Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2466/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quliyeva Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 3740,72 manat borun və ödənilmiş 57,40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli İF/06051 saylı 36 ay müddətli daxili maliyyə lizinqi müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “İnfiniti FX-35” minik markalı 77AX134 dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadənizə verilmişdir. Üç ay ödəniş olunduqdan sonra, lizinq obyektinin sürücüsü yol nəqliyyat hadisəsi törətmiş, cavabdeh qəzalı vəziyyətdə olan avtomobili iddiaçıya təhvil vermişdir. Cavabdeh müqavilə müddəti ərzində 2559 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu 16243,24 manat, faiz borcu 633,46 manat, cərimə borcu 70,02 manat təşkil edir. Lizinq obyekti iddiaçı tərəfindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyəri qiymətlədirmə aktına əsasən 13270 manat dəyərində qiymətləndirilmişdir. Eyni zamanda avtomobil cavabdehin istifadəsində olarkən 64 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimə yaranmışdır. Belə olan halda, lizinq obyektinin qiyməti ümumi borcdan çıxıldıqdan sonra cavabdehin hal hazırda iddiaçıya 3676,72 (16946,72-13270) manat borcu vardır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2466/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 işin məkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etdi və qeyd etdi ki, Ali Məhkəmənin mövqeyinə əsasən, lizinq münasibətləri öz təbiəti etibarilə sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan lizinq müqaviləsində birbaşa şəxsi istehlak məqsədi qeyd edilməmişdirsə, həmin münasibət sahibkarlıq fəaliyyəti hesab edilir. Hazırda xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsində şəxsi istehlakla bağlı qeyd olmadığından işə kommersiya məhkəməsində baxılmalıdır. Cavabdeh məhkəmə iclasında iştirak edərək göstərdi ki, “İnfiniti FX-35” minik markalı 77AX134 dövlət qeydiyyat nişanlı avtomobil şəxsi istehlak məqsədilə lizinqə götürülmüşdür və həmin avtomobilin sahibkarlıq fəaliyyəti ilə əlaqəsi mövcud deyildir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qeyd olunan normaların müqayisəli təhlilindən və Ali Məhkəmə Plenumunun qərarından belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması isə işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İş materiallarına əsasən məhkəmə qeyd edir ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh fərdi sahibkar olmaqla sahibkarlıq fəaliyyəti subyektidir. Mübahisə isə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06051 saylı daxili maliyyə lizinqi müqaviləsindən əmələ gəlmişdir. Adıçəkilən daxili maliyyə lizinqi müqaviləsində cavabdehə sahibkarlıq fəaliyyəti subyekti kimi istinad edilməmiş, onun VÖEN-ni göstərilməmiş, lizinq müqaviləsinin təyinatının kommersiya fəaliyyəti ilə bağlı olduğu əks olunmamışdır. Cavabdeh də məhkəmə iclasında iştirak edərək nəqliyyat vasitəsinin şəxsi istehlak məqsədilə lizinqə götürüldüyünü bildirmişdir. Lizinq münasibətlərinin öz təbiəti etibarilə sahibkarlıq fəaliyyəti ilə bağlı olması barədə iddiaçının nümayəndəsinin arqumentlərinə münasibətdə məhkəmə xatırladır ki, Konstitusiya Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, digər ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında lizinq obyekti bazar iqtisadiyyatının həm sahibkarlıq, həm də istehlak seqmentlərində (avtolizinq, daşınmaz əmlak lizinqi və s.) geniş şəkildə tətbiq olunur və bu obyekt müştərilərin müxtəlif modellər əsasında maliyyələşdirilməsi və faydalanması imkanını genişləndirir. Lakin lizinq müqaviləsinin yalnız sahibkarlıq məqsədi ilə bağlanmasına, yəni lizinq obyektindən yalnız gəlir götürülməsinə dair formalaşmış mövqe onun qanunvericilikdə müəyyənləşdirilmiş anlayışından daha məhduddur. Mövcud qanunvericiliyə uyğun olaraq, lizinq müqaviləsinə əsasən lizinq alan istənilən fiziki və ya hüquqi şəxs ola bilər və həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1.3-cü maddəsinin tələbləri baxımından lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 yanvar 2017-ci il, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi, həmçinin Mülki Məcəllənin 748ci maddəsinə əsaslanır. Həmin maddədə lizinq müqaviləsinin mühüm şərtləri müəyyən olunmuş və bu şərtlər sırasında lizinq alan tərəfindən lizinq obyektinin yalnız sahibkarlıq məqsədi ilə lizinqə götürülməsi, həmin obyektdən məhz gəlir götürmək məqsədi ilə istifadə edilməsi tələbi nəzərdə tutulmamışdır. Belə olan halda, lizinqi münasibətlərinin öz təbiəti etibarilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması ilə bağlı arqumentlər həqiqətə uyğun deyildir. Qeyd olunan qərarlarda əks olunmuş hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı mübahisə tərəflərdən birinin kommersiya hüquqi şəxsi, digərinin isə fərdi sahibkar statusuna malik olduğu müqavilə münasibətlərindən irəli gələn tələblə bağlı yaranmışdır və belə olan halda birincinin sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmadığı nəzərə alındığında mübahisənin kommersiya mübahisəsi olması üçün cavabdehin – fərdi sahibkarın da sahibklarlıq fəaliyyətindən irəli gəlməsi mütləq şərtdir. Lakin hazırkı mübahisənin cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən yarandığı təsdiqlənmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsiyyət məlumatlarından görünür ki, cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, N saylı hərbi hissədir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2466/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2466/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver