Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2466/2023 27.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istehsal etdiyi malları alaraq ödəmədiyi 1483,61 manat, cərimə məbləği - 166,22 manat, ümumilikdə 1649,83 manat məbləğdə və əlavə olaraq ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş rüsum 60 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddiaçının istehsal etdiyi malları alaraq ödəmədiyi 983,61 manat, cərimə məbləği 166,22 manat, ümumilikdə 1149,83 manat məbləğdə və əlavə olaraq ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş rüsum 60 manat məbləğdə pul vəsaitini cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli M2020 0961 saylı Alqı-Satqı Müqaviləsinə əsasən iddiaçının (satıcı) istehsal etdiyi süd və süd məhsulları cavabdehə (Alıcıya) satmağı, Alıcı isə öz növbəsində həmin Malları qəbul etməyi və Müqavilənin şərtlrinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 1483,61 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 3.3. bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 14 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəflərindən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və hal-hazırda cavabdehin borc məbləği 1483,61 manat təşkil edir. Həmin Müqavilənin 5.1. bəndinə əsasən - Alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 12 aprel 2023-cü il tarixinə olan cərimənin məbləği 166,22 manat təşkil edir. Beləliklə cavabdehin ümumi borcu 1649,83 manat təşkil edir. İddiaçı tərəfindən ilkin mesiasiya sessiyasına görə 60 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh 500 manat məbləğində pul vəsaitini iddiaçının hesabına ödəmişdir. Beləliklə, cavabdehin iddiaçıya ola hazırkı borc məbləği 983,61 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi S.Osmanov məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
6. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən edilmiş şərtlər əsasənda özünün istehsal etdiyi məhsulları alıcıya satır, alıcı isə öz növbəsində həmin malları qəbul edir və dəyərini nağd və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə satılan malların qiyməti, adları, miqdarı, çeşidi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (X1) göstərilir.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilənin ümumi dəyərini elektron qaimələrin cəmi təşkil edir.
11. Müqavilənin 3.3-cü bəndinə əsasən malların ödənişi alıcı tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 2 saylı Əlavənin şərtlərinə əsasən həyata keçirilir.
12. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecidkirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1 % həcmində cərimə tələb etmək hüququna malikdir.
13. Müqaviləyə əlavə şərtlər haqqında xx.xx.2021-ci il tarixli sazişə əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0961 saylı alqı-satqı müqaviləsinə 2500 manat kredit limiti, maksimum ödəniş günü 14 gün olmaqla, 5 % bonus və endirim şərtləri əlavə edilir.
14. Sazişin 1.2-ci bəndinə əsasən alıcı tərəfindən mallar təhvil alındığı zaman nağd ödəniş edilyi təqdirdə bu Sazişin 1.1-ci bəndində qeyd edilən kredit limiti, maksimum ödəniş günü, bonus və endirim tətbiq edilmir.
15. İddiaçı tərəfindən cavabdehə EBCK 269586 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 269587 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 269590 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 756852 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 756856 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 756861 nömrəli xx.xx.2022-ci il tarixli, EBCL 236754 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 269581 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.
16. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 320545 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV daxil 148,47 manat məbləğində mal təhvil verildikdən sonra cavabdehin borcu 668,02 manat təşkil etmişdir.
17. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 324235 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV daxil 449,85 manat məbləğində mal təhvil verildikdən sonra cavabdehin borcu 1117,88 manat təşkil etmişdir.
18. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 317267 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV daxil 556,87 manat məbləğində mal təhvil verildikdən sonra cavabdehin borcu 556,87 manat təşkil etmişdir.
19. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 317354 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV daxil 61,30 manat məbləğində mal təhvil verildikdən sonra cavabdehin borcu 242,77 manat təşkil etmişdir.
20. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 317266 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV daxil 181,47 manat məbləğində mal təhvil verildikdən sonra cavabdehin borcu 242,77 manat təşkil etmişdir.
21. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 320544 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV daxil 115,58 manat məbləğində mal təhvil verildikdən sonra cavabdehin borcu 332,86 manat təşkil etmişdir.
22. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 317268 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV daxil 265,83 manat məbləğində mal təhvil verildikdən sonra cavabdehin borcu 256,60 manat təşkil etmişdir.
23. İddiaçı tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci i tarixindən cavabdehə müqavilə üzrə 20872,03 manat dəyərində süd məhsulları verilmişdir. Eyni dövr ərzində cavabdeh tərəfindən iddaiçının hesabına ƏDV daxil 19388,42 manat ödəniş etmişdir. Nəticədə xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya EQF-lər üzrə 1483,61 manat (ƏDV daxil) debitor borcu yaranmışdır.
24. xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya həmin tarixdə 500 manat məbləğində pul ödənilmişdir.
25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
29. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
30. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
33. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
34. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
35. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
36. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
37. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 983,61 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
38. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən hesablanmış 166,22 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
40. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
42. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 manat məbləğində müəyyən edilməlidir.
43. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 983,61 manat məbləğində əsas borc, 50 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
46. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00337 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.
47. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 983,61 manat əsas borc, 50 manat dəbbə pulu və ödənilmiş 60 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1093,61 (bir min doxsan üç manat altmış bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova