Məhkəmə qərarları › İş №e-2-2(113)-2463/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2463/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2463/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 527.42 manat xidmət haqqı borcu və 112.0 manat cərimə pulu olmaqla cəmi 639.42 manat məbləğində pul vəsaitinin, 110 manat hüquqi yardıma görə ödəniş, 30.0 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 527.42 manat xidmət haqqı borcu və 112.0 manat cərimə pulu olmaqla cəmi 639.42 manat məbləğində pul vəsaitinin, 110 manat hüquqi yardıma görə ödəniş, 30.0 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkəti ilə cavabdeh arasında cavabdehə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 11 noyabr 2022-ci il tarixli, CC********** saylı Xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 4.5-ci bəndinə əsasən Şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi hər təqvim ayının sonunda Şirkətin təqdim etdiyi müvafiq sənədə əsasən, yəni invoys, hesab faktura təqdim edildikdən sonra 30 (otuz) gün ərzində bank köçürməsi yolu ilə həyata keçirilməli, əks təqdirdə hər keçən gün üçün invoys məbləğinin 0,3% həcmində cərimə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin Müqavilənin qeyd olunan bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, təqdim edilmiş 05 dekabr 2022-ci il tarixli TC 004\12\22 saylı hesab-faktura ilə 2022-ci ilin noyabr ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 527,42 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi Şirkətə ödənilməmişdir. Müqavilənin 5.2- ci maddəsinə görə cavabdeh Şirkətin xidmət haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Həmçinin xidmət haqqı məbləğləri vaxtında ödəmədildiyinə görə hər keçən gün üçün müqavilə şərtinə uyğun olaraq ödənilməmiş məbləğin 0,3% məbləğində cərimə hesablanır. Yəni təqdim edilmiş 05 dekabr 2022-ci il tarixli TC 004\12\22 saylı hesab-faktura ilə 2022ci ilin noyabr ayında göstərilmiş xidmət üzrə 05.01,2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 527.42 x 0.3%=1,6 manat x 70 (2 ay 10 gün) = 112.0 manat məbləğində xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizi ödənilməlidir. Nəticədə, Şirkətə 639.42 manat məbləğində ziyan vurulmuşdur. Bundan 527.42 manat xidmət haqqı borcu və 112.0 manat isə xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizidir. Qanunvericiliyin tələbinə görə tərəflər arasında yaranmış mübahisələrin pretenziyanın təqdim edilməsi yolu ilə həll olunması nəzərdə tutulmuşdur. Bununla bağlı qeyd olunan borcun ödənilməsi üçün xx.xx.2023-cü il tarixli Pretenziya məktubu cavabdehin faktiki ünvanına göndərilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Bundan başqa, mübahisənin məhkəmədənkənar həlli ilə bağlı Mediasiyaya müraciət edilmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Mediasiyanın keçirilməsi ilə bağlı iddiaçı tərəfindən Mediasiya təşkilatının hesabına 30 manat mediasiya xərci, 110 manat hüquqi yardım üçün vəkilə ödənilmişdir.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılmasına dair 11 noyabr 2022-ci il tarixli CC ********** saylı Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 1897,49 manat məbləğində elektron qaimə göndərilmiş və həmin qaimə iddiaçı tərəfindən ləğv edilmişdir. Bundan sonra iddiaçı tərəfindən ləğv etdiyi qaimədə olan 1897,49 manat məbləğindən 527,49 manat məbləği çıxarmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə aid olan 1370,06 manat məbləğində 743326 nömrəli elektron qaiməni göndərmiş və həmin məbləğ cavabdeh tərəfindən ƏDV də daxil olmaqla tam ödənilmşdir. xx.xx.2022-ci il tarixdə göndərilmiş 1897,49 manat məbləğində elektron qaimədə olan 527,49 manat məbləğin cavabdehə aid olmadığı üçün həmin qaimə ləğv edilmiş və xx.xx.2023-cü il tarixdə 743326 nömrəli 1370,06 manat məbləğində yeni elektron qaimə göndərilmişdir. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında hər hansı müqavilə öhdəliyi və xidmət haqqı borcu yoxdur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

8. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

9. “Mediasiya haqqında” Qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 11 noyabr 2022-ci il tarixli, CC********** saylı Xidmət Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə Dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə sənədlərin və bağlamaların Aviaqaimənin arxa hissəsində göstərilən DHL Express xidmətlərinin şərtlərinə əsasən qəbul edilib nəql edilməsi və çatdırılması, Xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılması, sənədlərin və bağlamaların nəql edilməsi ilə bağlı digər xidmətləri (gömrük rəsmləşdlrllməsi və s.) və digər hava nəqliyyatı əməliyyatları xidmətləri təqdim etməyi, cavabdeh isə müqavilənin 4-cü maddəsində qeyd olunmuş müddət ərzində iddiaçı tərəfindən göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdələrinə götürmüşlər.

11. Hazırkı mübahisə tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəlmişdir. İddiaçı göstərilmiş xidmətə görə 527.42 manat xidmət haqqının ödənilmədiyini iddia edir, cavabdeh isə həmin borcun ona aid olduğunu qəbul etmir.

12. Göründüyü kimi, iddiaçı, xidmət müqaviləsi üzrə göstərilmiş xidmətin ödənilməmiş haqqını tələb etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında xidmət müqaviləsi üzrə xidmətin göstərilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür.

13. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, xidmətin cavabdehə göstərildiyi sübut qismində təqdim edilmiş 05 dekabr 2022-ci il tarixli TC 004\12\22 saylı hesabfaktura ilə təsdiq edilir.

14. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli TC 004\12\22 saylı hesabfakturadan müəyyən olunur ki, həmin hesab faktura cavabdehin adına deyil, Ələmdar Mehrəliyev adlı şəxsə ünvanlanmışdır. Eyni zamanda həmin hesab-fakturaya dair iddiaçı tərəfindən tərtib olunmaqla təsdiq edilmiş qiymətin razılaşdırma protokolunda, təhvil-təslim aktında və xx.xx.2022-ci ii tarixli ********** saylı invoysda xidmətin cavabdehə göstərilməsi və tələb olunan borcun cavabdehə aidiyyəti müəyyən olunmur. Belə ki, həmin sənədlərdən də görünür ki, 527.42 manat dəyərində xidmət Ələmdar Mehrəliyev adlı şəxsə göstərilmiş və göstərilən sənədlər həmin şəxsə ünvanlanmaqla tərtib edilmişdir.

15. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən tələb olunan 527.42 manat borc 2022-ci ilin noyabr ayı üzrə göstərilmiş xidmət haqqıdır.

16. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə noyabr ayı poçt xidmətinə görə xx.xx.2022-ci il tarixdə hesab-faktura ünvanlanmış, həmin hesab-fakturada xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə 1161,07 manat və 446,97 manat, 289,45 manat ƏDV olmaqla cəmi 1897,49 manat dəyərində xidmət göstərilməsi qeyd olunmuşdur, lakin iddiaçı tərəfindən həmin tarixdə yenidən hesab-faktura göndərilmiş, bu hesab-fakturada isə xx.xx.2022-ci il tarixdə göstərilmiş xidmət haqqı çıxarılmış, xx.xx.2022-ci il tarixdə göstərilmiş 1161,07 manat və 208,99 manat ƏDV olmaqla 1370,06 manat dəyərində xidmət göstərilməsi qeyd olunmuşdur. Cavabdeh tərəfindən həmin borc məbləği ödənilmişdir (xx.xx.2023-cü il tarixli **********77 saylı ödəmə qəbzi və xx.xx.2023-cü il tarixli **********310722 saylı bildiriş).

17. Yuxarıda sözügedən sənədlərin tədqiqi zamanı sonra təqdim edilmiş hesabfakturadan çıxarılmış xx.xx.2022-ci il tarixdə göstərilmiş xidmət haqqı Ələmdar Mehrəliyev adlı şəxsə göstərilmiş xidmətin dəyəri olduğu müəyyən edilir (1897,49 - 527,42 = 1370,07).

18. Bu hal da 527,42 manat məbləğində borcun cavabdehə aid olmadığı, əgər aid idisə, iddiaçı tərəfindən hansı səbəbdən həmin xidmət haqqı çıxarılmaqla yenidən hesabfaktura verilməsi iddiaçı tərəfindən əsaslandırılmamış və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

19. Eyni zamanda 527,42 manat məbləğində borca dair tərtib edilmiş sənədlərdə göstərilən Ələmdar Mehrəliyev adlı şəxsin cavabdehə aidiyyətinin olması barədə də iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 527.42 manat xidmət haqqı borcu və 112.0 manat cərimə pulu olmaqla cəmi 639.42 manat məbləğində pul vəsaitinin, 110 manat hüquqi yardıma görə ödəniş, 30.0 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar