Məhkəmə qərarları › İş №e-2-2(113)-2450/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2450/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2450/2022 30.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 avqust 2020ci il tarixli, 0277-GH-GM/20 ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən 18,979.86 manat məbləğində əsas borcun, 11,330.46 manat məbləğində hesablanmış cərimənin, müvəqqəti təminat tədbiri barəsində ərizənin verilməsinə görə 21 manat olan dövlət rüsumunun və 210,00 manat ödənilmiş mediasiya xərcinin, toplam 30,541.32 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, 0277-GH-GM/20 ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən 18,979.86 manat məbləğində əsas borcun, 11,330.46 manat məbləğində hesablanmış cərimənin, müvəqqəti təminat tədbiri barəsində ərizənin verilməsinə görə 21 manat olan dövlət rüsumunun və 210,00 manat ödənilmiş mediasiya xərcinin, toplam 30,541.32 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. İddiaçı ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar cavabdeh ilə iddiaçı arasında 11 avqust 2020-ci il tarixli, 0277-GH-GM/20 saylı Ehtiyat hissələrinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavələrinə əsasən cavabdehə iddiaçı tərəfindən ümumi dəyəri ƏDV daxil olmaqla 27,879.86 manat dəyərində ehtiyat hissələri satılmışdır. Ehtiyat hissələrinin alqı-satqısı müqaviləsinin 2.6-cı maddəsinə əsasən “Satıcı”nın təqdim etdiyi hesab əsasında “Alıcı” əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra köçürmə yolu ilə 5 bank günü ərzində ödəməlidir. Lakin cavabdeh qeyd olunan məbləğin 8,900.00 manat hissəsini ödəmiş, 18,979.86 manat hissəsi isə ödəməmiş olaraq qalmışdır. Beləliklə, cavabdehin bu müqavilə üzrə əsas borcu 18,979.86 manat təşkil edir. Eyni zamanda, müqavilənin 4.1.3-cü maddəsinə əsasən gecikdirilmiş günlərə görə hesablanmış cərimənin həcmi 11,330.46 manat təşkil edir. Tərəflər arasında xx.xx.2020-ci il tarixində Qarşılıqlı hesablaşmalar haqqında Üzləşmə Aktı tərtib edilmiş və bu aktda cavabdehin iddiaçıya olan 18,979.86 manat məbləğindəki borcu təsdiq edilmişdir. Buna əsaslanaraq, cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə 05 yanvar 2022-ci il tarixli 0307 saylı pretenziya məktubları göndərilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0277-GH-GM/20 saylı Ehtiyat hissələrinin satışı müqaviləsindən görünür ki, iddiaçı Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020-ci il tarixli EBAP seriyalı 284846 saylı və xx.xx.2020-ci il tarixli EBAP seriyalı 774791 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 27879,86 manat dəyərində mal cavabdehə satılmışdır. xx.xx.2020-ci il tarixli 01 saylı və xx.xx.2020-ci il tarixli 02 saylı malların təhvil verilməsi haqqında aktlardan görünür ki, iddiaçı tərəfindən ümumilikdə 27879,86 manat dəyərində mal cavabdehə təhvil verilmiş və həmin mal cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2020-ci il tarixli Qarşılıqlı hesablaşmalar haqqında Üzləşmə Aktından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixə iddiaçıya kreditor borcunun məbləği 18979,86 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 0277-GH-GM/20 saylı Ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ümumilikdə 27879,86 manat dəyərində mal cavabdehə satılmış, həmin mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixə iddiaçıya kreditor borcunun məbləği 18979,86 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0277- GH-GM/20 saylı Ehtiyat hissələrinin satışı müqaviləsinə və xx.xx.2020-ci il tarixli Qarşılıqlı hesablaşmalar haqqında Üzləşmə Aktına əsasən yaranmış 18979,86 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 4.1.3-cü bəndinə əsasən, əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında “Alıcr’ya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, “Alıcı” hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcək. Lakin məhkəmə hesab edir ki, tələb olunan 11,330.46 manat dəbbə pulu məbləği yaranmış 18,979.86 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 900 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 210 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 180,99 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 65,61 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 147,75 manat (210 manat (mediasiya xərcinin məbləği) – 62,25 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 147,75 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, 0277-GH-GM/20 ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən 18979,86 manat məbləğində əsas borc, 900 manat məbləğində cərimə, müvəqqəti təminat tədbiri barəsində ərizənin verilməsinə görə 21 manat olan dövlət rüsumu və mediasiya xərcinə görə 147,75 manat, cəmi 20048,61 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2020-ci il tarixli, 0277-GH- GM/20 ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən 18979,86 manat məbləğində əsas borc, 900 manat məbləğində cərimə, müvəqqəti təminat tədbiri barəsində ərizənin verilməsinə görə 21 manat olan dövlət rüsumu və mediasiya xərcinə görə 147,75 manat, cəmi 20048,61 manat məbləğində vəsait Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar