Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-246/2021 04.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi, Vəkil1 və cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı pul tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Cavabdeh" MMC-dən xeyrinə xx xxxx 2016-cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası haqqında müqavilə üzrə 4162,33 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixli, 0YC**********1 saylı distributor müqaviləsi üzrə 4650,76 ABŞ dolları, cəmi 8813,09 ABŞ dollarının və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu 30 manatın tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bir neçə müqavilə bağlanmışdır. Cavabdehin borcu qalan müqavilələr aşağıdakılardır: xx xxxx 2016-cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası haqqında müqavilə. Bu müqavilə üzrə iddiaçının öz öhdəliklərini tamamilə yerinə yetirdiyi və cavabdeh tərəfindən qəbul edildiyi tərəflərin 2017-ci il dekabrın 18-də imzaladıqları aktla təsdiq edilmişdir. Bu müqavilə üzrə qalan borc məbləği - 4162,33 ABŞ dollarıdır. xx xxxxxx 2017-ci il tarixli, 0YC**********1 saylı distributor müqaviləsi, qalan borc məbləği - 4650,76 ABŞ dolları (borc məbləği cavabdeh tərəfindən yazılı qaydada təsdiq edilmişdir). Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, cavabdeh borc öhdəliyini hələ də icra etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi, Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx xxxx 2016-cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası haqqında müqavilə üzrə iddia müddətinin tətbiq edilməsi mümkün deyil, belə ki, həmin müqavilə 1 il müddətinə bağlanılsa da, istismara qəbul aktı xx.xx.2017-ci il tarixdə tərtib edilmiş, məhkəməyə hazırki tələblə isə xx.xx.2020-ci il tarixdə müraciət olunmuşdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi, Vəkil2 iddianı qəbul etməyərək, izahatında xx xxxx 2016-cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası haqqında müqavilənin 3.2-ci maddəsinə əsasən cavabdehin 15 təqvim günü ərzində ödəmə öhdəliyin olmasını, 7.1-ci maddəsinə əsasən isə müqavilənin 1 il ərzində etibarlı olmasını, iddiaçının isə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etdiyinə görə hər iki müddətdən 3 il keçdiyini bildirərək, iddia müddəti tətbiq edilməklə (ərizə təqdim edilib) tələbin həmin hissədə rədd edilməsini xahiş etmişdir. Eyni zamanda xx xxxxxx 2017-ci il tarixli, 0YC**********1 saylı distributor müqaviləsi üzrə iddaiçı tərəfindən xidmətlərin göstərilməsi, onun qəbulu barədə və digər mötəbər sübutun təqdim edilmədiyini nəzərə alaraq iddia tələbin həmin hissədə də rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 0Y**********20 nömrəli texniki xidmətlərin icrası üzrə müqavilə və həmin müqaviləyə 1 saylı qoşma olan xx.xx.2016-cı il tarixli qiymətlər cədvəlindən (Price List) görünür ki, İcraçı "İddiaçı" MMC sifarişçiyə - "Cavabdeh" MMC 4162,33 manat məbləğində ehtiyyat hissələrinin növbəti iş günü təminatı xidmətini icra etməyi, müqavilənin 3.2-ci maddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəməyi, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 15 təqvim günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə imzalanmış istismara qəbul aktından görünür ki, 0Y**********20 nömrəli müqavilə əsasında Huavei şirkəti tərəfindən layihəyə əsasən görüləcək işlər müvəffəqiyyətlə başa çatdırılmış, həmçinin tərəflərin bağladığı 0Y**********20 nömrəli müqaviləyə əsasən xidmətlər istismara qəbul olunur. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələri). Göründüyü kimi iddiaçı "İddiaçı" MMC ilə "Cavabdeh" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, "İddiaçı" MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək, yəni göstərilmiş xidmətlərin (işlərin) qarşılığına görə xx xxxx 2016-cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası haqqında müqavilə üzrə 4162,33 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, 0Y**********20 nömrəli texniki xidmətlərin icrası üzrə müqavilə xx.xx.2016-cı il tarixində və həmin tarixdə də tərəflərin qiymətlər cədvəlini imzalanmış, müqavilə üzrə 3.2-ci maddəsinə əsasən ödənişin 15 təqvim günü müddətində edilməsi, 7.1-ci maddəsinə əsasən isə müqavilənin 1 il ərzində, etibarlı olmasını, məhkəməyə isə xx.xx.2020-ci il tarixdə müraciət edilməsi iddia müddətinin keçməsi kimi qiymətləndirilə bilməz, belə ki, 0Y**********20 nömrəli müqavilə əsasında Huavei şirkəti tərəfindən layihəyə əsasən görüləcək işlər xx.xx.2017-ci il tarixində istismara qəbul olunmuşdur. Bu da onu deməyə əsas verir ki, müqavilə üzrə öhdəliklər xx.xx.2017-ci il tarixdə icra edilmiş və müqavilə üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə yəni, xx.xx.2017-ci il tarixində başlanır, iddiaçı da məhkəməyə 3 illik iddia müddəti keçmədən, yəni xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə heab edir ki, iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı "İddiaçı" MMC xx xxxxxx 2017-ci il tarixli, 0YC**********1 saylı distributor müqaviləsi üzrə 4650,76 ABŞ dolların ödənilməsi tələbi hissədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2016-cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası haqqında müqavilə üzrə yaranmış 4162,33 ABŞ dolları məbləğində pul cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 8813,09 ABŞ dolları məbləğində olan iddia tələbinin yalnız 4162,33 ABŞ dolları (47,22%) təmin olunduğuna görə dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 14,16 manat məbləğində pul cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2016-cı il tarixli, 0Y**********20 saylı texniki xidmətlərin icrası haqqında müqavilə üzrə yaranmış 4162,33 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 14,17 manat məbləğində pul cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-246/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-246/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver