Məhkəmə qərarları › İş №e-2-2(113)-2455/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2455/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2455/2020 20.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4799.00 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablamaqla, 410 manat, 30 manat dövlət rüsumu, cəmi 5239.00 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4799.00 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablamaqla, 410 manat, 30 manat dövlət rüsumu, cəmi 5239.00 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan, “BAİC BJ” ** PF *** dövlət qeydiyyat nişanlı markalı Ban LNBSCCAJXER420170 minik avtomobili cavabdehdə sığortalanmış MC********** saylı kasko sığorta şəhadətnaməsi verilmişdir. Sığortalı avtomobil xx xxxx 2020-ci il tarixdə saat təxminən 14:50 radələrində “BAİC BJ MİNİK” markalı ** PF *** dövlət qeydiyyatlı avtonəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən sürücü X1 rayonu Şəhər Şossesi istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan ”avtomobil” ** RB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini arxadan vurmuşdur. Avtoqəza nəticəsində kasko sığortalı avtomobilə 4799.00 manat ziyan dəymişdir. Sığortalı avtomobilin sığorta şəhadətnaməsi ilə təminat verilən riskdən avtonəqliyyat haddisəsindən baş verməsi, avtomobili idarə edən şəxsin ayıq olması, avtomobilə dəyən zərərlər istinad edilən müvafiq dövlət orqanı tərəfindən qəbuledilən qərarda birmənalı göstərilmişdir. Bundan əlavə, sığortalı olaraq sığorta haqqı cavabdehə ödənilmiş, sığorta hadisəsi barədə səahiyyətli dövlət orqanına Dövlət Yol Polisinə məlumat verilmişdir, hadisə yerində sürücü qalmışdır və avtomobili idarə etmək hüquq verən sürücülük vəsiqəsini DYP-nə təqdim etmişdr. Sığorta hadisəsi baş verən zaman hadisə yerinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon DYPŞ nin əmədaşı gəlmiş, “İnzibati tənbeh vermə haqqında” TP ******* saylı qərar qəbul etmişdir. Tam sığortalı avtomobilin sürücüsü X7 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat miqdarında cərimə edilmişdir. Sürücülər ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobilərə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. İddiaçı, Kasko (tam) Sığortala avtomobilə dəymiş zərəri cavabdehdən tələb etsə də, sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Hadisə baş verdikdən sonra müvafiq dövlət orqanlarına və sığortaçıya məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmişdir. Sığortaçıya müraciət edilməsinə baxmayaraq, bu günə qədər avtomobillərə dəymiş ziyan ödənilmir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd olunan avtoçobil eyni zamanda “Paşa Sığorta” açıq səhmdar cəmiyyətində icbari sığorta olunmuş, sürücünün kasko sığortadan məlumatı olmadığından hadisə baş verən vaxt sürücü “Paşa Sığorta” açıq səhmdar cəmiyyətinə məlumat vermiş, onların əməkdaşları hadisə yerinə gəlmişdir. Sürücü hadisə barədə iddiaçıya gec məlumat vermiş, bu səbəbdən cavabdehə bir neçə gün sonra müraciət edilmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə MC********** saylı sığorta müqaviləsi bağlanmış və “BAİC" markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məktubla cavabdehə müraciət edərək, xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş müraciətə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş hadisə barədə raportda həmin avtonəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə qəzaya uğradığı və bu barədə cavabdehə xx.xx.2020-ci il tarixdə məlumat verildiyi qeyd edilmişdir. Hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 tərəfindən cavabdehə təqdim edilmiş Arayışda və digər sənədlərdə yol-nəqliyyat hadisəsinin xx.xx.2020-ci il tarixdə saat 14:50də baş verdiyi qeyd edilmişdir. Beləliklə, hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda hadisə barədə cavabdehə dərhal deyil, hadisədən 6 gün sonra məlumat verilmişdir. İddiaçı MMC bağlanmış sığorta şəhadətnaməsinə əlavə edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin Kasko Sığortası Qaydaları”nın 12.1 -ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan sonra mümkün olan ən qısa müddət ərzində, lakin 24 saatdan gec olmamaq şərtilə sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Zərər dəymiş “BAİC” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra hadisə yerindən aparılmaqla, sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə cavabdehin əməkdaşlarına təqdim edilməmişdir. Bununla da, göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. MC********** saylı Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçıya məxsus “BAİC BJ MİNİK” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2022-ci il tarixədək cavabdeh tərəfindən şərtsiz azadolma 450 manat olmaqla 9000 manat məbləğində kasko sığorta növü ilə sığortalanmışdır. AC seriyalı 691344 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BAİC BJ MİNİK” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının adına qeydiyyata alınmışdır. İXP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X7 idarə etdiyi “BAİC BJ MİNİK” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə saat 14:50-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. TP ******* saylı “İnzibati tənbeh vermə haqqında" qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İddiaçının servis mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “BAİC BJ MİNİK” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4799 manat məbləğində ziyan dəymişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, nəqliyyat hadisəsinin təfərrüatlarına dair Dövlət X12 tərəfindən arayış tərtib olunmuşdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya məxsus “BAİC BJ MİNİK” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2022-ci il tarixədək cavabdeh tərəfindən şərtsiz azadolma 450 manat olmaqla 9000 manat məbləğində kasko sığorta növü ilə sığortalanmışdır. Cavabdeh tərəfindən sığortalanmış etibarnamə əsasında X5 idarə etdiyi iddiaçıya məxsus “BAİC BJ MİNİK” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə saat 14:50-də digər avtomobillə toqquşmuş və nəticədə “BAİC BJ MİNİK” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə 4799 manat məbləğində ziyan dəymişdir. Göründüyü kimi iddiaçıya məxsus “BAİC BJ MİNİK” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalanmış olması və xx.xx.2020-ci il tarixdə qəzaya uğraması işin mübahisələndirilməyən hallarıdır. Mübahisəli olan, hadisə barədə məlumat verilmə vaxtı baxımından sığortaçının hadisənin mahiyyətini müəyyənləşdirmək imkanından məhrum olub-olmadığı ilə bağlıdır və cavabdeh şirkət əsasən iddiaçının hadisə barədə dərhal məlumat verməməsinə əsaslanmaqla ona sığorta ödənişi verməkdən imtina etmişdir. Bu baxımdan məhkəmə, sığorta hadisəsi, bu hadisə barədə məlumat vermək vəzifəsi və bununla əlaqədar sığorta ödənişlərini müəyyən etmək üçün əlaqədar qanunvericilik və digər normativ-hüquqi aktlar əsasında təhlil aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Həmin Məcəllənin 923-cü maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsində (şəhadətnamədə) isə təsbit olunmuşdur ki, “sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə xəbər verməlidir”. Göründüyü kimi, sığorta hadisəsi barədə məlumat vermək vəzifəsinin tezliyi (müddəti) Mülki Məcəllədə “dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində”, sığorta şəhadətnaməsinin “Qeyd” hissəsinin 9-cu bəndində isə “hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində” kimi müəyyənləşdirilmişdir. Cavabdeh şirkətin iddia ərizəsinə etirazın əsas dəlili də məhz ondan ibarətdir ki, iddiaçı hadisə baş verdikdən “dərhal sonra” deyil, 6 gün sonra məlumat verməklə şirkəti hadisənin səbəblərini və dəymiş ziyanın həcmini müəyyənləşdirmək imkanından məhrum etmişdir. Məhkəmə iddia ərizəsinə etirazın bu dəlilini əsassız hesab edir. Belə ki, nəzərə alınmalıdır ki, “dərhal” ifadəsi qısa vaxt dövrünü bildirən mücərrəd ifadə olmaqla, hər bir hadisənin baş vermə yeri və vaxtı baxımından qiymətləndirilməlidir və barəsində məlumat verilməli olan hadisənin mahiyyətindən (yerindən, baş vermə vaxtından, şəraitindən və s.) asılı olaraq “dərhal”lıq 1 saat, 1 gün, hətta bir gündən çox da ola bilər. Eyni zamanda, tərəflər arasında bağlanmış sığorta müqaviləsində (şəhadətnamədə) sığorta hadisəsinin baş verməsi barədə məlumatın hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində xəbər verməli olması qeyd etməklə sığorta hadisəsi barədə məlumat vermək üçün konkret müddət müəyyən edilməmişdir. Qaldı ki, sığorta ödənişinin verilməsindən imtina etmək üçün cavabdehin istinad etdiyi arqumentin konkret mübahisə üzrə ümumiyyətlə imtinaya əsas verməli olubolmadığı məsələsi də mülki qanunvericiliyin əlaqədar maddələrinin məzmunu və məqsədləri baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub - olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Göründüyü kimi, cavabdehin istinad etdiyi “dərhal məlumat verilməməsi” arqumenti yalnız o halda sığorta ödənişinin verilməsindən imtinaya əsas verir ki, məlumatın “dərhal” kimi qiymətləndirilə bilən müddət ərzində verilməməsi sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması ilə nəticələnmiş olsun. Halbuki, yuxarıda gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, sığortaçıya məlumat “dərhal” ifadəsini də ehtiva edən mümkün olan ən qısa zamanda verilmişdir və sığortaçını hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edəcək qədər uzun müddət olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, yolnəqliyyat hadisəsi baş verən kimi müvafiq icra hakimiyyəti orqanı olan Dövlət X9 əməkdaşları hadisəni rəsmiləşdirmiş, müvafiq protokol tərtib edilərək hadisənin səbəbləri, hadisə yerinin sxemi, baxış protokolu, sürücünün izahatı, onun sərxoşluq vəziyyəti və digər xüsusatlar qanuna uyğun olaraq sənədləşdirilmişdir. Qeyd etmək lazımdır ki, yolnəqliyyat hadisəsinin səlahiyyətli orqanlar tərəfindən araşdırılması nəticəsində müəyyən edilmiş halların şübhə altına alınması əsaslı dəlil hesab edilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 85-ci maddəsinin 6-cı bəndinin “qeyd” hissəsinə əsasən, yol hərəkəti qaydalarının pozuntusu haqqında inzibati protokol həmin pozuntu və qaydanı pozan şəxs barəsində məlumatları əks etdirən əsas sənəddir. Belə olan halda isə, sığorta şirkətinin hadisənin səbəblərini araşdırması köməkçi xarakter daşımaqla şirkət, əsasən dəyən zərərin həcmini müəyyənləşdirməlidir ki, hazırkı mübahisədə cavabdeh müəssisə üzərinə düşən bu öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia sığorta hadisəsi nəticəsində dəymiş zərər hissəsində əsaslı olduğundan 4799 manat məbləğdən şərtsiz azad olma məbləği (450 manat) çıxmaqla dəymiş zərər, 4349 manat məbləğində sığorta ödənişi iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb qanundan irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 410 manat dəbbə pulu məbləği yaranmış 4799 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 200 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4349 manat və 200 manat cərimə tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (4549 manat) iddia tələbinin (5209 manat) 87,33 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,20 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,80 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4349 manat və 200 manat cərimə tutularaq "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu məbləğinin 26,20 manat məbləği "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin, qalan 3,80 manat məbləği isə "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar