Məhkəmə qərarları › İş №e-2-2(113)-2462/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2462/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2462/2023 21.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, CC**********4 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 959,82 manat xidmət haqqı borcu və 495,85 manat cərimə pulu olmaqla cəmi 1.455,67 manat məbləğində pul vəsaitinin, 110 manat hüquqi yardıma görə ödənişin, 40 manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında cavabdehə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 17 iyun 2022-ci il tarixli, CC**********4 saylı xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 4.5-ci bəndinə əsasən şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi hər təqvim ayının sonunda şirkətin təqdim etdiyi müvafiq sənədə əsasən, yəni invoys, hesab-faktura təqdim edildikdən sonra 30 gün ərzində bank köcürməsi yolu ilə həyata keçirilməsi, əks təqdirdə hər keçən gün üçün invoys məbləğinin 0,3% həcmində cərimə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilənin qeyd olunan bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, təqdim edilmiş 28 iyun 2022-ci il tarixli CS 014\22 saylı hesab-faktura ilə 2022-ci ilin iyun ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 416,78 manat məbləğində xidmət haqqı; -təqdim edilmiş 05 iyul 2022-ci il tarixli CS 004\07\22 saylı hesab-faktura ilə 2022-ci ilin iyul ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 543,04 manat məbləğində, cəmi 959,82 manat xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi şirkətə ödənilməmişdir. Müqavilənin 4.5-ci maddəsinə görə cavabdeh xidmət haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Həmçinin xidmət haqqı məbləğləri vaxtında ödəmədiklərinə görə hər keçən gün üçün müqavilə şərtinə uyğun olaraq ödənilməmiş məbləğin 0,3% məbləğində cərimə hesablanır. Yəni təqdim edilmiş - 28 iyun 2022-ci il tarixli CS 014\22 saylı hesab-faktura ilə 2022-ci ilin iyun ayında göstərilmiş xidmət üçün xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 416,78 x 0,3%=1,25 manat x 175 (5 ay25 gün) = 218,75 manat; təqdim edilmiş- 05 iyul 2022-ci il tarixli CS 004\07\22 saylı hesab-faktura ilə 2022-ci ilin iyul ayında göstərilmiş xidmət üçün xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 543,04 x 0,3% =1,63 manat x 170 (5 ay 20 gün) = 277,10 manat, cəmi 495,85 manat məbləğində xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizi ödənilməlidir. Nəticədə, şirkətə 1.455,67 manat məbləğində ziyan vurulmuşdur. Bundan 959,82 manat xidmət haqqı borcu və 495,85 manat isə xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizidir. Nəticədə, iddiaçıya 639,42 manat məbləğində ziyan vurulmuşdur. Bundan 527,42 manat xidmət haqqı borcu və 112 manat isə xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizidir. Qanunvericiliyin tələbinə görə tərəflər arasında yaranmış mübahisələrin pretenziyanın təqdim edilməsi yolu ilə həll olunması nəzərdə tutulmuşdur. Bununla bağlı qeyd olunan borcun ödənilməsi üçün xx.xx.2023-cü il tarixli pretenziya məktubu cavabdehin faktiki ünvanına göndərilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Bundan başqa, mübahisənin məhkəmədənkənar həlli ilə bağlı mediasiyaya müraciət edilmiş, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Mediasiyanın keçirilməsi ilə bağlı iddiaçı tərəfindən mediasiya təşkilatının hesabına 40 manat mediasiya xərci, 110 manat hüquqi yardım üçün vəkilə ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2022-ci il tarixdə CC********** nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən icraçı sifarişçiyə aşağıda qeyd olunmuş xidmətləri təqdim edir. - Dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə sənədlərin və bağlamaların Aviaqaimənin arxa hissəsində göstərilən DHL Express xidmətlərinin şərtlərinə əsasən qəbul edilib nəql edilməsi və çatdırılması. MyDHL vasitəsi ilə tərtib edllmiş Aviaqaimələrdə, daşınma şərtləri çap edilmiş vərəqin üzərində əks etdirilir. - Xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılması. - sənədlərin və bağlamaların nəql edilməsi ilə bağlı digər xidmətlər (gömrük rəsmləşdirlməsi və s.) - digər hava nəqliyyatı əməliyyatları. 3.1-ci bəndinə əsasən icraçı aşağıda qeyd olunan şərtləri yerinə yetirməyi öz üzərinə götürür: - Sifarişçidən göndərişin DHL Express-in xidmət göstərdiyi ərazilərdə qəbul edilməsi və DHL şəbəkəsi üzrə göndərişin həyata keçirilməsi (icraçının iş saatları ərzində və Aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən) - Aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən sənədlərin və bağlamaların sifarişçi tərəfindən aviaqaimədə göstərilən alıcıya və ünvana çatdırılmasını təmin etmək. Alıcı və göndərici ölkələrdə idxal/ixrac gömrük rəsmiləşdirilməsi bu xidmətə daxil deyil. - Sifarişçidən sənədlərin və bağlamaların qəbul edildiyi andan göstərilən ünvana çatdırılmasına qədər olan müddət ərzində sənədlərin və bağlamaların təhlükəsizliyini təmin etmək. 3.2-ci bəndinə əsasən sifarişçi aşağıda qeyd olunan şərtləri yerinə yetirməyi öz üzərinə götürür: - DHL Express Standartları və Xidmətlərin göstərilməsi şərtlərinə uyğun olaraq icraçının nümayəndəsinə göndərişin yoxlanılması imkanını yaratmaq. - Azərbaycan Respublikası qanunverciliyinə, DHL şirkətinin şərtlərinə əsasən və bu müqavilənin 6-cı maddəsində göstərilən, göndərilməsinə qadağa qoyulmuş əşyaları göndərməmək. - 4-cü maddədə qeyd olunmuş müddət ərzində icraçı tərəfindən göstərilmiş xidmətlərin haqqını ödəmək. - Göndərişləri həyata keçirmək, qəbul etmək, idxal əməliyyatlarını sifariş etmək üçün məsuliyyət daşıyan şəxsləri təyin etmək. - İcraçı sifarişçi tərəfindən daxil olan elektron müraciət yaxud oxşar sistem tərəfindən daxil olan müraciəti rəsmi müraciət kimi qəbul edə və nəqletmə əməliyyatının icrasına başlaya bilər. - Bağlamanın qablaşdırılmasını yükü icraçıya təhvil vermədən əvvəl təmin etmək. 4.1-ci bəndinə əsasən sifarişçi istismar edilmiş DHL Express xidmətlərinə görə aşağıdakı şərtlərlə ödəniş etməyi öhdəliyinə götürür: 4.2-ci bəndinə əsasən sifarişçi icraçının həyata keçirdiyi xidmətlərin haqqını xidmət göstərilmiş dövrə qüvvədə olan DHL Express tariflərinə əsasən ödəməlidir. 4.5-ci bəndinə əsasən ixrac xidmətləri üzrə ödəniş şərtləri: sifarişçi icraçıya göstərilmiş xidmətin haqqını, hər təqvim ayının sonunda icraçı tərəfindən təqdim olunan hesab fakturaya əsasən, təqdim olunandan sonra 30 gün ərzində bank köçürülməsi yolu ilə həyata keçirilməlidir. Əks təqdirdə hər keçən gün üçün invoys məbləğinin 0,3% həcmində cərimə sanksiyaları tətbiq olunacaqdır. 4.6-cı bəndinə əsasən idxal əməliyyatları üzrə ödəniş şərtləri: sifarişçi icraçıya göstərilmiş xidmətin haqqını, icraçı tərəfindən tərtib edilmiş avans invoys əsasında xidmət göstərilməzdən əvvəl həyata keçirir. Xidmət tamamlandıqdan sonra hesab-faktura icraçı tərəfindən tərtib edilir. 4.7-ci bəndinə əsasən gömrük xidmətləri üzrə ödəniş şərtləri: sifarişçi icraçıya göstərilmiş xidmətin haqqını, icraçı tərəfindən tərtib edilmiş avans invoys əsasında xidmət göstərilməzdən əvvəl həyata keçirir. Xidmət tamamlandıqdan sonra hesab-faktura icraçı tərəfindən tərtib edilir. 4.9-cu bəndinə əsasən gömrük rəsmiləşdirilməsi üçün icraçının xidmət haqqı 180 manatdır. Bu ödənişə gömrük rüsumları, saxlanc haqqı və rəsmiləşdirmə ilə bağlı digər xərclər daxil deyil. 10.1-ci bəndinə əsasən təqdim olunan müqavilə imzalandığı tarixdən qüvvəyə minir, 31 dekabr 2022-ci ilə qədər qüvvədə qalır və dəyişiklik olmazsa qeyri-müəyyən vaxta qədər uzadılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin əlavə və qoşma vərəqinə əsasən müəyyən edilir ki, (vəkalət verən qrafasında dolayı təmsilıçi qismində "xxxx" MMCnin (indeks 02), birbaşa təmsilçi qismində isə İddiaçı MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) Cavabdeh tərəfindən malı qəbul edən (idxalatçı) “X4 Elektronik Ticaret Anoniş Şirketi”nə ünvanlanmış ümumi invoys dəyəri 18.800 ABŞ dolları olan 3 ədəd Crypto Device (elektrik maşın və aparatura) AR-in gömrük sərhədindən keçirilərək “X4 Elektronik Ticaret Anoniş Şirketi”nə göndərilmişdir. Surətli poçt qəbzinə əsasən müəyən edilir ki, Cavabdeh tərəfindən ““X4 Elektronik Ticaret Anoniş Şirketi”nə göndərilmiş bağlama (18.800 ABŞ dolları dəyərində Crypto Device) yükalana çatdırılmışdır. xx.xx.2022-cü il tarixli 921529432, 921529434, ********* və ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən müvafiq olaraq Dövlət Gömrük Komitəsinin Azterminalkopmleks Birliyinin hesabına 60 manat, 10,80 manat (ƏDV) və Dövlət Gömrük Komitəsinin Hava nəqliyyatında BGİ-nin hesabına 60 manat və 10,80 manat məbləğində olmaqla ümumilikdə 141,60 manat pul vəsaitləri ödənilmişdir. xx.xx.2022-ci il tarixli CS 014/06/22 nömrəli hesab-fakturadan (iyun ayında xidmətlər) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnə göstərilmiş xidmətlərin yük gömrük bəyannaməsi (o cümlədən əlavə vərəqinə) üzrə göstərilmiş broker xidmətlərinin ümumi dəyəri (63,58 manat ƏDV daxil) 416,78 manat (o cümlədən bank komissiya xərci 1,60 manat, gömrük vergiləri 141,60 manat, bəyannamələrin sənədləşməsi xidmətinə görə bəyannamə üçün 180 manat və əlavə vərəq üçün 30 manat) təşkil edir. İddiaçı MMC tərəfindən iyun ayı üçün (ƏDV daxil) 416,78 manat dəyərində broker xidmətinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 996279 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin əlavə və qoşma vərəqinə əsasən müəyyən edilir ki, (vəkalət verən qrafasında dolayı təmsilıçi qismində "xxxx" MMC-nin (indeks 02), birbaşa təmsilçi qismində isə İddiaçı MMC-nin adı qeyd edilmiş) göndərən (ixracatçı) Cavabdeh tərəfindən malı qəbul edən (idxalatçı) “X1 ve X2 Şirketi”nə ünvanlanmış ümumi invoys dəyəri 800 ABŞ dolları olan 1 ədəd bağlama (1 ədəd dron mockup) AR-in gömrük sərhədindən keçirilərək “X1 ve X2 Şirketi”nə göndərilmişdir. Surətli poçt qəbzinə əsasən müəyən edilir ki, Cavabdeh tərəfindən “X1 ve X2 Şirketi”nə göndərilmiş bağlama (1 ədəd dron mockup) yükalana çatdırılmışdır. xx.xx.2022-cü il tarixli 921529441, 921529443, 921529445, ********* nömrəli və xx.xx.2022-cü il tarixli ********* və ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən müvafiq olaraq Dövlət Gömrük Komitəsinin Azterminalkompleks Birliyinin hesabına 60 manat, 10,80 manat (ƏDV), 30 manat və 5,40 manat (ƏDV) və Dövlət Gömrük Komitəsinin Hava nəqliyyatında BGİ-nin hesabına 21,60 manat və 120 manat məbləğində olmaqla ümumilikdə 247,80 manat pul vəsaitləri ödənilmişdir. xx.xx.2022-ci il tarixli CS 004/07/22 nömrəli hesab-fakturadan (iyul ayında xidmətlər) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdehnə göstərilmiş xidmətlərin yük gömrük bəyannaməsi (o cümlədən əlavə vərəq) üzrə göstərilmiş broker xidmətlərinin ümumi ümumi dəyəri (82,84 manat ƏDV daxil) 543,04 manat (o cümlədən bank komissiya xərci 2,40 manat, gömrük vergiləri 247,80 manat, bəyannamənin sənədləşdirmə xidmətinə görə bəyannamə üçün 180 manat və əlavə vərəq üçün 30 manat) təşkil edir. İddiaçı MMC tərəfindən iyul ayı üçün (ƏDV daxil) 543,04 manat dəyərində broker xidmətinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 435649 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdehnə xx.xx.2023-cü il tarixli pretenziya ünvanlanaraq iddia üzrə borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə İddiaçı MMC tərəfindən 110 manat məbləğində pul vəsaiti Bakı şəhəri 2 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin və vəkiliin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə CC********** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, 2022-ci ilin iyun və iyul ayları üzrə Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil 959,82 manat məbləğində broker (idxal və ixrac əməliyyatlarında vasitəçilik) xidməti göstərmiş, lakin həmin xidmətlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Xidmətlərin göstərilməsi faktı malların idxal və ixrac əməliyyatlarını əks etdirən gömrük bəyannamələri (qoşma və əlavələri ilə birlikdə), hesab-fakturalar və həmin hesabfakturalarda qeyd edilən məbləğlərdə cavabdeh tərəfindən ödənilən gömrük rüsumları barədə mədaxil qəbzləri və eləcə də İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələrlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 495,85 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 40 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 34,55 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 110 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 959,82 manat məbləğində əsas borc, 50 manat məbləğində dəbbə pulu, cəmi 1009,82 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 30 manat və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 110 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar