxtəlif çeşiddə mallar vermişdir. xx xxxxx 2019-cu il tarixli Elektron qaimədən və xx xxxxx 2019-cu il tarixli Elektron vergi hesab fakturasından görünür ki, iddiaçı cavabdehə 138 manat dəyərində müxtəlif ləvazimatlı mallar satmışdır. xx xxx 2019-cu il tarixli Elektron vergi hesab-fakturasından müəyyən olunur ki, iddiaçı cavabdehə 2563.55 manat dəyərində müxtəlif çeşiddə mallar satmışdır. 29 ədəd satış qaiməsinin surətlərindən görünür ki, iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 10488,95 manat dəyərində müxtəlif çeşiddə mallar satmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında alqısatqı münasibətləri olmuş, iddiaçı özünə məxsus malları cavabdehə verməyi, cavabdeh isə həmin malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşlər. İddiaçı öhdəliyini yerinə yetirmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya 5245.63 manat məbləğində borcu qalmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin mövcud olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin alqısatqı müqaviləsi məhkəməyə təqdim olunmasa da, iş materiallarına əlavə olunmuş elektron və satış qaimələrindən tərəflər arasında alqı-satqı müqaviləsinin baglanması təsdiq olunur. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 5245.63 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X1 İnvestisiya Korporasiyası” açıq səhmdar cəmiyyətindən 5245.63 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar