Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2462/2024 16.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X5” LLC-yə şirkətinə qarşı kommersiya mübahisəsi üzrə Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, X1, İddiaçının nümayəndəsi X3, Cavabdehin qanuni təmsilçisi Natia Mirianashvilinin, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “X5” LLC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin LEPL Dövlət Reyestri Milli Agentliyi tərəfindən verilmiş X8-Kommersiya Hüquqi şəxslərin Reyestrindən çıxarışa əsasən “X5” LLC xx.xx.2019-cu il tarixində MMC kimi (********* identikləşdirilmiş vergi nömrəsi ilə) qeydiyyata alınmışdır. X2.
2. İddiaçı MMC “prinsipal” və “X5” LLC “ümumi satış və xidmət agenti” arasında SWWA&OK-GSSA-20210801 saylı xx.xx.2021-ci il tarixli yükdaşıma üzrə ümumi satış və xidmət agentliyi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci maddəsinə əsasən X9 Airlines MMC Şirkəti-nin təyinatı GSSA tərəfindən qəbul edilən Gürcüstan Respublikasının milli paytaxt ərazisində X5 MMC Şirkətini özünün ÜSXA-i olaraq təyin edir. 2-ci maddəsinə əsasən ÜSXA, onun digər aviaşirkətlərin ümumi satış və xidmət agenti kimi təyin edilməsi haqqında müqavilələrin bağlanılmasını və/və ya onların yenilənməsini davam etdirmək hüququna malikdir və həmçinin digər aviaşirkətlərlə bağlanılan ümumi satış və xidmət agentliyi müqavilələrini yeniləyə bilər; bir şərtlə ki, ÜSXA heç bir halda bu Müqavilə üzrə öhdəliklərdən, eləcə də bununla bağlı öhdəliklərdən azad edilməsin. Lakin, ÜSXA satış və xidmət agenti olaraq ÜSXA tərəfindən prinsipal olaraq hər hansı yeni aviaşirkətlərlə bağlanılacaq ümumi satış və xidmət agentliyi müqavilələri barədə Prinsipalı məlumatlandırmalıdır. 5-ci maddəsinə əsasən ÜSXA Prinsipalın adından aşağıdakı vəzifələri yerinə yetirməlidir: Tariflərə, qaydalara və Prinsipal tərəfindən təqdim edilən sənədləşmələrə əsasən Prinsipalın xidmətləri üzrə yükün hava yolu ilə daşınması biznesinin satışı. 13-cü maddəsinə əsasən ÜSXA toplanılan bütün pulları prinsipal tərəfindən təyin edilən banka köçürməli/depozitə qoymalıdır. 20-ci maddəsinə əsasən bu müqavilə bütün hallarda hüquqların toqquşması prinsipləri ilə əlaqədar olmayan Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənməli və şərh edilməlidir. 21.2-ci maddəsinə əsasən mübahisə yarandığı gündən etibarən otuz (30) gün ərzində danışıqlar yolu ilə dostcasına həll edilmədikdə, həmin mübahisə Azərbaycan Respublikasının İnzibati İqtisad Məhkəməsinə verilməlidir. Arbitr qərarı Tərəflər üçün son və qəti olmalıdır. 24-cü maddəsinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən qüvvəyə minir və 12 ay müddətində qüvvədə qalır. Hər hansı müddət uzadılması tərəflər arasındakı yazılı razılığa əsaslanır. 26.1-ci maddəsinə əsasən tərəflərin heç biri onun nəzarətindən kənar baş verən maneəyə görə (ədavət, fövqəladə hal, hökumət qərarı, mülki iğtişaşlar, blokadalar, zəlzələlər, yanğınlar, daşqınlar, pandemiya və s.) və müqavilənin imzalanması zamanı nəzərə alınmasının yaxud ondan və ya onun nəticələrindən yayınmağın əsaslı olaraq gözlənilmədiyi hallarda özünün hər hansı öhdəliklərini yerinə yetirməməyə görə məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 2829 nömrəli hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri 2.060.595,52 ABŞ dolları təşkil edir.
4. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 2974 nömrəli hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri 1.721.338,03 ABŞ dolları təşkil edir.
5. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 3091 nömrəli hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri 881.081,28 ABŞ dolları təşkil edir.
6. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 3250 nömrəli hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri 313.101,99 ABŞ dolları təşkil edir.
7. 2021 və 2022-ci illər üzrə yol qaimələrinə əsasən müəyyən edilir ki, İddiaçı MMCnin tərəfindən müxtəlif növ mallar Çin Xalq Respublikasından Ukrayna Respublikasına daşınmışdır.
8. İddiaçı MMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən “X5” LLC-nin İddiaçı MMC-yə 2.030.579,87 ABŞ dolları məbləğində borcu qalmışdır.
9. İddiaçı MMC tərəfindən cavabdeh “X5” LLC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 10 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks halda qanunvericililklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir.
İİ.MƏHKƏMƏDƏ İCRAAT
İddia tələbi və iddia tələbinin dəlilləri
10. İddiaçı MMC “X5” LLC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5” LLC-dən 2.030.579,87 ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və “X5” LLC arasında bağlanmış xx.xx.2021-ci il tarixli SWWA&OK-GSSA-20210801 saylı yüklərin satışı və xidmət göstərilməsinə dair baş agent müqaviləsinə əsasən iddiaçı müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə cavabdehə yük daşıma xidmətlərini göstərmiş və cavabdeh qarşısında tam şəkildə öz öhdəliklərini yerinə yetirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, iddiaçı müvafiq qaydada müqavilə ilə şərtləşdirilmiş öhdəliklərini cavabdeh qarşısında tam yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə və Mülki Məcəllənin 850.1-cimaddəsi ilə müəyyən olunan daşımanın dəyərini ödəməni həyata keçirmək öhdəliyini icra etməmişdir. Cavabdeh indiyədək müqavilə ilə üzərinə düşən 2.030.579,87 ABŞ dolları məbləğindəki müvafiq ödəmə öhdəliyini (pul öhdəliyini) hələ də yerinə yetirməmişdir və iddiaçıya məxsus olan pul vəsaitlərini qanunsuz olaraq özündə saxlamaqda davam etməkdədir. İddiaçının şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq, cavabdeh iddiaçıya cavab verməkdən imtina edir və 2.030.579,87 ABŞ dolları məbləğindəki müvafiq ödəmə öhdəliyinin yerinə yetirilməsindən boyun qaçırır.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 850.1, 425.1, 427.3, 430.1, 443.1, 445.1, 445.2, 445.3.-cü maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
13. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh həmin borcu qaytarmaqdan qərəzli yayınmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixli Baş Agent Müqaviləsindən göründüyü kimi, həmin müqavilə pandemiya dövründə bağlanmış, iddiaçı tərəfindən müqavilə üzrə işlər də həmin dövrdə görülmüş, lakin məhz pandemiya dövründə yaranmış fors-major halları ilə əlaqədar cavabdehin ciddi maddi problemləri yaranmış, elə bu səbəbdən də yaranmış borcu qaytara bilməmişdir. Beləliklə, göründüyü kimi, iddianın dəlilləri tamamilə əsassızdır. İddiaçı MMC cavabdeh “X5” LLC-yə qarşı pulun tutulması tələbinə dair iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
15.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. 16.Cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi müqavilə üzrə borclarının olmasını təsdiq etmədiyini, borcun mövcudluğunun iddia tərəfindən sübuta yetirilmədiyini bildirdi. Cavabdehin qanuni təmsilçisi iddiaçıya borclarının olduğunu, lakin fors-major hal olduğundan ödəniş edə bilməyəcəklərini qeyd etdi. Verilən suallara cavab olaraq qanuni təmsilçi Ukrayna Respublikasında olan müştərilərinin ödənişləri gecikdirməsi ilə əlaqədar iddiaçıya olan borclarının ödəməklərinin mümkün olmadığını bildirdi.
İİİ.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV.TƏTBİQ EDİLƏN HÜQUQ
19. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -789.1-ci maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir.
20. AR MPM-in: -106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. -106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; - 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
21. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
22. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
23. Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
24. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi İddiaçı ilə Gürcüstan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan “X5” LLC” şirkəti arasında bağlanılmış müqavilədən irəli gələn tələbdir. Həmin müqavilədə (21.2-ci bənd) tərəflər müqavilə ilə bağlı yaranacaq bütün mübahisələrin Azərbaycan Respublikasının inzibati-iqtisad məhkəmələri tərəfindən həll edilməsi barədə razılaşmışlar. Bununla yanaşı iş üzrə iddiaçı Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş və AR-də fəaliyyət göstərən hüquqi şəxs İddiaçı MMC-dir.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.
26. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.
27. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin yuxarıda istinad edilən şərtində tərəflərin müqavilədən irəli gələn mübahisələrinə tətbiq edilməli hüquq barədə razılaşması aydın şəkildə ifadə edilmişdir. Belə ki, müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrə Azərbaycan Respublikasının maddi hüquq normalarına müvafiq olaraq həll edilməsi nəzərdə tutulmuşdur (20 bənd). Odur ki, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.
28. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış SWWA&OK-GSSA-20210801 saylı xx.xx.2021-ci il tarixli yükdaşıma üzrə ümumi satış və xidmət agentliyi müqaviləsinə əsasən cavabdeh “X5” LLC” şirkəti İddiaçı MMC-nin Gürcüstan Respublikasındakı yükdaşımalar üzrə satış və xidmət agenti qismində çıxış etmişdir. Hazırda İddiaçı MMC cavabdeh agent kimi təqdim etdiyi müştərilərə göstərilmiş xidmətlərə görə “X5” LLC” şirkətinin onlara borcunun yarandığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir.
29. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili ilkin olaraq məhkəmədə verdiyi izahatında iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə borcunun olmasını təsdiq etsə də, sonuncu məhkəmə iclasında borcun mövcudluğu faktının etirafı etmədiyini bildirmiş və iddiaçıya borclarının olmasını inkar etmişdir.
30. Odur ki, məhkəmə cavabdeh tərəfindən borcun mövcudluğu ilə bağlı verdiyi izahatların ziddiyyətli olmasını nəzərə alaraq borcun mövcud olması faktının ümumi qaydada sübut edilməsini zəruri hesab edir.
31. İddiaçı cavabdehin borcunun olması faktını təsdiq etmək üçün xidmətlərin göstərilməsinə dair invoysları, eləcə də Çin Xalq Respublikasından Ukrayna Respublikasına malların göndərilməsinə dair yol qaimələrini təqdim etmişdir. Həmin sübutlara münasibətdə qeyd edilməlidir ki, invoyslar birtərəfli qaydada tərtib edilən sənədlər olmaqla yanaşı onların ümumiyyətlə cavabdehə göndərilib-göndərilməməsini müəyyən edilmir. Yol qaimələrinə gəldikdə həmin qaimələrin heç birində cavabdehin adı qeyd edilməmişdir, eləcə də həmin qaimələr üzrə yüklər Gürcüstan Respublikasından və ya Gürcüstan Respublikası daşınmamışdır. Odur ki, sözügedən qaimələrin cavabdehin mübahisəli qaimələrə əsasən Gürcüstan Respublikası ərazisində göstərdiyi agent xidmətləri ilə bağlı olması öz təsdiqini tapmır.
32. Beləliklə, iş materiallarına əsasən iddiaçının cavabdehin təqdim etdiyi müştərilərə iddia olunan dəyərdə xidmət göstərməsi və belə olan halda həmin xidmətlərə görə cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmadığından iddia rədd edilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin cavabdeh “X5” LLC-yə qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva