Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2453/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 16284 manat əsas borc, 814,2 manat dəbbə pulu olmaqla ümumilikdə 17098,20 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 7 iyul 2022-ci il tarixli **********636 nömrəli malların alğı-satqısı müqaviləsinin şərtlərinə əsasən Satıcı Alıcıya hazırki müqaviləyə əlavə edilən və müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Sifariş Orderində qeyd olunan malları təchiz etmək, Alıcı isə malları qəbul edib bu Müqavilənin ödəniş şərtləri əsasında onların dəyərini Satıcıya ödəmək barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə Malların haqqı 01 saylı Əlavədə təsvir olunan Sifariş Orderinə/Sifariş Orderlərinə uyğun olaraq hesablanır. Satıcı (X2/Sifariş Orderlərində başqa şərtlər nəzərdə tutulmayıbsa) təchiz edilmiş Mallar görə Tərəflər arasında imzalanmış Təhvil-Təslim Aktı əsasında Alıcıya hesab-faktura və elektron qaimə-faktura təqdim edir. X2/Sifariş Orderlərində başqa müddət göstərilməyibsə, Alıcı ödənişi hesab-fakturanı aldığı tarixdən 30 (otuz) təqvim günü ərzində həyata keçirir. Satıcı tərəf olaraq Müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirərək 01 saylı Sifariş Orderində qeyd olunmuş malları xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində təhvil-təslim aktları ilə Alıcıya təhvil verməyinə və xx.xx.2022-ci il tarixində hesab-faktura göndərməyinə baxmayaraq, Alıcı bugünə kimi öz öhdəliyini yerinə yetirməyərək 16284 manat məbləğində borcunu ödəməmişdir. Baş verən pozuntunun aradan qaldırılması və müqavilə üzrə qeyd olunan borcun ödənilməsi haqqında cavabdehə dəfələrlə vergi ödəyicilərinin rəsmi qeydə alındığı e-taxes.gov.az saytı vasitəsi ilə elektron daşıyıcıda, həmçinin poçt vasitəsi ilə kağız daşıyıcıda pretenziya məktubları göndərməyinə və şifahi xəbərdarlıqlar etməyinə baxmayaraq, o, öz hərəkətsizliyi ilə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək iddiaçıya zərər vurmuşdur. 27 iyul 2022-ci il tarixli **********636 nömrəli malların alğı-satqısı müqaviləsinin 6.6 və 6.7-ci bəndlərinə əsasən cavabdeh 814,2 manat məbləğində dəbbə pulunu da iddiaçıya ödəməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1,21.2,385.1, 442, 445.1,445.2.1, 448.1, 448.2, 462.1-ci maddələrinə istinad olunmuşdur. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məkhəməyə müraciət edərək bildirmişdir ki, iddianın predmetini təşkil edən pul məbləğindən 16284 manat əsas borc cavabdeh tərəfindən iddiaçıya məhkəmə baxışı gedişində ödənilmiş və bununla bağlı təsdiqedici sənədlər elektron məhkəmə sisteminə əlavə edilmişdir. 27 iyul 2022-ci il tarixli **********636 nömrəli malların alğı-satqısı müqaviləsinin 6.6 və 6.7-ci bəndlərinə əsasən cavabdeh 814,2 manat məbləğində dəbbə pulunu da iddiaçıya ödəməlidir. Odur ki, Cavabdeh MMC-dən 814,20 manat dəbbə pulunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddia tələbi üzrə əsas borc məbləği məhkəmə prosesləri zamanı ödənilmişdir. Müqavilənin şərtlərinə əsasən dəbbə pulunun hesablanması nəzərdə tutulsa da, cavabdeh şirkətin ödənişləri gecikdirilməsi onların iradəsindən asılı olmayan səbəblərdən olmuş və bu gecikdirilmə əsaslı gecikdirilmə deyildir. Gecikdirilmə günlərinə görə hesablanmış 814 manat dəbbə məbləği şişirdilmiş məbləğdir. Tərəflər arasında məhkəmə prosesi gedişatı zamanı əsas borc məbləği ödənildikdən sonra dəbbə pulu ilə əlaqədar olan hissədən imtina edəcəkləri və ya güzəşt olunacağı barədə razılığa gəlinmişdi, lakin cavabdeh tərəf əsas məbləğ üzrə ödənişi həyata keçirsə də, qarşı tərəf onlara verdikləri vədə riayət etməmişdir. Sonda iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Satıcı” İddiaçı MMC-nin “Alıcı” Cavabdeh MMC arasında bağlanmış 7 iyul 2022-ci il tarixli **********636 nömrəli malların “Alqı-satqı” müqaviləsindən görünür ki, Satıcı bu Müqavilə ilə müəyyən olunmuş qaydada Alıcının yazılı sifarişi əsasında, bu Müqaviləyə əlavə olunmuş 01 saylı Sifariş Orderində / Sifariş Orderlərində müəyyən olunmuş malların (bundan sonra “Mallar" adlanacaq). Alıcı isə Mallari qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini (bundan sonra “Mal haqqı”) ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə Malların haqqı 01 saylı Əlavədə təsvir olunan Sifariş Orderinə / Sifariş Orderlərinə uyğun olaraq hesablanır. Satıcı (X2 / Sifariş Orderlərində başqa şərtlər nəzərdə tutulmayıbsa) təchiz edilmiş Mallara görə Tərəflər arasında imzalanmış Təhvil-Təslim Aktı əsasında Alıcıya hesab-faktura və elektron qaimə-faklura təqdim edir. X2 / Sifariş Orderlərində başqa müddət göstərilməyibsə. Alıcı ödənişi hesab-fakturanı aldığı tarixdən 30 (otuz.) təqvim günü ərzində həyata keçirir. Müqavilənin 6.6-cı maddəsinə əsasən Alıcı bu Müqavilənin 2.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini bu Müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, Satıcı icranın gecikdirildiyi hər təqvim günü üçün bu gecikdirilən ödənişin 0.1%-i (sıfır tam onda bir faizi) həddində cərimə ödənilməsini tələb edə bilər. Müqavilənin 6.7-ci maddəsinə əsasən Cərimənin ümumi məbləği gecikdirilmiş ödənişin 5%-dən (beş faizindən) çox ola bilməz. Cərimənin məbləği 5%-ə (beş faizə) çatdıqda Satıcı bu Müqaviləni ləğv etmək hüququna malikdir. 7 iyul 2022-ci il tarixli **********636 nömrəli malların “Alqı-satqı” müqaviləsinə Əlavə 01 Sifariş Orderinə əsasən tərəflər ümumi dəyəri 16284 manat olan “Dirək Stop” nişanı 0,70 sm, “20 km/saat” sürət nişanı 0,70 sm, “Giriş qadağandır” nişanı 0,70 sm, “Hündürlüyün məhdudlaşdırılması” 0,70sm, “Təhlükəli döngə sağa” 70sm*70, “Təhlükəli döngə sola” 70*70sm, “Maniəni sağdan və soldan keçmək” 0,70sm malların ünvan 1 ünvanına çatdırılması ilə bağlı razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən 16284 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022-ci il təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən təhvil verilən 124 ədəd dirək malın keyfiyyəti və görülən işlə bağlı Cavabdeh MMC–nin heç bir iradı olmamışdır. xx.xx.2022-ci il təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən təhvil verilən 21 ədəd “Stop Nişanı” 0,70 sm, 2 ədəd “20km/saat” sürət nişanı 0,70 sm 4 ədəd “Giriş qadağandır” nişanı 0,70sm 25 ədəd Hündürlüyün məhdudlaşdırlması 0 70sm 3 ədəd Təhlükəli döngə sağa 70sm*70 4 ədəd Təhlükəli döngə sola 70*70sm 1 ədəd Maniəni sağdan və soldan keçmək 0,70sm malların keyfiyyəti və görülən işlə bağlı Cavabdeh MMC–nin heç bir iradı olmamışdır. EBCB seriyalı, 483438 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 16284 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC-yə olan 16284 manat əsas, 814,20 cərimə məbləğini 5 (beş) iş günü müddətində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 001XOH********** saylı xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 13800 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2484 manat ödəniş edilmişdir xx.xx.2025-ci il tarixli **********54 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 141,30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların qalıq dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya əsas məbləğ üzrə 16284 manat borcunun olması və məhkəmə gedişatı zamanı 16284 manat əsas borc məbləğini ödəməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh işə məhkəmədə baxıldığı müddətdə gecikdirdiyi əsas borc məbləğini ödədiyinə görə iddiaçı iddia tələbinin həcmini azaldaraq yalnız 814,20 manat cərimə məbləğinin tutulmasını tələb etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının, Mülki Məcəllənin 465.2-ci maddəsinə və cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən müqavilə ilə nəzərdə tutulan öhdəliyin gecikdirilməsi üçün 814,20 manat cərimə məbləğini cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, cavabdeh tərəfindən əsas borcun ödənildiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 650 manat müəyyən olunmalıdır. Bundan başqa iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141,30 manat dövlət rüsumunun 135 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 650 (altı yüz əlli) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 135 (yüz otuz beş) manatın əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2453/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2453/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver