Məhkəmə qərarları › İş №e-2-2(113)-246/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-246/2020

01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-246/2020 01.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və X4 Materialları İnstitutunun Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və X4 Materialları İnstitutu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 1115/14 saylı, müqavilənin şərtlərinə görülmüş işlər üzrə yaranmış ƏDV daxil 13.782,80 manat məbləğin, ödənişin gecikdirilməsi ilə əlaqədar 689,14 manat faizlərin, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 14.501,94 manat pulun Cavabdeh hesabından tutularaq, S.Ə. Dadaşov adına Elmi- Tədqiqat və X4 Materialları İnstitutunun hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə S.Ə. Dadaşov adına Elmi- Tədqiqat və X4 Materialları İnstitutu arasında bağlanılmış 1115/14 nömrəli, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 1 ədəd 2 səviyyəli zirzəmi ilə 16 mərtəbəli yaşayış binasının tikintisində istifadə olunan inşaat materiallarının sınaq işləri aparılmışdır. Qeyd edilən xidmətlə əlaqədar 1115/14 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilənin dəyəri ƏRP ilə birlikdə ƏDV daxil olmaqla 19.382,80 manat təşkil etmişdir, cavabdeh tərəfindən görülmüş sınaq işlərinə görə 13.782,80 manat məbləğində pul vəsaiti Kooperativə müraciət edilməsinə baxmayaraq, bu günə kimi ödənilməmişdir. Mövcud problem uzun müddətdir ki, davam edir və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X4 Materialları İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh (sifarişçi) ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutu arasında xx xxxxxx 2014-cü il tarixdə 1115/14 saylı sınaq işlərin aparılmasına dair müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində 1 ədəd 2 səviyyəli zirzəmi ilə 16 mərtəbəli yaşayış binasının tikinti-quraşdırma işlərində istifadə olunan tikinti materiallarının keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq yoxlama-sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin ümumi qiymətinin ƏDV daxil olmaqla 12.413,68 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə görə sifarişçi yerinə yetirilmiş işlərə (xidmətlərə) görə müqavilə qiymətinin 30%-ni əvvəlcədən avans şəklində ödəyir. Müqavilə qiymətinin qalan hissəsi 70% görülmüş işlərin (xidmətlərin) həcmindən asılı olaraq təqdim edilmiş müvafiq hesab-fakturaya uyğun aparılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx xxxx 2015-ci il tarixli Yoxlama-Sınaq işlərinin aparılmasına dair 1115/14 saylı Müqaviləyə dəyişikliklər və əlavələr edilməsi barədə 1 №-li Qiymətin razılaşdırma protokoluna əsasən xx xxxxxx 2015-ci il tarixə bina üzrə tamamlanmamış tikinti işlərinin qalıq sahəsinin 14.765,07 m2 olması müəyyən edilmişdir. xx xxxxxx 2015-ci il tarixdən sonra aparılan yoxlama-sınaq işlərinin hər m2 qiymətinin 1.00 manat olması, bununla belə, müqavilənin dəyərinə əlavə olunan məbləğin cəmi (ƏDV daxil) 6.969,12 manat olması müəyyən edilmişdir. Həmin müqavilə üzrə 662/18 saylı, xx xxxxxx 2018-ci il tarixli yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün akta əsasən hər iki tərəf müqavilə şərtlərinə uyğun olaraq yoxlamasınaq işlərinin yerinə yetirilməsini təsdiq etmiş və aktlar üzrə sifarişçi tərəfindən ödənilməli məbləğin ümumilikdə 14.782,00 manat olmasını müəyyən etmişlər. xx.xx.2019-cu il tarixdə iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutu tərəfindən Cavabdeh MTK-yə ünvanlanmış pretenziya məktubu ilə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MTK (sifarişçi) ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutu (icraçı) arasında xx xxxxxx 2014-cü il tarixli, 1115/14 saylı müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilələrdə göstərilmiş işləri görərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, görülmüş işlərin dəyərini tam şəkildə ödəməməklə, sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MTKnın göstərilən müqavilələr üzrə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutuna olan borcu 13.782,80 manat təşkil edir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə 689,14 manat pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə Cavabdeh MTK-nın pul öhdəliyinin icrasını 1 ildən artıq müddət ərzində gecikdirildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və X4 Materialları İnstitutu Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 % hesabı ilə bir illik müddət üçün 689,14 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx xxxxxx 2014-cü il tarixli, 1115/14 saylı müqavilə üzrə 13.782,80 manat (on üç min yeddi yüz səksən iki manat səksən qəpik) məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 689,14 manat (altı yüz səksən doqquz manat on dörd qəpik) məbləğində faiz, cəmi 14.501,94 manat (on dörd min beş yüz bir manat doxsan dörd qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və X4 Materialları İnstitutuna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar