Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-247/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 84000 manat əsas borc, 42000 manat dəbbə pulu, cəmi 126000 manat və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixində tərəflər arasında cavabdehə kompleks xidmətlərin göstərilməsi ilə bağlı 01/16 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə xx.xx.2017-ci il tarixli, 02 saylı əlavəyə əsasən müqavilənin icrası ilə bağlı görülən işlərin aylıq dəyəri vergi və digər icbari ödənişlər nəzərə alınmaqla 7000 manat məbləğində müəyyən edilmiş, cavabdeh tərəfindən ödəniş gecikdirildiyi halda hər gecikdirilən gün üçün müqavilənin aylıq dəyərinin 1% həcmində cərimə tətbiq edilməsi, belə təqdirdə isə hər ay üçün tətbiq edilən cərimənin, müqavilənin aylıq dəyərinin 50%-dən artıq olmaması razılaşdırılmışdır. Tərəflər müqavilə üzrə öhdəliklərinə riayət etsələr də, 2018-ci ilin dekabr ayından başlayaraq cavabdeh tərəfindən ödəniş dayandırılmış, sözügedən müqavilə üzrə 2018-ci ilin dekabr ayından xx xxxxxx 2019-cu il tarixinədək göstərilən xidmətlər üzrə cavabdehin 84000 manat əsas, 42000 manat cərimə olmaqla, cəmi 126000 manat məbləğində borcu yaranmışdır. Cavabdehin səlahiyyətli nümayəndələrinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir. Cavabdeh MMC Əliyev Sabir məhkəməyə təqdim etdiyi etirazda qeyd etmişdir ki, 2018-ci ilin dekabr ayından iddiaçıya ödəniş edilməsə də, onun tərəfindən görülmüş işlər müvafiq təhvil-qəbul aktları əsasında qeyd şərtsiz qəbul edilmişdir. Borcun ödənilməməsinin səbəbi maliyyə sıxıntılarıdır ki, bu barədə də iddiaçının özünə də məlumat verilmiş, həmçinin borcun yaxın vaxtlarda qaytarılacağı barədə iddiaçıya zəmanət verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə noyabr ayı yeni başa çatdığından, həmin ay üzrə dəbbə pulu hesablanmamı idi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən görülmüş işlər müvafiq təhvil-qəbul aktları əsasında qeyd şərtsiz şirkət tərəfindən qəbul edilmiş, lakin hal-hazıradək tələb olunan əsas borc ödənilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli, 01/16 nömrəli müqavilədən görünür ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı ödənişli kompleks hüquq və hümayəndəlik xidmətlərin göstərilməsi ilə bağlı razılığa gəlmişlər. xx.xx.2016-cı il tarixli, 01/16 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli, 02 nömrəli əlavədən görünür ki, İddiaçı tərəfindən müqavilənin qüvvədə olduğu müddətdə onun icrası ilə bağlı görülən işlərin aylıq dəyəri vergi və digər icbari ödənişlər nəzərə alınmaqla 7000 manat məbləğində müəyyən edilmiş və Cavabdeh MMC tərəfindən ödənişin gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün müqavilənin aylıq dəyərinin 1% həcmində cərimə tətbiq edilməsi, həmin cərimənin müqavilənin aylıq dəyərinin 50%-dək olması razılaşdırılmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 462.1 maddələri). Göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək 84000 manat əsas borcu ödəməmişdir İş materiallarına əlavə edilmiş müqavilə və ona əlavədən görünür ki, tərəflər arasındakı razılığa görə ödəniş gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün müqavilənin aylıq dəyərinin 1% həcmində, yəni 70 manat cərimə tətbiq edilməli və həmin cərimə müqavilənin aylıq dəyərinin 50%-dən, yəni 3500 manatdan çox olmamalıdır. İddiaçı hər ay gecikdirilən ödənişə görə 3500 manat, ümumilikdə gecikdirilmiş 12 ay üçün 42000 manat məbləğində dəbbə pulu hesablasa da, həmin hesablama 11 ay üçün düzgün olsa da, 2018-ci ilin dekabr ayı üçün tətbiq edilə bilməz. Belə ki, 2018-ci ilin dekabr ayı üçün ödənilməli olan dəbbə pulu 3500 manat deyil (7000 manatın 1%-i=70manat; 70 manat x 30 gün=2100 manat), 2100 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilərək, tələb olunan dəbbə pulu məbləği 40600 (42000-1400=40600) manatadək azaldılmalıdır. Həmçinin məhkəmə etirazla bağlı bildirir ki, iddia 2018-ci ilin dekabr ayında verilsə də, işə mahiyyəti üzrə 2020-ci ilin fevral ayında baxılarkən 2019-cu ilin noyabr ayının borcu ödənilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh MMC-dən 84000 manat əsas borc, 40600 manat dəbbə pulu olmaqla, cəmi 124600 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 98,88%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, dövlət rüsumunun tələbi hissəsində iddia qismən təmin edilərək 29,66 (98,88%) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 84000 manat əsas borc, 40600 manat dəbbə pulu, cəmi 124600 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 29,66 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-247/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-247/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver